Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02

Rüfət Əhmədzadə "Cokondanın baxışları" (Novella)


Məmməd müəllimin işləri əla gedirdi. İtalyanlarla müqavilə bağlaması, qarşısında yeni imkanlar açmışdı.

Artıq, katibəsi Zinaya (əsl adı Zəhrabəyim) söz verdiyi “X-6”nı rahatlıqla ala bilərdi. Hələ bir fürsət düşsün!

Evdə bir “ezamiyyət” bəhanəsi qaldırıb, birlikdə İtaliyaya gedərdilər...

...İtalyanlar gələndə, Zina işdə deyildi. Razılığa görə, nahara qədər mühasibatda işləyən Leyla əvəzləməliydi onu.

Ofisə gəldiyində isə, qonaqlar getməyə hazırlaşırdı. Onlar çıxandan sonra, tələsik kabinetə daxil oldu. Şefinin əlində iri bir qadın portreti görəndə təəccübləndi.

- Mamedik, bu nədi? Bu hansı ifritənin şəklidir?

- Ay qız, bu ifritə deyil! Gözəllər gözəlidir, şedevrdir! Cokonda – Da Vinçinin “maska”sı!

Zina yenə də təəccübləndi. Səkkizinci sinfədək “zavuç” dayısının hesabına “oxumuşdu”. Dayısı işdən qovulandan sonra isə, o da avtomatik olaraq məktəbdən qovulmuş və “çörəkyeri”si olsun deyə, kompüter kurslarında yazı köçüməyi öyrənmişdi. Məmməd müəllimlə tanış olandan sonra isə, ulduzu parlamışdı. Onun hesabına rusca və ingiliscə az-maz qırıldatmağı öyrənmişdi, nisbətən savad qazansa da, indiyədək nə Mamedikdən, nə də onun pulla tutduğu müəllimlərdən Cokonda və Da Vinçi barəsində heç nə eşitməmişdi. Ona görə də, hövsələsi daraldı.

- Ay, müdir! Bəlkə mənə tam ətraflı izah edəsən? Da Vinçi kimdir, onun “maska”sı Cokonda kimdir...

- Ay daa! İndi sənə bir saat kulturologiya dərsi keçməliyəm!?

- İxtisasca kulturoloq deyilsən!? Keç də! Beşcə dəqiqə məni öyrətməklə, işin-dişin tökülüb qalası deyil ki!

- Yaxşı! Deməli, Da Vinçi var ha... Leonardo Da Vinçi! Bax, həmin bu kişi, İtaliyanın və hətta, bütün dünyanın ən məşhur və ən yaxşı rəssamı sayılır. Düz 5 yüz il əvvəl yaşayıb. Bu porteti də onda çəkib. “Cokonda” da deyirlər, “Mona Liza” da. Bir Florensiya zadəganının xanımı olub. Da Vinçi onun rəsmini elə çəkib ki, sağdan baxanda bir cür görünür, soldan baxanda başqa cür. Amma, bu original olmadığı üçün, yəqin ki, o effekti biz görə bilməyəcəyik.

Tam olaraq hər şeyi anlamasa da, Zina başa düşdü ki, bu Cokonda elə-belə şey deyil. Ancaq, şef dedi ki, bu şəkil orijinal deyil. Onda, nəyinə lazınmdır axı?

- Belə çıxır ki, “deşyovı” dublikatdır? İtalyanlar utanmırlar, sənə original olmayan şəkil gətirirlər?

- Zinoçka! Original olmasa da, bu surət originala ən yaxın bənzətmədir. Zarafat deyil ey, iki yüz yaşı var! Original yüz milyon dollardır, amma bunun ən az yüz min tası olar!

Portreti səliqə ilə divardan asdı. “Originala yaxınlıq” söhbətindən Zinanın ürəyi bir az rahatlaşdı. Amma, bu portreti elə də bəyənməmişdi. Axı, nə var idi ki onda, milyonlarla dollar qiymət qoyublar?

- Niçivo sebe! Deməli elə-belə kopiya deyil, hə? Amma, öz aramızdır, heç də gözəl deyil ha! Dayımın ifritə arvadına oxşayır!

- Zina, elə demə! Sən gəl, bir yanımda dur, seyr elə... Görürsənmi?

- Nəyi? Adi qadın şəklidi də!

- Baxışlarını! Baxışlarını görürsən? Bir az qınayış, bir az sınayış, bir az təbəssüm, bir az inciklik, bir az təkəbbür, bir az təvazö... Ümumi baxanda isə, sifətindən nur yağır! Çox mehriban simadır! Amma, sənə bir şey deyim ha! Deyilənə görə, ən qəddar krallar belə, bu şəklə baxanda ağlamağa başlayırmış. Kişilərin vicdanı oyanırmış Cokondanın baxışlarından! Sən bir işə bax ey!

- Həə! Hardasa, sənlə razıyam. Amma, bilirsən... Hərə öz anlaya bildiyi kimi anlayır belə şəkilləri. Mənə görə isə, sadəcə, yaxşı çəkilmiş bir əl işidir. Bolşe niçivo!

Məmməd müəllimin hövsələsi tükəndi. Belə bir anlayışsız adamla eşq macərası yaşadığına görə, bir anlıq xəcalət çəkdi. İstədi, acılasın! Amma, sonra düşündü ki (həmişə düşündüyü kimi), küsüb onu tərk edə bilər.

Onda, heç yaxşı olmaz. Axı, nə qədər ”levıy” əmlakı var idi o qızın adında. Zina prinsipə dursaydı, Məmməd düzdə qalardı. Ona görə də, qərara aldı ki, söhbətin istiqamətini dəyişsin.

Katibəsinin əlindən tutub masasına yaxınlaşdırdı. Özü masaya söykənib, şir dovşanı qapan kimi, onun belini qucaqladı.

- Yaxşı, mənim ağıllı dovşanım! Sən də düz deyirsən! Əşşi, nəyimizə lazımdır ki, kim necə anlayır? Əsas odur ki, bu portret kabinetə yaraşıq verir. Həm də ki, adı üstündə - italyan şəriklərimiz gətirib. Şəxsi həyatımda isə, sən mənə lazımsan, Cokonda yox, dovşanım mənim!

- Caan! Mənim aslanım! Hər səhər gələndə, məni maç eləyərdin. Amma, bu gün eləmədin. Axı, mən günahkaram ki, mamaşa xəstələnib deyə, onu həkimə aparmaq lazım idi? Gecikənə nəvaziş düşmür? Maç elə də, nolar!

Məmməd müəllim cuşa gəldi. Zinanın belindən daha qüvvətlə sıxıb, onu özünə tərəf çəkdi. Elə təzəcə öpüşməyə başlamışdılar ki, gözü “Cokonda”ya sataşdı. Bədənindən vicvicə keçdi. Vicdan oyadan baxışlar süzülürdü portretdən. Əsəbi bir titrəyişlə, dodaqlarını Zinanın dodaqlarından qoparıb itələdi.

- Yox ey, alınmır!

- Niyə? Pupsik, niyə dayandın? Öp də!

- Alınmır axı! Görmürsən, zalım qızı necə baxır mənə!? Vicdanım cökküldəyir ey! Vallah, Zina, onun baxışları altında heç bir p... yeyəmmirəm!

- Aaa! Sənə deyən var ki, p... ye!? Baxma da, ona! Öp məni! Eeeh! Əsəbləşirəm ey!

- Ay qız, deyirəm alınmır da! Dayan, dayan! Bildim! Ən yaxşısı...

Katibəsi ilə yerini dəyişdi. Masaya katibəni söykəyərək, arxası portretə tərəf durdu. İndi, özünü rahat hiss edirdi. Daha, Cokondanın qınayıcı baxışları onu narahat etməzdi. Öz sevimli məşğuliyyətinə davam etmək üçün, Zinanın üzərinə çökdü.

Amma... Bu dəfə “proses”i məşuqə yarımçıq qoydu. “Aslan”ı pərt edən “dovşan”, portreti göstərərək, hövlnak mimikayla pəltəkləməyə başladı:

- Ma... Mamedik! O şəkildə... O şəkildə, doğrudan da, nəsə var! Ay daa! Adə, bu Cokonda lap ifritədir ki! Dayımın arvadı qələt eləyir yanında! Məni elə süzür... Elə süzür! Adamın vicdanı oyanır ey! Mamedik, sən Allah, rədd elə onu burdan!

- Bəs, mən yetim nə deyirdim? Sənə demədim ki, bu Da Vinçi köpəyoğlu elə-belə şəkilçəkənlərdən olmayıb!? İndi nə edək? Gözlə! Rədd etməyəcəm, amma fikirləşib bir yol taparam.

Zinadan uzaqlaşıb, “Cokonda”ya yaxınlaşdı. Ürəyində “Bağışla məni, İncəsənət İlahəsi!” deyərək, portreti tərsinə çevirdi. Artıq, Cokondanın baxışları bu otaqda gəzə bilməzdi. Deməli, heç kimin vicdanı cökküldəməyəcəkdi.

“İndi yaşamaq olar!” deyə fikirləşərək özü ilə fəxr etdi. Və əllərini bir-birinə sürtərək, Zinaya yaxınlaşdı. İkisi də irişərək qucaqlaşdılar.

“Cokonda”sız qalmağın sevinciylə sevişməyə təzə başlamışdılar ki, qapı döyüldü. Məmməd müəllimin qaynı ilə dostluq edən baş mühasib Kərəm müəllimin səsi gəldi qapı arxasından. Sevgililər həyəcandan əl-ayağa düşdülər.

Tələm-tələsik özlərinə çəki-düzən verdilər. Lakin, portreti düzəltmək yaddan çıxdı. Katibə qapını açdı və makiyajı dağılmış üzünü əlləri ilə örtərək, cəld kabineti tərk etdi. Müdir təntənəli şəkildə işçisinin qabağına qaçdı.

- Oo! Kərəm! Gəl, qardaş, gəl! Bu gün biz böyük bir uğura imza atmışıq! Elə, səni çağıracaqdım ki, gedək necə lazımdır vuraq!
- Bəli, Məmməd müəllim! Bu müqavilə, həqiqətən də bizim üçün uğurdur.

O ki qaldı, vurmağa, başqa vaxta saxlasaq yaxşıdır, bu gün uşaqları rayona aparmalıyam. Elə, sizdən icazə alacaqdım... – qəfil gözü divarda tərs asılmış portretə sataşdı.- Müəllim, o nə şəkildir elə? Soruşmaq ayıb olmasın, niyə tərs asmısınız onu?

Məmməd müəllim tutuldu. Tez cibindəki yaylığını çıxardıb, portretə yaxınlaşdı.

- İtalyanlar bu gün gətiriblər. Da Vinçinin “Cokonda”sıdır. Tərs asılmağına gələndə isə... Tozunu silirəm də!

Kərəm müəllimə çox qəribə gəldi bu “tozsilmə” mərasimi. Axı, yeni asılmış portret belə tezliklə necə toz basa bilərdi? Öz-özünə “boş ver!” deyərək, gətirdiyi sənədləri qovluqdan çıxarıb şefə təqdim etdi. Bir-birini şübhələrlə süzə-süzə sənədlərin müzakirəsinə başladılar.

Məmməd müəllimə bugünkü olay çox pis təsir etmişdi. Odur ki, “Cokonda”nı qoltuğuna vurub evə apardı. Yataq otağında, çarpayı ilə üzbəüz asılmış “Ayətül-Kürsi”nı çıxarıb siyirtməyə atdı.

Yerində isə, italyan partnyorlarının hədiyyəsini asdı. Ofisdən fərqli olaraq, evdə “işqabağı” portret çevirməyə ehtiyac yox idi. Artıq, neçə il idi ki, həyat yoldaşı ilə bir-birinə arxa çevirib yatırdılar. Həmin gecə də, öz adəti üzrə keçdi.

Səhər ofisə gəldiyində, Məmməd müəllim bir çatışmazlıq hiss etdi kabinetində.

Zina anası ilə həkim yanında olacağı və işə nahardan sonra gələcəyi üçün, çatışmazlıq onun olmaması sayıla bilərdi. Amma, Məmməd müəllim heç onun barəsində düşünmürdü belə!

Sanki, çoxdan bəri görməyə öyrəşdiyi bir şey yoxa çıxmışdı. Lazımi sənədləri imzalayıb mühasib qıza verəndən sonra, uzun müddət yerində oturaraq, “Cokonda”sız qalan divarın seyrinə daldı. Darıxırdı onun baxışları üçün!

Özünü çox piss hiss etdi. Və ömründə ilk dəfə olaraq, təklikdə vicdan əzabı keçirdi. “Nahaq yerə portreti evə apardım. Gedib gətirsəm yaxşıdır!” deyərək, qətiyyətlə ayağa qalxdı. Qapıya çatanda dayandı.

Qapının üstündə asılmış divar saatına baxdı. Saat 12 idi. Öz-özünə gülümsədi: “Ən azı iki saat olar ki, mən bir divara baxıram! İlahi, mən deyəsən Cokondaya aşiq olmuşam!” Başını bulayıb, sakitcə ofisi tərk etdi. “Yeşka”sına əyləşib, birbaşa evə sürdü.

Qapını öz açarıyla açdı. Yataq otağından həzin musiqi səsi gəlirdi. Başını bulayaraq, yenə də gülümsündü. Arvadının musiqi altında döşəmə sildiyini bilirdi. Amma, onun “Enigma” dinlədiyindən xəbəri yox idi. Ürəyində “Halaldı, arvad!” deyərək, səssizcə, “Cokonda”nın yanına tələsdi. Otağa girdiyində, əcaib bir mənzərə canlandı qarşısında:

Qırx beş yaşlı həyat yoldaşı qapıqonşusunun yeniyetmə oğlu ilə yataqda qıvrılırdı. Əsəbindən bağırmaq istəyirdi ki, birdən, “Cokonda” düşdü yadına. Tələsik sağa baxdı. Portret tərs asılmışdı.
XS
SM
MD
LG