Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:38

Mətanət Vahidova "Özündən özünə" (Hekayə)


“Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır”
(“Loğman” surəsi. 22-ci ayə)


Nəvəsi “Baba, bu gün sənin neçə yaşın tamam olur?” deyə soruşarkən sanki yaşını bilmirmiş kimi fikrə getdi...

Qırxıncı doğum gününü özüylə qeyd edirdi. Daha heç nəyə ümidi qalmamışdı, bir səfildən fərqi yoxdu artıq.

Qürur və mənliyi onu tərk etdiyi zaman heç belə məyus olmamışdı. Bəlkə də onların yoxluğunu heç hiss etməmişdi.

Çünki qəfil çıxıb getməmişdilər, elə yavaş-yavaş, asta-asta yox olmuşdu mənəvi dəyərlər.

Bu dəfə isə tərk edən ailəsi idi. Qırxıncı il dönümünə bircə gün qalmış çığırıb-bağırmadan, savaşıb-dalaşmadan çemodanlarını toplayıb getmişdilər arvadı ilə qızı. Onları geri qaytarmağa isə nə istəyi vardı, nə də üzü.

Nə vəd edib onları geri qaytaracaqdı? “Daha içməyəcəyəm, qumar oynamayacağam, o dəstə ilə oturub-durmayacağam” deyə o qədər söz vermişdi ki, daha sözünün vaxtı keçmiş lotereya biletindən artıq dəyəri qalmamışdı.

Ayaqları sürüyürdü onu evdən küçəyə, artıq o evin hər küncü-bucağı da üzünə tüpürürdü sanki.

Küçə boyu getdikcə eləcə mənasız-mənasız baxırdı hər gördüyünə. Yaşlı bir kişi həyətdəki sahibsiz pişiklərin yanında çöməlib onların qarnını doyururdu.

Arabir də sakitcə: “Yeyin,-- deyirdi,-- Allah sizin də ruzinizi mənim evimə göndərir.” Yaşlı kişinin yanında o da oturdu, sakitcə izləməyə başladı.

Pişiklər yeddi dənə idi, hərəsi bir rəngdə, bir ölçüdə. Amma hamısı eyni acgözlüklə yeyirdi, sanki ömürlərindəki son nahar imiş kimi.

Onların bu şirin-şirin yeməklərinə baxıb kədərlə gülümsündü, qızı da belə yeyirdi yeməyini, tələsə-tələsə, şirin-şirin. Sanki ürəyi isti dəmir idi, soyuq su tökdülər, cızıltısını eşitdi ürəyinin.

-- Bir gecə Musa əleyhissəlamın evinin qapısı döyülür, -- yaşlı kişi onun üzünə baxmadan, pişikləri yedirtməkdə davam edərək aram-aram danışmağa başladı,-- peyğəmbər qapını açıb onu içəri dəvət edir. “Kimsən, nə istəyirsən?” soruşur.

Gecə qonağı ac olduğunu, yemək istədiyini deyir. Musa əleyhissəlam onu yerdə açılmış süfrə başına dəvət edir.

Qonaq əlini ilk tikəyə atanda ev yiyəsi ondan Allahı qəbul edib-etmədiyini soruşur.

Qonaq səmimi şəkildə “Mən sənin Allahını tanımıram” deyir. Qəzəblənən Musa əleyhissəlam “Mən Allahı tanımayan birinin qarnını əsla doyurmaram” deyə kişini evindən qovduqdan sonra Yaradanın məzəmmətli səsini duyur: “Gecə ikən sənə pənah gətirən birini evindən necə qovursan?” “Ya Allah, o sənin Allahlığını qəbul etmir, kafirdir”, -- deyə Musa cavab verir.

“Ey Musa, mən o kafir bəndəmi əlli ildir ki, yedirib-içirdirəm, sənsə sənə verdiyim ruzidən bircə kərə ona verməyi qıymadın.”

Yaşlı kişi sözünü bitirib susdu. Adam elə təsirləndi ki, qəhər onu boğdu. Ayağa qalxıb getmək istərkən yaşlı kişi “Allah böyükdür” dedi.

Adam dönüb ona baxdı. Kişi yenə yerdən başını qaldırmadan pişikləri yedirirdi.

Adam ağır addımlarla oradan aralanmağa başladı, əslində bu tanımadığı yaşlı kişinin səsinin sehri onu elə ovsunlamışdı ki, heç ondan ayrılmaq istəmirdi. Amma göz yaşlarına hakim ola bilmədiyi üçün utanırdı.

Niyə kövrəldiyini özü də başa düşmürdü, uzun illərdir ilk dəfə gözləri yaşarırdı.

Bir az öncə eşitdiyi iki kəlməni öz-özünə pıçıldadı: “Allah böyükdür” və sanki diksindi bu sözlərdən, qırx illik həyatı boyu ilk dəfə Allah adını dilinə gətirirdi.

Sanki bu kəlmə ürəyinə qeyri-adi bir rahatlıq gətirdi, neçə kərə dalbadal “Allah böyükdür. Allah böyükdür.” deyə pıçıldadı. Baş alıb gedirdi haraya olduğunun fərqinə varmadan.

Məscidin yanından ötərkən addımlarını yavaşıtdı, sanki ilk dəfəydi onu görürdü.

Qarşısında dayanıb maraqla günbəzinə, minarəsinə, qapısına, divarına uzun-uzadı baxdı. Doğulandan bəri yaşadığı bu küçədə hər gün yanından ötüb görmədiyi bu məscid indi onun qolundan tutub içəri aparırdı, ”gəl, gəl, Allah böyükdür” deyə təkid edərək.

Adam utana-utana sağına, soluna baxırdı, içəri girsinmi, girməsinmi? Ona elə gəlirdi ki, hamı onu izləyir, amma heç fikir verən yox idi ona. Darvazadan içəri daxil oldu.

Həyətdə iki nəfər dəstəmaz alırdı, bir neçə gənc astadan söhbət edə-edə məscidin qapısından içəri girdilər. Adam qeyri-iradi onların dalınca düşdü.

Eynən onlar kimi ayaqqabılarını soyunub kənara qoydu, gəlib onların yanında oturdu. Getdikcə içəridə adam sayı artırdı, beş-beş, on-on... Azan səsləndi, adamın canından ürpərti keçdi.

Hər gün yanından keçəndə səslənsə də, heç eşitmədiyi bu səs indi onda tamam başqa duyğular oyadırdı. Azan verilərkən sıxlaşmağa başlayan adamlar səf-səf düzüldülər.

Adam özündən ixtiyarsız qoşulduğu bu toplumdan tələsik uzaqlaşmağa çalışdı. “Getmə.” Bu, bir az əvvəl yanından aralandığı yaşlı kişinin səsi idi. Yenə sehrləndi.

Dillənə bilməsə də, narahat baxışlarından “mən namaz qıla bilmirəm” fikrini oxuyan yaşlı kişi “Sən də bizim hərəkətlərimizi təkrar edərsən” dedi.

Adam özünün Allahın aciz qulu olduğunu yalnız indi dərk edə bilirdi, indi – bu qədər insanın eyni vaxtda Yaradanın qarşısında səcdə etdiyini görərkən, özü də onlarla birgə səcdəyə qapanarkən...

-- Baba, nə oldu? — Uşağın səsi qoparıb aldı onu uzaqdan boylanan xəyalının əlindən. Dönüb baxdı, sualına cavab gözləyən nəvəsi maraqla doldurduğu aydın gözlərini ona dikmişdi.
-- Babanın iyirmi yaşı var, -- deyə gülümsünüb nəvəsini qucağına aldı.

Onun bu sözünə qızı, xanımı, kürəkəni gülüşdülər, əsl yaşını gizli tutaraq zarafat etdiyini düşündülər. Bircə o özü bilirdi ki, onun həqiqi yaşı altmış deyil, iyirmidir.

Düşünürdü ki, bəlkə də həmin gün o yaşlı kişi bir peyğəmbər idi, axı o da bütün peyğəmbərlər kimi qaranlıqda nur oldu – yolunu azmış bir bəndəyə doğru yolu göstərən ağ işıq oldu.

Həmin gündən sonra əvvəllər hamının əyyaş kimi tanıdığı biri ömür payının insana bihudə verilmədiyini başa düşdü, təkcə adam deyil, insan ola bilmənin zəruriliyini anladı.

Ömrünün o günə qədərki qırx ilini ömründən saymırdı artıq.

O, anasının bətnindən İNSAN doğulmamışdı. İyirmi il öncə ilahi həqiqətin ona çatdığı həmin gün o özü öz bətnindən doğulmuşdu.

21.08.10
XS
SM
MD
LG