Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:48

Yağış suyunu qaynadıb içənlər...


«İçməyə su tapırıq ki, hamam da tapaq?»
«Əllərimiz hamısı qabar atıb vedrələrlə su daşımaqdan. Gedin arxa baxın, görün biz içməyə nə suyu işlədirik. Heç arxa da su gəlmir».

Tərtərin Qaynaq kəndində kimi dindirsən, gileyini alov kimi püskürəcək, çünki bu kəndin sakinləri illərdi su üzünə həsrətdirlər. Evlərinə su gəlmir, heç bəzi kəndlərdə camaatın əlindən tutan «kaçalka», yəni yerin 20-30 metrliyindən su çıxaran qurğu da yoxdur. Sakinlər içməyə, yuyunmağa, ev-eşiyi təmizləməyə, mal-qaranı, toyuq-cücəni suvarmağa su üçün evlərindən xeyli uzağa getməli olurlar. Bu «uzaq məsafə» kimin üçün 200-500 metr, kimin üçün 1-2 km-dir.

«Su daşımaqdan canımız xəstə düşüb. Gedib bir görəsiniz mən hardan su gətirirəm. Pambıq sahəsinə artezian axır, gedib ordan gətirirəm».

- Neçə dəfə gedirsiz gündə?

«Sayı hesabı varmı? Sübh tezdən, işıqlaşmamışdan camaat tərpənir su gətirməyə. Heyvanı sulamağa aparır. Yenə günorta heyvanı apar sulamağa, toyuq-cücəyə su gətir. Vaxt yoxdur, ancaq su gətiririk. Mən indi işdə qapını bağladım, gəldim evə ki, uşaq susuzluqdan qırıldı, gedim su tapım onlara».

HAMAMIN ADINI TUTMA

Zeynəb kəndin tibb bacısıdır, deyir, səhər işə gedəndə özüylə bir qab da götürür ki, qayıdanda evə su gətirsin.

- Gündə, həftədə neçə dəfə hamamdan istifadə edə bilirsiniz?

Hər qaynaqlının qapısında içməli su qablarıyla yanaşı iri çəlləklər də var
- İçməyə su tapırıq ki, hamam da tapaq? Heç o məsələyə toxunma, biabırçılıqdır.

- Həftədə bir dəfə…

- Yayın istisində?

- Bəs neyləyək? Suyu hardansa daşıyırıq axı.

- Paltarı suya çəkirik, tökürük ki, qapıda toz yatsın. Bəzən heç atmırıq da, qoyuruq ki, toyuq-cücə içsin.

YAĞIŞA ÜMİD KƏND

Hər qaynaqlının qapısında içməli su qablarıyla yanaşı iri çəlləklər də var. Yağış yağanda sevinirlər ki, bu dəfə su qapılarına gəlib. Yağış suyunu toyuq-cücəyə, mal-qaraya verirlər, amma bəzən əlləri içməli suya çatmayanda elə qaynadıb özləri də içirlər.

İçməli su artezianı isə Qaynaq kəndinin mərkəzində, məscidin həyətindədir. Bu kəndin o biri artezianlarından, kəndlilərin diliylə desək, «qaynama»dan biri kənddən xeyli uzaqdadır, o biri isə işləmir.

Kəndlərdə içməli su mənbəyi də əsasən yerin 300-400 metr dərinliyindən çıxarılan «qaynama» suları sayılır. 120 m dərinlikdən çıxan sular – subartezianlardan isə əsasən əkin sahələrini, həyət-bacanı, mal-qaranı suvarmaq
Kəndin içməli su kimi gözünü dikdiyi «qaynama»nın suyu isə sısqa gəlir
üçün istifadə edirlər.

Tərtərin Qaynaq kənd bələdiyyəsinin sədri Akif Ağalarov deyir ki, kəndin 430 təsərrüfatından yalnız 60-nın həyətinə subartezian suyu çəkilib. Kəndin içməli su kimi gözünü dikdiyi «qaynama»nın suyu isə sısqa gəlir, onun altına 20 litrlik qab qoyanda bəlkə bir saat gözləməlisən ki, dolsun. Akfi Ağalarov bu su mənbəyinin gözünü bir az açmağın və heç olmasa, məhəllə-məhəllə paylamağın yolunu axtarır, hərçənd bu işin dəyəri bələdiyyənin bir illik büdcəsindən də çoxdur:

«Mənim bir illik büdcəm heç 5-6 min manat eləmir».

Kəndlərin içməli su problemi üzrə araşdırma aparan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev deyir ki, içməli su bir çox kəndlərin əsas problemidir. Kəndlilər ən yaxşı halda subartezian sularından içməyə məcbur qalır ki, bu sularda da yod olmur, bəzi hallarda su duzludur, bu da sağlamlığa ciddi təhlükə yaradır.

Samir Əliyev deyir ki, bəzi kəndlərdə camaat içməli suyu pulla alır. Hər ay orta hesabla 30-40 manat suya pul vermək isə kasıb kəndli büdcəsi üçün ağır yükdür. Ekspertin sözlərinə görə, «qaynama» sularını qazıb çıxarmaq üçün
«Suyu qablarla daşıyırıq»
40-50 min dollar vəsait lazımdır, buna isə yerli icra və bələdiyyə strukturlarının, kənd icmalarının gücü çatmır.

İCMƏLİ SU OLACAQ

«Azərsu» Səhmdar Cəmiyyəti «Birləşmiş Su-kanal» Məhdud Məsuliyyətli Cəmiyyətdən AzadlıqRadiosuna verilən məlumata görə isə, kənd yerlərində içməli su təchizatıyla bağlı Dövlət Proqramı var və proqram çərçivəsində hər 5-10 ev üçün şəbəkə qurulması və ya tam sayğaclaşmaya keçməklə hər evə su çəkilməsi, su mənbələri əlçatmaz olduğu halda isə maşınla əhaliyə çatdırılması nəzərdə tutulur.

Dövlət Proqramı bu problem 2014-cü ilə qədər həll etməyi planlaşdırır.

Qurumdan bildirirlər ki, kənd yerlərində içməli su təminatı üçün son illərdə dövlət büdcəsindən 3 milyon manat pul ayrılıb.

Tərtərin Qaynaq kəndində isə deyirlər ki, kənddə yerin altında içməli su mənbələri çoxdur, amma yeri qazıb bu mənbələri üzə çıxarmağa hökumət gərəkdir.
XS
SM
MD
LG