Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

İbadət yeri tikdirən pulun qaynağını niyə göstərməlidir?..


Bakıdakı Cümə məscidi
Bakıdakı Cümə məscidi
NİYYƏTİMİZ PİS DEYİL

Məscid, kilsə və ya başqa dini ibadət yeri tikdirmək istəyənin maliyyə mənbəyini araşdırmaqda pis niyyət yoxdur. Məqsəd sadəcə, şəffaflığı təmin etməkdir. Həmin pulun halal yolla qazanılıb-qazanılmadığını öyrənmək, çirkli pulların yuyulmasında məscid və kilsə tikintisindən istifadə edilməsinə yol verməməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov AzadlıqRadiosuna belə deyib.

Yada salaq ki, Komitədə yenicə yaradılan Şuranın təlimatına görə, dini ibadət yeri tikdirmək və ya onu yenidən bərpa etdirmək istəyən mütləq xərcləyəcəyi pulun qaynağını da göstərməlidir. Əks halda onun müraciətinə rədd cavabı veriləcək.

Saytımızda bu barədə xəbəri yerləşdirən kimi oxucuların sualları gəlməyə başladı. Məsələn, İbrahim sual edir ki, niyə 300 min manatlıq maşın sürəndən, milyonlarla manat dəyəri olan villa tikdirəndən pulların mənbəyi soruşulmur?

Və ya Azər yazır ki, analoqu olmayan ölkədə analoqu olmayan qərarlar verilir. Bütün bunlar başqa məqsədə qulluq edir, məscidlərə yox.

HEYDƏR ƏLİYEV FONDUNUN MALİYYƏ MƏNBƏYİ HARDANDIR BƏS?

Qubad İbadoğlu
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, o iqtisadçı kimi şübhəsiz maliyyə mənbələrinin açıq olmasının tərəfdarıdır. Amma bir şərtlə. Bu qayda hamıya şamil olunmalıdır. Yoxsa maliyyə mənbələrinin şəffaflığı ilə bağlı ikili standartlar tətbiq olunmamalıdır. Məsələn, ölkədə tikilən çoxsaylı olimpiya komplekslərinin hansı maliyyə ilə tikildiyi hələ də bilinmir. Və ya Azərbaycanda buna bənzər irimiqyaslı layihələr reallaşdırılır ki, maliyyə mənbəyi haqda məlumat yoxdur:

«Məsələn, neft sektorunda ofşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər var ki, onların ölkəyə qoyduğu investisiyaların mənbəyi ilə bağlı məlumat verilmir. Və ya çox böyük qurum olan Heydər Əliyev Fondunun maliyyə mənbəyi haqda məlumat yoxdur…».

Qubad İbadoğluna görə, bu yöndə yetərincə misal çəkmək olar. Amma əsas görünən odur ki, Azərbaycan hökuməti maliyyə şəffaflığına riayət etməkdə maraqlı deyil. Sadəcə, bəzən dini və ya siyasi məqamlardan istifadə etməyə çalışır.

BİR GÜLLƏYƏ İKİ DOVŞAN…


«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğluna görəsə, burda iki məqsəd var. Əvvəla, məscidləri və ya icmaları tam nəzarətə götürmək. İkincisi isə, yeni maliyyə mənbələrinə əl qoymaq, onları mənimsəmək:

«İstənilən halda bu müsbət hadisə deyil. Digər tərəfdən, hansısa iş adamı ibadət yeri açmaq istəsə, gərək həmin qurumda kimlərinsə bığının altından keçsin və ona icazə verilsin. Hər bir şeyi lisenziyalaşdırmaq, hər şeyi icazəylə etmək bürokratik əngəllərin sayını çoxaldır. Bu, absurd haldır…».

Azər Rəşidoğlu
Azər Rəşidoğlu ona da diqqət çəkir ki, bu sahədə də monopoliyanın yaradılması avtoritar rejimin daha da güclənməsinə xidmət edəcək. Hakimiyyət mətbuat, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə yanaşı dini müstəvidə də öz monopoliyasını bərqərar etmək istəyir…

BUNA EHTİYAC VARDI, AMMA…


Teoloq Fərid Bağırov isə deyir ki, əslində, məntiqi baxımdan Dövlət Komitəsinin bu addımı normaldır. Dövlət zamanında dini kadrlar yetişdirmədiyinə görə, bu sahədə xoşagəlməz mənzərə yaranıb. Amma məqsəd nədir, nəticə necə olacaq, o başqa məsələ:

«Bilirsiz bu qərar normaldır, ona görə ki, dövlətin nəzarətə haqqı var. İkincisi, əfsus ki, bizdə dini səviyyə çox yüksək deyil. Bəzi insanlar islam təbliğatı adı altında bəzən başqa şeylər təbliğ edirlər. Sonra da kiçik-kiçik icmalar peyda olur, bu islam baxımından da düz deyil. Nəzəri baxımdan dövlətin bu işə əl atmasında problem yoxdur. Əlbəttə, niyyətləri nədir, motivləri nədir bu ayrı söhbətdir. Bəlkə də mənfi niyyətlə atılmış addımdır».
XS
SM
MD
LG