Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 12:04

Əli Əkbər "Amneziya" (Yeni romandan bir parça)


Yazıçı Əli Əkbərin "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasından çap edilən "Amneziya" romanından bir parça


Ürəkbulanma

Bir, iki, üç, dörd... iyirmi, iyirmi bir, iyirmi iki... qırx altı, qırx yeddi...

Başımı su ilə dolu sarımtıl vannadan çıxarıb tərləmiş güzgüdə bulanıq, solğun əksimlə göz-gözə gəlirəm. Əksim dərin bir nəfəs alır.

Həftələrdir yuyulmayan dəsmalla güzgüdəki təri sildim, saçlarımı quruladım. Vanna otağının qəhvə rəngli divarlarına eybəcər damcı ləkələri çöküb.

Onlardan birini barmağımla silmək istədim, alınmadı. Ləkə divarın canına hopmuşdu.

Çətin ki, bundan sonra kimsə bu ləkələri silə. Bütün mənzilim kimi, vanna otağı da qadınsızlığın ağır nəticələri ilə üzləşib.

Qadına aid heç bir iz daşımayan bu darıxdırıcı məkanda - nə ona aid şampun, nə saç balzamı, nə duş geli, nə makiyaj silən salfetlər - heç biri qalmayıb.

Vanna otağı erotizmini itirib sanki. Cütünü itirmiş diş fırçam isə, boynunu büküb arıq pastaya söykənib. Əncam qılmasam, nəinki vanna otağı, bütün varlığım pas tutacaq.

Gülümsəməyə gücüm də var hələ.

Tənha olmaqla, tək olmaq arasında uçurum boyda fərq varmış.

Halbuki, dərinliyinə varmasan, sinonim kimi görünür bu sözlər. Aralarındakı fərqi anlamaqdan ötrü dostlarımın ötən həftə çayxanada etdiyi söhbətə bir küncdə oturub, qəlyan sümürə-sümürə qulaq asmalıyammış.

Bir şairdən söhbət düşmüşdü. İndi heç adı da yadımda deyil. Dedilər “Təkəm” adlı bir şeir yazıb, özü də uğurlu alınıb. Əvvəl qulağıma fraqmentlərlə çatan söhbətə diqqət kəsilib qulaq asmağa başladım.

Sənan ürəkdən gülmüş, sonra isə ciddi görkəm alıb, başını bulamışdı.

- Gör vəziyyəti necə ağırdır. Tənha da deyil ey bu həyatda! Təkdir, tək! Yəni Allah kimi.

Heç kim ağzımı açacağımı gözləmirdi. Yenə də:

- Görəsən bu iddiası təkəbbürdən irəli gəlir? – soruşdum. - Yoxsa təkliyini elan etməsi ümidsizliyin, çarəsizliyin gətirdiyi hayqırtıdır?

Cavab gəlmədi. Birtəhər baxdılar mənə, araya söz qatıb, söhbətin mövzusunu dəyişdilər. “Tək” şairin poetikası bircə dəqiqə belə müzakirə olunmağa layiq deyilmiş.

İndi özüm-özümə verirəm bu sualı: tənhayam, yoxsa təkəm?

Bu, söz oyunu deyilsə və ikisi arasında doğrudan da “uçurum boyda fərq” varsa, hansı birini mənə aid etmək olar?

Hansı biri mənim ruhi böhranımı, psixiloji vəziyyətimi daha dəqiq, daha dolğun əks etdirir?

Xeyr, əhatəmdə kifayət qədər insan var. Dost və sevgili adlandıra biləcəklərimdən başqa da, daim ünsiyyətdə olduğum, bəzən isə ünsiyyətdə olmağa məcbur qaldığım adamlar.

Bu mənada özümü tənha adlandıra bilmərəm. Bəs təklik nədir? Təkəbbür qalası? Allahlıq iddiası?

Təklik mənlik deyil, məsuliyyəti ağırdır. Bəs tənhalıq?

Örtüksüz, yerbəyerindən ipləri süzülmüş nimdaş Riqa divanına sərilib gözlərimi yumdum.

Yenə burnuma köhnəliyin və on illər əvvəl qurumuş nəmliyin qoxusu dəydi.

Bəlkə də atam bu nimdaş divanda əkmişdi məni, o əsnada yalnız öz həzzini düşünərək, nəticəni ağlına gətirməyərək, tərləyərək, yorularaq.

Anam da maye halında məni bətninə - bəşəriyyətin ən zərif saxlanc yerinə qəbul etdiyində, təri atamın tərinə qarışıb bihuş olanda, zarıyanda və inildəyəndə bir əzabın, bir tənhalığın və bir çarəsizliyin bünövrəsini qoyduğunu düşünməmişdi.

Axı onların heç biri, mənim indi cavab axtardığım sualların ağır yükü altında əzilməmişdilər.

Uşaq yaşlarımda, böyüklər “başım ağrıyır” deyəndə, bu ağrının nə cür ağrı olduğunu, diş, yaxud da qarın ağrısından nə ilə fərqləndiyini düşünürdüm.

Baş ağrısını dadmaq istəyirdim, böyükləri başa düşməkdən ötrü.

Sifətindən zəhrimar yağan, yaşıl, qırmızı güllü xələtli anamı, başında arxadan möhkəmcə düyünlənmiş kəlağayı ilə xatırlayıram.

Bu ona aid hafizəmdəki yeganə obrazdır. Üç yaşlı uşağın yaddaşına rəsm edilmiş, anası ilə bağlı ilk və son obraz.

Sonradan baş ağrısı çəkən qadınlarımızın əsasən bu üsula əl atdıqlarını, başlarını sıx çevrələyən əski-üskülərlə ağrılarını azaltmağa çalışdıqlarını gördüm.

İndi bir ildir baş ağrısı mənim də çağırılmamış, çıxıb getmək istəməyən qonağımdır.

Vücudum bütün ağrı kəsicilərə öyrəşib deyə, həblər də kömək etmir. Uşaq olanda həkimlərin xəstələnmədiyini, müəllimlərin yatmadığını, yemək yemədiyini düşünürdüm.

Budur, baş ağrılarından əziyyət çəkən bir həkim kimi, özümə əlac tapa bilmirəm indi.

Mən tənhayam, ya təkəm – deyəsən mənim üçün fərqi də yoxdur. Lap tutaq ki, yalnızam. Bunun adı nə olursa olsun - əzabına dözə bilmirəm artıq.

Sevmirəm bu hissi, nifrət edirəm. Dərddən, kədərdən mazoxistik həzz duyanlara isə paxıllığım tutur.

Əzabın mənbəyini qurutmaq bir yana, o mənbəni sevməyə, ona daha çox bağlanmağa, içində daha çox batmağa can atırlar və bunu bacarırlar.

Necə? Nə üçün? Bax bu aydın deyil mənə.

Mənə aydın deyil bu sıxıntıdan necə narahat olmamaq; qəfəsə qapadılmış ürəyin gah zəif, gah sürətli çırpınışlarını necə sevmək olar? Asosial adamları görən gözüm yoxdur.

Dərdinə qapanmış, bədbinliyi kultivasiya edən enerji vampirlərindən uzaq gəzirəm, çünki onlarla ünsiyyət zamanı həyata, işığa, səadətə, xoşbəxtliyə inamım daha da azalır, bəzən isə yoxolma həddinə çatır.

Sonra özümə gəlmək üçün uzun, upuzun bir zamana ehtiyac duyuram.

Ürəyim bulandı. Köhnə Riqa divanının gərgin yaylarını cırıltı ilə boşaldıb cəld ayağa qalxdım. Vanna otağına qayıdıb unitaza əyildim. Qusa bilmədim.

Gözlərim sulanmışdı, ürəyim tez-tez döyünürdü. Bir müddət nəfəsimi dərib, üzümə su vurdum, otağa qayıtdım. Burada ən sevdiyim yer olan pəncərə kənarına yaxınlaşdım.

Oktyabr ayı bu il yağışlı, küləkli gəlmişdi. Qəmgin, eyni zamanda coşqun yağış yağırdı. İri damcılar son bahar marşı çalaraq şiddətlə asfaltı döyəcləyirdilər.

Boz səma, soyuq küləyin hücumlarından sifətini turşutmuşdu. Küçədə tək-tük adam gözə dəyirdi.

İnsanın nə istədiyini bilməməyindən daha işgəncəli heç nə təsəvvür etmirəm.

Oxumağa kitablarım, zəng vurmağa dostlarım, sevgilim, həmkarlarım var - bəs nəyi gözləyirəm? Niyə oxumağı gözləyən kitablardan birini əlimə götürmürəm?

Niyə heç kimə zəng vurmuram, görüşüb sıxıntılarımdan bir az olsun azad olmaq istəmirəm? Öz ovqatımla insanların qanını qaraltmaq istəmirəm bəlkə?

Yox, bu belə deyil. Axı mən hisslərimi ustalıqla gizlətməyi, biruzə verməməyi bacarıram.

Ümumiyyətlə zahirən çox sakit, təmkinli adamam. İstənilən hissi, ya da emosiyanı oynamağa da hazıram, təki ətrafımdakı insanlar müəyyən situasiyada istədiyim reaksiyanı göstərsinlər.

Əslində bu, çox vaxt onların da xeyrinə olur. Düzdür hisslərimi sevsəm də, emosiyalar hərdən özümə ziyan vurur. Hiss mənim nəyəsə qarşı şüurlu münasibətimdirsə, emosiyalarım tamam fərqlidir - güclü, dəyişkən və səbatsızdır.

Bir an üçün hansısa hadisə zamanı üzə çıxan qeyri-adekvat və dərk edilməmiş reflekslərimdir.

Xeyr, mən demirəm ki, hisslərlə yaşamaq daha asandır. İstənilən hiss zamanla öz təravətini, dərk edilmə şiddətini, hətta cazibədarlığını da itirir.

Çox güman ki, romantik duyğuların zamanla zəifləməsi da bundandır. Emosiylar isə narkotik kimidir mənim üçün. Onlar daha maraqlı və kəskindir.

Ola bilsin anlıq gəlib, tez də sönürlər, amma emosiyalarla yaşamaq daha maraqlıdır. Mənim kimi adamlar hər yerdə və hər zaman fərqində olmadan emosiya axtarışında olurlar.

Odur ki, tələb-təklif qanununa uyğun olaraq emosiyaların tacirləri və istehlakçıları var.

Pəncərəmdən açılan mənzərəni sevirəm.

Bir istiqamətli avtomobil yolu, marketlər, dayanacaq, maşın yağlama mərkəzi, qadın salonu – insanların gündəlik yaşantısını, tələbatlarının ödənmə və pul qazanma prosesini müşahidə etməyimə imkan verir mənə pəncərəm.

Küləyin qaldırdığı paltarının balaqlarını aşağı endirməyə çalışan orta yaşlı bir qadın, sola baxa-baxa yolu keçib yaşadığım doqquzmərtəbəli binanın altında gözdən itdi.

Ürəkbulanmam hələlik keçmişdi. Pəncərədən bayıra baxmaq, gördüklərim barədə düşünmək deyəsən kömək edirdi mənə. İndi də gənc sevgili ya da evli cütlük yolu keçir.

Onlar da maşınlardan ehtiyatlı olmağa çalışırlar.

Ekstrasensor hadisələrin burulğanında yaşayan, metafizik inanışları rasional ağlı üstələyən, fövqəlbəşərə inanan bu adamların arasında insan özünü çox cılız, lazımsız hiss edir.

Dəfələrlə olub ki, dostlarla oturub bu insanları müzakirə edəndə, bircə cümlə ilə söhbəti yekunlaşdırmışıq – onlar bizdən xoşbəxtdirlər.

Xoşbəxtdirlər, çünki ayda bir dəfə verilən bayram, iki günlük tətil, bayram axşamı dənizkənarı parkda atılan fişənglər və pulsuz, kütləvi konsertlər - bunların xoşbəxt olmasına kifayət edir.

Əzablı ifadə naxış kimi həkk olunsa da boz sifətlərinə, xoşbəxt olduqlarını deyib, şükür içində yaşayırlar. “Allah bundan pisini göstərməsin. Buna da min şükür” sözləri ilə təsəlli tapırlar.

Mənə elə gəlir bütün bəşəriyyət keçib bundan.

Şükür zaman-zaman, bütün insanlığın yırtıcı kimi, acgözlüklə udduğu xırda amma doydurucu qida olub.

Mənim ölkəmin insanları haralardasa uzaqlarda, onlardan daha pis yaşayan, daha çox əzilən xalqların olduğunu bilib, şükür edirlər.

Telekanallar ölkədəki problemləri bir kənara qoyub, qonşu ölkələrdə, uzaq şərqdə, Avropada, Amerika qitəsində baş verən faciələri, səfaləti, təbii fəlakətləri, aclığı, yoxsulluğu, böhranları qabardıb hamıya bir ağızdan “bizə min şükür” dedirdir.

Qocalar övladlarının, yaxınlarının öhdəliyindədir, ona görə də müavinətlərinin az olması onları narahat eləmir. Məmurlar rüşvət piramidasında hərə öz yerində bərqərar olub, ona görə də maaşlarının azlığı onlar üçün dərd deyil.

Bir sözlə sistem mükəmməl qurulub.

Mükəmməl sözünün bu situasiyada işlədilməsi nə qədər doğrudur, bilmirəm, amma başqa əvəzedici ifadə tapmaqda da çətinlik çəkirəm.

Daha nə yazıb, nə danışasan? Qələm əhli olan dostlarımdan da tez-tez soruşuram bunu.

Razılaşırlar mənimlə: “Düzdür, təkrarçılığa yol veririk. Amma deyilməmiş heç nə qalmasa da, biz yazmaqdan və danışmaqdan başqa heç nə bacarmırıq...”

Onsuzda heç nəyin düzəlməyəcəyinə dair inanc kök salıb ürəklərində.

Siyasi hakimiyyət ölkədə elə bir vəziyyət yaradıb ki, əllərini aşağı salıb, səssiz-səmirsiz, dəhşətlə baş verənlərə tamaşa etməkdən başqa əlac qalmayıb.

Bu unikal sistemin eybəcərliyi həm də ondadır ki, hər şeyin, o cümlədən mübarizənin və ümidin də mənasızlığına inandırıb əhalini.

Bu telefon zəngi məni əzablı yalnızlıqdan qurtarmağa hesablanıb görəsən? Ola da bilər, olmaya da. Displeyə baxıram. Zəng vuran Rənadır.

- Nəhayət, şahzadəm məni yad elədi – səs tonumu elə bacarıqla dəyişdim ki, elə bil bayaqdan kefim saz, damağım çağdır.

Rənanın səsi isə kal gəldi:

- Demə-demə. İndicə oyanmışam. Səhər beşə qədər kinoya baxdıq – xəttin o başından əsnədiyini duydum.

- Kiminlə baxmısan?

- Ləman gecə bizdə qalmışdı. İkiyə qədər oturduq yemək yedik, bir az içdik. Sonra da dedim daha gecdir, bizdə qal, səhər gedərsən.

Ləman Rənanın ən yaxın rəfiqəsidir. Bir dizayn şirkətində art-direktor işləyir.

Bu sualın cavabı mənim üçün bir o qədər əhəmiyyətli olmasa da:

- Çıxıb gedib, yoxsa yanındadı? – soruşdum.

- Yox, burdadı. Mətbəxdə qurdalanır – Rəna bir də əsnədi. – Sənin planın nədi? İstəyirsən gəl bir yerdə nahar edək.

- Yox əşi, sağ ol. Sizə nuş olsun.

Rəna səsimdəki qətiyyətsizliyi sezdi.

- Naz eləmə - dedi ağzını əyə-əyə. – Gəlirsən gəl də.

Bu dəfə daha qəti idim:

- Yox, yox zarafatsız. İstəmirəm. Sizə nuş olsun. Ləmana da salam deyərsən. Şəhərə çıxası olsan xəbər ver, görüşək.

- Çətin ki, bu gün vaxtım olsun. Kalan görüşüm var.

- Bazar günü nə görüş? – təəccüblə soruşdum.

Rəna neft və inşaat şirkətləri üçün avadanlıq satan firmada satış müdiri işləyir.

Gündə bir neçə müştəri ilə görüşmək, onlara yeni kataloqları göstərmək, təkliflər vermək onun vəzifəsidir.

Məndən 3 qat artıq pul qazanır və bu fakt nə onu, nə də məni hələlik narahat etmir.

Əslində edə də bilməz, çünki biz heç vətəndaş nikahında da deyilik və bir-birimizin qarşısında öhdəlik götürməmişik.

- İş görüşü deyil. Xalam qızı məni sevdiyi oğlanla tanış eləmək istəyir. Kafeyə gedəcəyik. Sonra da işdəki bir qızın ad günüdür, ora baş çəkməliyəm. İstəsən sən də gələ bilərsən.

Tanımadığım bir qızın ad günü mərasiminə getmək həvəsində deyildim. Ümumiyyətlə səs-küylü məclisə düşmək, halımı daha da pisləşdirə bilərdi.

- Yox, çox sağ ol. Amma ad günündən tez çıxsan, zəng elə görüşək. Şəhərdə olacam. Yağır. İsti geyinərsən.

- Yaxşı canım, oldu. Ləman da çağırır, mən gedim. Öpürəm səni. Özünə yaxşı bax.

- Mən də səni.

Telefonu söndürmədən öncə, gözlənilməz suallar vermək adətidir.

- Səsin nəsə birtəhər gəlir. Yaxşısan? – Rənanın səsində doğrudan da səmimiyyət notlarını sezdim. Bu məni sevindirdi.

- Narahat olma. Bir az başım ağrıyır.

- Yaxşı, oldu – dedi. Səsində şübhə qırıntıları vardı.

- Görüşərik canım, sağ ol.

Bax belə. Boşanmış kişinin göylərdən göndərilmiş təsəllisi - Rəna. Nə zaman ehtiyac duysam, hər an tələbatlarımı ödəməyə hazır, öz gələcəyinin konturları mənimkilər qədər bulanıq və qeyri-müəyyən olan fədakar sevgilim.

Yenə də məndən fərqli olaraq ailə qurmamış, dünyaya övlad gətirməmiş gənc qadın.

Rəna

Rəna Toğrulun 29-cu ad gününə onun bacısı ilə gəlmişdi və gələn kimi yanımdakı boş stula əyləşmişdi.

Əvvəl başı ilə salam vermişdi, mən də salamını almışdım.

On dəqiqə sonra isə artıq əlli illik dostlar kimi nəyəsə qəşş edib gülürdük.

Bu qəribə idi - azərbaycanlı qızlara xas olmayan rahatlığı, sakitliyi məni çaşdırmışdı.

Özünü sıxmırdı, ən əsası isə vulqar və sırtıq deyildi. Mən dayanmadan içdiyimə görə, o gün nə danışdığımızı xatırlamıram.

Rəna məndən az içsə də, öz dediyinə görə onun da yadında heç nə qalmayıb. Görünür heç birimizin məqsədi danışmaq deyildi o gün - biz bir-birimizi tanımaqla məşğulduq.

Toğrul, sevgilisi Zümrüdü rəqsə dəvət edəndə, başı ilə mənim də Rənanı rəqsə qaldırmağıma işarə vurmuşdu. Deyəsən buna ehtiyac da yox idi.

Böyük həvəslə, cəld ayağa sıçrayıb, Şarl Aznavurun lirik mahnısı fonunda rəqs etmişdik.

Bir-birimizə baxıb gülümsəyirdik. Üzündəki cizgilərə, gülümsəyən gözlərinə baxır, ətirli saçlarını qoxulayırdım.

Ürəyim tez-tez döyünür, içim qızırdı. Qəlbimin hərarəti nəfəsimi kəsirdi.

Qollarımda bir qadın vardı və mənə başqa heç kim lazım deyildi. Bu nə idi belə? Məhəbbət? Yenə məhəbbət? Ürəyim qəfildən sancdı. Biruzə vermədim.

Bu qorxu əlaməti idi. Məhəbbətin nə olduğunu yaxşı bilirəm mən. Ağrı, ancaq ağrı. Bəlkə də bilməmişəm, dadmamışam mən əsl sevgini?

Bəlkə mənimki yalnız ötəri həvəs olub, ya da asılılıq.

Yerimizə oturub növbəti araq qədəhlərini boşaldandan sonra, masanın altında yumşaq əlini tutmuşdum nəvazişlə. Toğrul siyasətdən danışmadığıma görə xoşbəxt görünürdü.

Təkcə Toğrul yox, bu məclisdə oturan hər kəs yenə ənənəvi söhbəti açacağımdan qorxurdular elə bil. “Onsuzda dediklərini bilirik də, daha qanımızı niyə qaraldırsan?

Hə, bu hakimiyyət pisdir, biz əminliklə diktaturaya doğru addımlayırıq. Ölkə uçuruma gedir. Amma imkan ver bu gün rahat oturaq, bunları fikirləşməyək.”

İllərdir hamı məndən “bunu” düşünməməyi tələb edir. “Heç olmasa bir gün” danışmamağı, susmağı. “Onsuzda danışmağın xeyri yoxdur. Başını sal aşağı, işini gör” - eşitdiyim yalnız bunlardır.

Yəni, o axşam Toğrula da sərf edirdi Rənaya maraq göstərməyim – həm susub, “boş-boş” danışmadığıma, həm də ki, qadınsızlıq dövrümə son qoyacaq bir yaxınlaşmanın ilk addımları atıldığına görə.

Düşünürdü ki, bu yaxınlaşma baş verərsə, onun yaxın dostu depressiyadan çıxacaq və “bu zəmində” yaşanan mübahisələrimizə, daimi narahatçılığıma son qoyulacaqdı.

Toğrul belə hesab edirdi. Mən isə bir yandan bağlandıqca bağlanır, bir yandan da dalğa-dalğa üstümə gələn bu gizildədici duyğudan dəhşətə qapılırdım.

Sonrakı günlər qorxularımı daha da artırdı. Doğrudan da bu dərdsiz-qəmsiz, daim gülümsər qıza mübtəla olurdum.

Tək yaşadığı iki otaqlı mənzilinin qonağı olurdum və o, heç soruşmurdu nə üçün onu öz tənha, qadınsız və səliqəsiz evimə dəvət etmirəm.

Əslində bu sualın cavabını, sualın özündə axtarmalıydı. Dəvət etmirdim, çünki evim tənha, qadınsız və səliqəsiz idi. Sevil çıxıb getdiyi gündən bu yana, heç nəyə toxunulmamışdı o evdə. Heç nəyə.

Rənanın yataq otağından sonra, mənzilində ən sevdiyimiz məkan mətbəx idi.

Sevişəndən sonra o mənə türk üsulu kofe dəmləyir, mən isə soyuducuya hücum çəkib, əlimə keçən pendir, kolbasa, badımcan kürüsündən eklektik buterbrodlar hazırlayırdım.

Dizlərinə qədər uzanan mavi gecəliyində Rəna olduğundan daha qısa boylu görünürdü və bu görkəmi adam kimi kofe içməyimə, buterbrod yeməyimə mane olurdu.

Tez-tez onu möhkəmcə qucaqlayıb boynundan öpür, incə, vanilli yanaqlarından kiçik dişləmlər alırdım.

Sonra da dözə bilməyib döşlərinə sürüşdürəndə dilimi: “İmkan ver çörəyimizi yeyək də” deyib qəşş edirdi.

***

- O gün səni görəndə, başa düşdüm ki, vurulmuşam. Qəribədir.

Rəna başını sinəmdən qaldırıb:

- Niyə? - soruşdu.

Azacıq əyilib alnından öpdüm.

- Belə tez vurulan adam deyiləm.

Gülümsündü. Təzədən başını sinəmə qoydu. Mən onun ipək, şabalıdı saçlarını sığallayırdım. Çarpayının bəyaz örtüyü yarıyacan yerə süzülmüşdü.

- O qədər tənha görünürdün ki, o axşam. – dedi. - Özümdən asılı olmadan sənə sığınmaq istədim. Açığı mən özüm də vurulmaqdan qorxuram. Çox təhlükəlidir. Həyat hər şeyə, hətta duyğularıma da nəzarəti öyrədib mənə. Amma hərdən özümü dalğalara təslim etmək istəyirəm. İstəyirəm üzərimə gələn sevgi selinə qapılım, heç nə düşünməyim. Deyəsən belə də etmişəm.

Daha Rənaya demirəm ki, Sevildən sonra bu hissləri yenidən yaşamaq, bu əzabı təzədən dadmaq qorxusu var içimdə.

Özümdən arxayın deyiləm. Öz çılğınlıqlarımdan, ehtirasımdan qorxuram. Halbuki hər ikimiz də gecikdiyimizi bilirik – iş işdən keçib.

Onun gerçəkdən hansı hissləri keçirdiyini bilə bilmərəm, ancaq məndən söhbət gedirsə - qəlbimin məhrəm guşəsində Sevili hələ də yaşadaraq sevirəm Rənanı.

Rənada ən çox bəyəndiyim keyfiyyətlərdən biri də, siyasi mövzulara maraq duymasıdır.

Bu, bizim qızlara xas olmayan cəhətdir. Mən danışanda diqqətlə qulaq asmaq bir yana, öz sözünü deməyi, təhlil yürütməyi də bacarır.

Çoxsaylı stomatoloq həmkarlarımla yalnız işdə görüşsəm və demək olar ki, Toğrul istisna olmaqla, onların heç biri ilə yaxın dostluq münasibətim olmasa da, çevrəmdə bir qayda olaraq Rənanın da çox sevdiyi, hörmət bəslədiyi müxalif fikirli yazıçı, jurnalistlər olur.

Köhnə həyat yoldaşım Sevildən fərqli olaraq, Rəna onların bütün söhbətlərinə diqqətlə qulaq asmağı bacarır, kitablarını, yazılarını müntəzəm oxuyur.

Sanki illərdən bəri axtardığı, yaxın olmaq istədiyi mühiti nəhayət tapdığı üçün mənə dəfələrlə minnətdarlıq etməsinə cavab olaraq, “Onda mən də Toğrula təşəkkür borcluyam, çünki səni, onun sayəsində əldə etmişəm” deyirəm.

Uşaqlar isə hər fürsətdə Rənaya giley edirlər:

“Murada nə qədər deyirik sən də yaz, yazmır. İstəsə roman da yazar.”

“Yüz faiz yazar!”

Mən də təvazökarlığıma salıb, başımı bulayıram: “Məndən nə yazıçı? Diş qurdalamaqdan başqa əlimdən heç nə gəlmir. Heç onu da fərli bacarmıram.”

Rəna onları tez-tez heyrətləndirir. Dağüstü parkda yığışdığımız ənənəvi çay məclislərindən birində, Rənanın ölkənin tanınmış publisistlərindən,

Liberal qəzetinin əməkdaşı Sənan Qurbanovla mübahisəyə girişməsi, mənim üçün gözlənilməz olmuşdu. Söhbət xalqın laqeydliyindən düşəndə:

- Ağız-ağıza verib xalqı söyürsünüz neçə ildir – demişdi. - Xalqın tənəzzülündə hakimiyyətin oynadığı rolu görməyəcək, danacaq qədər gözləriniz kordur? Xalqın bütün bəlalarının baiskarı onlardır. Alçaldılmış, zəlil günə qoyulmuş insandan nə gözləmək olar?

Evli olduğum dövrdə tez-tez evimizə toplaşan reaksionist dostlarımın söhbətlərinə Sevilin sadəcə qulaq asmaqla kifayətlənməsinə, heç bir reaksiya bildirməməsinə Sənan da, Cavid də, Araz da öyrəşmişdilər.

Sevil üçün evimizdə ən sevimli qonaq, məclislərdə isə ən əziz masa yoldaşı siyasətdən uzaq Toğrul və bizim amorf həkim həmkarlarımız idi.

İndi isə yanımda oturan qadın, cəmiyyət üçün “təhlükəli”, “qorxulu” mövzulara toxunur, üstəlik mübahisə də edirdi.

Sözü yarımçıq qalan Sənan əvvəl gözlərini bərəldib Rənaya baxmış, sonra da özünə gələrək, ən sevdiyi idman növü olan mübahisəyə girişmişdi.

- Əşi xalq bəs niyə qalxmır ayağa? Niyə qorxur? Neftdən gələn milyonlarla pulu mənasız bayramlara, kütləvi tədbirlərə, camaatı sürü kimi meydanlara toplayıb onları ən axmaq, ən zövqsüz aktyorlarla əyləndirməyə sərf edirlər. Günün günorta çağı ölkədə insanlar qətlə yetirilir, qatilləri heç vaxt tapılmayacaq cinayətlər işlənilir. Rüşvət baş alıb gedir. Təhsil, səhiyyə çöküb. Bəs xalq niyə susur?

Başqa vaxt olsaydı Sənanla razılaşardım, amma bu gün Rənamı müdafiə etməliydim.

- Məncə də xalqı bu qədər təhqir etmək düzgün deyil. Başa düşün – sizin bu xalqa qoyun, axmaq, bivec deməyiniz hakimiyyətə də sərf edir. O gün də televizorda biri çıxıb danışırdı ki, azadlığı hakimiyyət yox, Azərbaycan xalqının mədəniyyəti, dünyagörüşü məhdudlaşdırır. Xalqın mədəniyyətinə və mentalitetinə qarşı çox həssas olan Qənirə Milli isə, xalqın sifarişi ilə onun azadlığını çərçivəyə salır. Yəni demək istəyir ki, bu xalqa azadlıq lazım deyil. Belə adamlar sizin kimilərin yazılarından ruhlanır da! Siz xalqı söydükcə, bütün bəlalarımızın səbəblərini xalqın özündə gördükcə, onu qabiliyyətsiz, fərasətsiz adlandırdıqca həm xalqı ruhdan salırsınız, həm də bu cinayətkar hakimiyyətə bəraət qazandırırsınız. Özünüz də fərqində olmadan.

Sənana nəyisə sübut etmək mümkün deyil. Həmişəki kimi, öz dəmir arqumentlərini işə salır:

- Xalq apriori pis olduğuna görə yox, sadəcə olaraq öz zəlil vəziyyəti ilə razılaşıb, barışıb dizləri üstə çökdüyünə görə layiqdir nifrətə. Biz buna görə söyürük xalqı.

Başını çiynimə yaslayıb Sənanı dinləyən Rəna etiraz etmişdi:

- Qırx il Musa, öz xalqının içindəki köləni boğmaqdan ötrü yəhudiləri çöllərdə süründürmüşdü. Bununla belə, böyük uğur əldə edə bilməmişdi. Amma bizdə tam tərsi olub, özü də ikiqat - yetmiş il bu xalqa köləlik aşılanıb. Yetmiş il bəlkə də tarix üçün əhəmiyyətsizdir, amma fərdin, millətin həyatında çox ciddi rəqəmdir. Hələ mən 37-də repressiyaya uğramış ziyalılarımızı demirəm.

Sevgilimlə fəxr edirdim. Gülümsəyib profilinə baxdım.

Cəsur, sözünü çəkinmədən deyə bilən bir qadınım var.

Xoşbəxtlik üçün bundan artıq nə lazımdır kişiyə? Fürsət tapanda pasientlərimlə demokratiyadan, insan haqlarından, azadlıqdan danışanda hər dəfə sözlərim beton divara çırpılır: “Onsuzda heç nə düzələn deyil, başını sal aşağı, işini gör”.

Toğruldan da bunu eşidirəm. Sevildən də bunu eşidirdim.

Düzdür, əzizdir mənə hər ikisi də, amma bütün fikirlərimi mənimlə bölüşən, hər məsələdə mənimlə həmrəy olan bir qadınla tanış olmağım, mənim üçün əlahiddə bir hadisədir.

Toğrulun ad günündə, Toğruldan tamam fərqli dünya duyumuna mənsub bir qızla tanış olmaq ehtimalı nə qədər zəif olsa da, o gün bu tanışlıq baş verdi.

Deməli dünyamız möcüzələrdən xali deyil.

Bir yetmiş boyunda, şabalıdı saçları, gözəl, dümdüz burnu, kiçicik qulaqları, iri alnı və badam gözləri olan gözəl bir qadınla rəqsə qalxanda, münasibətlərimizin vur-tut beş-altı cümləlik keçmişi vardı.

Hardan biləydim ki, qısa müddət ərzində ürəyimi fəth edəcək bir insanla ilk rəqsimi edirəm?

Yağış artıq kəsmişdi. Qüruba hazırlaşan göy üzündə yer-yer, səliqəsiz ləkələrə bənzər maviliklər görünürdü.

Bir az sonra onlar da itəcək və bircə ulduzu olmayan səma, daha da bozaracaq. Əlində kulyoklarla marketdən çıxan ana, bir əlindən tutduğu körpə oğlu ilə, qaça-qaça yolu keçirdi.

Tez-tez ayaqları yerdən qopan balaca isə, görünür mağazadan istədiyi şirniyyatı, ya da oyuncağı almayan anasına etiraz olaraq gözlərini yumub, dodaqlarını dördbucaq formaya salıb bərkdən ağlayırdı.

İnsanları başa düşmək çətin deyil. Xeyr, bəraət qazandırmalıyıq demirəm, sadəcə başa düşməkdən danışıram. Əslində mən də gücsüzəm, acizəm bu qeyri-insani sistemin hüdudsuz imkanları qarşısında.

Repressiv aparata tuşlaya biləcəyimiz hansı silahımız var axı? Odur ki, bu qəddar rejimdən qorxanları qınamalı da deyil.

Hər kəsdən özünü qurban verməsini, fəda etməsini gözləyənlər, hətta bunu tələb edənlər var. Halbuki buna haqqımız yoxdur.

Bu sistem ondan narazı olanları, etiraz səsini yüksəldənləri qaçırdan, öldürən, işgəncə verən, ailəsinə, uşağına qarşı zorakılıq törədən, malını-mülkünü talan eləyən, evini yandıran, partladan, sübh tezdən ya da alaqaranlıqda evinin qarşısında alnından güllə ilə vuran, cibinə narkotik maddə atıb həbs edən bir sistemdir. Nə qədər danışsam da, susmağı özümə ar bilsəm də - mən də bu sistemdən qorxuram.

Sənanla razı olduğum məqamlar var - xalqın mentaliteti bizi təslimçiliyə, boyun əyməyə, susmağa səsləyir. Bu “dəyərlər toplusu” da sistemi qane etdiyinə görə, aparat onu maksimum kultivasiya edir.

Mentalitet cilalanır, ona parlaqlıq qatılır, inkişaf etdirilir və mümkün olan bütün kanallar vasitəsilə kütlə arasında təbliğ olunur.

Təslim olan, boyun əyən xalqı sevmək çətindir, bilirəm, bəs bizləri bu ağır, dözülməz rəftara məruz qoyanların heçmi günahı yoxdur?

İndi Rəna öz evində Ləmanla nahar edir. Mən isə ora getmək istəmirəm.

Rəna tək olsaydı da getməzdim – ovqatım əl vermir. Bu gün işə də getməyəcəm. Deməli vərdiş etdiyim, artıq iyrənməkdən yorulduğum ağız boşluğu, tüpürcək, qan, irin də görməyəcəm.

Pasientlərim beş ildir diş həkimi peşəsinə yovuşa bilməyən, işindən zövq almayan, xəstələrindən zəhləsi gedən bir stomatoloqun kreslosuna əyləşdiklərini bilsəydilər, görəsən reaksiyaları nə olardı?

Mənə nifrətlərini qusardılar, yoxsa peşəsini sevməsə də, işini yüksək səviyyədə görən stomatoloqa valeh olardılar?

Hər bir insanın uşaqlıq arzusu olur - özü də bir yox, bir neçə.

Onlardan bəziləri uzaq, geri dönüşü olmayan keçmişdə ilişib qalsa, zamanın dəhlizlərində yox olub getsə, aktuallığını itirsə də - qəlbimizdə, yaddaşımızda yaşatdığımız və müxtəlif səbəblərdən nə tam, nə də qismən reallaşdıra bilmədiyimiz arzularımız da var.

Bu arzularla bağlı xatirələrə dalanda, yüngül bir hüzn saplanır ürəyimizə və biz, bu mütəmadi kədərlə, peşmançılıq hissi ilə yaşamağa məhkum olduğumuz üçün, özümüzü bağışlaya bilmirik.

Mən, atamın təlqinləri ilə diş həkimi oldum. İndiyə qədər də bu peşəmi, pul qazanmağın başqa üsulları mənə məlum olmadığı üçün icra edirəm.

Ola bilsin yazıçı, publisistlərlə ünsiyyətim də, içimdəki realizə olunmamış arzuların doğurduğu kompleksdən irəli gəlir.

Atam tez-tez olmasa da, məni anasız böyütdüyünü, həyatımı ona borclu olduğumu vaxtaşırı yadıma salardı.

Konstruktorlara, suvenir avtomobillərə marağımdan tutmuş, məktəbdəki ilk məhəbbətimə qədər - həyatdakı bütün cəhdlərim onun ülgüc kimi kəsici ironiyası ilə toqquşurdu.

Uşaq olanda mənə ən əziz, ən doğma insan idi atam. Zaman keçdikcə anladım ki, qan qohumluğu sən demə heç nə ifadə etmirmiş bu həyatda, çünki bu qohumluq, bu bağ - mənim seçimim deyil.

Tibb Universitetinə qəbul olunmağım - bütün başlanğıclarımı rüşeymdəcə boğan atamın qarşısındakı son təslimçiliyim oldu.

Gözlərimi yumub alnımı ovuşdurmağa başladım. Rəna yanımda olsaydı yarım saat, hətta bir saat alnımı, gicgahlarımı zərif barmaqları ilə yorulmadan masaj edərdi.

Ola bilsin başımın ağrısı heç keçməzdi də, amma mən bunu ona bildirməzdim.

Şiddətli baş ağrılarımın, müdhiş qorxularımın, günü-gündən böyüyən narahatçılığımın, əndişələrimin məni bir gün dəli edəcəyini düşünüb, bu ehtimaldan vahiməyə qapılıram. Hər şeyini itirmiş pərişan, pəjmürdə məcnun obrazında görə bilmirəm özümü.

Psixiatriya kitablarında əzab çəkən insanların çırpınışlarına və sonradan xoşbəxtliyi tapdıqlarına dair pafoslu hekayələrə rast gəlmək olur. İnsanlar, biz stomatoloqlara pul ödəyib əvəzində sağlam dişlər əldə edirlər, son dövrlər dəbə minən psixiatrlara dünyanın pulunu xərcləyənlər isə bir qayda olaraq: “Problem sənin özündədir, dərdinin dərmanı öz içindədir, ancaq özün-özünə kömək ola bilərsən” kimi səfeh-səfeh məsləhətlər eşidirlər.

Bütün psixiatrlar buna oxşar diaqnozlar qoyub, bir-iki əsəb sakitləşdirici, hərdən də psixotrop dərmanlar yazırlar.

Yenicə formalaşmağa başlayan milli, feodal burjuaziyamız dəniz sahilində milyonluq villalarla, “super car” avtomobillərlə yanaşı, psixiatrlara da meyl salıb.

Bu səbəbdən, ölkədə həmişə ögey övlad münasibəti görən bu sahə, indilərdə uğurla inkişaf edir. Bəlkə də belə olması daha yaxşıdır.

Görəsən mən dəli olsam, nə cür dəli olacağam – mülayim, həlim təbiətli yoxsa aqressiv?

Tələbəlik illərində, sahəmizə aidiyyəti olmasa da, sırf maraq xətrinə psixiatriya kafedrasında oxuyan yoldaşlarımızla ruhi dispanserə, “praktikaya” getmişdik. Orada mən, dəlilərimizin bir qayda olaraq qəzəbli, hiyləgər, namərd xislətli olduğunu, ambisiya və iddialarında sərhəd tanımadıqlarını aşkarladım.

Kinolardan, sənədli filmlərdən gördüyüm Qərb ölkələrinin dəliləri isə mənə həmişə səxavətli, mülayim, şirindil görünüb.

Deməli dəlilər xalqın güzgüsü, iç üzü, onun keyfiyyətinin göstəricisidir. Ola bilsin yanılıram, amma bu mənim müşahidələrimdir.

Bircə ona təəssüf edirəm ki, Rəna ilə tanış olandan sonra məndə həyata aid ağır, iztirablı ümidsizlik hissindən, ruhi boşluqdan heç əsər də qalmayacağına inandığım halda, bu belə olmadı.

Rənagilə getməsəm də, heç olmasa küçəyə çıxım. Bəlkə təmiz havada bir az özümə gələrəm?

Tünük gödəkcəmi hara tullamışam görəsən?

(redaktə olunmuş son variant)
XS
SM
MD
LG