Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:41

Un bahalaşıb


Çörəyin qiyməti 5 qəpik bahalaşıb
Çörəyin qiyməti 5 qəpik bahalaşıb
Bir neçə gündür ki, Şəkidəki çörək mağazalarında çörəyin qiyməti 5 qəpik bahalaşıb. 25 qəpiklik çörək 30 qəpik olub. Şəki sakini Məmmədsadıq Fəttayev deyir ki, ticarətçilər bahalaşmanın səbəbini unun qiymətinin artması ilə izah edirlər. Bahalaşma isə təkcə çörəyin qiymətində yox, digər un məmulatlarında da hiss olunur:

5 QƏPİK DƏ QƏNİMƏTDİR...

«25 qəpiklik çörək indi 30 qəpik olub. Çəki isə dəyişməyib, əvvəlki çəkidir. Deyirlər ki, unun pərakəndə satışının qiyməti bahalaşıb. 16 manatdan 18 manata qalxıb. Elə ailələr var ki, gündə 5 dənə çörək alır. 5 qəpik də ailənin büdcəsinə təsir edir. Ya da kisə ilə un alanda, indi 2-4 manat baha alır. Unun bahalaşmasına görə, makaronun, vermişelin də qiyməti artıb».

Bakıda isə alıcılar deyirlər ki, bir neçə gündür ki, çörəyi olmasa da, un məmulatlarını əvvəlkindən baha qiymətə alırlar:

– Un qalxıb. Bu gün bu qiymətə aldığını sabah ondan baha alırsan.

ÇÖRƏYİN QİYMƏTİ DƏYİŞMƏYİB, ÇƏKİSİ AZALIB

- Axırıncı dəfə bir neçə il əvvəl 20 qəpiklik çörəyi 30 qəpik elədilər. Qorxuram yenə bahalaşdıralar.

– Düzdür, çörəyin qiyməti 30 qəpikdir, ancaq çəkisi gün-gündən azalır. Makaron, vermişel isə bahalaşıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə bildirir ki, dünya bazarında taxılın qiyməti bahalaşıb.

Bu artımla əlaqədar ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması üçün hər gün çörəyin və unun qiymətinin gündəlik monitorinqi aparılır. Monitorinqlər çörəyin qiymətində dəyişiklik müşahidə etməyib.
Bəzi yerlərdə kisəsi 50 kiloqramlıq əla növ unun qiyməti 2 manata qədər bahalaşıb
Un istehsal edən müəssisələrin topdansatış qiymətlərində artım olmasa da, bəzi pərakəndə satışı yerlərində kisəsi 50 kiloqramlıq əla növ unun qiymətinin 2 manata qədər bahalaşdığı üzə çıxıb. Buna görə də Dövlət Xidməti unun qiyməti ilə bağlı ticarət obyektlərində yoxlamalara başlayıb.

«BAHA ALIRIQ, BAHA DA SATIRIQ»


Unu bir neçə gün əvvələ qədər baha satan ticarətçi Kazım Məmmədov isə deyir ki, o, qiyməti özbaşına bahalaşdırmayıb, topdansatış yerindən baha aldığına görə, o da qiyməti qaldırmağa məcbur olub:

«Heç bir qıtlıq yoxdur. Sadəcə baha alanda baha satmağa məcbur oluruq».

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev də deyir ki, ölkədə taxıl qıtlığı yoxdur. Taxıl ehtiyatı kifayət qədərdir:

«520 min ton idxal olunub. 2 milyon ton da istehsal edəcəyik. Ondan 1 milyon 300 mini ərzaq buğdasıdır. Bəzi firmalar Qazaxıstana vəsait keçiriblər. Oradan da hər ay 87 min ton gəlməsi nəzərdə tutulub. İlin axırına kimi ehtiyatımız da 900 min tona çatacaq. Biz əsasən Qazaxıstandan taxılı alırıq. Taxıl idxalının 13 faizi Rusiyadandır».

BAHALAŞMAYA ƏSAS YOXDUR

Sabir Vəliyev deyir ki, payız əkinində 900 min ton taxıl əkiləcək. Ona görə də unun və çörəyin bahalaşmasına heç bir səbəb yoxdur. O, nazirliyin ölkəyə gətirilən taxıl məhsullarının əlavə dəyər vergisindən azad edilməsi üçün hökumətə müraciət etdiyini də bildirib.

Vüqar Bayramov
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovsa deyir ki, bu il ərzində çörəyin qiymətinin bahalaşması gözləniləndir. Əgər 2009-cu ildə Azərbaycanda 2 milyon 960 min ton taxıl istehsal olunmuşdusa, 2010-cu ildə taxıl istehsalı xeyli aşağı düşüb:

TƏLƏBATIN ÖDƏNİLMƏSİNDƏ PROBLEMLƏR OLACAQ

«2009-cu illə müqayisədə Azərbaycanda təxminən 600 min tona yaxın az taxıl istehsal olunub. Bu, o deməkdir ki, bütövlükdə istehsal olunan taxıl 2 milyon 300 min ton olacaq. Eyni zamanda Taxıl Fondunun keyfiyyət standartlarını nəzərə alsaq, təxminən 2 milyon ton taxıl keyfiyyət standartlarına uyğun gələcək. Azərbaycanın taxıla olan tələbatı 3 milyon tondur. Bu il ərzində istehsal olunmuş taxıl bütövlükdə çörəyə olan tələbatın ödənilməsinə yönəlsə, o zaman 1 milyon ton fərq yaranır. Bir milyon xaricdən idxal olunmalıdır. Nəzərə alsaq ki, Rusiya taxıl idxalının dekabrın 31-dək qadağan edilməsi ilə bağlı qərar qəbul edib, Qazaxıstanın da bu qərara qoşulması gözlənilir, onda taxıla olan tələbatın ödənilməsində müəyyən problemlərin olması gözlənilir».

Vüqar Bayramov deyir ki, avqust ayında müşahidə olunan artım süni artımdır. Payızda isə çörəyin qiymətinin 30 qəpikdən 35 qəpiyə qalxması proqnozlaşdırılır. İqtisadçıya görə, əgər Rusiyanın qadağası 2011-ci ildə də qüvvədə qalsa, ilin sonuna qiymət 30 qəpikdən 40 qəpiyə yüksələ bilər. Əgər qiymət artımı olmayacaqsa, bu, çörəyin çəkisinin azalması hesabına başa gələcək.

Azərbaycanda çörəyin qiyməti sonuncu dəfə 2008-ci ildə artıb. 20 qəpiklik çörək 10 qəpik bahalaşaraq 30 qəpik olub.
XS
SM
MD
LG