Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:43

AXCP-Müsavat birliyinin doğurduğu suallar


Əli Kərimli
Əli Kərimli
“Ölkənin milli demokratik qüvvələrinin haqlı tələbi, Azərbaycan vətəndaşlarının bizdən gözləntisi, bu millətin sosial sifarişi ondan ibarətdir ki, ölkənin real müxalifət qüvvələri, Əbülfəz Elçibəy, Məmməd Əmin Rəsulzadə ideyalarına sadiq olan qüvvələr –ilk növbədə də AXCP və Müsavat partiyaları vahid bir təşkilatda biləşsin, bir təşkilat olaraq fəaliyyət göstərsin”.

Bu fikirlər sentyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin partiyanın 5-ci (8-ci) qurultayındakı çıxışından idi.

Beləliklə, AXCP-nin qurultayında Müsavatla birləşməyə qərar verildi. İndi növbə Müsavat Partiyasınındır. Əslində nəzərə alınsa ki, bu təklif ilk olaraq İsa Qəmbərdən gelib onda bu qərarın qəribçiliyə düşməyəcəyini düşünmək olar. Amma birləşmə necə həyata keçiriləcək. Yeni partiyanın adı nə olacaq, ona sədrliyi kim edəcək? Kimsə araya yenidən nifaq sala bilərmi? Bu birləşmə siyasi müxalifətin gücünü nə dərəcədə artıra biləcək? Bu və digər suallar siyasi dairələrdə fərqli cavablandırılır.

AXCP-MÜSAVAT BİRLİYİ MÜXALİFƏTİN GÜCÜNÜ ARTIRACAQ

AXCP sədri Əli Kərimli deyir ki, birliyə heç bir şərt irəli sürülmədən gedilir. Sual doğuran bütün məsələlərə isə həmin birliyi gerçəkləşdirəcək qurultay cavab tapacaq.

Əli Kərimli şübhə etmir ki, AXCP-Müsavat birliyi müxalifətin gücünü artıracaq. Özü də söhbət yalnız bu iki partiyanın gücünün mexaniki olaraq toplanmasından getməyəcək:

“AXCP və Müsavatda olmayan vətəndaşlarımız var ki, hər hansı partiyada deyillər, amma bu birliyə dəstək verməyə hazırdırlar. Bu adamlar həm xalq hərəkatı iştirakçıları, həm hakimiyyətdən narazı olanlar, həm də ictimai-siyasi proseslərə yenicə qatılan gənclikdir. Bunların hamısı güclü alternativ axtarışındadırlar. Hazırda əhalinin bir qismi AXCP-ni, bir qismi də Müsavatı indiki hakimiyyətə alternativ görür. Ancaq bir qisim də var ki, bu partiyaların heç birini ayrılıqda hökumətə tam alternativ görmürlər. Bax həmin o kəsim yeni super partiyada birləşə bilər. Hətta üzv olmayanlar da dəstək verə bilər və cəmiyyətdə indiki hakimiyyətə real alternativ olaraq çox böyük bir qüvvə yarana bilər”.

Əli Kərimliyə görə, hakimiyyətin bu qurultayfan sonra hətta seçki taktikasını dəyişməsi onun AXCP ilə Müsavatın hələ bir blokda birləşməsindən ciddi narahat olduğunu deməyə əsas verir. Ona görə də iqtidar müəyyən konfliktlər yaratmaqla bu iki partiyanın vahid bir təşkilatda birləşməsini əngəlləməyə çalışacaq.
İsa Qəmbər
Ancaq AXCP və Müsavat da gərək buna qarşı iradə nümayiş etdirsinlər. Partiyaların sıravi üzvlərindən tutmuş rəhbərlərinə qədər hər kəsin vəzifəsi hakimiyyətin qorxduğu bu prosesi başa çatdırmaq olmalıdır.

Birləşmə ideyasının müəllifi - Müsavat başqanı İsa Qəmbər isə hesab edir ki, bu təklifin parlament seçkiləri ərəfəsində səslənməsi və eləcə də AXCP-nin öz qurultayında bu təklifi müsbət qiymətləndirməsi demokratik qüvvələrə, real müxalifətə əlavə üstünlük qazandırıb.

DEMOKRATİK DÜŞƏRGƏNİN DİGƏR QÜVVƏLƏRİNİN DƏ BƏRABƏR HÜQUQLU İŞTİRAKINA ŞƏRAİT YARADILMALIDIR

İsa Qəmbər hesab edir ki, nüvəsini AXCP və Müsavatın təşkil etdiyi bu prosesdə demokratik düşərgənin digər qüvvələrinin də bərabər hüquqlu iştirakına şərait yaradılmalıdır:

“Demokratik düşərgə özünün vahid partiyasının yaranması prosesində yalnız müşahidəçi və sonradan dəvət olunan tərəf kimi yox, iştirakçı, söz sahiblərindən biri kimi iştirak etməlidir ki, onlar da bu prosesə lazımi maraq göstərsinlər və biz bu hakimiyyəti dəyişəcək güclü bir təşkilatın formalaşdırılmasına nail olaq”.

İsa Qəmbərin sözlərinə görə, birləşmə ilə bağlı qalan məsələnin hərtərəfli müzakirəsinə yetərincə zaman var. Çünki əvvəlcədən də deyildiyi kimi, əsas müzakirələr parlament seçkilərindən sonra başlayacaq. Amma bununla belə, o əmindir ki, bu məsələdə iştirak edən tərəflər səmimi şəkildə səylərini davam etdirəcəklər və bu proses uğurla yekunlaşacaq.

İstər AXCP istərsə də Müsavatın sıravi üzvləri ilə söhbətdən bəlli olur ki, onlar ya bu birliyin birbaşa tərəfdarıdırlar, ya da sadəcə liderlərin qərarını hörmətlə qarşılayıb bunun zərurət olduğu qənaətindədirlər.

Bir vaxtlar Azərbaycan Xalq Cəbhəsindən ayrılmış hərəkat üzvlərinin bu birləşməyə münasibətləri isə fərqlidir. Baxmayaraq ki, heç kim kənardan bu məsələyə qiymət verməyi düzgün və ya etik saymır. Amma sonunda konkret münasibət özünü büruzə verir.

BU MÜSAVATIN XEYRİNƏ OLMAYAN BİR ADDIMDIR

Fazil Qəzənfəroğlu
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu bu birliyin Müsavat Partiyasının xeyrinə olmadığını düşünür. O hesab edir ki, Müsavat az-çox müxalifətdə öz nüfuzunu qoruyub saxlayan, müəyyən dərəcədə hakimiyyətlə bağlılığı olmayan normal müxalifət partiyası kimi tanınır. AXCP isə xarici dəstəklə nə qədər hakimiyyətə qarşı çıxmaq imitasiyası ortaya qoysa da, 1995-2000-ci illərdə iqtidarla separat danışıqlara getmiş bir partiyadır. Həm də parçalanmadan sonra AXCP-də ciddi bir elektoral baza qalmayıb. Yəni imkanları məhduddur:

“Siyasət texnologiyası baxımından bu Müsavatın xeyrinə olmayan bir addımdır. Amma bütövlükdə bu birlik Azərbaycan cəmiyyətinə yeni bir güc gətirməyəcək. Çünki ideyalar yeni deyil. Yəni köhnə qayda ilə əksinə bu birlik hələ 10-15 il də bu iqtidarın hakimiyyətdə qalmasına yardımçı olacaq”.

Fazil Qəzənfəroğlu bu birləşməni 18 il hakimiyyətdə olan hazırkı iqtidarın ömrünün uzadılması üçün növbəti taktika adlandırır.

Ancaq AXCP-də belə iddiaları əsassız sayırlar. Onlar isə əksinə düşünürlər ki, hakimiyyət Böyük Quruluş Partiyasının fəaliyyətində maraqlı olduğundan onun rəhbərini parlamentə buraxıb.

“ÖZ DAXİLİ İŞLƏRİDİR”


Vaxtı ilə AXCP-nin rəhbərliyində təmsil olunan KAXCP sədri Mirmahmud Mirəlioğlu isə hesab edir ki, istənilən təşkilatların bir araya gəlməsi onların öz işidir və belə addımlara yalnız müsbət reaksiya olmalıdır:

“Onların öz daxili işləridir və bu istək reallaşarsa, nə gözəl”.

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, iki tanınmış müxalifət partiyasının birləşməsi qərarı çoxdan gözlənilən idi. Bununla belə, o bu prosesin uğurla başa çatacağına da tam əmin deyil. Bu şübhəni onda AXCP və Müsavatın funksionerlərinin ambisiyaları yaradır:

ƏN BÖYÜK SUAL

Elxan Şahinoğlu
“Ən böyük sual isə ondan ibarətdir ki, Müsavat başqanı İsa Qəmbər partiya sədrliyinə namizədliyini irəli sürməyəcək. Demək birləşmiş partiyanın sədr məsələsi gələcəkdə aktuallaşacaq. Və Əli Kərimlinin bu partiyaya liderliyi iddiasını ortaya qoyması məncə Müsavat tərəfindən də birmənalı qarşılanmayacaq. Ona görə də bu kimi suallar aktuallığını qoruduqca şübhələr azalmayacaq”.

Elxan Şahinoğlu hesab edir ki, liderlərin şəxsi ambisiyalarını arxa plana keçirmək mümkün olsa məntiqlə bu birləşmə müxalifətin gücünü artırmalıdır.

Ancaq bütün bunlarla yanaşı AXCP və Müsavat hakimiyyətin bu birliyi pozmaq üçün hazırlayacağı ssenariyə qarşı da dayanmağı bacarmalıdırlar. Əks halda yenə də əvvəlki illərdə olduğu kimi, birləşmə əvəzinə parçalanma müşahidə olunacaq.

Hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil edilən şəxslər isə hələ bu birlik haqda söz-söhbətlərin ilkin mərhələsində məsələyə qiymət vermişdilər.YAP hesab edirdi ki, AXCP və Müsavat birlikdə belə onlara rəqib ola bilməz.
XS
SM
MD
LG