Keçid linkləri

2025, 09 Yanvar, Cümə axşamı, Bakı vaxtı 14:35

Paşinyan sülh gündəminə sadiq qalacağına söz verib


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan yanvarın 8-də İlham Əliyev ölkəsini "faşist dövlət" adlandırandan sonra da sülh proqramına sadiq qalacağını bildirib. O, Azərbaycan prezidentinin Ermənistan ərazisindən güc yolu ilə quru dəhliz açacağını söyləməsindən və sülh sazişiylə bağlı ilkin şərtləri təkrarlamasından sonra bunu dilə gətirib.

"Müstəqil erməni dövləti mahiyyətcə faşist dövlətidir", - Əliyev yanvarın 7-də yerli mediaya belə demişdi. Onun sözlərinə görə, "erməni faşizmi" Azərbaycana ciddi təhlükə yaratdığından "onu ya Ermənistan rəhbərliyi, ya da biz məhv edəcəyik".

Silahlanmanın dayandırılmasını Ermənistandan tələb edən İ.Əliyev əlavə edib ki, indiyədək alınan silahlar Fransaya və digər ölkələrə geri qaytarılmalıdır.

"Bunun səbəblərini anlamağa çalışaq"

Paşinyanın gümanınca, İ.Əliyevin dedikləri rəsmi Yerevandan oxşar "aqressiv" cavab almağa yönəlib. Bu da, Ermənistan baş nazirinin fikrincə, bölgədə yeni eskalasiya üçün Azərbaycana haqq qazandıra bilər.

"Biz bu yolla getməyəcəyik", - Paşinyan "Armenpress" agentliyinə belə deyib və fikrini belə bitirib: "Biz sülh strategiyasına sadiq qalacaq və sürəkli şəkildə sülh gündəmimizi gerçəkləşdirməyə davam edəcəyik".

Paşinyan Əliyevin Ermənistanı "faşist dövlət"ə bənzətməsini qınamaqdan boyun qaçırıb: "Azərbaycanda Ermənistan barədə belə qavrayış var. Gəlin, bunun səbəblərini anlamağa çalışaq… Axı Ermənistanda da Azərbaycan barədə oxşar qavrayış var... Sülh gündəminin mahiyyəti ondadır ki, belə qavrayışları aradan qaldırmaq üçün müzakirələr aparılsın. Bu o deməkdir ki, biz aqressiya yox, dialoq dilindən yararlanmalıyıq".

Paşinyan iki ölkə arasında sülh sazişinin imzalanmasını səbirsizliklə gözlədiyini deyib. Baş nazir ümid edib ki, rəsmi Bakı 17 bəndlik aralıq sazişin hələ razılaşdırılmayan iki bəndiylə bağlı Ermənistanın təklifinə müsbət cavab verəcək.

Ancaq Əliyev bir daha aydın bildirib ki, Yerevanın qarşısında qoyulan bir çox şərt yerinə yetirilməzsə, sülh sazişi imzalanmayacaq. Bu şərtlər arasında Ermənistan Konstitusiyasına dəyişiklik tələbi də var. Azərbaycanın fikrincə, orada ölkəyə qarşı ərazi iddiaları yer alıb.

Quru dəhliz məsələsi

Əliyev Ermənistanın strateji önəmli Sünik bölgəsindən Azərbaycanın Naxçıvan eksklavına eksterritorial quru dəhlizin açılmasını da tələb edərək deyib: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Artıq demişəm ki, bizi qıcıqlandırmasınlar və anlasınlar ki, burada bizim söz demək haqqımız var. Müasir dünyada güc amili birinci yerdədir. Heç kim bunu unutmamalıdır".

Buna cavab olaraq Paşinyan israr edib ki, Ermənistan hökumətinin "Sülh qovşağı" layihəsi iki dövlət arasında ənənəvi nəqliyyat əlaqələrinin yaradılmasını təmin edə bilər və daha uyğundur. Baş nazir hələ ötən ilin oktyabrında İ.Əliyevlə son danışıqlardan sonra özünün "olduqca konkret" təklifinə rəsmi Bakının cavabını gözlədiyini də söyləyib. Ancaq Paşinyan həmin təklifin mahiyyətini yenə açıqlamayıb. Azərbaycan Sünik yoluyla Naxçıvana və əksinə daşınan malların, hərəkət edən insanların Ermənistanın sərhəd nəzarətindən keçməməsini istəyir.

Ötən il Ermənistan rəsmiləri bildirmişdilər ki, noyabrda COP29 iqlim dəyişikliyi zirvəsinə ev sahibliyindən sonra Azərbaycan Ermənistana qarşı yeni hərbi təcavüz planlaşdıra bilər.

Paşinyanın ökədaxili tənqidçiləri deyirlər ki, Əliyevin son bəyanatları Bakının savaşa hazırlaşdığını bir daha sübut edir. Onlar Paşinyanı bu təhlükənin qarşısını almaq üçün az iş görməkdə suçlayıblar.

Ermənistan müxalifəti illərdir deyir ki, Paşinyanın Azərbaycanla bağlı sakitləşdirmə siyasətinin Əliyevi Ermənistandan daha çox güzəşt istəməyə həvəsləndirməsi gerçək sülhə yol açmayacaq.

XS
SM
MD
LG