Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:40

«Azərbaycan Konvensiyanı istədiyi vaxt poza və buna görə cəzasız qala bilməz»


«Sərhədsiz Reportyorlar» və «Amnesty International» Eynulla Fətullayevə qarşı çıxarılan son hökmlə bağlı iyulun 7-də bəyanat verib.

TƏŞKİLAT QƏRARDAN ŞOKA DÜŞÜB

«Sərhədsiz Reportyorlar» Təşkilatı Eynulla Fətullayevin narkotik maddə saxlamaqda ittiham edilərək 2 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərardan şoka düşüb.

Təşkilatın bəyanatında bildirilir ki, «Biz bu yeni hökmü pisləyirik və onu hakimiyyətin tənqid edən səsləri boğmaq cəhdlərinə əlavə sübut hesab edirik. Bu, hakimiyyətin Avropa İnsan Hüquqları Məhkəməsinin Fətullayevin dərhal azad olunmasını tələb edən 22 aprel tarixli qərarına məhəl qoymadığını göstərir».

KLİNTONUN SƏFƏRİNDƏN 1 SUTKA SONRA...

Səhədsiz Reportyorlar əlavə edir ki, «Bu hökm ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfərindən bir sutka sonra çıxarılıb. Klinton iki bloqqer - Adnan Hacızadə və Emin Millinin məhkum olunmasından və saxta ittihamlarla həbs olunanlarla bağlı narahatlığını bildirmişdi».

Təşkilat Eynulla Fətullayevin cəza müddətinin 8,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkdiyi 12 saylı koloniyada saxlandığı vaxtdan - ötən il dekabrın 31-dən deyil, iyunun 6-dan hesablanması ilə bağlı da narahatlığını bildirib.

Bəyanatda beynəlxalq təşkilatların Eynulla Fətullayevi siyasi məhbus hesab etdikləri də bildirilir.

SAXTA İTTİHAM


Amnesty International da Eynulla Fətullayevə qarşı çıxarılmış hökmü pisləyərək, ona qarşı irəli sürülmüş ittihamı saxta adlandırıb. Təşkilat Qaradağ rayon məhkəməsinin qərarını hökuməti tənqid edən jurnalisti susdurmaq üçün son cəhd kimi qiymətləndirib.

AZƏRBAYCAN HAKİMİYYƏTİ HƏR ŞEYƏ HAZIRDIR


«Azərbaycan hakimiyyəti göstərdi ki, tənqidi fikirləri boğmaq üçün hər şeyə hazırdır», - Təşkilatın Avropa və Orta Asiya üzrə proqram direktorunun müavini Andrea Über belə deyib. O, əlavə edib ki, Eynulla Fətullayev dərhal azad edilməli və ona qarşı qaldırılmış qondarma cinayət işləri bağlanmalıdır.

EYNULLA FAKTİKİ 3 İL 7 GÜN CƏZA ÇƏKƏCƏK

Fətullayevin vəkili İsaxan Aşurov Amnesty International-a deyib ki, hökmün icrasının onun elan edilməsindən hesablanması o anlama gəlir ki, Fətullayevin faktiki cəzası 3 il 7 gün təşkil edəcək ki, bu da Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın maksimum həddindən artıqdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsi barədə qərarının icrası üçün son tarix iyulun 22-dir.

FƏTULLAYEV İYULUN 23-DƏK AZAD EDİLMƏSƏ...


Bununla əlaqədar Andrea Über deyib: «Eynulla Fətullayev iyulun 23-dək azad edilməsə, Avropa Şurası tədbir görməlidir. Azərbaycan İnsan hüquqları haqqında Avropa Konvensiyasını istədiyi vaxt poza və buna görə cəzasız qala bilməz».
XS
SM
MD
LG