Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:35

«AZİ» dəki hadisəni eşidəndə bildim ki, bu, Fərdanın işidir»


Məhkəmə iclası iyunun 10-da davam edəcək
Məhkəmə iclası iyunun 10-da davam edəcək
İyunun 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş qətliamla bağlı məhkəmə iclası davam etdi. Məhkəmə iclası başlayan kimi hadisəylə bağlı təqsirləndirilən Nadir Əliyevin ötən il mayın 7-də ibtidai istintaqa verdiyi ifadəsi elan edildi.

Nadir Əliyev ifadəsində göstərib ki, ötən ilin aprel ayında bir neçə dəfə Fərda Qədirovun Bakıda kirayədə qaldığı evdə olub: «Aprelin əvvəllərində Fərda ilə birlikdə onun yaşadığı mənzilə getdik. Fərda araq içəndən sonra bildirdi ki, Nəcəf Süleymanovla birlikdə Gürcüstanda erməni əsilli taksi sürücüsü Sergey adlı bir nəfərlə Tbilisiyə gediblər və onun vasitəsi ilə silah satılan dükanların birindən 600 lariyə tapança alıblar. O, mənə evdə tapançasını, patron və patron daraqlarını göstərdi. Dedi ki, silahı alandan sonra Daştəpədəki evin «podval»ında «butulka»ları düzüb erməni Mardunla məşq ediblər».

Nadir Əliyev deyib ki, içkiyə meylli olan Fərda Qədirov tez sərxoş olurdu: «Fərdanın anası başqa kənddən idi. Onun əmilərini tanıyırdım. Əmilərindən biri Səməd Daştəpə kəndində məscid tikdirmişdi. Fərdagilin ailəsi on il olardı ki, Rusiyaya köçmüşdülər. Valideynləri hərdənbir kəndə gəlirdilər, xeyir-şər işlərində iştirak edirdilər».

«ORADAKI QIZLAR FƏRDANIN XOŞUNA GƏLMƏDİ»


Nadir Əliyev ifadəsində göstərib ki, Fərdanın kirayədə qaldığı mənzildə olarkən, Fərda ona Seyidqasım adlı həmkəndlisini öldürəcəyini deyib: «Deyirdi ki, uşaq vaxtı kənddə qonşuları olan Seyidqasım onu maşınla vurmaq istəyib, onu döyüb. Seyidqasımın oğluna toy edəcəyini bilirdi. Deyirdi ki, toya gedib Seyidqasımı, ora gələn qonaqları öldürüb adını kitaba saldıracaq. Mən onu bu yoldan çəkindirməyə çalışırdım. Deyirdim o vaxt olan olub keçib, seyid adamdır. Əlini divara vurub hirslə deyirdi ki, onun «nervisi» ilə oynamayım. Tapşırdı ki, Seyidqasımın oğlunun toyunun vaxtını və yerini öyrənim». Nadir Əliyevin sözlərinə görə, Fərda Qədirov onunla söhbətində kürd olduğunu vurğulayıb.

Nadir Əliyev ibtidai istintaqa verdiyi ifadəsində yazıb ki, Şulaverdə yaşayan Mardun Qumaşyan Fərda Qədirova Bakıda törədəcəyi cinayətin müqabilində 50 min dollar boyun olub. Avans olaraq Fərdaya 5 min dollar verib. Onun sözlərinə görə, Bakıda Fərda ilə ilk dəfə görüşən zaman «28 May» metrostansiyası yaxınlığında yerləşən «Laçın» kafesinə getmək istəyiblər. Ancaq kafenin dağıldığını görəndə başqa məkan axtarıblar:

«Fərda mənə dedi ki, qız yanına getmək istəyir. Biz də əvvəlcə «Laçın»a getdik. Lakin ora işləmirdi. Sonra Biləcəridə yerləşən bir kafeyə getdik. Oradakı qızlar Fərdanın xoşuna gəlmədi.

«MƏN «AZİ»nin 2-ci MƏRTƏBƏSİNDƏ KEŞİK ÇƏKMƏLİ İDİM»

Ordan çıxıb «Nərimanov»dakı «Eko» barına getdik. Ora yollananda mənim tanışım Əzizə zəng etdim. Onu da həmin bara çağırdım. Barda Fərda 45 manat verməklə Aysel adlı qızla cinsi əlaqədə oldu. Əzizlə mənim isə pulumuz olmadığına görə qızlara yaxın düşə bilmədik. Aprelin 28-də mənə zəng etdi ki, «Nərimanov»dakı kafeyə gəlim, mənimlə vacib işi var. İşdən gec çıxmağımı söyləyərək sözünü telefonda deməsini xahiş etdim. Mənə dedi ki, aprelin 30-da səhər tezdən məni «28 May»da Cəfər Cabbarlı heykəlinin yanında gözləyəcək. Bildirdi ki, «AZİ»də 6-cı mərtəbədə dekan ver, onu öldürməlidir. İnstitutda qabağını kim kəsəcəksə, hamısını güllələyəcək. Mən isə binanın 2-ci mərtəbəsində keşik çəkməli, polis gələn kimi dərhal xəbər verməli idim. Qorxumdan telefonda razılıq verdim. Mənə dedi ki, işi bitirəndən sonra Gürcüstana gedəcəyik, orda Mardundan pulu alıb mənə 1000 dollar verəcək və məni Rusiyaya aparacaq. Lakin mən Fərda ilə cinayət törətməyə getmək istəmirdim. Ona görə də aprelin 29 və 30-da özüm qəsdən telefonu evdə qoymuşdum. «AZİ»dəki hadisə barədə eşidəndə isə bildim ki, bu, Fərdanın işidir».

«ƏGƏR HƏMİN VAXT BU BARƏDƏ FİKİRLƏŞMİŞDİMSƏ, ALLAH MƏNƏ LƏNƏT ELƏSİN»

Nadir Əliyevin ifadəsi elan olunduqdan sonra prokurorlar ona suallar verməyə başladılar:

Nadir Əliyev
- İfadənizi təsdiq edirsinizmi?

- Çox hissəsini yox.

- Göstərmisiniz ki, bir neçə dəfə Fərda Qədirovun kirayədə qaldığı evdə olmusunuz...

- Cəmi bir dəfə olmuşam.

- Gecəni qalmısınız?

- Xeyr.

- Bir yerdə barda neçə dəfə olmusunuz?

- Bir dəfə.

- Ancaq ifadənizdə bir neçə dəfə olduğunuzu yazmısınız. «Laçın» kafesinə getmisiniz?

- Bəli.

- İfadənizdə göstərirsiniz ki, hadisə baş verən vaxt işdə olmusunuz, baş verənləri eşidib icazə alıb evə gəlmisiniz, telefonu və sənədləri götürmüsünüz. İki gün evdə qalan telefonu həmin gün, hadisədən dərhal sonra götürməyinizə nə zərurət vardı?

- Telefonu da, pasportumu da polisə gətirmək istəyirdim. İstəyirdim başa salım ki, mənim heç nədən xəbərim yoxdur.

- Belə izah etmək olarmı ki, əlaqələri məhv etmək istəyirdiniz?

- Yox, əgər həmin vaxt bu barədə fikirləşmişdimsə, Allah mənə lənət eləsin.

- Cavidan Əmirov sənin Bakıda kirayədə qaldığın mənzilə gəlib?

- Bəli.

- Bəs məhkəmədə ifadəndə deyirdin ki, Cavidanla bir dəfə küçədə görüşmüsünüz...

- Cavidanın Fərdayla münasibəti var idi?

- Yox, onda hələ Fərdanı görməmişdim.

«ONLAR MƏNİM SİFƏTİMƏ VURMURDULAR Kİ, KADRDA DA GÖRÜNSÜN»

Sonra Nadir Əliyev yenə də istintaq müddətində işgəncələrə məruz qalmasından danışdı. Dedi ki, aprelin 30-da həbs olunub, həmin gündən mayın 15-nə kimi etirafedici ifadələr almaq üçün hər gün ona işgəncələr verilib: «İfadə verərkən onları qane eləməyən sözlər deyəndə aparıb döyürdülər, sonra da gətirib onlara lazım olanı yazdırırdılar».

Hakimsə Nadir Əliyevin dindirilmə prosesinin videoyazısına baxmağı təklif etdi. Dedi ki, əgər Nadir Əliyevə işgəncə verilibsə, bu, kadrlarda hiss olunacaq. Hakimin bu sözünə Nadir Əliyevin cavabı belə oldu: «Onlar mənim sifətimə vurmurdular ki, kadrda da görünsün».

Sonra Nadir Əliyevin elan olunan ifadəsinin video-görüntüləri nümayiş olundu.

Həmin görüntülərdə Nadir Əliyev Neft Akademiyasındakı hadisələrdə Cavidan Amirovun da rolu olduğunu söyləyib.

Məhkəmə iclası iyunun 10-da davam edəcək. Həmin gün digər təqsirləndirilən Cavidan Amirov ifadə verəcək.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
XS
SM
MD
LG