Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Moskva hadisələrinin Bakı qorxusu...


Moskvadakı hadisələrdən sonra azərbaycanlıların Rusiyadan köçməsi faktına hələ ki, rast gəlinmir
Moskvadakı hadisələrdən sonra azərbaycanlıların Rusiyadan köçməsi faktına hələ ki, rast gəlinmir
«Xəstə adamam, qardaşım baxır mənə. Ona ümidliyəm, o pul göndərəndə yaşayıram, yeyirəm, içirəm, göndərməyəndə yox».

Bəsti Kərimova azyaşlı qızı və anası ilə birgə yaşayır. İş üçün müxtəlif yerlərə etdiyi müraciətlər də indiyə qədər bir nəticə verməyib. Deməsinə görə, Rusiyada işləyən qardaşının göndərdiyi pulla dolanır. İndi isə Moskvada baş verən son hadisələrdən çox narahatdır. Amma narahatlığa rəğmən Bəsti Kərimova qardaşının Azərbaycana gəlməsini o qədər də istəmir. Deyir ki, özləri iş tapa bilmədikləri halda qardaşının da Azərbaycana gəlib işsiz qalması nə onlara, nə də qardaşına yaxşı bir şey vəd edir:

«Vallah özümüz də qorxu içindəyik. Qərib yerdədilər, deyirik gözümüzün qabağında olsunlar, amma olmur, gəlib burda necə dolanacaqlar, harda işləyəcəklər. Ona görə Allaha dua edirik ki, heç bir şey olmasın».

RUSİYADA 2 MİLYONA YAXIN AZƏRBAYCANLI VAR

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hazırda Rusiyada təxminən 2 milyona yaxın azərbaycanlı yaşayır. Bunlardan çoxu müvvəqqəti olaraq çörək pulundan ötrü Rusiayaya gedənlərdir.

Bəzi iqtisadçılar hesab edirlər ki, Rusiyada son günlər baş verən etnik qarşıdurmalar bu ölkədə işləyən azərbaycanlılara qarşı yönələrsə,
Zöhrab İsmayıl
bu, Azərbaycanda yüz minlərlə ailənin büdcəsinə çox pis təsir göstərə bilər.

İqtisadçı Zöhrab İsmayıl isə Rusiyadan Azərbaycana kütləvi axın olacağına inanmır. Deyir ki, olsa belə, Rusiyada azərbaycanlıların çoxu ticarətlə məşğul olduğundan onların bir qismi həmin fəaliyyəti burda da davam etdirə bilər.

İqtisadçıya görə, daha geniş biznesi olanlar isə Rusiyadan çıxacağı halda Azərbaycana deyil, Ukrayna, Moldova, Belarus kimi ölkələrə üstünlük verəcəklər. Zöhrab İsmayıl hesab edir ki, Rusiyadan gələn pulların insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına müəyyən təsiri olsa da, həmin pulların kəsilməsi faciəyə də səbəb olan deyil.

«AZƏRBAYCANDA AC QALMAQDANSA...»

90-cı illərin əvvəllərindən Rusiyada yaşayan İlham Əsədov da bu ölkəyə ayaq basıb, əli çörəyə çatandan hər ay atasına, qardaşına, yaxınlarına pul göndərməkdədir. Ancaq o deyir ki, Rusiyadan Azərbaycana göndərilən pullar kəsilsə, bu faciədən də betər olar:

«Mən qoca atama hər ay pul göndərirəm, böyük qardaşım Bakıda yaşayır, işləyir, amma onun böyük qızını mən oxuduram, o ailənin imkanı yoxdur ki, bir uşağı oxutsun. Özü də Bakıda yaşayırlar, kənddə yaşamırlar ki, deyəm iş tapmaq çətindir».

«Çerkizov» bazarı, 10 iyul 2009
İlham Əsədov tək olmadığını bildirir. Deyir ki, onunla birgə işləyən 200 nəfər azərbaycanlı da hər ay Azərbaycandakı ailələrinə müxtəlif məbləğlərdə pul göndərirlər:

«Yanımda Cəlilabadın Ağdaş kəndindən 50 yaşlı bir nəfər işləyir. Üç oğlu var, hamısı da evli-eşikli, amma özlərini dolandıra bilmədiklərindən hamısına pul göndərir. Hər ay hardasa 600-700 dollar. Əlbəttə, Rusiyadakı azərbaycanlılar ölkəyə dönsə, buna nə Azərbaycanın iqtisadiyyatı dözər, nə büdcəsi. Bu qədər adamı Azərbaycan qəbul edə bilərmi, yəqin ki, yox».

İlham Əsədov Rusiyada işləyənlərin Azərbaycana dönəndən sonra bu ölkədə qazandıqlarını yenə əldə edəcəyinə şübhə ilə yanaşır. Deyir ki, bir müddət Rusiyadan Azərbaycana dönüb özlərinə biznes quran dostları pul qazana bilmədiklərindən indi yenidən Rusiyaya dönməyə hazırlaşırlar:

«Mən onlara deyirəm ki, axı Rusiyada gərginlik var, niyə gəlirsiz, deyirlər ac qalmaqdasa, davada yaşamaq daha yaxşıdır».

O, Azərbaycandan fərqli olaraq Rusiyada pul qazanmağın daha asan olduğunu deyir.

Moskvada qafqazlılara münasibət pisləşib
Dekabrın 6-da «Spartak» futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra Moskvada qafqazlılara münasibət pisləşib. Onlara küçədə, metroda hücum edildiyi bildirilir.

RUSİYADAN KÖÇƏNLƏR VAR?

Dekabrın 15-də AzadlıqRadiosuna müsahibəsində Moskvada çıxan «Yeni səs» qəzetinin baş redaktoru Tünzalə Vəliqızı son hadisələrdən sonra Rusiyadan köçməyə hazırlaşan ailələrin olduğunu bildirmişdi. Onun qənaətincə, buna qədər də qafqazlılara hücumlar olub. Amma indi durum fərqlidir. Bu dəfə baş verənlər müəyyən siyasi qüvvələrin işidir.

RƏSMİ QURUMLARIN NİKBİNLİYİ...

Ancaq Moskvadakı hadisələrdən sonra azərbaycanlıların Rusiyadan köçməsi faktına hələ ki, rast gəlinmir. Həm dövlət dəmiryolunda, həm də «AzAL» Hava Yolları Dövlət Konsernində Moskavadan Azərbaycana gələn sərnişinlərin sayında hər hansı bir artımın müşahidə olunmadığı bildirilir.

Diasporla İş üzrə Dövlət Komitəsində də hesab edirlər ki, əvvəllər də oxşar hadisələr olub. Onların fikirincə, həmin vaxtlar azərbaycanlıların geri kütləvi axını olmadığı üçün indi də bu kimi hallar gözlənilən deyil. Komitədə Moskvadakı gərginliyin bir neçə günə aradan qalxacağına ümid edirlər.
XS
SM
MD
LG