Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:59

Müxalifət saxtalaşdırmalardan şikayətlənir /18:00-22:00/


Ramiz Mehdiyev səs verir
Ramiz Mehdiyev səs verir
SEÇKİ PROSESİNİ FOTOLARDA İZLƏYİN

CANLI EFİRİ DİNLƏ (SƏSVERMƏDƏN SON XƏBƏRLƏR, POZUNTULARIN MÜZAKİRƏSİ)


SİTARƏ ZEYNALOVA SAXTAKARLIQLARDAN SİTAM EDİR...

36 saylı Xətai 4-cü Dairə Seçki Komissiyasından (DSK)Milli deputatlığa namizəd Sitarə Zeynalova nəticələrin bir nəfərin xeyrinə saxtalaşdırıldığını iddia edir. Dairənin bütün məntəqələrindən səslərin çoxunu qazandığını deyən namizəd bildirir ki, niyə görəsə nəticələri həmin dairədən hakim YAP-ın namizədi Səməd Seyidovun xeyrinə saxtalaşdırıblar.

Sitarə Zeynalovanın səsvermə başa çatandan sonra Azadlıqradiosuna verdiyi məlumata görə, onun müşahidəçiləri saat 15:00-dan sonra dairənin bütün məntəqələrində kütləvi saxtakarlıq hallarını qeydə alıblar. Sitarə Zeynalova topa bülletenlərin atılması və s. qanun pozuntuları ilə bağlı əllərində xeyli foto və video materiallar olduğunu bildirir.

DSK sədri Rüstəm Mikayılov isə uduzan tərəflərin bu kimi şikayətlər etməsinə təbii yanaşdığını deyir.

«Həmişə seçkinin sonunda kimsə uduzmalıdır. Uduzanların öz narazılıqlarını bildirməsi təbiidir. O biri namizədlər bildirdilər ki, biz udan namizədi təbrik edəcəyik. Bir yeganə namizəd Sitarə Zeynalova belə şikayət edir».

Rüstəm Mikayılov Səməd Seyidovun xeyrinə saxtakarlıq hallarının edilməsi ilə bağlı namizədin dedikləri ilə razılaşmır.

«Səməd Seyidov bizim dairədən ən çox səs toplayıb. O, Avropada Azərbaycanı təmsil edib, ingilis dilini bilir, hamı onu tanıyır. Mən internetə də baxmışdım orda da Səməd Seyidov birinci yerdə, Sitarə Zeynalova isə lap sonuncu yerdə idi. Seçicilər Səməd Seyidovu tanıyır, amma Sitarə Zeynalovanı çox adam tanımır».

Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermədən sonra açıqladığı ilkin məlumata görə, Səməd Seyidov səslərin 68.52 faizini toplayaraq həmin dairədə qələbə çalıb.

MÜŞAHİDƏÇİLƏR İKİ SAAT MƏNTƏQƏDƏ POLİS ƏHATƏSİNDƏ QALIB

31 saylı Suraxanı ikinci seçki dairəsinin 8 saylı məntəqəsindən AzadliqRadiosuna zəng edən AXCP nümayəndəsi bildirir ki, bu məntəqədə ən çox səs toplayan ilk üç namizəd aşağıdakılar olub:

Əziz Ələkbərov - 89 səs
Əli Kərimli - 78 səs
Fərəc Quliyev - 61 səs

Amma yekun protokollar hazırlanıb imzalanma ərəfəsində məntəqə sədrinə DSK-dan zəng edərək Fərəc Quliyevə azı 100 səsə yazılmasını tələb ediblər.

Məntəqənin həyətinə polis qüvvələri cəlb edilib. Komissiya üzvləri, müçahidəçilər, xarici jurnalistlər iki saatdan çox məntəqədə saxlanıb. Uzun mübahisələrdən sonra məntəqə sədri protokolların ilkin formada, qutudakı büllütenlərin real sayına uyğun şəkildə imzalanmasına razılaşıb. Hadisə yerində olan xarici ölkə jurnalistlərinin səyi ilə məntəqədə qalan adamlar polis əhatəsindən çıxıblar.

Dairə Seçki Komissiyasında bu iddialara heç kimdən cavab almaq mümkün olmur.

“ƏLİ KƏRİMLİNİN XEYRİNƏ OLAN BÜLLETENLƏR SAXTALAŞDIRILIR”

“16 saylı məntəqənin sədri Barat Nuriyev Əli Kərimlinin xeyrinə olan bülletenlərdə başqa bir namizədin adını da işarələyərək bülletenləri etibarsız elan edir. Gözümüzün qarşısında qutulardan çıxan 40-a yaxın bülleten bu yolla saxtalaşdırılıb”.

Bu sözləri AzadlıqRadiosuna 31 saylı Suraxanı ikinci seçki dairəsində müşahidə aparan “AXCP-Müsavat” blokunun təmsilçisi Natiq Ədilov deyib.

Onun sözlərinə görə, məntəqə sədri baş verənləri protokollaşdırmaq istəsə də, məntəqə üzvləri saxtakarlıqlara imza atmır. “AXCP-Müsavat” blokunun müşahidəçiləri isə baş verənlərlə bağlı artıq Dairə və Mərkəzi Seçki Komissiyalarına şikayət göndərib.

Sözügedən Dairə Seçki Komissiyasının məsələyə münasibətini öyrənmək mümkün olmadı.

Mərkəzi Seçki Komissiyasının üzvü Gülağa Aslanlı isə AzadlıqRadiosuna bildirib ki, faktla bağlı Əli Kərimli MSK-ya müraciət edib:

“Əli Kərimli bildirdi ki, həmin məntəqədə 207 səs toplasa da, sonradan bülletenlər saxtalaşdırılaraq səsləri azaldılıb”.

GÖYÇAY-AĞDAŞ SEÇKİ DAİRƏSİNDƏN ŞİKAYƏTLƏR

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Vidadi İskəndərov AzadlıqRadiosuna bildirib ki, dairənin məntəqələrində səsvermə zamanı saxtakarlıqlar baş verib. O, saxtakarlığı əks etdirən çoxlu sayda bülletenlərin, fotoların və aktların olduğunu deyib. Namizədin sözlərinə görə, məntəqələrdə topa şəklində bülletenlər qutuya salınıb.

Vidadi İskəndərli
Vidadi İskəndərli deyib ki, 4 nəfər polis işçisi onun müşahidəçisi Ceyhun Əsgərovu ölümcül döyüblər. Ceyhun Əsgərov xəstəxanaya götürülsə də, ona heç bir arayış verilmədən xəstəxanadan buraxılıb.

Həmin dairədən AXCP üzvü olan Səmid Məmmədov da AzadlıqRadiosuna bildirib ki, dairənin 1, 2, 4 və 30 saylı məntəqələrinə “yüzbaşılar” tərəfindən gətirilən adamlara seçki komissiya üzvləri tərəfindən bülletenlər verilib və onlar bülletenləri seçki qutularına atıblar. Eyni adamlar eyni məntəqələrə “yüzbaşılar” tərəfindən bir neçə dəfə gətiriliblər.

Səmid Məmmədovun sözlərinə görə, “karusel” əməliyyatına əsasən rayon məktəblərinin müəllimləri cəlb olunub.

Vidadi İskəndərov həmçinin bildirib ki, seçki pozuntularına etiraz edən müşahidəçilər məntəqələrdən qovulub, səsvermə başa çatdıqdan sonra müşahidəçilərin çoxuna yekun protokol verilməyib: “Biz sadaladığım bütün hallarla bağlı protokollar tərtib etmişik, DSK sədrinə təqdim edəcəyik”.

89 saylı Göyçay-Ağdaş DSK sədri Nizam Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, gün ərzində nə namizədlər, nə də müşahidəçilər tərəfindən onlara şikayət daxil olub. “Müraciət etsinlər, araşdıraq” – deyə DSK sədri bildirib.

“SEÇKİ PRAKTİKASINA YENİ SƏHİFƏ YAZACAQ SEÇKİLƏR KEÇİRİLİB”

“Noyabrın 7-də seçki praktikasına yeni səhifə yazacaq seçkilər keçirilib”.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov belə deyib.

O bildirib ki, seçkilər azad, ədalətli və demokratik keçirilib və bütün tərəflər öz iradələrini açıq şəkildə ifadə edə biliblər.

POLİS JURNALİSTİ UZAQLAŞDIRDI

8 saylı Binəqədi I Dairə Seçki Komissiyası üzrə 29 saylı məntəqədə səslərin hesablanması prosesini izləyən müşahidəçi ilə komissiya üzvü arasında mübahisə yaranıb. AXCP-Müsavat blokunun müşahidəçi Sabit Hacıyev:

“Bu qədər yer olan məntəqədə komissiya üzvü gəlib düz mənim qabağımda dayanıb. Mən də ondan bir az kənara durmağı xahiş etdim və o, bu cür mübahisə yaratdı”

Mübahisənin qarşısını almaq üçün məntəqəyə polis əməkdaşları dəvət olundu. Lakin mübahisənin qarşısını almalı olan polis məntəqədən həm də Azadlıq Radiosunun əməkdaşını uzaqlaşdırdı.

50, 14% SEÇİCİ İŞTİRAK EDİB

Saat 19.00-dək respublika üzrə seçicilərin 50,14%-i seçkidə iştirak edib.

Yəni səsvermə hüquqlu təxminən 5 milyon seçicinin 2.480 205 nəfəri.

Son hesabat saatına olan məlumata görə, ən fəal dairə 14 saylı Xəzər ikinci dairədədir. Bu dairədə fəallıq 78,21 faiz olub. 34152 nəfər səsvermədə iştirak edib.

Ən passiv dairə isə 22 saylı Nəsimi 2-ci seçki dairəsidir, Bu dairədə fəallıq 20,37 faiz olub, 8398 nəfər öz səs vermək hüququndan istifadə edib.

NAMİZƏDLƏR ÜLVİ QULİYEVƏ QARŞI

“17 saylı Yasamal seçki dairəsində seçkilərin nəticələri ləğv olunmalıdır”.

Bunu həmin dairədən deputatlığa namizəd Qənimət Zahid deyir. Onun fikrincə, hakimiyyətin bütün inzibati resursları, saxtakarlıq üsulları namizədlərdən biri olan Ülvi Quliyevin xeyrinə səfərbər olunub:

“Ona görə biz buraya yığışan namizədlər və burada olmayan namizədlərin bəziləri belə qərara gəldik ki, ictimaiyyətə bir bəyanat ünvanlamaq lazımdır ki, 17 saylı Yasamal seçki dairəsində seçkilərin nəticələri ləğv olunmalıdır. Biz bu prosesə qoşulan namizədlər olaraq bu dairədə keçirilən seçkilərin nəticələrini tanımırıq və elan olunan nəticələrin saxta olacağı bəri başdan bəllidir”.

Həmin dairədən başqa bir namizəd Bəxtiyar Hacıyev:

“Hansısa bir məntəqədə, ümumiyyətlə dairə ərazisində mənə məlum olsa ki, mən qalib gəlirəm hətta buna razı olaraq bütün məntəqələrdə və dairədə nəticələrin qəbul olunmamasını tələb edirəm”.

17 saylı Yasamal seçki dairəsindən digər namizəd Nüşabə Sadıxlı da dairədə çoxsaylı seçki pozuntularının olduğunu bildirib və bəyanata qoşulduğunu qeyd edib.

Deputatlığa namizəd Ülvi Quliyevin köməkçisi isə bildirdi ki, başları qarışıq olduğundan bu məsələyə münasibət bildirə bilməyəcəklər.

MSK MÜŞAHİDƏÇİLƏRİ TƏƏCCÜBLƏNDİRİB

35 saylı Xətai 3-cü seçki dairəsinin 9-cu məntəqəsində müşahidə aparan MDB müşahidə missiyası MSK-nın yaydığı məlumatdan təəccüblənib. Belə ki, həmin məntəqədə olan müşahidəçilər saat 17.30-a qədər cəmi 300 seçicinin səs vermə hüququndan istifadə etdiyinin şahidi olub. Ancaq MSK-nın saat 17.00-a açıqladığı rəqəmi görəndə sayın 541 nəfər olduğunu görüb. Bu saysa gördüklərindən 241 nəfər çox olub.

Bu barədə AzadlıqRadiosuna müsahibəsində Rusiya Dumasının hakim partiyadan olan deputatı, MDB müşahidə missiyasının üzvü Knorr Andrey Filippoviç deyib:

“Biz təəccübləndik ki, bu dairədə fəallıq azdır. Bizə təxmini say deyildi -300. Bu isə MSK-nın siyahısındakı rəqəmdən təxminən 10-15 faiz fərqlənir. Hesab edirik ki, seçkilərin nəticəsində bu yoxlanacaq. Mənə bildirildi ki, həmin rayonda aşağı gəlirli əhali üstünlük təşkil edir. Seçicilərin daha az iştirakı ola bilsin təbliğat işinin zəif aparılması ilə əlaqədardır”.

Hakim “Vahid Rusiya” partiyasının deputatı rəqəmlərdəki fərqi izah etməyə çətinlik çəksə də, ehtimal edib ki, buna səbəb seçkilərin iştirak tendensiyasına uyğun olaraq sayın qabaqcadan təxmini deyilməsi olub.

Knorr Andrey Filippoviç 11 seçki məntəqəsində, o cümlədən istintaq təcridxanasında seçkiləri müşahidə edib. Seçkilərin təşkili ilə problem olmadığını deyən rusiyalı deputat seçki məntəqələrində namizədlər barədə məlumat vərəqələrinin asılmasından imtina olunmasından təəssüfləndiyini bildirib:

“Çünki bəzi seçilər seçki prosesini izləməyə bilər və namizədin şəkli və tərcümeyi-hal forması yardımçı ola bilər. Məncə qanunvericilik çərçivəsində Azərbaycanda buna qayıtmaq lazımdır”.

MDB müşahidəçisi məhbus jurnalist Eynulla Fətullayevin də səs vermədə iştirak etdiyini deyib.

OMBUDSMAN APARATI POZUNTU AŞKARLAMAYIB

Ombudsman Aparatı seçkilər zamanı heç bir ciddi pozuntu aşkarlamayıb.

Bu barədə ombudsman Elmira Süleymanova məlumat verib.

Ombudsman Aparatının 35 nümayəndəsinin ölkənin seçki məntəqələrində monitorinq apardığını bildirən insan hüquqları üzrə müvəkkil baş çəkdiyi Yasamal, Səbail və Xətai seçki dairələrində heç bir pozuntu müşahidə etmədiyini qeyd edib.

«YAP MÜŞAHİDƏÇİSİ KƏLLƏ VURUB»

AXCP-Müsavat blokunun seçkidə səlahiyyətli nümayəndəsi Təzəxan Mirələmli AzadlıqRadiosuna məlumat verib ki, 29 saylı Səbail DSK-nın 11 saylı məntəqəsində döyülüb. Onun sözlərinə görə, gün ərzində səlahiyyətli nümayəndə kimi məntəqələri gəzərək müşahidəçilərdən məlumat toplayıb. Saat 17 radələrində 11 saylı məntəqədə olarkən 30 nəfərə yaxın idmançının məntəqəyə gələrək seçki komissiyasının üzvlərindən bülleten götürdüklərini və seçki qutularına atdıqlarını görüb:

«Müşahidəçilərlə birlikdə buna etiraz edərkən adını bilmədiyim YAP müşahidəçisi məni çölə çıxartdı və üzümə kəllə ilə zərbə vurdu. Bu, komissiya üzvlərinin, məntəqə sədrinin və müşahidəçilərin gözü qarşısında baş verdi. Bir qədər sonra həmin məntəqəyə 20 nəfərə yaxın başqa idmançılar da gəldilər».

Təzəxan Mirələmli deyir ki, kəllə zərbəsindən sol gözünün altı zədələnib.

29 saylı Səbail DSK-dan AzadlıqRadiosuna bildiriblər ki, hadisədən xəbərsizdilər, məntəqə ilə əlaqə saxlayıb hadisə barədə maraqlanacaqlar.

“MÜXALİFƏTİN DEDİKLƏRİ BÖHTANDIR”

“Yeni Azərbaycan Partiyası 7 noyabr parlament seçkisini çox yüksək qiymətləndirir. Müşahidəçilərimizin verdikləri məlumatlara, rəy sorğularına və seçicilərdən aldığımız dəstəyə əsasən deyə bilərik ki, parlament seçkisi Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatıb”.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, partiyanın 5 saylı Şahbuz-Babək seçki dairəsindən namizədi Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında belə deyib.

YAP rəsmisi bildirib ki, parlament seçkisinin namizədlərin irəli sürülməsi, qeydə alınması və təbliğat-təşviqat mərhələlərində hamıya bərabər şərait yaradılıb:

“700 yaxın namizəd qeydə alınıb. Bu isə o deməkdir ki, hər dairədə orta hesabla 6 namizəd mübarizə aparıb. Bu da seçkinin rəqabət şəraitində keçməsi deməkdir. Bütün siyasi partiyalar seçkidə iştirak edib. İTV-də pulsuz efir vaxtı ayrılıb, bütün dairələrdə seçicilərlə görüş üçün yerlər ayrılıb. Bütövlükdə proses azad, demokratik, azad və şəffaf keçirilib”.

Siyavuş Novruzov deyib ki, Mərkəzi Seçki Komissiyasının məlumatları onu göstərir ki, proses seçicilərin aktivliyi ilə keçib:

Siyavuş Novruzov
“Ölkənin hər yerində seçki aktivliyi müşahidə olunub. O cümlədən Naxçıvanda seçicilər səsvermədə aktiv iştirak edib. Müxalifət partiyalarının nümayəndələrinin və müşahidəçilərinin törətdiyi pozuntular istisna olunmaqla seçkidə ciddi qanun pozuntusu olmayıb. YAP-ın hər bir məntəqədə müşahidəçisi var. Onlardan aldığımız məlumatlara görə, seçki tam demokratik, azad və ədalətli keçirilib. Beynəlxalq müşahidəçilər də heç bir qanun pozuntusu qeydə almadıqlarını açıqlayıblar”.

YAP rəsmisi müxalifətin seçkiyə müdaxilə edilməsi, “karusel əməliyyatı” ilə bağlı iddialarını əsasız sayır:

“Müxalifətin iddiaları azad seçkiyə kölgə salmaq məqsədi daşıyır. Seçkiyə müdaxilə yoxdur. Müxalifətin dedikləri böhtandır. YAP-ın müşahidəçiləri müxalifət təmsilçilərinin qanun pozuntularını aktlaşdırıblar və partiya rəhbərliyi mətbuat konfransı keçirərək onları cəmiyyətə açıqlayacaq”.

SEÇKİ BAŞA ÇATDI

Saat 19:00-da seçki məntəqələri bağlı elan edildi. Parlament seçkilərinin ilkin nəticələri gecə saatlarına açıqlanacaq.

“SEÇKİLƏR SAKİT ŞƏRAİTDƏ KEÇİR”

“Seçkilər sabit və sakit şəraitdə keçir”.

AzərTAc-ın məlumatına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mətbuata verdiyi müsahibəsində belə deyib.

O, 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs verib:

“Hesab edirəm ki, vəziyyət çox yaxşıdır. Bunu təkcə mən demirəm, seçkilərin gedişini xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri çox yüksək qiymətləndirirlər. Dünən də bizim onlarla görüşümüz olub. Onlar da buna çox yüksək qiymət verirlər ki, Azərbaycanda sabitlik yaranıb, seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Bu gün də həqiqətən çox sakit, normal seçki keçirilir”.

Dördüncü çağırış Milli Məclisə seçkilərin nəticələri ilə bağlı sualı cavablandıran R.Mehdiyev deyib: “Nəticələr keyfiyyətcə daha yüksək olacaq. Hər parlament seçkilərində biz yeni-yeni nailiyyətlər əldə edirik, parlamentə yeni təfəkkürə malik insanlar gəlirlər. Güman edirəm ki, bu dəfə də belə olacaq. Hər halda, namizədlərin tərkibi belə deməyə əsas verir”.

SAAT 17:00-A OLAN MƏLUMAT

Saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 44.75 faizi parlament seçkilərində iştirak edib.

Bu isə 2.213 398 seçici deməkdir.

Ən çox seçici fəallığı 14 saylı Xəzər 2-ci seçki dairəsində olub – 72.08 faiz.

Ən az seçici fəallığı isə 22 saylı Nəsimi 2-ci dairədə qeydə alınıb - 17, 2 faizdir.

YAP NAMİZƏDİNİN XEYRİNƏ SAXTALAŞDIRMA?

Yusif Bağırzadə
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizədliyini vermiş Yusif Bağırzadə seçkinin saxtalaşdırılmasından şikayətlənir. O iddia edir ki, dairədəki 31 məntəqənin hamısında qanunsuzluqlar müşahidə olunur:

“Müşahidəçilərim seçkilərə gec buraxıldığı üçün onlar qutuların möhürlənməsində iştirak etməyiblər. Dairədəki üç qapalı seçki məntəqəsində zabitlər əsgərlərə Xanlar Fətiyevə səs vermələri ilə bağlı göstəriş verir. Mənzil İstismar Sahəsinin rəisləri seçicilərə birbaşa təsir edir. Seçkinin müşahidə edən QHT-nin rəhbəri Pərviz Həşimli polis tərəfindən səbəbsiz yerə saxlanılıb. Vəkilim Asif Həsənov da polis tərəfindən saxlanılsa da, mənim etirazlarımdan sonra azad olundu. Digər vəkilim Töhfəddin Cəfərov da hazırda təqib olunur”.

Yusif Bağırzadə sözügedən məntəqələrdə “karusel” əməliyyatı ilə qarşılaşdığını da iddia edir. Bu barədə tərtib etdiyi aktı ATƏT-in nümayəndələrinə təqdim edən şikayətçi namizəd, Xanlar Fətiyevin seçki qabağı təşviqatda da qanun pozuntularına yol verdiyini və bu barədə MSK-ya rəsmi şəkildə etirazını bildirdiyini söyləyir.


Yusif Bağırzadə deyir ki, MSK bununla bağlı Xanlar Fətiyevə xəbərdarlıq edib.

39 saylı Kəpəz birinci seçki dairəsinin sədri Eldar Əhmədov isə bütün deyilənləri təkzib edir.

Xanlar Fətiyevin namizədliyi hakim YAP tərəfindən, Yusif Bağırzadənin namizədliyi isə AMİP tərəfindən irəli sürülüb.

Seçkinin müşahidə edən Pərviz Həşimli isə deyir ki, “karusel” əməliyyatını qeydə aldığına görə Gəncə şəhəri Kəpəz rayon polis şöbəsinin müavini tərəfindən saxlanılaraq şöbəyə və orada sorğudan sonra Gəncə şəhər Polis İdarəsinə aparılıb.

Pərviz Həşimli deyir ki, polis rəisi Rasim Musayevlə sorğudan sonra sorğu-sual Gəncə şəhər Prokrorluğunda davam etdirilib.

P.Həşimli idiia edir ki, 2 saat çəkən bu sorğu müddətində onun müşahidəçilik missiyası məhdudlaşdırılıb.

Gəncə şəhər Polis İdarəsinin rəisi Ədalət Sadıqov isə Pərviz Həşimlinin sorğuya çəkilməsini təsdiq etsə də, onun işinə məhdudiyyətin qoyulmasını təkzib edir:

“Pərviz Həşimli ilə bağlı 25 və 26 saylı seçki məntəqələrində akt tərtib olunmuş, bu səbəbdən də o sorğuya çəkilmişdi. Amma bu 2 saat yox, 10-15 dəqiqə müddətində baş vermişdir”.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG