Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:38

Əjdər Ol "Şər Nizi" (Hekayə)


Mən kiçik S. şəhərində müstəntiq işləyən uşaqlıq dostum Şaiqə həm yolüstü, həm də atüstü qonaq olmuşdum. Onu çoxdan görmədiyimə görə fürsətdən istifadə edib onunla görüşmək üçün yoldan burulmuşdum.

Burada uzaqbaşı iki saat, iki saat yarımdan artıq vaxt itirməməyi düşünürdüm. Yayın sonu olduğu üçün istilər bir qədər sınmışdı. Amma hələ də günortalar nəfəs almaq olmurdu.

Ona görə də günün əyilməyini gözləyəcəkdim.

Dostum məni kiçik bir restoranın yaşıl həyətinə gətirmişdi. Ağac kölgəsindəki stolun başında əyləşib ordan – burdan söhbət edirdik.

Bu vaxt dostum bizdən azacıq aralıda qoyulmuş stola yaxınlaşan iki nəfərin biriylə salamlaşdı və astaca mənə dedi:

– Dön o hündür kişiyə bax, sənə onun haqqında bəzi şeylər danışacağam.

Dostumun dediyi kimi kişinin boyu çox uzundu. Arıq adamdı, yaşı yetmişi keçərdi. Macal tapıb üz cizgilərini tam görə bilməsəm də, onun sifətinin profili yadımda qaldı. Profildən yay kepkasının dimdiyi, xırda burnu, irəli çıxmış çənəsi görünürdü. Məncə onun geyimini təsvir etməyə ehtiyac yoxdur, başqa paltarda da onu görə bilərsiniz.

Dostum dedi:

– Bu kişini yadında saxla, bir gün o, sənin də qapını döyə bilər.

Onun dediklərindən bir şey anlamadığımı görən dostum söhbətinə davam etdi:

– Bilirəm qəribə adamlar haqqında olan söhbətlərin, maraqlı əhvalatların ölüsüsən. Bu kişinin əsl adı Niyazdır, burada hamı ona "Şər Nizi" deyir.

Gülümsədim. Dostum yerini rahatlayıb dilləndi:

– Niyaz uşaqlıqdan indiyəcən həmişə bu balaca şəhərdə yaşayıb. Beş-altı yaşından atadan yetim qalıb. Anası çox davakar, qarayaxa bir qadınmış, bir neçə il bundan əvvəl ölüb. Arvadın adı "Kübra" imiş, dalda hamı ona "Kobra" deyirmiş. Evləri lap köhnədən şəhər bazarının arxasındadır.

Atasından ona heç nə qalmadığı üçün və məktəbdə xadimə işləyən anası ilə çox kasıb yaşadıqlarına görə uşaqlıqda Niyazın günü bazarda sülənməkdə keçib.

Niyaz elədiklərini danışmaqdan utanan adam deyil. Hərdən özü də özünə "Şər Nizi" deyir. O, mənə danışıb ki, on bir-on iki yaşı olanda bir dəfə onu bazarda meyvə oğurluğu üstə meyvəsatanlardan biri döyür.

Onun qıy-qışqırığına bazarın sahə milisi Lazım özünü yetirir və zərərçəkənlə onu döyəni milis məntəqəsinə aparır. Sahə milisi içəridə meyvəsatanı xuliqanlıqda ittiham etməyə başlayır və işi böyüdüb onun haqqında cinayət işi başladacağını eşitdirir.

Meyvəsatan nə qədər günahı Niyazın üstünə yıxmaq istəsə də, xeyri olmur.

İzahat yazmaqdan ötrü qələm-kağız ortaya gələndə kişi əllərini yuxarı qaldırır. Müqəssir ilişdiyini görüb, bağışlanmasından ötrü yalvarmağa başlayır. Sonra sahə milisiylə meyvəsatan arasındakı xısınlaşmadan balaca Niyaz bir şey anlamır.

Nəhayət sahə milisi meyvəsatanı özü dediyi kimi «cərimə edib» irişə-irişə yola salır və həmin «cərimədən» Niyazın cibinə şax bir onluq basır.

Hətta bazarın ağzındakı çayxanadan bir çaynik çay gətirdir və Niyazın stəkanına xoruzquyruğu çayı özü süzüb əlini onun kürəyinə vuraraq deyir:

– Nizi bala, rahatca çayını iç. Nə qədər ki, Lazım əmin bu bazarda uçaskovudur, bir köpəyoğlunu lülüşünə alma. Kefin nə istəyir, onu da elə. Sən kişi oğlansan!

Sahə milisi papirosunu tüstülədə-tüstülədə Niyazın anasını bir qeyrətli-namuslu qadın kimi o ki var tərifləyir…

Dostum Şaiq söhbətinin bu yerində pıqqıldayıb güldü:

– Bu əhvalatı Şər Nizi təxminən bir ay bundan qabaq mənə danışıb. Söhbətin bu hissəsində o, deyirdi:

– İndiki ağlımnan düşünürəm ki, o vaxt uçaskovu Lazım anamın qeyrətindən – namusundan dəm vuranda tamam boşboğazlıq edirmiş. Çünki, anam namusunu qorumaqdan ötrü xüsusi səy göstərmirdi, sadəcə heç kəs qorxusundan ürək eləyib ona yaxın düşmək istəmirdi. Neynirdilər o qancığı…
Dostum Şaiq əllərimi çənəmə söykəyib huş-guşla ona qulaq asdığımı görüb dedi:

– Sən yeməyini ye, söhbətim uzundu.

– Yeyirəm- deyib əlimi süfrəyə uzatdım.

– Hə- dostum söhbətinə davam etdi – uçaskovu Lazım Niyazı qapıdan ötürəndə onun qulağına pıçıldayır:

– Apar pulu ver anana, sabah yox, birisigün bu vaxt gələrsən yanıma, səninlə işim olacaq.

Niyaz niyə sabah yox, məhz birisigün gəlməyin mənasını yekələndən sonra başa düşür. Uçaskovu Lazım demək istəyirmiş ki, işin ağını çıxartmaq olmaz.
Niyaz şellənə-şellənə gəlir anasının yanına. Döyüldüyünü anasına deyəndə Kübra doğrudan da kobra kimi başını uzandığı dəmir çarpayıdan qaldırıb oğluna baxır. Oğlu bilir ki, bu dəqiqə anası tumanının balağını çırmayıb cumacaq onu döyənin üstünə. Odur ki, tezcənə deyir:

– Ana, uçaskovu Lazım əmi məni döyənin sıxıb suyunu çıxartdı.

Kübranın gözlərindən çınqı çıxır:

– Döyülən ki sənsən!

Niyaz cibindən şax onluğu çıxarıb anasına uzadır:

– Bu pulu Lazım əmi verdi.

Arvad onluğu görüb yumşalır və pulu xışıldada-xışıldada soruşur:

– Lazım hansıdır, o gombul, qırmızısifət kişi?

Niyaz bic-bic gülür:

– Hə…

Arvad daha dinməsə də, Niyaz hiss edir ki, o, oğlundan razı qalıb.

Niyaz Lazımın sözündən çıxmır, birisigün alverin şıdırığı vaxtı bazara girir, ancaq birbaşa uçaskovunun yanına getmir. On-on beş gün əvvəl çırpışdırdığı bir camış böyrəyi üstə ona solaxay şillə ilişdirmiş qəssab Babaşın dükanının qarşısında əllərini belinə qoyub forslu-forslu dayanır və qəssaba tərs-tərs baxır. Qəssab Niyaza çımxırır:

– Müştərilərin gələn vaxtıdır , dükanın qabağını kəsmə, itil burdan!

Niyaz himə bənd imiş kimi xoruzlanır:

– Harda duraram özüm bilərəm, dədənin bazarıdır? Çox elə səndən ət alan var, hamı bilir ki, dana əti adına balağ ətini itələyirsən camaata.
Qəssab piştaxtanın arxasından çıxıb Niyaza sarı götürüləndə uçaskovu Lazım peyda olur.

Niyaz onun zəhmindən və gözünü ağartmasından qorxub aradan çıxır. Ancaq bazarın çölündə bir qədər hərlənib-fırlanandan sonra həmin gün uçaskovu Lazımın yanına getməli olduğunun vacibliyini düşünüb, onun kabinetinin yerləşdiyi binaya üz tutur. Niyaz uçaskovunun qapısını döyüb içəri girəndə orada tamam başqa Lazımı görür. Uçaskovu Lazım dönüb olur «Lazım əmi».

– Lazım əmi, – Niyaz dillənir…

Uçaskovu Lazım onun sözünü ağzında qoyur:

– Nizi, bala, yaxşı-yaxşı yadında saxla: hər adama ilişmə, başın ağrıyar. Qəssab Babaş pis oğlan deyil, özün görəcəksən. Günortaya qədər bazarda hərlən (Yəni gör kimə ilişə bilirsən), günortadan sonra gedərsən onun yanına, ədəblə salam verərsən, o da sənin könlünü görəcək.

O gün Niyaz günortayacan üç-dörd dəfə cəhd eləsə də, özünü döydürə bilmir. Axşamüstü qəssab Babaşın yanına gedir, uçaskovu Lazımın öyrətdiyi kimi ədəblə salam verir, hətta qəssabın kefini də soruşur.

Qəssab Babaş qan ləkələri qurumuş kağız bükülüsünü ona uzadıb deyir:

– Malın qara ciyərinin yaxşı yerindəndir. Yarım kilodan artıqdır. Apar ananla yavanlıq elə.

Evdə anası Niyazı gülərüzlə qarşılayır. Axşam ana-bala ciyər qovurması yeyirlər. Ertəsi gün Niyaz uçaskovu Lazımın yanına gələndə Lazım əmi ona deyir:
– Bazarda bir nəfər çox yağlanıb, onun yağını əritmək lazımdır.

İndi mən düşüb bazarı gəzəcəyəm. Sən də gendən mənə göz qoy! Hansı satıcının qarşısında ayaq saxlayıb əlimi cibimə salsam, bil ki, dediyim odur.

Uçaskovu Lazım yandırdığı papirosuna dəm verib Niyazın saçını sığallayır:

– Onun böyür-başına hərlən, elə elə ki, sənə acıqlı bir söz desin. O saat onun yeddi arxa dönənini söy-yamanla. Dalısıynan işin yoxdu. Kişiliyi çatır, qoy sənə əl qaldırsın?! Bu dəfə sənə yaxşı pul verəcəyəm. Get, işində ol!

Niyaz işini bilib adamını tanıyandan sonra hücuma keçir. Əvvəlcə hərifin satdığı kişmişdən ovuclayıb tum kimi bir-bir ağzına ata-ata piştaxtanın qabağında var-gəl etməyə başlayır. Satıcının ona baş qoşmadığını görüb daha da həyasızlaşır.

Qoz kisəsindən bir neçə qoz götürüb yerə atır və balaca toplarla oynayırmış kimi ayağı ilə qozların hərəsini bir yana vurur.

Sataşılan özündən çıxır. Söyüşmə başlanır. O, Niyazı söyür, Niyaz ona ağzına gələni deyir, axırda qızışan meyvəsatan Niyazı ayağının altına salır, vur ki vurasan. Harayçılar birtəhər Niyazı onun əlindən alırlar. Ağzı-burnu qanamış Niyaz nə qədər ətrafa baxırsa, uçaskovu Lazımı görə bilmir.

Anasından və uçaskovu Lazımdan başqa üstünə getməli bir adamı olmayan Niyaz ağlaya-ağlaya evə gəlir.

Anası onu görüncə vay-şivən qoparır:

– De görüm, kim döyüb səni, Nizi, kim?

Niyaz zarıya-zarıya cavab verir:

– Mən bilmirəm, ana, Lazım əmi bilir.

Uçaskovu Lazımın adını eşidən Kübranın köpü yatır. Oğlunun özünü qəsdən döydürdüyünü başa düşüb su dalınca gedir və qayıdıb bir əlilə aftafadan su töküb o biri əlilə Niyazın üzünün qanını yuyur. Sonra uşağı çarpayıya uzadır, ancaq Niyazın sızıltısı kəsmir.

Kübra oğlunun çox döyüldüyünü görüb oturduğu yerdə əllərini dizinə çırpıb və «Qarabaxt yetim balam!», «Allah səni niyə bu günə qoydu?» deyə-deyə hönkürür.

Niyaz anasına təskinlik verir:

– Ana, ağlama, Lazım əmi deyirdi bu dəfə sənə çox pul verəcəm.

Elə bu vaxt uçaskovu Lazım Niyazigilin qapısını döyüb içəri girir. Onu görən ana-bala ürəklənir.

Kübra yarıgiley, yarışikayət dillənir:

– Ay Lazım qardaş, gör bu yetimi nə hala salıblar? Al qan içində idi. Balamın qanını öz əllərimlə yumuşam. Döyülməkdən üzü-gözü, bədəni qançır olub.
Uçaskovu Lazım fışıldayır:

– Məni rəis çağırmışdı. Bazarda olmadığımı görüb uşağı döyüblər. Ürəyinə salma , Kübra bacı, bu saat gedib o oğraşın boğazını üzəcəyəm.

O, Niyazın köynəyini yuxarı çırmayıb diqqətlə onun bədəninin qaralmış, sıyrılmış yerlərini gözdən keçirir, uşağın şişmiş üzünü əliylə yoxlayır və dərin xəsarət almadığına əmin olandan sonra deyir:

– Kübra bacı, heç narahat olma, mən görüb-götürmüş adamam, Nizi balada qorxulu bir şey yoxdur. İndi gedib o düdüyün dərsini verərəm. Axşamüstü də gəlib uşağa baş çəkəcəyəm.

Doğrudan da axşamüstü uçaskovu Lazım gəlib çıxır və irəli çıxmış qarnının üstündə tuta-tuta gətirdiyi dolu sarı kağız torbanı Kübraya uzadır.

Kübra torbanı mətbəxə qoyub qayıdanda uçaskovu Lazımı Niyazın başını sığallayan, oğlunu isə əlində tutduğu qırmızı onluqları səliqə ilə üst-üstə qoyub çinləyən görür.
Bu əhvalatdan sonra Niyazın döyülməkdən gözü qorxur. Çünki, təpik dəymiş böyrü xeyli müddət ağrıyır.

Anası da ona bərk-bərk tapşırır:
– Bala, o qırmızısifət porsuq nə deyir desin, quyruq ələ verib özünü çox döydürmə. Bir şillə vurulan kimi aradan çıx.

Onsuzda bazarda daha Niyaza baş qoşan olmur. Rayon yeridir, bir hadisə olan kimi hamı xəbər tutur. Niyazın işləkləri aləmə bəlli olandan sonra kimdi ona yaxın düşən?! Amma onun adına ayama qoşulur: «Şər Nizi»

Şər Nizidən xeyir gəlməsə də , uçaskovu Lazım arada bir-iki dəfə onun başını sığallayıb cibinə üçdən-beşdən dürtür. Uşaqsa bazarda başını girləməkdə davam edir.

Onun xatasından yaxa qurtarmaq üçün biri Şər Nizinin qılığına girir, biri ona xırda-para pay verib canını qurtarır, başqası bu vələduzinanı söyməklə hirsini soyudur, bir ayrısı anasının üstünə şikayətə gedir… əlqərəz heç kəsin ona çırtması dəymir.

Həmin ilin yayında qazanc yiyəsi olmaqdan ötrü ora-bura vurnuxan Şər Nizi bazarda alver etmək fikrinə düşür. Ürəyindən keçəni anasına bildirəndə anası «Hələ uşaqsan!» deyib onun ağzından vurur. Ancaq oğlunun qırsaqqız olub əl çəkmədiyini görəndə yumşalır və oğluna deyir:

– A bala, axı təkcə mənim razı olmağımla iş bitmir. Əlimizdə bir qəpik mayamız yoxdur. Puldan ötrü kimin üstünə gedək?

Kübra bir neçə gün baş sındırdıqdan sonra oğlunu səhər erkən rayon mərkəzindən beş-altı kilometr aralı kənddə yaşayan qoca dayısının üstünə göndərir.
Kübranın dayısı bacısının törəməsinin fikrini öyrənən kimi bağını ona göstərib dillənir:

– Həyətdə meyvələri quşlar basıb yeyir. Bir özüməm, bir də qarım. Əlimdən tutan yoxdur. Döşünə döyən oğulsansa, yığ bu mer-meyvəni, çək bazara. Həm sən bir şey qazan, həm də bizə «görüm-baxım» elə. Arabam da var, uzunqulağım da.

Arabanı qoşaram uzunqulağa, verərəm sənin ixtiyarına.

Qocanın sözlərini eşidən Niyazın uçmağa qanadı olmur. Tez bağdan meyvə yığmağa girişir. İki səbət, üç-dörd yeşik, beş-altı torba meyvə yığılınca, araba uzunqulağa qoşulunca və yük yerbəyer edilincə axşamüstü olur.

Şər Nizi anasının dayısı ilə süfrəyə əyləşir, qarnını bərkitdikdən sonra arabaya atılıb uzunqulağı çubuqlaya-çubuqlaya yola düşür.

Şər Nizi araba sürməyin çəmini az-maz bilirmiş, çünki o zamanlar yolda-izdə at arabası, eşşək arabası çox olardı. Hətta bir dəfə o, mindiyi arabada yüyəni əlində tutub atı qamçı ilə dəhmərləmişdi də.

Doğru deyirlərmiş ki, eşşəyi sürmək atı sürməkdən çətindir.

Yolun tən yarısında axşamın düşdüyünü görən Şər Nizi əlindəki söyüd çubuğu ilə uzunqulağın tənbəl yerişinə haram qatmaqdan ötrü onun belindən zol çıxartmağa başlayır. Eşşək ki eşşək, çala-çuxura düşəndə nə təhər təntiyirsə, arabanı aşırır və uşaq qalır arabanın altında.

Təkərləri havada fırlanan araba Şər Nizini düşdüyü yerdə torpağa sıxmasa da o, heç cür arabanın altından çıxa bilmir.

Bədbəxt oğlu nə qədər hay-haray salırsa, ağlayıb-sıtqayırsa, səsinə səs verən olmur. Getdikcə sıxlaşan qaranlıq onu vahimələndirir.

Çaqqallar ulaşmağa başlayanda yazığın lap bağrı yarılır. Canının hayında olan zərəydidə zarıya-zarıya yolun gələn və gedən tərəfinə baxa-baxa göydən Allahın bir zənbil endirəcəyini gözləyir. Arabanı qaytarıb təkərləri üstə qoya bilməyəcəyini gözünün altına alan uzunqulaqsa peşiman-peşiman susur.

Birdən uzaqda görünən maşın işığı Şər Nizinin ağlını üstünə gətirir. O, ürəklənib maşının yaxınlaşmasını gözləyir. Araba düz torpaq yolun üstündə aşdığına görə maşındakı mütləq onu görməli idi.

Yaxınlaşıb dayanan maşının işığı çevrilmiş arabanın taxta barmaqlıqları arasından baxan Şər Nizinin ağlamsınan üzünə vurur. «Qaz-51»in kabinəsindən düşən iki kişi arabaya sarı gəlir və səs eşidirlər:

– Ay əmi, ay dayı, kömək edin, araba aşıb altında qalmışam.

İşıq kişilərin arxasından düşdüyünə görə onların üzünü ayırd etmək çətinmiş.

Kişilərdən biri dörd-beş metr aralıda çömbəlib zəndlə arabanın altına baxdıqdan sonra ayağa durur və yoldaşına deyir:

– Qancıq Kübranın oğlu Şər Nizidir. Gəl, gedək, qoy bu bicbala burda qalıb qurda-quşa yem olsun. Allah yaxşı bilir neynir.

Kişilər cəld maşına minirlər. Sürücü maşını necə tərpədirsə, maşının banında hürkmüş balaqların böyürtüsü eşidilir. Möhkəm qaz verilmiş maşının səsi Şər Nizinin qıy-qışqırığını eşidilməz edir.

O, danışan kişini səsindən tanıyır – bu, qəssab Babaş imiş.

Dostum Şaiq nəfəsini dərib gülə-gülə dedi:

– Əcəb səni qonaq elədim. İmkan vermirəm, yeməyini rahat yeyəsən.

– Bu istidə yemək olur ki? - mən dilləndim.

O, içib boşaltdığım bokala yenidən soyuq mineral su ilə süzə-süzə danışdığı əhvalatı bitirdi:

– Əlbəttə, həmən gecə Şər Nizi qurd-quşa yem olmur, qəzadan canını qurtarır. Amma, həlləm-qəlləm işlərindən bu gün də əl çəkməyib.

Mən dostuma söz atdım:

– Yəqin o, arabir sənin də işinə yarayır.

Dostumla aramız açıq olduğuna görə o, həqiqəti gizlətmədi:

– Xəbərin istisini xəbərçilər gətirir.

Mən eyhamı anladım və saata baxdım.

– Artıq getmək vaxtıdır, - dedim.

Dostum Şaiq ilə ayrılandan təxminən üç həftə sonra bir əhvalat baş verdi.

İdarəmizdə iş təzəcə başlamışdı. Giriş qapısındakı polis telefonla xəbər verdi ki, bir qoca kişi təcili mənimlə görüşmək istəyir, guya dövlət əhəmiyyətli mühüm bir xəbər verəcək mənə.

Mühüm xəbərin bizim işlə bağlı olduğunu düşünüb, qocanın yanıma buraxılmasını tapşırdım.

Qoca qapımdan içəri girən kimi dərhal onu tanıdım. Bu, Şər Nizi idi.

Salamlaşdıqdan sonra mən ona əyləşməyi təklif etdim. O, oturmadı. Vəzifəli adamların qəbullarında çox olmaqdan sürtülmüş adam kimi özünü tam sərbəst aparan Şər Nizi ani olaraq mənə zənn ilə baxdı, sonra isə kabineti gözdən keçirib ərklə dedi:

– Əvvəlcədən bilmək istəyirəm : Mən sözümü siz müəllimə deyəcəyəm, yoxsa divara?

Onun qabaqdangəlmişlik eləməyi məni açmadı, hətta xətrimə dəydi:

– Siz sözünüzü deyin, yerinə çatacaq.

Buzumun əriməməyi onun şaxını sındırdı. O, irişdi:

– Adım Niyazdır. Şaiq müəllimdən sizə salam var.

Laqeyd-laqeyd cavab verdim:

– Əleyküməssalam!

O:

– Düzü, məndə dövlət əhəmiyyətli heç bir mühüm xəbər-filan yoxdur. Şaiq müəllimin dostu olduğunuzu bildiyim üçün gəldim ki, sizdən bir az cibxərcliyi alım, – dedi.

Onu sancdım:

- Hesab edin ki, sözünüzü divara demisiniz.

O, bir az da sərbəstləşdi və yenə də irişə-irişə:

- Beş-on manata görə xahiş edirəm mənimlə acı danışmayın.

Şər Nizinin ovcuna tez nə isə basıb başımdan rədd eləmək istədim, hətta əlimi cibimə də saldım. Ancaq sürtüyün istəyinə belə asanca çatması məni fikrimdən daşındırdı.

- Başqa sözünüz yoxdursa, gedə bilərsiniz - dedim.

O, halını pozmadan qapıya üz tutdu və əlini qapının dəstəyinə atanda çevrilib dilləndi:

- Mənə cibxərcliyi vermirsiniz verməyin. Onsuzda gedib sizin adınızdan Şaiq müəllimdən bir şey qopardacağam.

Şər Nizi qapıdan çıxdı. Telefonun dəstəyinə əl atdım. İstədim Şaiqə zəng

edib əhvalatı ona danışam, ancaq bunun yersiz olduğunu, dostumun onu məndən yaxşı tanıdığını düşünüb dəstəyi yerinə qoydum.
XS
SM
MD
LG