Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:54

Ayətullahlar Azərbaycan üçün avtoritetdirlərmi?


Hər bir müsəlman şəriət məsələlərində mübahisəli məqamlara cavab almaq üçün özünə mərceyi-təqlid seçir
Hər bir müsəlman şəriət məsələlərində mübahisəli məqamlara cavab almaq üçün özünə mərceyi-təqlid seçir
Azərbaycanda Ayətullah yoxdur. Ona görə də Azərbaycanda yaşayan cəfəri şiələrin dini liderləri xaricdədir - əsasən İranda və İraqda.

Təcrübə göstərir ki, mərceyi təqlidi - təqlid edilən nümunə adını qazanan dini liderlər öz davamçılarını nəinki şəriət və dinlə bağlı, hətta ictimai-siyasi məsələlərdə də istiqamətləndirə bilərlər.

Bir neçə il öncə Məhəmməd peyğəmbər haqqında tənqid yazan yazıçı Rafiq Tağı haqda ölüm hökmü verən mərhum Ayətullah Fazil Lənkəraninin də Azərbaycanda təqlidçiləri var, bu günlərdə Azərbaycanda möminləri müqavimətə çağıracağını söz verən Ayətullah Şirazinin də...

İlahiyyatçı ekspertlər isə deyirlər ki, Azərbaycandakı digər təriqətlər də bəzən xaricdən istiqamətləndirilir. Amma ölkədə şiələrin sayı daha çox olduğundan və onlara gələn fətvalar bəzən aşkar bəyan edildiyindən daha çox diqqət cəlb edir. Elə müsəlman aləminin mərceyi-təqlidlərindən biri Ayətullahul-üzma Məkarim Şirazinin son bəyanatı kimi.

O deyib ki, Azərbaycan hökuməti məscidlərin sökülməsinə son qoymasa, müqəddəs müqavimət barədə hökm verəcək. Şirazinin fikrincə, Azərbaycanda fətvalar əsasında bu hərəkətə cavab verə biləcək ləyaqətli möminlər var.

Şirazi əminliklə bildirib ki, «bu ölkənin əksəriyyəti şiədir və öz mərceyi-təqlidlərinə itaət edərək məscidlərin sökülməsinə müqavimət göstərəcək».

Azərbaycanda Ayətullah Şirazini təqlid edənlər və onun fətvalarını eşidənlər var. Amma sökülməsi ilə bağlı məhkəmə qərarı mərceyi-təqlidinin qəzəbinə səbəb olan «Fatimeyi-Zəhra» məscidinin dini icmasının rəhbəri Mirtofiq Rəsizadə onlardan deyil.

MƏNİM MƏRCEYI-TƏQLIDIM AĞAYI SİSTANİDİR…

İcma rəhbəri deyir ki, onun mərceyi-təqlidi Şirazi yox İraqda yaşayan Ayətullah Sistanidir:

«Fatimeyi-Zəhra» məscidi
- Sistani ağa deyir ki, canınız, malınız təhlükəyə düşənə qədər gedin. Canınız, malınız təhlükəyə düşəndə dayanın. Vəssalam…

MƏRCEYİ-TƏQLİD NƏDİR?

İlahiyyatçı Fərid Bağırov deyir ki, mərceyi-təqlid şiə təriqqətində «Cəfəri» qoluna aid bir xüsusiyyətdir. Bu təriqətdən olan hər bir müsəlman şəriət məsələlərində mübahisəli məqamlara cavab almaq üçün özünə mərceyi-təqlid seçir. Mərceyi-təqlid bir növ ustad, dini lider kimi qəbul edilir.

Ancaq Fərid Bağırovun sözlərinə görə, sadə müsəlmanlar üçün mərceyi-təqlidlərin fikirləri tək şəriət məsələlərində yox, elə ictimai-siyasi məsələlərdə də keçərli ola bilər. Mərcəyi-təqlidlərin fikir və fətvalarını nə dərəcədə yerinə yetirib-yetirməmək də onları lider seçən müsəlmanların özündən aslıdır.

Fərid Bağırov deyir ki, əgər bu fətvalar yaşadıqları ölkənin qanunları ilə uyuşmursa, sadə dindarlar dövlətə qarşı durduqlarının fərqində olmalıdırlar.

O ki qaldı cənab Şirazinin fikirlərinə, «Fatimeyi-Zəhra» məscidi dini icmasının rəhbəri Mirtofiq Seyidzədə deyir ki, onu özünə mərcəyi-təqlid seçmədiyindən bu barədə heç nə deyə bilməz:

- Allah bu məscidi sökmək istəyən insanların ürəyinə mərhəmət, hidayət versin ki, bu işdən əl çəksinlər. Biz biabır olmayaq. Bu, bir ləkədir. Kimlərsə bu ləkəni daşımaq istəyirlər, qoy daşısınlar.

ŞİRAZİNİ MƏRCEYİ-TƏQLİD SEÇƏNLƏR ÖZLƏRİNİ EHTİYATLI APARIRLAR

Şirazinin təqlidçiləri isə hələ ki, ehtiyatla danışır. Dövlətə yaxın təşkilatların birində çalışan, ancaq adının çəkilməsini istəməyən bir dindar deyir ki, əgər o Şirazini açıqca müdafiə etsə, özünü zərbə altına qoya bilər.

Azər Rəşidoğlu
Bununla belə, «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu istisna etmir ki, Şirazinin fətvaları Azərbaycanda müəyyən müqavimət hərəkatlarına dəstək ola bilər. Onun fikrincə, Azərbaycanda məscidlərin dağıdılması, bir çox dindar insanların təqibi İranın manevr imkanlarını xeyli artırır.

Azər Rəşidoğlu yada salır ki, yazıçı Rafiq Tağının «Avropa və biz» yazısında Məhəmməd peyğəmbəri tənqid edən fikirlərlə bağlı İranda verilən ölüm fətvasından sonra Azərbaycanda da bəzi dindarların həmin yazıçıya qarşı açıq çıxışları eşidilirdi:

- Əgər bir müsəlman özünü ustad seçirsə, istəyir ki, onun bütün buyruqlarına qeyd-şərtsiz əməl etsin.

Xatırladaq ki, Rafiq Tağı haqqında ölüm hökmünü həm İranlı Ayətullah Fazil Lənkərani, həm də Nardaran dindarları vermişdilər.

İSLAM PARTİYASI MÜRACİƏTLƏRİ ALQIŞLAYIR…

Azərbaycan İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli isə deyir ki, onların kimi özlərinə mərceyi-təqlid seçdiyini açıqlamağa ehtiyac yoxdur. Onun fikrincə, bu, həm ürək-könül məsələsidir, həm də onsuz da bütün mərceyi-təqlidlər eyni qaydada hörmətlə qarşılanırlar:

- Biz təkcə İran İslam Respublikasında yox, dünyanın hər bir yerindən Azərbaycanda məscidlərin sökülməsinə olan etirazları təqdirəlayiq hal kimi qarşılayırıq və onlara alqış deyirik

Hacı Akif Heydərli həm də onu deyir ki, mübarizə qanun çərçivəsini aşmayacaq. Onlar Azərbaycan qanunlarının imkan verdiyi bütün müstəvilərdə mübarizələrini davam etdirərək «Fatimeyi-Zəhra» məscidin sökülməsinə qarşı çıxacaqlar.
XS
SM
MD
LG