Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:34

Qalmaqallı yazıçı bu dəfə siyasi roman yazıb


"Artuş və Zaur" romanı ilə Azərbaycanda qalmaqal yaratmış gənc yazar Əli Əlkbər bu dəfə homoseksuallardan, seksdən-məhəbbətdən uzaq bir temaya əl atıb - tam fərqli bir mövzuda roman yazıb.

Roman “Amneziya” adlanır. Yazıçının Azadlıq Radiosuna verdiyi məlumata görə, adının mənası “yaddaş itkisi” olan bu əsər – siyasi roman janrındadır və romanın baş qəhrəmanının prototiplərindən biri də hazırkı dövlət başçısıdır.

- Mən bu romanı iki il idi yazırdım, onu yazmağa “Artuş və Zaur”u bitirənə yaxın başlamışdım.

İndi artıq “Amneziya”nı yazıb qurtarmışam, üzərində son redaktə işlərini aparıram.

Mən romanı belə xarakterizə etmişəm: esxatoloji perspektivdə avtoritarizm anatomiyası.

Mən çox siyasi roman oxumuşam, bir oxucu kimi bu janra bələdəm. Amma bir yazıçı kimi ilk dəfədir ki, qələmimi siyasi roman janrında sınayıram.

Yazıçı romanın süjeti barədə ətraflı məlumat vermək istəməyib və “istəyirəm ki, bu bir sürpriz olsun, çünki bu əsər mənim üçün bir dönüm nöqtəsidir” deyib.

- Mənim Markesə, Asturiasa, stolüstü kitabım olan “1984”ün müəllifi Corc Oruelə həmişə paxıllığım tutub ki, niyə Azərbaycanda belə müəlliflər yoxdu.

Hesab edirəm ki, indi Azərbaycanda antiutopiya janrında əsərin yazılmasının vaxtı yetişib. Çünki İlham Əliyevin avtoritar hakimiyyəti çox gülməli xarakter alıb.

- Siz əsərdə siyasətçiləri öz adıyla göstərmisiz?

- Yox. İlham Əliyev ad və soyad olaraq orada mövcud deyil. O orada ola da bilməz. Baxmayaraq ki, baş qəhrəmanın prototiplərindən biri sayıla bilər.

Ümumiyyətlə Azərbaycan siyasi səhnəsindəki fiqurlardan heç biri o əsəri oxuduqda orada özünü tapa bilməyəcək.

Çünki mənim qəhrəmanlarım – çox ciddi obrazlardır. O siyasətçilər isə çox primitiv, cılız və gülməlidirlər.

- Bu əsərlə oxucuya hansı ideyanı çatdırmağa çalışmısız?

Əli Əkbər Azadlıq Radiosunun Bakı bürosunda
- Mən hesab edirəm ki, Azərbaycan xalqının passionarlıq potensialı çox böyükdür.

Azərbaycan xalqı tarix səhnəsində öz sözünü deyəcək, öz gücünü göstərəcək.

Mən əsərdə demək istəmişəm ki, hər şey bizim öz əlimizdədir. Mənim də bu işdə rolum olsa, çox xoşbəxt olaram.

- Əvvəlcədən romanınızın qəhrəmanlarının prototiplərini elan etməyiniz əsəriniz satışına problem yarada bilərmi?

Bundan əvvəlki “Artuş və Zaur” romanınızın satışında problemlər olmuşdu...


- Həqiqətən də kitab satışdan yığışdırıldı, mağaza müdirəsi polisə çağırıldı.

Amma siz də razılaşarsınız ki, bu bir provokativ mövzu idi. O mənada ki, guya ki bizim xalqın həddən artıq qıcıqlandığı iki mövzu var. Erməni söhbəti və homoseksualizm məsələsi.

Halbuki bunların ikisi də saxta və sünidir. Amma mən həm də əmin deyildim ki, o tapşırıq lap yuxarıdan gəlmişdi.

Kitabın satıldığı “Əli və Nino” dükanları Səbayel rayonunda – o rayonun polisinin nəzarət etdiyi ərazidə yerləşirdi. Bəlkə də bu aşağılarla bağlı bir iş idi.

Gördünüzmü, nə mənə qarşı cinayət işi açıldı, nə məni həbs etdilər. Ona görə də mən heç o işin üstünə çox getmədim, onu çox qabartmadım.

- Xalqı qıcıqlandırdığını dediyniz, süni adlandırdığınız o iki məqamdan yeni romanda da varmı?

- Yox. Tam tərsi. Ona görə istəyirəm bir sürpriz olaraq qalsın, çünki Azərbaycan oxucusu tam yeni bir janrla qarşılaşacaq.

“Amneziya” romanının təxminən 1 aya “Qanun” nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap olunacağı gözlənilir.
XS
SM
MD
LG