Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:46

Sahilə İbrahimova "Elədi" (Hekayə)


Elə deyilmiş...


Onlar bir-birini sevəndə həyat sadə və rəngsiz idi.

Onların sevgisinin açıq qəhvəyi rəngli fonu, boz və ağ çalarları vardı. Hər şey ağ-qara şəkillərdəki kimi sadə və müqəddəs, həlim və təhlükəsiz görünürdü.

Qonşuları Həbibin atası sidqi ürəkdən inanırdı ki, gələcəkdə hər şey daha yaxşı olacaq.

Daha nə cinayət işləyən, nə də onun araşdırılması ilə məşqul olacaq hüquqşünas olacaq.

Bütün hakimlər elə indidən başqa sənət öyrənməlidirlər.

Həbib coğrafiya fakultəsində oxuyurdu ki, gələcəkdə dünyanı şagirdlərinə tanıda bilsin.

O zaman hamı dünyanın yumru olduğuna inanırdı. Insanlar hara yuvarlansalar da, rahat yerə düşəcəklərini düşünürdülər.

Onlar bir-birlərini sevirdilər.

- Məni sənə verməyəcəklər. Qız deyirdi.

- Biz onlara sübut edəcəyik ki, bir-birimizi sevirik.

Oğlanın əlində üç ədəd qərənfil vardı.

- Bu, çətin olacaq.

Qız deyirdi.

- Biz bacararıq. Biz çalışarıq. Xoşbəxt olacayıq. Biz buna layiqik.

Oğlan qürurla deyirdi.

- Elədi.

Qızın gözlərində xoşbəxt ümid parlayırdı.

Günəş şüaları köhnə kinoların məhəbbət səhnələrindəki kimi dalğaların üstündə qayğısız-qayğısız yellənirdilər.

Oğlan bunu pəncərədən baxaraq görür, vədlərini onlara güvənərək verirdi.

***

Saatın əqrəbləri əks istiqamətlərdə anlamsız şəkildə ötüşürlər. Əqrəblərin insanları xoşbəxt gələcəyə aparacağına inananlar hələ çoxdu.

Ər gözlərini ağ-qara televizora zilləyib. Mətbəxdə qoca qadın az qala bağıra-bağıra qabları bir-birinə çırpıb sındırmaq, günahını bədayaq gəlinin uğursuz gəlinliyinə yazmaq istəyir.

Gəlin gözə dəymir, o arxa otaqda xısın-xısın ağlayır.

- “Gəldi-gəlmədi evimizin dirəyi getdi.” Səksən iki yaşında

ölmüş qoca ərini deyirdi. Anası özündən iyirmi yaş böyük kişiyə getmişdi. “Nəslimizin suyu qurudu. Sən gələn yerdə yolunu daş kəsəydi.”

- Bəlkə də o düz deyir. Gəlin “günahını” boynuna alır.

- Atamı itirəndən sonra əsəbi olub. Əri onu sakitləşdirir. Biz təzə ev alarıq.

- Bizim uşağımız da olmur.

- Fərqi yoxdu. Biz bir ailə üçün uşağın nə qədər vacib olduğunu unudarıq.

- Çətin olacaq.

- Biz çalışarıq. Bacararıq. Xoşbəxt olarıq. Biz buna layiqik.

- Elədi.

***

- Axşam yorğun-yorğun düşür. Küçələrə səpələnmiş insanlar dəstə-dəstə, topa-topa, bəziləri də tək-tək qutulara doluşmağa tələsirlər.

Saçına vaxtından tez dən düşmüş kişi qırışmış üzünü qaşıyır.

Qadın əlini qoynuna dürtüb. Onun əlləri əsir, qolunu tərpədir. Bənizi ağappaqdı.

Əlini əvvəlcə qulaqlarına, sonra sinəsinə, sonda barmağına aparır. Bir cüt firuzəyi sırğa, iki nazik boyunbağı, təkqaşlı üzüyü ərinin ovcuna qoyur.

- Apar sat.

- Yox. Mən bir şey fikirləşərəm.

- Balamızdan artıq deyil ki. Oğlum böyüyər, ikiqatını
alar.
- Bir tikə çörəkdən ötrü... Kişi dərindən ah çəkib qurumuş sinəsini pəncərəyə dirəyib soyuğa bürünən insanların ötüşməsini izləyir. Aynəbəndin şüşəsi qırılmış pəncərəsinə polietilen torba vurulub.

Çürümüş taxta çərçivələrdən içəri soxula bilən külək vazanın içərisindəki mavi, çəhrayı, yaşıl rəngli süni gülləri yellədir.

İndi həyat daha zəngin dekorasiyalı və rənglidi. Bütün şəkillər rəngli və çərçivəlidi.

İnsanlar daha az gülür, solğun təsəlliləri acgöz ümidlərinin gözlərinə təpirlər. Mütəxəssislər bu dövrü keçid dövrü adlandırır.

- Hər şey yaxşı olacaq. Biz xoşbəxt olacıyıq. Kişi alçaq səslə bir ovuc qızıla aldığı beş kağız pulu stolun üstünə qoyaraq deyir. Biz yenə də dirçələciyik. Biz buna layiqik.

- Elədi.

Qadın pulların üstündə yatan sehrə aldanıb rahatlaşır.

***

- Niyə belə elədin, ay bala. Niyə bizi bu günlərə qoydun....

Ananın səsi hamıdan bərk çıxır. “Nəydi o çəkdiyin zəhrimar. Niyə bizi balasız qoydun... Məni öldürəydin, canına qıymazdın...”

Atanın səsi gəlmir. Baxanlar onun bir də səsinin eşidilməyəcəyini düşünür.

O oğlunun ağ ölümlə çiyinlərə yüklənən çəlimsiz bədənini bütöv qəbristanlığı daşıyırmış kimi çətinliklə aparır.

İndi həyat getdikcə nəhəng qəbristanlığa bənzəyir.

Rəngli televizorlarda, bahalı restoranlarda, çoxmərtəbəli binalarda, hündür işıq dirəkləri, reklam lövhələri olan küçələrdə, son markalı avtomobillərdə fürsət gözləyən rəngli-rəngli ölümlər bacarıqlarını göstərmək üçün öz növbələrini gözləyirlər.

Danışmağa sözlər, yaşamağa bəhanələr azalıb.

Ana ona yalançı vədlər vermiş ərinə baxır.

- Daha heç nə yaxşı olmayacaq. Mən heş vaxt xoşbəxt olmaram. Mənim balam yoxdu....

Atanın bir-birinə dolaşmış dodaqları güclə aralanırlar.

- Elədi.

***

Onlar daha dərd çəkmirlər. Dərd onları çəkir. Dərd olan
yerlərə tələsirlər.

Qoca kişi yaşlı arvadını qabağa verib onun pay-püşləri qaçqın üşaqlara paylamasına nəzarət edir.

Nə isə almağa həvəslənən əllər əvəzlənir, arvadının əli ona uzanan əllərə qarışır, görünməz olur.

Hər iki tərəf bir-birindən ümid dilənir.

İndi elə bir dövrdü ki, həyat maddiyyatdan, var olan hər şeydən ibarətdi.

Yox olanların xəyalı ilə yaşayıb xoşbəxt ola bilənlər çoxdan ölmüşlər.

Daha qəhrəman olmaq istəyən və bir gün qəhrəmanın gələcəyinə inanan yoxdu.

Bu dövr qəhrəmanlığın böhran dövrüdü. Var olan qəhrəman inandıra biləndi.

Əri iki vərməşil, beş kilo un, bir qarğıdalı yağı, üç əl-üz, iki paltar sabunundan ibarət bağlamaları paylayıb qurtaran arvadına yaxınlaşır. O zəmanəsinin ən böyük qəhrəmanlığını etmək istəyir. Arvadını inandırmağa çalışır.

- Biz xoşbəxt olmadıq. Halbuki biz buna layiq idik, çalışmışdıq...
Neynək... Bəlkə onların içindən bunu bacaran oldu...

- Elədi!!!
XS
SM
MD
LG