Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:57

Sarkozy Lavrovun pencəyinin yaxasından yapışıb, ona nə deyib?


Giya Nodia
Giya Nodia
WikiLeaks-in materiallarından hələlik bir nəticə çıxartmaq olar ki, dünya aşağı-yuxarı elə bizim gördüyümüz, bildiyimiz kimidir. Demokratik ölkələrin, xüsusilə də Birləşmiş Ştatların diplomatları çox dürüst insanlardır. Təkcə ona görə yox ki, onlar hansısa məsələləri gizlətmirlər. Əsas ona görə ki, onların gizlətdiyi məsələlər elə məsələlərdir ki, onları kifayət qədər əsaslı səbəblərə görə gizlətmək lazımdır.

Artıq belə məlum olur ki, siyasətçilərin və diplomatların açıq söylədikləri ilə onların öz aralarında söylədikləri arasında elə bir böyük fərq yoxdur.

BİR NƏFƏR İNSAN BELƏ İSTEFA VERMİR

Təsəvvür edin ki, ABŞ Dövlət Departamentinin məxfi məlumatları açıqlanır, ancaq bir nəfər insan belə istefa vermək məcburiyyətində qalmır. Yalnız WikiLeaks-in qalmaqallı təsisçisi Julian Assange çəkinə-çəkinə Hillary Klintona istefa vermək təklif etmişdi. Ona görə ki, Klinton guya BMT rəsmilərini izləmək kimi siyasi cəhətdən qeyri-korrekt göstəriş veribmiş.

WikiLeaks qalmaqalı haqda bütün yazılar
Şokedici odur ki, bütün bu WikiLeaks qalmaqalında çanaq yalnız saytın təsisçisi Assange-in başçında çatlayır. Yalnız o bundan əziyyət çəkir, seksual hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunur.

AÇIQ QALAN SUALLAR

Əlbəttə, WikiLeaks-in materiallarında qaynar mövzulardan biri 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş vermiş müharibə ilə bağlı materiallardır. Bu müharibə ilə bağlı hələ də suallar açıq qalır – Bu müharibəni kim başladı, kimdir günahkar və eləcə də beynəlxalq ictimaiyyətin savaşa reaksiyası ilə bağlı da çoxlu qaranlıq məqamlar var. Xüsusilə də Qərb ölkələrinin münasibətləri ilə bağlı.

Ona görə də belə ümid etmək olardı ki, diplomatların məxfi materiallarının açıqlanması bir çox məsələlərə aydınlıq gətirəcək.

WikiLeaks-in materiallarında Gürcüstan-Rusiya savaşı haqda nələr deyilir?
Ancaq mən WikiLeaks-in materiallarını çox diqqətlə oxudum. Bu müharibə ilə bağlı məndə olan rəyə heç bir şübhəm yaranmadı. Hansı rəydə idimsə, elə o rəydə də qaldım. Bəlkə də bəziləri üçün Gürcüstan mövqeli kimi görünə bilərəm. Çünki mən inanıram ki, Gürcüstan təcavüz edən yox, təcavüzün qurbanı olub. Mənim tanıdığım adamların da böyük əksəriyyəti belə düşünürlər ki, WikiLeaks-in yaydığı materiallar Gürcüstanın xeyrinə işləyib və müharibə ilə bağlı Tbilisinin mövqeyini təsdiqləyir.

Hərçənd, bunun əksini düşünənlər də WikiLeaks-ə istinad edirlər. İddia edirlər ki, məhz WikiLeaks-in materialları Tbilisinin “sülh niyyətinin” əslində nədən ibarət olduğunu ifşa edib.

Misal üçün götürək ABŞ-ın həmin vaxt Gürcüstandakı səfiri olan John Teftin materiallarını. O göstərirdi ki, açıq-aşkar məlumdur ki, Gürcüstan hökuməti hər hansı müharibə planlaşdırmırdı. Yalnız baş vermiş hadisələrə reaksiya verməli olub. Nə dərəcədə düz, yaxud yanlış reaksiya verib, bu artıq başqa məsələdir.

SİZ BUNU TƏSƏVVÜR EDƏ BİLƏRSİNİZ?

Mən bunda təəccüblü heç nə tapmadım. Səfir Tefti yaxşı tanıyırdım. O cazı sevən, yumor hissi olan, sağlam düşüncəli bir diplomatdır. Onun müharibəni bu cür qiymətləndirməsi mənə tamamilə normal gəlir. Lakin əks fikirdə olanlar WikiLeaks-in materiallarından belə qənaətə gəlirlər ki, səfir Teft sadəcə Gürcüstan rəhbərliyinin təsiri altına düşüb. Siz bunu təsəvvür edə bilərsiniz?

WikiLeaks-in başqa materiallarında ABŞ-ın Moskvadakı səfirinin Vaşinqtona göndərdiyi materiallarda məsləhət görülür ki, Vaşinqton Gürcüstana müdafiə tipli silahlar satmasın. Çünki belədə ABŞ-la Rusiya arasındakı münasibətlərin yenidən tənzimləmə prosesinə xələl gələ bilər. Teft isə əksinə, iddia edirdi ki, hər bir ölkənin, o cümlədən Gürcüstanın da özünü müdafiə etmək hüququ var. Xüsusilə də konkret təhlükə qarşısında qaldıqda.

GƏLƏCƏKDƏ FİLM ÇƏKİLSƏ...

Nicolas Sarkozy
Biz bu iki uyğunsuz fikirdən bir nəticə çıxara bilərik – mümkündür ki, bu iki səfirdən biri haqlı, biri yanlışdır. Ancaq hansının haqlı, hansının yanlış olduğun müzakirə etməyəcəyik. Biz daha ümumi bir nəticəyə gəlmək istəyirik ki, səfirlər çox vaxt qulluq etdiyi ölkənin rəhbərliyinin, yaxud siyasətçilərinin təsiri altına düşürlər. Qaldıqları ölkənin probleminə cəmiyyətin nöqteyi-nəzərindən yanaşırlar. Ona görə də zaman-zaman diplomatların yerini dəyişirlər. Bu hamıya aydındır, heç kim üçün yenilik deyil.

Biz Fransa prezidenti Nicolas Sarkozy-nin emosional adam olduğun bilirdik. O istər müharibə vaxtı, istərsə də ondan sonra Moskvada Rusiya rəhbərliyi ilə çox gərgin danışıqlar aparıb. İndi WikiLeaks-in materiallarından bilirik ki, o şəxsən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun pencəyinin yaxasından tutub onu yalançı adlandırıb. Bu da çox maraqlı detaldır. Gələcəkdə bu haqda film çəkilsə, bu detaldan istifadə etmək faydalı olar.
XS
SM
MD
LG