Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:09

Eyvaz Əlləzoğlu "Doğum" (Hekayə)


Nənəm nağıl edir ki, o il elə bil hər yana süpürgə çəkmişdilər, tarlalarda dənsiz taxıl sünbülləri yellənir, qapılarda inəklər dam kimi şişir, böyürə-böyürə yanı üstə yıxılıb ölürdülər.

Adamlar çöldə pencər, cincilim qoymamışdılar, bişirib yeyir, yenə doymurdular.

Gecələr kişilər oğrumca şişib dama dönmüş, ölmüş azarlı inəklərin cəmdəyi basdırılmış yerə gedir, torpağı qazıb ət oğurlayırdılar.

O il də bütün müharibə illəri kimi uzun imiş. Camaat acından köpük qusurmuş.

O ilisi babam nəsə yara alıb müharibədən qayıdıbmış.

Onu kolxoza briqadir qoyublarmış, kişi hər səhər başında on-on beş arvad Yeddi ağaca gedirmiş.

Arvadlar Dadaşın furqonunda oturub ətrafdakı qaranlığın içinə baxırlarmış. Onda Dadaş lap uşaq imiş, ordu-orduna yapışıbmış.

Arabaya qoyulmuş atlar da arıq imiş, lap sümükləri sananırmış.

Babam əri davada ölən bir arvada uyubmuş, arabanın yanı ilə gedə-gedə çalışırmış ki, arvada baxmasın. Arvad çox gözəlmiş, özü də ayğır at kimi kişnəyirmiş, aclıq elə bil yel olub yanından keçməyibmiş.

Hər gecə babam uşaqların boğazından kəsib o arvadın yetimlərinə yemək aparırmış.

Uşaqlar lap xırdaymış, qaranlıqda gözləri işıldayırmış.

Onlar yemək görəndə bir az canlanır, sonra çörəyi alıcı quş kimi göydə qapır, təntik-təntik yeyir, elə bil kiminsə tikələrinə şərik çıxacaqlarından qorxurlarmış.

Babam o arvada yaman uyubmuş, evdə yorğan-döşək qoymayıb, hamısını o arvadın yanına daşıyıbmış.

Kişi nənəmə tez-tez bunu uşaqlara yazığı gəldiyi üçün etdiyini deyərmiş, amma kənd tamam ayrı şey danışırmış.

O il yaman qıtlıq imiş, adamın ruzusu daşdan çıxırmış.

O arvadın babamın bir sürü uşağı çılın-çılpaq, ac-yalavacmış, başqa bir yandan kömək, imdad yox imiş. Ona görə də babam gecələr o arvadla oğurluğa gedirlərmiş.

Oğurluğa getməmişdən əvvəl o arvad çıraq işığında altdan-üstdən kişi paltarı geyirmiş, at tükündən düzəltdiyi bığa bənzər şeyi də yapışqanla tüpürcəkləyib dodağının üstünə yapışdırarmış.

Sabah onlar oğurluqdan dönəndə birgə qazan asırlarmış. O uşaqların da xörək bişənəcən taqətləri olmazmış, tez-tez nənəmdən xörəyin nə vaxt bişəcəyini soruşarlarmış.

Nənəm əlində çömçə qara daşın üstündə oturub ocağa baxarmış.

Ocaqda nədənsə heç düz-əməlli başlı yanmazmış, hər yanı tüstü doldurar, nənəmin gözü yaşararmış və çox vaxt nənəmin gözü yaşardığından uşaqlar elə bilərmiş o ağlayır.

Amma nənəm ağlamırmış, çünki davadan qara kağızı gələn qardaşı üçün ağlamaqdan gözünün yaşı quruyubmuş.

Xörək hazır olanda uşaqlar taxtın üstündə qabaqlarında cam, əllərində taxta qaşıq hazır dururlarmış.

Nənəm yarmanı çömçə-çömçə cəmə çəkəndə uşaqlar göz qoyurlarmış ki, birinə o birindən artıq xörək çəkilməsin.

Sonra onlar qaşığı götürüb yarmanın üstünə düşərlərmiş, cam boşalandan sonra nənəmdən yenə xörək istərlərmiş, nənəm onların əlinə çömçə ilə vururmuş ki, kirisinlər.

Onda uşaqlar: - Sən davada itkin düşən qardaşının canı, - deyə nənəmə and verəndə arvadın qulağı güyüldəyirmiş, on doqquz yaşlı, bığ yeri təzəcə tərləmiş qardaşının gözünün qabağında görürmüş.

Nənəmin qardaşı ucaboy imiş, utana-utana yana baxarmış.

Oğlanın üst-başından nənəmin dədəsi evinin qoxusu gəlirmiş.

Nənəm bilirmiş, o oğlan yoxdu, o oğlan bir də qayıdıb gəlməyəcək, o oğlanı uzaq yollar udub. Nənəm gözünün qabağında duran qardaşına baxır əlini dizinə vurub: - Bacın ölsün, a qardaş – deyirmiş.

Uşaqlar nənəmə baxanda eymənirlərmiş, səslərini kəsib qorxa-qorxa arvadın suyu soğulmuş üzünə, işıldayan gözünə baxıb geri gedib divara sarı qısılarmış. Handan-hana nənəmin gözünün qabağından o surət çəkilirmiş.

Arvad daha da qocalmış hərəkəti ilə qazana, uşaqlara baxır, sonra key-key onlara yarma çəkirmiş.

Uşaqlar xörəyi o qədər acgözlüklə yeyərlərmiş ki, qarınları tuluğa dönərmiş. Onlar bütün gecəni yata bilməz, hey tavana baxarlarmış.

Tavan qaraymış, oradan hörümçək toru sallanırmış. Uşaqların gözü allananda onları qara basırmış. Qorxudan qışqırıb hövlank qalxanda neft çırağı yenə zəif-zəif otağın divarlarını yalayırmış.

O ilisi kənddə arvadlar şəllənib Qaraçöpə gedərlərmiş, apardıqları qırıq-söküyü orada qarğıdalıya, buğdaya dəyiş-düyüş edib qayıdarlarmış. Şələli arvadların ən çətin işi Qavrını keçmək olarmış.

O vaxt Qavrı lap qudurmuş axar, qabağına gələni bürüb-büküb apararmış.

Nənəm neçə dəfə Qaraçöpə gedibmiş, oradan gətirdiyi buğdanı sonku gün dan ağaranda şələlənib dəyirmana aparıbmış.

Dəyirman onda köhnə bağın yanındaymış.

Dəyirmanda yaman növbə olurmuş. Nənəm sarıya durub yükün üstündə oturub mürgü döyürmüş, dəyirman daşı hey fırlanırmış, novdandan dən üyüdürmüş, çarxlar durmadan hərlənirmiş.

Dəyirmandan dönəndən sonra nənəm girdə-girdə çörəklər bişirərmiş.

Nəzir-niyaz çıxar: - Kim qardaşımdan bir xəbər versə, ona muştuluq verəcəyəm – deyərmiş. Nənəm qardaşından xəbər tutmaq üçün tez-tez həyətdəki ağacların budağına baxarmış ki, bəlkə ora sağsağan qonub.

Budaqlar, sağsağansız, çalın-çılpaq budaqlarsa həyətdən nənəm baxırlarmış.

O il nənəm babamın işdəklərinə dözürmüş, təkcə bircə dəfə dədəsi evinə küsülü çıxıbmış. Kəndin bu təzə xəbərini arvadlar bulaq başında, dəyirmana gedəndə bir-birlərinə danışırlarmış.

Nənəm bütün günü dədəsi evində, buxarının yanını kəsib gözünü ocağa zilləyir, başını qaldırıb divar daşlarına baxa bilirmiş, çünki oradan, daşların soyuq parıltısından bığ yeri təzəcə tərləmiş qardaşının ala gözləri nənəmə zillənirmiş.

Bu cür, qardaşının lal baxışı altında yaşamaq gündən-günə nənəm üçün məşəqqətə dönürmüş.

O gözləyirmiş, kimsə əri evindən dədəsinin üstünə minnətə gələcək, dədəsi kürkünə bürünüb qapısını açan adama qulaq asa-asa qəlyanını sümürəcək, sonra onun evinə getməsinə razılıq verəcək.

Nənəmin qulağı ovda-quşdaymış, hər səsə səkirmiş, babamdan ötrü ürəyi getmirmiş, - ona hər gün qarğıyırmış, - küsülü çıxanda kiçik oğlunu gətirməyibmiş. Kiçik oğlu südəmərmiş, həm də yaman kürümüş.

Ər evindənsə minnətçi gəlib çıxmırmış. Günlərin bir günü nənəm dədəsi evinə getdiyi kimi eləcə də geri qayıdıbmış babam ona baxıb yenə qəlyanını tüstülədibmiş, amma heç nə deməyibmiş.

O ilisi nədən ötrüsə babama pul gərək olubmuş. Taxtın üstündə oturub kənddə ona əl tutacaq adamları bir-bir gözünün qabağından keçirirmiş, amma kiminsə ona kömək əli uzadacağını ağlına gətirmirmiş. O gün sərin külək əsirmiş.

Babam onda hələ ana nənəm olmamış Nurzada arvadın üstünə diləyə gedibmiş.

Külək babamın şinelinin ətəklərini yellədirmiş.

Babam Nurzadə arvadı yelləyirmiş, külək onun səsini götürüb yarğana sarı aparırmış. Beş il sonra babam bu qapıya elçi gələcəkmiş, indi isə heç nədən küləyin ağzında durub Nurzada arvadı səsləyirmiş.

O ilisi hələ ana nənəm olmayan Nurzada arvad yarımpadşah kimi yaşayırmış, əri davaya gedəndə əlindəki qızının – mənim anamın – beş yaşı var imiş. Anamın atasından xeyli mal-at qalıbmış, hər həftə anası çörək bişirib Gülşəndə ilə birlikdə şəhərə satmağa gedirlərmiş.

Satdıqlarını satar, aldıqlarını alar, gətirib xırıd edərlərmiş, ona görə də əllərində xeyli pulları varmış.

İndi babam da durub pul üçün Nurzada arvadı səsləyirmiş.

Səsə axır ki, qapı şaqqıldayıbmış, hələ anam olmayan qız uşağı babam olası kişidən nə istədiyini soruşubmuş.

O gün arvad yenə Gülşəndə ilə şəhərə gedibmiş və anam evdə tək qalıbmış. Nurzada arvad qızına həmişəki təki qapını arxadan bərk-bərk bağlamağı, çağıran olsa cavab verməməyi tapşırıbmış.

Anam o gün elə hey pəncərədən yola baxıb küləyin içindən çıxacaq arvadları gözləyirmiş. O arvadlar hər dönəndə anama saçaqlı konfet, fındıq, cövüz gətirərlərmiş.

Anam da səhərdən yola baxarmış və onun anasını adıyla səsləyən yad kişi səsinə qapı açıb qorxa-qorxa: - Nə istəyirsən? -- deyə soruşubmuş.

Anam onda hələ bilmirmiş ki, nə vaxtsa bu kişini görəndə yaşmaq alacaq, boyunu ona göstərməyəcək.

O günmü, sonku günmü babam o pulu Nurzada arvaddan alıbmış, elə o gündən onun qapısını tanıyıbmış, bayramda-zadda pul lazım olanda nənəm də böyründə Nurzada arvadın taxtının üstündə oturarmış.

Anamın – o vaxt bir qırıq uşağın – iş-gücü qonşu qızlarla oynamaq imiş.

Qonşu qızlar ac olurmuş, amma anam müharibə illərinin uşaqları kimi yeməkdən korluq çəkməyibmiş, hətta anası evdə olmayanda ağ çörəyini aparıb Xatının arpa çörəyi ilə dəyişərmiş. Hər iki qız uşağı təndirin böyrünə çöküb bayaq dəyişdikləri kimi çörəyi gəvələyirlərmiş.

O ilisi atam yeniyetmə oğlan imiş, bir sürü tay tuşu ilə birgə gəzirmiş.

Hər axşam kənddə kişilər niyyətlənib bir evə yığılır ki, onları davaya aparmasınlar.

O damda qara çıraqlar yanarmış. O qara çıraqların işığında sinə vuran enlikürək kişilərin sinəsi qıpqırmızı rəngə çalırmış. Atamgil o kişilərdən ən çox fəallıq eləyən Mustafanın qurşağacan lütlənib ortaya çıxmasını gözləyirlərmiş.

Elə ki, Mustafa köynəyini çıxarıb ortaya girirmiş, hər tərəfdən qar topu, buz qırıqları onun bədəninə yağırmış. Mustafa çox ehtimal ki, mərasimi pozmamaq üçün qışqırıb hay-haray salmırmış, astadan: “Allah sizə lənət eləsin!”- deyib əynini geyir, sonra sıraya girib sinə vururmuş.


Müharibədən sonra babam qoyuna gedirmiş, amma hər dəfə evə gələndə gecə o qadının evinə “gap eləməyə” gedirmiş və “ərgən oğlanlarından utanmırmış”.
O yay atam kolxozda arabaçı işləyirmiş.

Taxıl biçilən il Şahmarla birgə zəmidən yuxarı meşəyə sarı millənən talada bir kölgə görürlər. bu, Cındır Musaymış, ispalkom Əhmədi öldürəndən sonra başına hava gəlibmiş, hökumət onu qaladan açıb buraxandan sonra elə-beləcə dağı-daşı sərgərdən gəzirmiş. Dağı-daşı dolaşa-dolaşa Cındır Musa adamın ürəyindən keçəni oxuya bilirmiş.

O gün atamla yoldaşlıq eləyən Şahmar deyir, gəl Cındır Musanı sınayaq.

Günortaymış. Zəmini ortasındakı palıd ağacının altındakı torpağı səvəriblərmiş. Boyunduruqdan açdıqları öküzlər arabanın yanında gövşəyirmiş, içmək üçün hələ səhər tezdən Cinni dərədəki bulaqdan gətirilmiş su çəlləkdən iri şəffaf damcılarla qopub torpağa hopurmuş.

Şahmarın sözü atamın ağlına yaman batıbmış, hər ikisi üzü Cındır Musa gedən səmtə durublarmış. Arada iki at mənzilindən də çox yol varmış. Hər yan sakitmiş, elə bil dünya səslərini içinə qısıb sirli-sirli nəyisə gözləyirmiş.

Atamla Şahmar ürəkləndi: “Cındır Musa, geri qayıt!”, “Cındır Musa, geri qayıt!” – pıçıldayıblarmış. Bir an onlar fikirləşməyə vaxt tapmayıblarmış, qaraltı ley kimi qanad açıb üstlərinə uçurmuş.

Onlar gözlərini qırpıb açanda Cındır Musa qənşərlərində durub: - Nə istəyirsiniz? – deyirmiş. – Qoysanıza, çıxam yoluma gedəm. Sizə ki, dəyib-dolaşmıram.

Cındır Musanın ağzından köpük daşdanırmış: - Əhmədi niyə öldürdüm deyirsiz? Ordan, ordan – Cındır Musa barmağı ilə göyü deşirmiş, - əmr gəldi! Mən belə döyüldüm! Mən belə döyüldüm!

O kişi, o kişi, - Cındır Musa göyü göstərirmiş, - ürəyimə nida saldı!

Atamla Şahmarın daha sözü yox imiş, dodaqları bir-birinə yapışıb, çənələri kilidlənibmiş. “Qoyun çıxım yolumla gedim!” -- Cındır Musanın səsi xırıldayırmış. Bu vaxt göy ildırım çaxandakı kimi şaqqıldayıbmış, amma göydə bulud yox imiş, yağış havası da döyülmüş.

Cındır Musa dönüb gedəndə palıd ağacından o yana baxıbmış.

Yer atamla Şahmarın gözünün qabağındaca iki yarılıb, dərin uçurum əmələ gəlibmiş və içəridən yuxarıya sarı qaynayan sapsarı toz burulğanından başqa heç nə yox imiş.

Cındır Musa çıxıb gedəndən sonra onlar – atamla Şahmar uzun müddət özlərinə gələ bilməyiblərmiş: key-key durub bir-birlərinə baxırlarmış, sifətləri dümappaq olubmuş.

Başlarının üstündə günəş ikiymiş.

Bayaqkı toz da burula-burula o günəşin birinə sarı gedirmiş. Onlar huşunu itirib palıd ağacının altına yıxılıblarmış.

Ayılanda axşam düşürmüş, haradansa sərin külək əsirmiş, göydə günəş bircəymiş, o da yumalana-yumalana batmağa doğru gedirmiş. ARDINI BURDA OXU
XS
SM
MD
LG