Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:12

Cəlal Əliyev ortağını uddu


Fevralın 4-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi akademik Cəlal Əliyevin pul və əmlak iddiasını təmin edib.

Qətnaməyə görə, Cəlal Əliyevin keçmiş biznes ortaqları Sədiyar Zeynalov və sonuncunun həyat yoldaşı Şəhla Zeynalova ona 23 milyon dollar ödəməlidilər. Hələ üstəlik, vaxtilə ortaq olduqları “Sahibtac” MMC ləğv ediləcək, həmin MMC-nin və “Ayrza” MMC-nin mülkiyyətində olan bütün əmlaklar Cəlal Əliyevin mülkiyyətinə veriləcək.

Məhkəmə həmçinin Cəlal Əliyevin keçmiş ortağı Sədiyar Zeynalov barəsində cinayət işi başlanması tələbini də təmin edib.

Prezidentin əmisi- Cəlal Əliyevin ortaqlarından biri Şəhla Zeynalova da qarşılıqlı iddiayla eyni məhkəməyə müraciət etmişdi. İddia ərizəsində göstərmişdi ki, «Sahibtac» Məhdud Məsuliyyətli Cəmiyyət onun və həyat yoldaşı Sədiyar Zeynalovun nizamnamə kapitalındakı payı 50 faiz olmaqla təsis edilib. Firmanın adı da onların övladının adı ilə bağlı olub. 1992-ci ildən ofis biznesi və hüquqi xidmət göstərilməsi ilə məşğul olublar. 1994-cü ildə bir neçə şirkət yaradıblar. Onların arasında «Sahibtac» və «Ayrza» MMC-lər də olub.

«Sahibtac» MMC tərəfindən 1995-ci ildən 2002-ci ilədək şəhərin müxtəlif mərkəzi küçələrində 7 ofis binası tikilib. Həmin iddiada həmçinin qeyd edilir ki, 1997-ci ildə Sədiyar Zeynalov Cəlal Əliyevlə tanış olub. Ofis biznesi ilə məşğul olduqlarını biləndə Cəlal Əliyev Sədiyar Zeynalova birgə işləməyi təklif edib. Həmin ildə Cəlal Əliyevin mərhum həyat yoldaşı da «Sahibtac»a təsisçi kimi daxil olub. Cəlal Əliyevin həyat yoldaşı vəfat etdikdən sonra vərəsəlik hüquqları ona və qızına keçib. Şəhla Zeynalovanın iddiasına görə, birgə ortaqlıqları dövründə cəmiyyətin sahib olduğu bütün əmlakların 85 faizi onların, 15 faizi isə Cəlal Əliyevin vəsaitləri hesabına yaradılıb və əldə edilib.

Ancaq məhkəmə yalnız Cəlal Əliyevin iddialarını təmin edib və qarşı tərəfin iddiasını əsassız hesab edib.

Məhkəmə qətnaməsi çıxmağa bir gün qalmış prosesi izləməyə gələn AzadlıqRadiosunun əməkdaşı Cəlal Əliyevin nümayəndələrinin tələbi ilə məhkəmə zalından çıxarılmışdı.
XS
SM
MD
LG