Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:18

Assange yazdığı kitaba görə 1,5 milyon dollar qonorar alacaq


Assange Londondakı Ali Məhkəməni tərk edir. 16 dekabr 2010
Assange Londondakı Ali Məhkəməni tərk edir. 16 dekabr 2010
WikiLeaks saytının rəhbəri Julian Assange avtobioqrafik kitab yazmağa razılaşıb.

Gələn ilin martında tamamlanacaq kitaba görə ona 1,5 milyon dollar qonorar ödənəcək.

Britaniyanın "Sunday Times" qəzetinə açıqlamasında Assange deyib ki, o əvvəlcə kitab yazmaq istəmirmiş, amma məhkəmə xərclərini ödəmək və saytının fəaliyyətini davam etdirməyə maliyyə tapmaq üçün buna razılıq verib.

Kitabı iki nəşriyyat sifariş verib: Amerikanın "Alfred A. Knopf" və Britaniyanın "Canongate" nəşriyyatları.

Assange minlərlə məxfi sənədi açıqlamaqla Amerika hökumətini qəzəbləndirib.

Bundan sonra Visa, MasterCard və Internet ödəniş xidməti olan PayPal WikiLeaks-lə işləməkdən imtina edib.

Bu xəbərlərdən sonra WikiLeaks-ə dünyanın müxtəlif ölkələrindən iyanələr daxil olmağa başlayıb.

Hazırda Assange zaminə buraxılıb və Britaniyada öz tərəfdarlarının ayırdğı evdə yaşayır.

O, məhkəmə hökmünü gözləyir. Məhkəmə onun İsveçə təhvil verilib-verilməməsi haqda qərar verməlidir.

Assange İsveçdə zorlamada ittiham edilir. Assange-ın özü isə bunun onun saytını susdurmağa yönəldiyini iddia edir.

Onun Britaniyada zaminə buraxılma şərtləri sərtdir. Assange elektron qolbağ geyinir və hər gün polislə əlaqə saxlamağa məcburdur.

Assange-ın kitab yazacağı haqda xəbər - onun saytının keçmiş əməkdaşı Daniel Domscheit-Berg-in kitab yazmaq barədə qərarını açıqlamasından dərhal sonra yayılıb.

Daniel Domscheit-Berg deyib ki, onun kitabı WikiLeaks-in "necə işlədiyi və təşkilatın daxilindəki gərginliklər" haqda olacaq.

WikiLeaks-i sentyabrda tərk edən Daniel Domscheit-Berg-in kitabı belə adlanacaq: "WikiLeaks-in içindən: Mənim dünyanın ən qorxulu veb-saytında Julian Assange ilə birgə fəaliyyətim".

Amerikanın səsi
XS
SM
MD
LG