Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:48

Rusiya öz vətəndaşlarını casus kimi ABŞ-a verir


Polis korteji 10 Rusiya vətəndaşını Nyu-York aeroportuna müşayiət edir
Polis korteji 10 Rusiya vətəndaşını Nyu-York aeroportuna müşayiət edir
Rusiya ilə ABŞ soyuq müharibənin başa çatmasından bu yana ilk dəfədir ki, belə irimiqyaslı casus dəyişmə əməliyyatı həyata keçirirlər. İyulun 9-da hər iki ölkə saxladığı adamları xüsusi təyyarələrlə Avstriyaya, Vyana hava limanına aparıb. Məlumatlara görə, burada ABŞ saxladığı 10 nəfəri, Rusiya isə əlində olan dörd nəfəri qarşı tərəfə verib.

ABŞ KİMLƏRİ RUSİYAYA VERDİ?

ABŞ-ın saxladığı adamlardan doqquzu Rusiya vətəndaşı, biri isə Peruda doğulmuş ABŞ vətəndaşıdır.

Rəsmilər arasında saatyarımlıq müzakirələrdən sonra hər iki ölkədən gəlmiş təyyarə Vyana hava limanını tərk edib. Amma rəsmilər casus dəyişdirilməsi olduğunu hələlik inkar edirlər.

İyunun 27-də ABŞ-da Rusiyaya casusluq ittihamı ilə 10 nəfər həbs ediləndən sonra hər iki şlkə arasında gərginlik yaranmışdı.

Tutulan adamlardan birinin – Anna Çapmanın vəkili dünən jurnalistlərə bildirirdi ki, Vaşinqtondan xüsusi icazə olmadan onun müştərisinin bir daha ABŞ-a səfərinə icazə verilməyəcək:

Anna Çapman
- Onun imzaladığı razılaşmaya görə, yalnız ABŞ hakimiyyətinin xüsusi razılığı əsasında bir daha bu ölkəyə gələ bilər. Belə razılığın verilib-verilməyəcəyi olduqca qeyri-müəyyəndir. Amma o, özü ABŞ-da qalıb işləmək istəyərdi.

Casusluq ittihamı ilə saxlananlardan daha biri və Rusiya vətəndaşı olmayan yeganə adam Viki Pelaez isə New Yorkda ispandilli qəzetdə çalışırmış. Vəkilinin dediyinə görə, Moskva Rusiyaya veriləndən sonra ona ev və pensiya vəd edib:

- Rusiya hökuməti mənim müştərimə ömrünün sonuna qədər ayda iki min dollar məbləğində pensiya vəd edib. Rusiyaya veriləndən sonra o, istədiyi ölkəyə gedə bilər. Bu halda, o, Peruya gedəcək.

RUSİYA VƏTƏNDAŞLARINI NİYƏ BAŞQA ÖLKƏYƏ VERİR?

Məlumatlara görə, Moskvadan gələn təyyarədə də Qərb ölkələrinə casusluq ittihamı ilə həbs edilmiş dörd nəfər elə Rusiyanın öz vətəndaşlarıdır - İqor Sutyaqin, Aleksander Zaporojski, Sergey Skripal və Gennadi Vasilienkodur.

Zaporojski Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş polkovnikidir
Onların arasında ən məşhuru nüvə enerjisi üzrə araşdırmaçı İqor Sutyaqindir. Prezident Dmitri Medvedevin sözçüsü bildirib ki, dövlət başçısı onların dördünü də əfv edib.

Rusiya Elmlər Akdemiyasında işləmiş Sutyaqin Rusiyada strateji nüvə silahları haqqında kitabın həmmüəllifidir. Rusiya hakimiyyəti onu Rusiyanın nüvə silahları haqqında məlumatı Britaniyada yerləşən bir şirkətə satmaqda ittiham edir. Amma alim kitabında yalnız açıq mənbələrin məlumatlarına istinad etdiyini bildirir. 2005-ci ildə həbs edilmiş Sutyaqinin vəkili bildirir ki, həbsxanada onun psixologiyasında ciddi problemlər yaranıb. Zaporojski Rusiya Xarici Kəşfiyyat Xidmətinin, Skripal hərbi kəşfiyyatın keçmiş polkovnikidir. Vasilenko isə keçmiş «KQB» agenti olub.

Bu casus dəyişməsi son bir neçə həftədə ABŞ-la Rusiya arasında gərginliyin formal sonu hesab edilir. Hər iki tərəfdən rəsmilər informasiya agentliklərinə deyiblər ki, Moskva ilə Vaşinqton aralarında daha ciddi və hər iki tərəfin maraqlarına cavab verən əməkdaşlığa casus qalmaqalı ilə kölgə düşməməsi üçün mümkün qədər tez onu aradan qaldırmağa çalışırlar.
XS
SM
MD
LG