Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:38

“Müsavatçıların əl tulası olan Müşfiq...”


"Xalq düşməni" Mikayıl Müşfiq barəsində cinayət işindən
"Xalq düşməni" Mikayıl Müşfiq barəsində cinayət işindən
“Kommunist” qəzetinin 20 iyun 1937 –ci il sayında Ə. Əkbər imzalı müəllif şair Mikayıl Müşfiqi tənqid edərək onun və onun kimi düşmənlərin “təmizlənməsini” tələb edib.


ƏDƏBİYYATDA DÜŞMƏN QALIQLARI AXIRADƏK İFŞA EDİLMƏLİ

Xalq düşmənləri, müsavatçı, panturkist və trotskiçilər sovet ədəbiyyatının inkişafına hər vəchlə mane olmuşlar.
Sovet yazıçıları ittifaqı rəhbərləri S. Şamilov və S. Vurğunun qanadı altında son günədək öz kontrrevolusion pozucu işlərini yeritməyə imkan tapmışdır.

Azərbaycan sovet yazıçıları ittifaqına soxulan kontrrevolusioner, alçaq müsavatçıların havadarı – iki üzlü Əhməd Cavad, Hüseyn Cavid, Sanili və onların ayrılmaz quyruğu Mikayıl Müşfiq, uzun illər boyu sosializm quruluşumuza istər açıq, istərsə də gizli surətdə zidd olmuş və murdar işlərini davam etdirmişlər.

Bu ikiüzlülər, sovet yazıçıları ittifaqı rəhbərlərinin siyasi qayğısızlığı nəticəsində, öz ziyançılıq işlərini ədəbiyyat sahəsində yeritməyə imkan tapmışlardır.

Bu əclaflardan Hüseyn Cavid, Əhməd Cavad, Sanili uzun müddət susmaqla açıq “tətil” elan etmişlər.

Bununla onlar sosializm quruluşuna düşmən olduqlarını açıq-aydın göstərmişlər.

Ədəbiyyat cəbhəsinə soxulmuş düşmənlərdən Müşfiq isə şeirlərini boyalı sözlərlə doldurmaqla yazıçılar ittifaqı rəhbərliyinin gözünü pərdələmiş və beləliklə həqiqi simasını gizlətməyə müvəffəq olmuşdur.

Öz panturkist çıxışları ilə əsl reaksion simasını çoxdan bəri göstərmiş olan M. Müşfiq, təqib edilən bir ilan kimi ədəbiyyata öz zəhər tuluğunu boşaltmağa hər vəchlə çalışmışdır.

Müsavatçıların əl tulası olan Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki, o, iləriləyən sovet ədəbiyyatına müqavimət göstərmiş və hətta Azərbaycan sovet yazıçıları ittifaqının üçüncü plenumunda son dərəcə əclaf çıxış edərək, kontrrevolusion şerini belə oxumağa nail olmuşdur.

“Duyğu yarpaqları” adlanan bu şeir hətta “ Ədəbiyyat qəzeti”nin bu il 18 aprel tarixli nömrəsində dərc edilmişdir.

Maraqlı burasıdır ki, bu alçaq, öz düşmən simasını gizlətmək üçün, sinfi sayıqlığını itirmiş redaktorun gözünə kül piləyərək, bəzi “sovet tematikası”na dair misallar arxasında qəddar kontrrevolusion fikirlər yeritmişdir.

Artıq ifşa olunmuş alçaq Müşfiq “ Duyğu yarpaqları”nda “Hələ bədr olmamış bir hilalım var” deyə, öz həmfikirləri ilə səsləşir.

Müşfiq “ Yelkənim açılır, qara yel əsmə” deyə ona qarşı “əsən yel”i qara adlandıraraq, onun əsməməsini tələb edir.

Demək Müşfiqi tənqid edən sovet ictimaiyyəti “şair” üçün qara yel sayılırmış.

Maskalanmış əclaf düşmən Müşfiq, oxuculara aşılamaq istəyir ki, elə bir gün olacaq ki, “ azadlıq – ana” “səfil övladını öz isti qoynunda oxşayacaqdır”.

Əlbəttə, Müşfiqin “Səfillər” i proletariatın qəddar düşmənləri olduğu üçün, Müşfiq onların da “ana qucağında” nəşələnəcəyinə ümidlər bəsləyir.

“Bir üzüm qaradır, bir üzüm sarı” – deyə, Müşfiq özünü “dünyanın bəzəyi olan “ bir insan” olduğunu iddia edir.

Əlbəttə Müşfiq kimi yaramazlar ümumbəşər ibarəsi altında sinfi mübarizə əleyhinə çıxmaq niyyətini daşımışlardır.

Müşfiqin nəzərincə o, “ dünyanın göbəyi”dir və özündən başqa heç kəs şair deyildir.

Bununla belə Müşfiq “hər yerindən duranın” özünü şair adlandırmasına təəccüblənir.

Başqa cür də ola bilməz. Kontrrevolusioner eqoist Müşfiq yeni yetişən gəncliyi açıqdan-açığa həvəsdən salır, onları ədəbiyyatdan uzaqlaşdırmağa çalışır.

Müşfiqin fikrincə şair, rəssam və heykəltəraş guya “ hamıdan yüksək”, “ hamıdan baş” olmalıdır.

Müşfiq incəsənəti, ədəbiyyatı, cəmiyyətimizdən yüksək tutaraq, onları bir-birindən ayırır və beləliklə birincisinin əhəmiyyətini şişirtməyə və ikincisinin rolunu alçaltmağa səy edir və beləliklə hərif öz pozucu fikirlərini oxucu kütləsinə yürütməyə çalışır.

Bir sıra başqa “əsərləri”ndə və xüsusilə “ ədəbiyyat nəğməsi” “şeiri”ndə Müşfiq, masqalanaraq, öz yırtıcı, alçaq xəyanətkarlığını açıqcasına göstərmişdir.

Bu kiçik məqalədən məqsədimiz ifşa olunmuş düşmənin, yazıçılar ittifaqı plenumunda alqışlanmış “əsəri”ndən bəhs etməkdir.

Təəccüblü də burasıdır ki, sovet yazıçıları ittifaqında əyləşənlərin siyasi korluğu o dərəcəyə çatmışdır ki, düşmənim bu yaramaz tartan-partan yazılarını intişar etdirmişlər.

Necə ola bilər ki, Əhməd Cavadın, Hüseyn Cavidin yuvasından çıxmış riyakar, əclaf Müşfiq İttifaqın plenumunu və “Ədəbiyyat qəzeti”ni öz tribunasına çevirmişdir...

Necə ola bilmişdir ki, Müşfiq kimi xain düşmən, sovet yazıçıları ittifaqı rəhbərləri S. Şamilov və S. Vurğunun qanadı altında son günədək öz kontrrevolusion pozucu işlərini yeritməyə imkan tapmışdır.

Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməlidir.

Ölkəmiz, sürünən zəhərli ilanlardan təmizlənməli və öz sovet ədəbiyyatımızın daha surətli inkişafı üçün geniş imkan yaradılmalıdır.

Ə. Əkbər

P.S. Mikayıl Müşfiq barəsində 1938-ci il yanvarın 6-da ölüm hökmü çıxarılıb.
XS
SM
MD
LG