Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:57

Gürcü filmində erməni-azərbaycanlı obrazı


Levan Tutberidze
Levan Tutberidze
2005-ci ildə “Qarabağa səfər” filmini çəkmiş gürcü rejissoru Levan Tutberidzenin Azadlıq Radiosuna müsahibəsi. Azərbaycandan iki aktyorun çəkildiyi filmdə erməni rollarını Gürcüstan erməniləri ifa edib.

- Münaqişə ilə bağlı film çəkmək ideyası necə yarandı? Həm də ona görəmi ki, Gürcüstanın özündə də etnik münaqişə var?

- Doğrudur bu filmdə hadisələr Qarabağ münaqişəsi zonasında baş verir. Amma bizim filmə konflikt haqda film demək düzgün olmazdı.

Filmin ideyası tamam fərqlidir. Filmi tanınmış gürcü yazarı Aka Morçiladzenin 1992-ci ildə yazdığı eyni adlı roman əsasında çəkmişəm. O zaman təkcə Qarabağda yox, Gürcüstanda da ağır dövr idi. Roman və bizim film bir gürcü gənci haqqındadır.

Qəribədir ki, evdə, ailədə azadlığı məhdudlaşdırılan həmin gənc Qarabağda - müharibə zonasında müstəqil yaşamağa başlayır. Öz həyatının yönünü heç kəsin təsiri olmadan – özü müəyyənləşdirir.

Düzdür, biz filmdə həm də konfliktin insanların psixologiyasına, həyat tərzinə mənfi təsirlərini göstərmişik.

Amma eyni zamanda Gürcüstanda olarkən atası ilə münaqişədə olan, sevdiyi qızı evə gətirməsinə atasının, dostlarının etiraz etdiyi həmin gənc birdən-birə müharibə bölgəsinə gəlib çıxır.

Gah azərbaycanlılara, gah ermənilərə əsir düşür, amma bununla belə hiss edir ki, bu şəraitdə onun azadlığı daha çoxdur. Halbuki hər şey tərsinə olmalı idi.

- Müharibə bölgəsindəki azadlıq nədən ibarətdir?

- Bu azadlıq bir cəngəllik azadlığı olsa da, filmin qəhrəmanı birdən-birə hiss edir ki, öz taleyini, öz hərəkətlərini müstəqil şəkildə müəyyən edə bilər.

Filmin qəhrəmanı öz dostuna görə Ermənistanda bir jurnalist qızı girov götürür, sonra Azərbaycana gedir, erməni və azərbaycanlı əsgərlərin atışması zamanı itirdiyi dostunu tapmağa çalışır.

Bundan başqa o, müharibə bölgəsinin – haqqında çox yerdə danışılmayan səhnələrini görür. Erməni və azərbaycanlı əsgərlər arasında həm də bir kişi kimi anlaşmaların olduğunun şahidi olur.

Bu mühitdə özü də necə deyərlər bərkiyir, kişiləşir. Amma bütün bunlarda həm də bir ironiya var. Filmin qəhrəmanı Rembo kimi qara eynək taxır...

- Bəs Azərbaycanda və Ermənistanda filminizə reaksiyalar necə oldu?

- Filmin beynəlxalq premyerası çox uğurlu oldu.

(Levan Tutberidzenin çəkdiyi "Qarabağa səfər" filmindən bir parça Youtube-dan)

Film Rusiyada mükafat aldı. Dünya ölkələrində 25 festivalda göstərildi.

Tbilisidəki beynəlxalq festivalda mükafata layiq görüldü. Düzdür, həmin festivallarda azərbaycanlılar da, ermənilər də mənə yaxınlaşıb film haqqında xoş sözlər deyirdilər.

("Qarabağa səfər" filminin davamı da başqa bir rejissor tərəfindən çəkilib- Youtube)

Amma eyni zamanda İnternetdə bəzi mənfi rəylər də oxudum. Azərbaycan tərəfdən belə şeylərin şahidi olmadım. Amma ermənilər tərəfdən 2-3 belə rəylə rastlaşdım ki, guya biz filmdə erməniləri pis, azərbaycanlıları yaxşı təqdim etmişik.

Mən buna çox təəccübləndim. Çünki filmdə belə şey yox idi. Biz sadəcə o dövrdə gürcü, erməni və azərbaycanlılar arasında olan münasibətləri olduğu kimi təsvir etmişdik. Orda pis yöndən təsvir edilən yalnız gürcülərdir. (gülür- R.Q.)

Çünki bir narkoman gürcü dostundan xahiş edir ki, narkotik maddə əldə emək üçün Azərbaycana getsinlər.

Mən həm də bir şeyə təəssüflənirəm ki, filmi Bakıda və Yerevanda nümayiş etdirə bilmədik. Çünki yüz eşitməkdənsə, bir görmək yaxşıdır. İnsanlar filmə baxıb fikirlərini deyərdilər. Kimlərdənsə eşitdikləri əsasında nəticə çıxarmazdılar.

Sadəcə prodüserlərimiz xaricdə nümayişlə bağlı işləri axıra qədər görə bilmədilər.

- Sizin Qarabağ münaqişəsi haqda nə düşündüyünüzü də bilmək maraqlı olardı?

- Bilirsiz, mən apolitik adamam. Mənim üçün bütün müharibələr pisdir.

Çünki bütün müharibələr insanların ürəyində öz izini, qəlpəsini qoyur. Mənim bu filmimin uğuru da elə o idi ki, bu, siyasi film deyildi. Burada adi insanın müharibə şəraitində düşüncələri, davranışları əksini tapıb.

Mənim həm azərbaycanlı, həm də erməni dostlarım var. Belə müharibələr insanlar arasında münasibələr baxımından da xoşagəlməzdir.

- Gürcüstanda kino çəkmək çətindirmi, dövlət bu sahənin ayağa qalxmasına kömək edirmi?

- Ruslar demiş, “kino eto doroqoye udovolstviye”. SSRİ dağılandan sonra ciddi iqtisadi problemlərlə üzləşən ölkələrdə film çəkmək çox çətindir. Bir film üçün ən aşağı büdcə 1-1,5 milyon dollardır.

Amma axır illərdə Gürcüstanda bu sahədə irəliləyiş var. Milli Kino Mərkəzi yaradıblar. Kino Mərkəzində Münsiflər Heyəti təqdim olunan layihələri, ssenariləri nəzərdən keçirir. Həmin Münsiflər Heyəti hər il yenilənir.

Əgər sənin layihən qəbul edilirsə, sənə film büdcəsinin təxminən 30 faizi qədər pul verilir.

Qalan məbləği özün tapmalısan. Əlbəttə bu çox çətindir, amma istənilən halda müəyyən qədər köməkdir.

- Bəs xarici ölkələrdə prokata çıxarılan Gürcüstan filmləri çoxdurmu?

- Çox deyil. Amma axır illərdə çəkilən bəzi filmlər Rusiya və Avropada prokata çıxarılıb. Bu artıq ciddi bir məsələdir. Amma Gürcüstanın özündə prokatdan danışmaq çətindir.

Çünki ölkə balacadır və 4-5 kinoteatr var. Rusiya isə böyük ölkədi və orada prokat işləyir. İndi prokat məsələsində dünya bazarına kiçik bir pəncərə açılıb. Ümid edirik ki, bunun davamı olacaq.
XS
SM
MD
LG