Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:15

Betti Bleyer Nuridə Atəşiyə cavab verir - II raund


Betti Bleyer
AzadlıqRadiosunun «Can Bakı» proqramının «Dünyanın ən gözəl sevgi romanını kim yazdı?» mövzusunda açdığı müzakirə səngimir. Ötən həftə Almaniyada yaşayan şair və araşdırıcı Nuridə Atəşinin canlı yayımdakı açıqlamalarından sonra Los-Ancelesdən - Betti Bleyerdən daha bir cavab aldıq. Xanım Betti cavabını «2-ci raund» adlandırıb.

26 yanvar, 2011


Nuridə, sizə nə olub? Berlindən durub tələsik AzadlıqRadiosuna çıxaraq bir ay əvvəl bu forumda müzakirə etdiyimiz şeyləri yenidən təkrarlamaq üçün Bakıya gəlmisiniz?

Yenə eyni sualı verirsiniz? Bleyer pulu haradan tapır? Və belə bir iddia irəli sürürsünüz ki, bizi Azərbaycan hökuməti maliyyələşdirir. Sübutunuz hanı? Bundan daha yalan bir iddia ola bilməz. Bizim tədqiqatımız Azərbaycanın xeyrinədir. Tədqiqat romanı əsl müəllifinə - azərbaycanlı müəllifə geri qaytarır.

JURNALIN SPONSORU REKLAM YERLƏŞDİRƏNLƏRDİR

«Azerbaijan International» jurnalı 1993-cü ildən çap edilir. Bu illər ərzində jurnal kifayət qədər hörmət və etibar qazanmışdır. Bizim tədqiqatımıza jurnalda reklam yerləşdirən şirkətlər sponsorluq etmişdir. Bu tam şəffaf bir şəkildə həyata keçirilmişdir və hamı üçün açıqdır.

Buna baxmayaraq, Azərbaycan hökuməti bizim tədqiqatımıza maraq göstərməlidir, çünki bu tədqiqat Azərbaycanın xeyrinədir.

İnternetə baxın, görəcəksiniz ki, Əsəd Bəyi artıq alman müəllif kimi qəbul edirlər. WORLDCAT.org və ya «Əli və Nino»nun Kanton dilində nəşrini axtarın (2005).

Nuridə, siz qırıq qromofon kimi səslənirsiniz. Biz bu forumda Çəmənzəminlinin müəllifliyi məsələsini artıq müzakirə etmişik. 2004-cü ildə mən tədqiqata müəllifin Əsəd Bəy olduğuna inanaraq başlamışdım. Bu zaman hamı buna inanırdı. Lakin sonra Əsəd Bəyin kitablarını alıb tədqiq etdikcə gördüm ki, onun əsərlərinin ruhu, üslubu, məzmunu və problemləri, həqiqətə olan münasibəti tamamilə fərqlidir. Mən 1930-cu illərin «Nyu York Taymz» kimi qəzet və jurnallarında onun əsərlərinə yazılmış
Nuridə Atəşi
100-dən artıq şərhi tədqiq etmişəm və bundan sonra onun müəllifliyinə şübhə etmişəm.

Təsəvvür edin «Nyu York Taymz» kimi bir mətbu orqanda regiondan olduğunu iddia edən tənqidçi Əsəd Bəyin «Qafqazın on iki sirri» əsəri haqqında «Cəfəngiyat! Cəfəngiyat! Cəfəngiyat!» sözlərini işlədir. Digər bir tənqidi şərh Əsəd Bəyin «Stalin» əsərinin II Nikolay və bolşeviklərlə bağlı tarixi həqiqətlər barədə məlumatı olmayan oxucuya təqdim etmək üçün olduqca təhlükəli kitab olduğunu yazır. Əsəd Bəyin «Məhəmməd» əsəri haqqında isə deyilir ki, kitab o qədər səhvlərlə doludur ki, gərək heç yazılmayaydı.

HEÇ KİM MƏNƏ «ÇƏMƏNZƏMİNLİNİ MÜƏLLİF ÇIXAR» DEMƏMİŞDİ

Heç kim mənə Çəmənzəminlinin müəllifliyini sübut etməyi tapşırmamışdı. Bu, bizim redaksiya heyətimizin gəldiyi müstəqil nəticədir. Bu nağılları nə üçün təkrar edirsiniz? Siz elə fikirləşirsiniz ki, bu mənasız nağılları təkrarlamaqla nəyə isə nail olacaqsınız? Bu spagettini divara atıb yapışacağını ummaq kimi bir şeydir.

Nə üçün Azadlıq Radiosuna çıxmazdan əvvəl bizim tədqiqatımızla tanış olmursunuz ki, nə isə yeni bir şey deməyə sözünüz olsun?

Azərbaycan Demokratik Respublikasının (ADR) 10 illik yubileyinə (may, 1918) həsr edilmiş məqaləyə gəldikdə isə, bizim bu barədə qeydlərimizlə tədqiqat materialımızda tanış ola bilərsiniz.

MƏQALƏNİ ƏSƏD BƏY YAZMAYIB!

Siz bu məqalədən mənim səhv etdiyimi və Əsəd Bəyin Azərbaycanı sevdiyini sübut etmək üçün istifadə edirsiniz. Mən isə cavab verirəm: Bu məqalənin müəllifi Əsəd Bəy DEYİL! Bu məqalə çox güman ki, Berlindəki azərbaycanlı mühacirlər icması tərəfindən yazılmışdı. Bu məqaləni diqqətlə oxuyun. Diqqətlə analiz edin. Onun üslubunu və məzmununu araşdırın.

Hətta Əsəd Bəyi «Əli və Nino»nun müəllifi kimi qəbul edən Tom Ris belə Əsəd Bəyin özü və milli kimliyi ilə bağlı dediklərinə qarşı diqqətli olmağı məsləhət görür, belə ki,
«Əli və Nino» ingilis dilində
bu iddialar əsas etibarilə həqiqət deyil. Öz həyat yoldaşına ərəb şahzadəsi olduğunu deyən birindən nə gözləmək olar!!!

ADR-in yubileyilə bağlı məqaləni ədəbi və tarixi kontekstdən nəzərdən keçirmək lazımdır. Əvvəla, bu Əsəd Bəyin üslubu DEYİL. Məqalə genişdir, həqiqətə söykənir və vətənini itirən və bir daha Azərbaycana geri qayıda bilməyəcəyini dərk edən mühacirlərin yaşadığı böyük əzabı əks etdirir.

BELƏ MƏQALƏNİ YAZAN BU ROMANI NECƏ YAZA BİLƏRDİ?


1928-ci ildə «Der Deutsch Spiegel»də çap edilmiş bu məqaləni Əsəd Bəyin bir neçə ay sonra çap etdirdiyi «Şərqdə neft və qan» əsəri ilə müqayisə edin. Kitabın müəllif hüquqlarında onun 1929-cu ildə çap edildiyi göstərilir (bu onun ilk kitabı idi), lakin çox güman ki, kitab 1928-ci ilin sonlarında işıq üzü görmüşdü (bu proseslər adətən bu tərzdə olur). Bu zaman Əsəd Bəy 24 yaşında idi.

Bu kitabın ilk fəslindəki yalan və sensasiyaçılıq tərzi onun bütün yaradıcılıq karyerası boyu davam etdirilib.

O yazır ki, onun atası Bayıl həbsxanası ətrafında gəzişərkən (indiki Bayraq meydanı) bir qadının dəmir hasarlar arasından çölə baxdığını görür. İlk görüşdən ona aşiq olur. Daha sonra həbsxana keşikçilərinə rüşvət verərək və onları hədələyərək qadının azad olmasına nail olur və elə həmin gün də onunla evlənir və öz hərəmxanasını buraxır!!!

Salam əleyküm! Bəs onda nə üçün Əsəd Bəyin (Lev Nussimbaum) valideynlərinin nigah haqqında 1904-cü ilə aid şəhadətnaməsi Gürcüstandan tapılır. Bəli, Nuridə, Əsəd Bəy həqiqətən də Lev Nussimbaumdur. Hətta sizin kitabınızda da bu fakta işarə edən sənədlər yer alır.

Levin valideynləri 1904-cü ildə Tbilisi sinaqoqunda nigaha daxil olmuşdular və bu onların hər ikisi üçün ilk nigah idi. Atasının hərəmxanası olması barədə necə böyük fantaziyalar uydurmuşdur!!! Nigahı ravin Levin qanuni elan etmişdi. Bunu sənədlər sübut edir.

Bundan əlavə, «Şərqdə neft və qan»dan çıxan nəticə budur ki, müəllif bolşeviklərdən qaçaraq Azərbaycanı tərk etməkdən böyük həyəcan duyur. 1921-ci ildə onun bu hissləri keçirməsini anlamaq olardı, belə ki Bakını tərk edən zaman onun sadəcə 13 yaşı vardı.

QƏDİM ŞƏRQ ÖLMÜŞDÜR?!


«Əli və Nino» urdu (hind) dilində
Amma burada biz 1928/1929-cu illərdən, 10 il sonradan danışırıq. Bu halda Əsəd Bəy may ayında cümhuriyyətin 10 illik yubileyi barədə belə rəğbətlə yazırsa, «Şərqdə neft və qan»ın son fəslində nə üçün ölkəni tərk etməsindən zəfərlə bəhs edir? «Qədim Şərq ölmüşdür!» deyə o yazır. Sonuncu fəslin axırıncı abzaslarını oxuyun və Əsəd Bəyin Azərbaycanla bağlı keçmişinə qapı bağlamaqdan nə qədər həyəcanla bəhs etdiyini görəcəksiniz.

Nuridə «Der Mann»ı (Əsəd Bəyin «Qurban Səid» təxəllüsü ilə imzaladığı heç zaman çap edilməmiş «Sevgidən bixəbər kişi» əsəri) oxuyan yeganə azərbaycanlı olması ilə lovğalanır. Məgər bu qürur duyulası bir şeydir? Bu kitab artıq prof. U. Furman tərəfindən alman dilinə transliterasiya edilərək çap edilmişdir. ESSADBEY.de saytına baş çəkin.

Prof. Furman əvvəlcə bu kitabı «Şərqlinin vəhşi fantaziyaları» başlığı ilə çap etdirmək fikrində imiş. O, kitaba xülasə verərək yazır: «Əsərin mətni kin və şərin, patoloji özündənrazılıq və təkəbbürün qarışığından ibarətdir».

XƏYANƏTKAR QADINLAR VƏ VƏHŞİ PİŞİKLƏR…


Bu əsər barədə 1937-ci ildə Annemari Selenkonun kitabında (iddiaya görə bu əsəri ona Əsəd Bəy vermişdi və adı «Mən çirkin bir qız idim» qoyulmuşdu (onun bu əsəri yeni qız dostu Annemariyə verməsi təəccüblü görünmür), elan verilmişdi. «Əli və Nino» da həmin il çap edilmişdi. «Der Mann»da Əsəd Bəy (onu atıb digər bir həmkarı Rene Fülöp Millerlə qaçan həyat yoldaşını nəzərdə tutaraq) yazır ki, xəyanətkar qadınlar vəhşi pişiklərlə bir torbaya salınıb Bosforun sularına atılmalıdır.

Yaxud bu qadınlar başları çöldə qalmaqla səhraya basdırılmalıdırlar ki, vəhşi itlər onları gecə parçalasın!!! Bu sətirlərin müəllifi «Əli və Nino»nun müəllifi ola bilərmi?

TOM RAYS BU ƏSƏRİ İNTERNETƏ YERLƏŞDİRMƏDİ, ANCAQ…

Buyurun, «Der Mann»ı Azərbaycan dilinə tərcümə edin, qoyun azərbaycanlılar özləri Əsəd Bəyin əsl xarakterinə və təbiətinə qiymət versinlər. Tom Ris belə bu əsərin son üç cildini TOMREISS.info internet səhifəsində yerləşdirməyib. Göründüyü kimi, bunun üçün onun haqlı səbəbləri var! Prof. Furman bu cildləri çap edərək Tom Risi ifşa etdi.

Bizim tədqiqat barədə daha ətraflı oxumaq istəyən oxucular «Azerbaijan International»ın sonuncu üç cildlik nömrəsini (cild 15:2-4, 364 səhifə, 1200 şəkil) Bakıdakı «Əli və Nino» mağazasından əldə edə bilərlər.

Və ya veb-səhifəmizin «AI Store» bölməsindən sifariş edə bilərsiniz. http://AZER.com

Betti Bleyer, Redaktor
«Azerbaijan International» jurnalı


P.S. Dinləyicilərimizin və saytımızın oxucularının diqqətinə çatdırırıq ki, fevralın 6-sı saat 20:05-də «İz» proqramında «Əli və Nino» romanının tərcüməçisi Çərkəz Qurbanlı qonaq olacaq. Beləliklə, AzadlıqRadiosu bu mövzuda açdığı müzakirəni hələlik sonlandıracaq. Ancaq yeni bir tapıntı, maraqlı bir araşdırma bizi bu mövzuya təkrar qaytara bilər. Bizi izləməyə davam edin.
XS
SM
MD
LG