Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:54

Yazarları sevməyən yazarlar


Elif Şafak
Elif Şafak
Elif ŞAFAK


“Başqa bir yazarın uğurunu görəndə, mən bir az da ölürəm”, demişdi Gore Vidal müdhiş bir dürüstlüklə.

Çox az insan bunu belə səmimiyyətlə dilə gətirsə də, əslində hər bir yazar qısqancdır.

Hər yazarda özündən başqa bir çox yazara ya elə, ya belə qıcıq olur. Ancaq hamı bunu bəlli etməz.

Bəziləri duyğularını gizlədər açıq rəngli ipək tüllər arasında; bəziləri isə dayana bilməz, atəş püskürər kimi kəlmə püskürər orda-burda. Bu bir “dərəcə məsələsi”dir əslində.

Kimimizdə şahə qalxır qısqanclıq, kimimizdə minimumda qalır. Amma heç bir yazarın qısqanclıqdan yüz faiz arındığını sanmıram.

Qısqanclıq şkalasında 1 faizlə 99 faiz arasında bir yerlərdəyik hamımız.

Buna görə ədəbiyyat dünyasında nə qovğa əskik olur, nə dediqodu.

Yazarların bir-birlərini sevməsini kənara qoyun, bir-birlərini oxumaması da təsadüf deyil. Bir yazar qısqandığı yazarı qətiyyən oxumaz, elə bil yoxdur kimi davranar.

Romançılar bir-birlərinin romanlarını, şairlər bir-birlərinin şeirlərini, hekayəçilər bir-birlərinin hekayələrini oxumamaqda israr edirlərsə, deməli, ortada “qısqanclıq pişiyi” dolaşmaqdadır.

Bəlkə deyəcəksiniz ki, hər sənətdə belədir? Ancaq yazarların qısqanclığı başqa bir şeyə bənzəməz. Çünki yazarlıq bir çox sənətlərin əksinə olaraq təkbaşına aparılan bir savaş. Nə bir ofis var ortada, nə iş saatları, nə iş yoldaşları.

Yazının insanı asosiallaşdıran bir mayası var. İçinə çəkilirsən, vəhşi bir rüzgara qapılırmış kimi qapılırsan xəyallara. İnsan yazdıqca öz ruhunda, öz daxilində yola çıxır.

“Biz” duyğusuyla deyil, “mən” dürüstlüyü ilə yazar ədəbiyyatçı. Özünü Tanrı zənn edər. Bütün bunlar ədəbiyyatçıların “şişmiş eqo” sahibi olmaq risqini artırar.

Numunələr o qədər çoxdur ki… Mark Tven ilə Uilyam Folkner arasında “atışmalar” unudulmazdır. Qosqoca iki yazar nəyə görə bir-birlərilə bu qədər çəkişiblər bilinmir, amma aralarında kəlmə savaşı çox böyümüşdü.

Mark Tven
Folkner Mark Tveni yazar kimi dəyərləndirməsində "o, Amerikada deyil, Avropada yaşasaydı əsla bu qədər məşhurlanmayacaq dördüncü dərəcəli yazar olacaqdı" söyləmişdi.

Sevimli Virciniya Vulf qısqanclığın - kişilərə xas bir rahatsızlıq olmadığına yaxşı numunədir.

Bir çox yazar haqqında tikanlı sözlər işlətdiyi kimi, Somerset Moemi “cani görünüşlü, siçan sifətli, küçədə görsəm, qorxacağım bir adam” deyə təsvir etmişdi.

C.K. Roulinqin bütün dünyaya səs salan “Harri Porter” seriyası çıxanda onu ən çox başqa yazarlar yerdən-yerə vurdu.

Harold Blum bu kitabların insanları axmaqlaşdıran (və bir anlamda yenə axmaqlar tərəfindən oxunduğunu) ağır sözlərlə qələmə aldı.

Tom Vulf ədəbiyyatın iki ünlü ismi Con İrvinq və Con Apdaykı “qoca əbləhlər” deyə "heç elədi".

Norman Meyler Tom Vulfun 700 səhifəlik romanının 500 səhifəsinin gərəksiz olduğunu söylədi. Atsan da olar, yəni…

Bir başqa məşhir savaş Paul Theroux ilə Nobel mükafatçısı V.S.Naipaul arasında yaşandı. Üstəlik onlar bir vaxtlar dost idilər. Ancaq 1996-da aralarına dava düşdü. O il hər ikisi eyni festivalda çıxışçıydılar.

Səhnəyə çıxanda bir-birinin üzünə belə baxmadılar. Naipaul Theroux-u onun kölgəsində şöhrət qazanmağa çalışmaqda suçladı.

Theroux da kəskin bir yazı yazıb Naipaul-u irqşi, özündənrazı, eqoist, özündən başqa heç kimi sevməyən, insanları istafadə edib kənara atan biri olaraq tanıtdı.

Türk ədəbiyyatının divası Xalidə Edip Adıvar qadın yazarlara qarşı önyarğılı idi. Onlarla bir yerdə yazıb-yaratmağı, ortaq işlər görməyi, dayanışmayı bir kənara qoyun, qadın yazarları görməməzliyə vurub.

Qəribədir, başda “Mor Salxımlı Ev” olmaqla yazılarında dövrünün kişi intellektuallarından və kimlərdən necə təsirləndiyini anlatdığı halda özünü qadın yazarların varlığını hiss etməmiş kimi göstərdi.

Naipaul
Başda Fatma Aliyə xanım və Əminə Samiyə xanım kimi qiymətli qələm sahiblərini vecinə almadı.

Ancaq bu qadınlarla eyni qəzetdə yazdığını, eyni şəhərdə yaşadığını, eyni problemlərdən söz açdığını düşünsək, o qədər çox ortaq nöqtələri var ki… Görmək belə istəmədi.

Bir müddət öncə bir musiqiçi dostum zəng edib dedi:

“Bu həftə bir şeir gecəsinə qatıldım, ədəbiyyatçıların arasına düşdüm. Başqa yazarların əleyhinə nə qədər danışdılar… Sən də bolluca aldın payını. İnana bilmədim.

Gərəksiz yerə boş-boş danışıqlar oldu… Orda olmayan insanları "asıb-kəsdilər"…” Gülümsədim. Bir şey demədim. Nə söyləyə bilərdim ki? Bizim aləmlər çoxdan belədir.

Mən də daxiləm, o da daxildi, hamımız, hamımız.

Nə zaman bir başqa yazarın uğuruna şahid olsaq, bir az da ölürük biz. Çox azımız bunu bu şəkildə etiraf edə biləcək də…

"Haber türk" on-line qəzeti
(Azərbaycan türkcəsinə Aygün Muradxanlı uyğunlaşdırdı)
XS
SM
MD
LG