Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:18

Yeni il süfrəsi 500 dollara...


-Çoşka var, çoşka...təzə...əlasından...

Varşam alıcıları məxsusi olaraq yeni il süfrəsi üçün təzə çoşqa almağa səsləyir. Bütöv, 7-8 kq-lıq çoşqanın qiyməti 25 min dramdır, təxminən 70 dollar. Ancaq görünür çoxları bütöv çoşqa almağa hazır deyil. Küçə ticarətçiləri və xüsusilə qəssablar bayramqabağı satışdan narazılıq edirlər, dediklərinə görə alıcıların sayı və ticarət kəskin şəkildə azalıb:

-Ötən illə müqayisədə bu il ticarət yaxşı getmir. Vətəndaşların pulu azdır, böyük alış-veriş etmirlər.

-Keçən il burda o qədər adam vardı ki, gəzmək mümkün deyildi.

-Ötən il 7-8 kq ət alanlar bu il 1-2 kq da ala bilmir. Bu ticarətçi kimi həm bizə, həm də əhaliyə pisdir.

QƏFİL BAHALANMA

Bayram günləri bazarda ətin, yumurta, pendir, meyvə və şirniyyatın qiyməti yüksəlib. Sakinlər deyir ki, bayram süfrəsini bəzəyən hər şey qəfildən bahalanıb.

- Qiymətlər artır, biz nə edəcəyik? Elə hey bu barədə danışırlar. Ancaq hansısa yolla bunun qarşısını almaq lazımdır.


- Ət çox bahadır. Keçən il 1 kq mal əti 1300 dram, yəni 3 dollara idi, bu il isə 2200-2300 drama, yəni 5 dollar yarıma satılır.

- Hər şey bahalanıb, göyərtidən tutmuş ətə kimi.

“Yeni il bayramı ərəfəsində istehlakçıların hüququ daha çox pozulur, əsas tələbat mallarına tələbat qəfil artır” - Ermənistanın İstehlakçıları Assosiasiyasının sədri Armen Poqosyan belə deyir.

-Yeni il ərəfəsində istehlakçıların hüquqları daha çox pozulur, bazarlarda mənşəyi məlum olmayan, markası olmayan mallar peyda olur, onlara sanitar və qiymət nəzarəti qənaətbəxş deyil.

YENİ İL SÜFRƏSİNƏ 500 DOLLAR?

Ermənistanın istehlakçılar Assosiasiyasının sədri hesab edir ki, yeni il süfrəsi açmaq üçün orta səviyyəli erməni ailəsinə 500 dollar lazımdır. Alıcıların iddiasına görə isə yeni il süfrəsi ailə büdcəsinə orta hesabla 1000 dollar ziyan vuracaq.

- Yeni il süfrəsi təxminən 1000-1500 dollar tutur.

- Ortalama 300-350 min dram, 1000 dollar.

- Cibimizə uyğun süfrə açacağıq. Əvvəldən bilirik bizə kimlər gələcək, çox təmtəraqlı olmayacaq.

- Ailə büdcəsi kasaddır, bayram etməyəcəyik.

- Kim necə bacarır elə də qeyd edəcək.

- İmkan yoxdur, sadəcə uşaqlara yazığımız gəlir, necəsə qeyd etmək lazımdır.

Armen Poqosyan
- Hə, qiymətlər artıb. Axı Yeni ildir, erməni ənənələrinə görə, dəm-dəsgahlı masa açacağıq. Problem yoxdur.

Bayram qabağı ticarətdən təbii və süni yolka satıcıları da narazılıq edirlər.

-Yoxdur, alıcı çox azdır.

Satıcılar iddia edir ki, təbii yolka ağacları Almaniya və Rusiyadan gətirilib və 50 min - 100 min drama satırlar. Yəni 150-300 dollara.

YENİ İLİ BORCLA QARŞILAMAQ...

Dəbdəbəli süfrə açmaq istəyənlər, yaxınları üçün hədiyyə və şirniyyat almağı arzulayanlar isə yeni ili borcla qarşılamalı olacaqlarını gözə almalı olurlar. Ancaq bu izdihamdan qaçmaq istəyənlər də tapılır, onlar yeni ili başqa yerdə qeyd edirlər.

- Mən yeni ili bu ajiotajdan kənarda qeyd edəcəm, Çaxkadzora gedəcəyik. 5 ildir ki, bayramı evdən kənarda keçiririk.

Bayramı ailəsi ilə birgə qarşılamağa hazırlaşanlar isə bayramı şən mühitdə qarşılamaq üçün mümkün olan və olmayan hər şeyi etməyə çalışır. Və inanırlar ki, yeni ilin ilk gününü necə qarşılasan bütün ilin elə keçəcək.

- Yeni ildə sülh və şənlik arzulayıram.

- Şən yeni il arzulayıram. Sağlamlıq, gülüş, xoşbəxtlik olsun.

- Qoy subaylar evlənsin, çoxlu uşaq dünyaya gətirsinlər.

- Əsas odur ki, Yeni ili qeyd edərkən onun mənasını itirməyəsən. Sadə masa qurulsa da, bayram əhval-ruhiyyəsində olmaq lazımdır ki, bütün il mənalı və xoş keçsin.
XS
SM
MD
LG