Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:10

Nazirin Bakıya S-300 raketləri satılması barədə ikibaşlı cavabı


Sergey Lavrov
Sergey Lavrov
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin Ermənistandakı hərbi bazasının öz funksiyasını dəyişməsi barədə fikirləri qəbul etmir. Nazir Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib ki, həmin hərbi bazaya dair razılaşmaya əlavələrin imzalanmasından sonra bu bazanın statusunun dəyişəcəyini gösləmək əbəsdir. Lavrov bildirib ki, prezidentlərin avqustun 20-ə imzalamağı planlaşdırdıqları bu protokolun əsas məqsədi sadəcə olaraq, hərbi bazanın müddətinin uzadılmasıdır.

Razılaşmaya düzəlişləri nəzərdə tutan 5 nömrəli protokolun mətbuatda yayılan mətninin layihəsində isə qeyd edilir ki, həmin baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bunun üçün Ermənistana silahlar və müasir hərbi texnika veriləcək. Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan Rusiyanın “Vesti” telekanalına müsahibəsində bildirib ki, yeni sənədin əsas məqsədi hərbi bazanın müddətinin uzadılması ilə yanaşı, həm də bu bazanın funksiyasının indi daha aydın yazılmasıdır.

Nalbandyan bildirib ki, Ermənistanda Rusiya hərbi bazalarının yaradılması barədə razılaşma 1995-ci ildə 25 illiyə imzalanmışdı. İndi həmin müddət yenə də 1995-ci ildən başlamaqla 49 ilə qaldırılır. Yəni, Ermənistanda Rusiya hərbi bazası 2044-cü ilə qədər qalacaq.

Həmin hərbi baza Ermənistanın Türkiyə ilə sərhədi yaxınlığındakı Gümrü şəhərində yerləşir.

Ermənistanın hakim partiyasında isə hesab edirlər ki, Lavrovun bu sözləri diplomatik ifadə tərzlərindən başqa bir şey deyil. Serj Sarkisyanın partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov AzadliqRadiosunun erməni xidmətinə deyib ki, Rusiyanın baş diplomatı bu sözlərlə regionda bir balans saxlamağa, həmin bazanın konkret kiməsə qarşı olmadığını nümayiş etdirməyə çalışır.

Rusiya Xarici İşlər naziri Ermənitan telekanalına müsahibəsində ölkəsinin Azərbaycana S-300 raketdən müdafiə sistemləri satıb-satmaması barədə suala da ikibaşlı cavab verib. Nazir deyib bu komleks yalnız ölkə ərazisini xarici raket hücumlarından qorumağa qadir olan müdafiə silahından başqa bir şey deyil. Onun satışı da istənilən silah növünün satışı kimi beynəlxalq norma və hüquq çərçivəsində həyata keçirilir. Nazir ardınca da əlavə edir ki, Rusiya Qafqaz, Yaxın Şərq kimi münaqişəli regionlara silah satışında həssas yanaşır, sabitliyi poza biləcək silahlar satmır.
XS
SM
MD
LG