Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:48

Aslan Quliyev "Ciddi söhbət" (Hekayə)


Zəri atmaq istəyəndə əli havada donub qaldı.

Yenidən kimsəsiz kənd qəbirstanlığı canlanırdı gözləri önündə. Anasının qəbri od tutub göyümtül alovla yanırdı.

Özünü ələ almağa çalışır, qarabasmanın tezliklə keçib gedəcəyini zənn eləyirdi, amma qəbirstanlıq gözləri önündən çəkilmirdi, göyümtül alovla yanan qəbri aydınca görür, alovun həniri onu vururdu.

Dostuna daha oynamayacağını deyib, ayağa qalxdı, kəndə getməli, anasının qəbrinin üstünə su səpməliydi.

Neçə illər sonra bu qarabasmanın yenidən təkrarlanması onu qorxuya salmışdı, yaxşı əlamət deyildi.

Yaxınlıqda oturub çay içən cavan oğlan onun ayağa qalxdığını görən kimi yanına qaçdı. Dayı, evə gedirsənsə, aparım.

İlk dəfəydi bu oğlanı görürdü, oğlansa onu tanımışdı. Oğlu şəhərin icra başçısıydı, özü də uzun illər bu şəhərdə polis rəisi olmuşdu.

Xoşbəxt adamdı, bütün istək və arzularına çatmış, ürəyi istəyən kimi yaşamışdı.

İndi də balaları qayğısına qalır, vaxtı-vaxtında müalicə elətdirir, sanatoriyalara göndərirdilər.
Maşından düşəndə oğlana sağ ol deməyi özünə sığışdırmadı.

Bu adamlar onlara xidmət eləməkdən ötrü dünyaya gəlmişdilər.

Qoca çöl qapısından içəri keçəndə bu cür düşünürdü və belə düşündükcə də qəlbində razılıq hissi baş qaldırır, qocaya aşkarca ləzzət eləyirdi.

Zaman keçir, heç nə dəyişmirdi, adamlar onların qulluğunda durmuşdular. Heyf qarabasma ondan əl çəkmirdi, niyə məhz bu gün qəbirstanlığı görürdü?

Qarısı onu təəccüblə qarşıladı.

- Nə tez qayıtdın?

- Darıxdım, - başdansovdu cavab verdi.

- Sən darıxa da bilirsən?

- Bilmərəm?

- Bilməzsən! – qarı qətiyyətlə dedi.

- Niyə, adam deyiləm?

- Deyilsən! – qarı çəkinmədən dedi.

Hirslənsə də, qarını belə cavabdan ötrü cəzalandıra bilmədi, artıq qollarında güc, təpər yox idi. Güclə oturub dururdu, qarı da bunu hiss eləyəndən dil-dil ötürdü.

Olurdu əvvəlki vaxtlar, sən də bu dilləri oxuyurdun.

Dilini çəkib yerindən qoparardım, dişlərini də dilin qarışıq!

Qoca belə düşünsə də, əlindən acizliyini, daha cəza vermək qabiliyyətində olmadığını etiraf eləməkdən başqa bir iş gəlmirdi.

Damarları çıxmış arıq, uzun əlinə kədərlə baxırdı.

Düşmüşdü, zarafat deyildi, səksən beş yaşı vardı. Arvadı ilə aralarında yaş fərqi on-on iki ildi, amma itin qızı cavan qalmışdı, tanımayan qızı olduğunu zənn elərdi.

Sifətində bircə dənə də qırışı yoxdu, gözləri cavanlıq ehtirası ilə parlayırdı.

Cavanlığında gözəl idi, qəribə gülüşü var idi, ağappaq dişlərini göstərib güləndə, adamın bədəninə od salırdı.

Onda komsomolun birinci katibi idi, bu da məktəbdə müəllimə idi. Tanışlıqlarının bircə həftəsi tamam olmamış, qızı ələ aldı.

Hansısa qızı aldadıb yoldan çıxartdığı birinci dəfə deyildi, aldadır, üç-beş ay vaxtını keçirir, sonra uzaqlaşırdı, bu dəfə də belə olacağını düşünürdü.

Amma qızdan uzaqlaşmağa cəhd eləcək, iş yoldaşlarından tutmuş, birinci katibəcən işə qarışdılar, qızın atası prokuror imiş.

Evlənməkdən başqa çarə qalmadı, qaynatası da ona yüksəlməkdə xeyli kömək elədi. Amma evlənən kimi də arvadını unutdu, gözü onun-bunun arxasınca idi.

Xoşu gələn qız, qadın gördümü, başını itirirdi, hansı vasitəylə olursa olsun, xoşladığı qadına sahib olmalıydı.

Pulla, qorxuyla, şantajla, yaxınlarını həbs elətdirməklə, bu yolda heç nədən çəkinmirdi, təki məqsədinə çatsın.

Əvvəllər, qaynatası vəzifədə olanda bir qədər çəkinir, ehtiyat eləyirdi, qaynatası işdən çıxandan sonra xoşladığı qadınları evə gətirirdi.

Arvadına da deyirdi, xoşun gəlmir, çıx get, arvadı isə çıxıb getmədi, ən qəribəsi, belə işlərini onun üzünə də vurmadı. Arvadı evdəydi, həmişə əl çatardı.

Bu təlatümlü, baş gicəlləndirən yaşayaşından onda ayıldı ki, artıq evdəkinə əl çatmır, bədəninin heyi-təpəri yox idi, heç arvadı da onu yaxın buraxmırdı.

Bununla belə keçirdiyi hissləri arvadıyla bölməyə ehtiyac duydu.

- Qarı, - dedi, - anamın qəbri od tutub yanır.

- Əlbəttə yanar! – arvadı əminliklə dedi.

- Niyə yanmalıdı?

- Sənin kimi oğlu olduğu üçün!

- Mənim nəyimdi?

- Onu özün yaxşı bilirsən, - qarı dedi və ayağa qalxıb otaqdan çıxdı.

Qoca heyrət içindəydi, əvvəlcə qarabasma, sonra da arvadının özünü belə aparması onu tamam çaşdırmışdı.

Bu gün nələr baş verirdi, nə olmuşdu, bilmirdi, ancaq gözlənilməyən hadisələrin həyəcanlı havası uzaqdan da olsa onu vururdu və çox illik həyat təcrübəsi ona bütün bunların səbəbsiz olmadığını diqtə eləyirdi.

***
Gəlin çay gətirdi, çay buğlanır, pürrəngi çaydan gözünü çəkə bilmir, ötən günləri bir daha xatirələrində canlandırırdı.

Yaşadığı günlərə görə peşman deyildi, beş günlük dünyada şahlar kimi kef elədi.

Hansı qadınlara sahib olmadı, hansı müğənnilərlə, müxbirlərlə kef çəkmədi, haralarda yeyib içmədi?

Gecə televizora baxır, xoşu gələn müğənni gördümü, səhərisi onu rayona dəvət eləyirdi, azından üç-beş gün saxlayırdı.

Ona ən çox ləzzət verən buydu ki, ətrafındakı yüzlərlə adamlar pərəstiş elədikləri müğənni qızların onun üçün anadangəlmə lüt rəqs elədiklərini, yataqda hər istəyinə tabe olduqlarını, onun qarşısında alçaldıqlarını, diz çöküb yalvardıqlarını bilmirdilər.

Onun yaşadığı ömrə minlər, milyonlar həsəd aparardı. Amma nəydisə, son vaxtlar qarı dəyişmişdi, onunla kobud rəftar eləyir, hər sözünə nifrətlə cavab verir, onu adam yerinə qoymurdu.

Görünür yaşlaşdıqca onun cavanlıqda elədikləri qarıya daha çox yer eləyirdi.

Axşam işdən qayıdan oğlu onun otağına gəldi, ata, biz ciddi söhbət eləməliyik, deyirdi. Qoca diksindi, oğlu onunla nə ciddi söhbət eləyə bilərdi?

Səsinin tonundan, həyəcanından onu da hiss elədi ki, söhbət doğrudan da ciddi olacaq.

- Ata, neçə yaşın var?

- Səksən beş, - qoca tərəddüdlə cavab verdi, ciddi söhbətin yaşıyla bağlı olduğunu güman eləməzdi.

- Özünü necə hiss eləyirsən?

- Əla! - qoca dirçəldi, yəqin oğlu onu sanatoriyaya göndərmək istəyirdi.

- Ata, özünü necə hiss eləsən də, sonda yaş öz sözünü deyəcək. Uzağı iki-üç il yaşayasan, ya yaşamayasan.

- Onu Allah bilər! – qoca həyəcanlandı, ciddi söhbətin havası vurdu onu, oğlu hansı əsasla belə hökm verirdi? Allahın işini nə bilmək olardı, bəlkə iyirmi-otuz il yaşayacaqdı bundan sonra. Lap elə yaşamağa ümidliydi də. Bəlkə onun uzağı iki-üç il yaşadığın deyən oğlunu da qoca öz əliylə qoyacaqdı qəbrə. Hirslənmişdi, ürəyindən keçənləri oğluna deməkdən özünü saxlaya bilmədi. – Sən nə danışdığını bilmirsən, bala! Mən sənin kimi cavanlardan çox yaşaram! Sənin kimilərin ehsanını yeyəndən sonra o dünyaya yolçuluq üçün tədarük görməyə başlaram. Srağagün həkimə getmişdim, deyirdi sən bu ürəklə yüzün də arxasını yerə vuracaqsan.

- O hamıya elə deyir! – oğluyla sərt danışdığını güman eləyirdi, oğlu isə hirslənməmişdi, sakit cavab verirdi. – Fikrin nədi, başçının atasına desin sabah düşüb öləcəksən? Həkim deyil, amma axmaq da deyil. Dedim axı, söhbətimiz ciddi olacaq!

Oğlu siqaret yandırdı, keçib onunla üzbəüz oturdu. Ata, diqqətlə düşün, deyirdi, dünyadakı bütün kefləri çəkibsən, ürəyin necə istəyib, elə də yaşayıbsan.

Ürəyini, böyrünü tutub, ağrılarla, xəstəliklə çarpışa-çarpışa bir il artıq, ya əskik yaşamağının sənin üçün nə əhəmiyyəti var?

Ağlın başında, əzabsız-əziyyətsiz ölməyin daha yaxşıdı.

Günlər keçdikcə ağrıların başlayacaq, oturub dura bilməyəcəksən, səni qucaqda ayaqyoluna aparacaq, şalvarını aşağı çəkəcəklər ki, işini görə biləsən.

Ya da yatdığın, yemək yediyin otağa altına qab gətirəcəklər.

Huşunu, ağlını itrəcək, öz doğma balalarını belə tanımayacaqsan.

Gözlərin tutulacaq, qulaqların eşitməyəcək. Düşün, bu əzabları, ağrıları çəkmək sənə lazımdımı? İndi ölsən, sənə bir ehsan verəcəyəm ki, bütün rayonun ağzı açıla qalacaq.

Qoyunlar, cöngələr kəsəcəyəm, ölkədəki bütün mollaları çağıracağam, hər yerdən qonaqlarımız gələcək. Başdaşını bahalı mərmərdən sifariş verəcəyəm.

Həm sənin üçün yaxşı olacaq, o dünyaya şah kimi yola salacağıq, həm də mən qazanacağam, azından iki yüz min dollar irəli düşəcəyəm.

Mənim üstümə artıq hay salıblar, uzağı beş-altı aya işdən çıxaracaqlar, qorxuram təkcə çıxarmaqla kifayətlənməsinlər, indi işdən çıxarılanları birbaşa türməyə atırlar.

Elə fərz eləyək sən bir ildən sonra öldün, mənim işsiz vaxtlarımda.

Dilənçi kimi dəfn olunacaqsan, ehsan verilməyəcək, uzaqbaşı o yelbeyin molla gəlib üstündə ağzına gələni qırıldayacaq, vəssəlam. Ölən kimi də unudulacaqsan.

- Aydındı, - qoca istehzayla gülümsədi, - amma öz əlimdə deyil axı.

- Əlimizdədi! – qocanın təəccübünə rəğmən oğlu inamla danışırdı.

- Nə cür yəni, özümü öldürüm?

- Ay ata, özünü niyə öldürürsən? Həkim tanışım var, çağıracağam, gəlib sənə dərmanlar verəcək, gözünü yumacaq, bir də açmayacaqsan. Zərrəcə də ağrı hiss eləməyəcəksən.
- Nankor evlad! – qoca sakit danışmağa çalışsa da, bacarmadı, səsini qaldırmışdı. – Ağzından çıxanı qulağın eşidirmi? Sən bir az varlanacaqsan, irəli düşəcəksən deyə mən diri gözlü gedim qəbrə girim? Ay əbləh, hansı oğul puldan ötrü atasının ölümünə razı olar? Bu gündən mənim sən adda oğlum yoxdu! Belə vacibdi, özün öl, ev-eşiyi satıb səni dediyindən də artıq dəfn elərəm! Öz mollalarımızla kifayətlənmərəm, müsəlman ölkələrində nə qədər molla var, hamısını çağıraram!

Oğlu ona baxır, istehza ilə gülümsəyirdi. Həyatın hər üzünü görmüş qoca başa düşdü ki, dedikləri oğluna təsir eləmir, oğlu artıq onu canlılar siyahisindən silib.

Hədəylə, gurultulu sözlərlə oğlunu qorxuda bilməyəcək. Bir halda həkimin köməyi ilə onu o dünyaya yola salıb pul qazanmağı qarşısına məqsəd qoyubsa, onun razılığı olmadan da istədiyinə nail olacaqdı.

Bu vəziyyətdən çığır-bağırla yox, ağılla çıxa bilərdi.

- Sən bütün bunları ciddi düşünüb, götür qoy eləyibsən? – boğuq səslə soruşdu.

- Hə! – oğlu qətiyyətlə dedi.

- Mənə üç gün vaxt lazımdı. Yaxşı-yaxşı düşünməliyəm.

- Nə deyirəm, - oğlu könülsüz halda dilləndi.

Qapıdan çıxanda oğlu geri döndü, ata, dedi, istəyirsən sərəncamına maşın verim, hara istəyirsən get, görmək istədiyin yerləri gör, pul da götür, nəyə istəyirsən xərclə. Cavanlıqda kef çəkdiyin bulaqlar üstə get, soyüq dağ sularından iç.

Qoca başını yırğalayıb etiraz elədi, gəzmək, görmək istədiyi bir yer yox idi, yalnız kəndə gedəcək, anasının, bacısının qəbrini ziyarət eləyəcək, qəbrləri üstə su səpəcəkdi. Oğluyla söhbəti onu kökündən silkələmişdi.

Bu necə ola bilərdi, doğmaca oğlu ona necə belə təklif eləyə bilərdi?

Yaxşı adam olmamışdı, çoxlu nahaq işlər tutmuş, hər cür şərəfsizliklə məşğul olmuşdu, ancaq pul üçün atasının, anasının ölümünə heç vaxt razı olmazdı.

Öz anasını xatırlayırdı, nələr verməzdi, təki anası bir-iki il artıq yaşasın, mümkün olsaydı öz ömründən kəsib anasına verərdi.

Oğlu isə cəmisi iki yüz min dollardan ötrü onu öldürmək istəyirdi. Pula hərislik, acgözlük bunda hardandı?

İki yüz min dollar oğlu üçün nə puldu? Bu şəhərdə evləri, bağı, Bakıda evləri, bağı, maşınları, sexləri, pulunun da hesabını bilmir.

Kasıb düşmüşdü, atasını öldürüb pul qazanmaq istəyirdi?

Xatirindəydi, muğan rayonlarının birində pambıq yığımında nümunə göstərmək istəyən 1-ci katib xəstə anasını pambıq yığmağa göndərmişdi.

İstiyə, alışmadığı işə dözməyən qadın elə həmən gün canını tapşırmışdı. Birinci katibin adı dillər əzbəri oldu, onu hamıya nümunə göstərirdilər.

Təkcə 1-ci katiblər yox, idarə müdirləri, kolxoz sədrləri də ata-analarını pambıq, üzüm yığmağa göndərməyə başladılar.

Tarlaları ələyi ələnmiş, xəlbiri göydə yellənən xəstə qadınların, qoca kişilərin çığırtıları başına götürmüşdü, yazıqlar yalvarır, ölüm ayağında olduqlarını deyirdilər, amma onları eşidən yox idi.

Dağ kəndlərinin birində kolxoz sədri öz anasını üzüm tarlasında işlədirdi, digərlərindən fərqli olaraq bu qadın iş, zəhmət adamıydı, dinməzcə işləyir, işinin öhdəsindən gəlir, hamıdan çox üzüm yığırdı.

Bu isə kolxoz sədrini sevindirmək əvəzinə, qanını qaraldırdı.

«Gör ölür, indi neyneyim, özüm vurum öldürüm? Camaatın anasının əli pambıq koluna dəyməmiş, canı çıxır. Mənimki gündə bir ton üzüm yığır, vecinə də deyil!»

Onda bu sözləri eşidəndə dəhşətə gəlmişdi. Evlada bax, oğula bax, buna bir sağ ol desinlər, iclaslarda tərifləsinlər deyə, illərlə əzab-əziyyətini çəkən doğmaca anasının ölümünü istəyirdi.

Heç vaxt təsəvvür eləməzdi ki, günlərin birində öz evində, öz oğlündan buna bənzər sözlər eşidəcək.

Doğmaca oğlu puldan, şöhrətdən ötrü, onun ölümünü istəyəcək.

Burda nəsə var idi, qoca düşünür, fikirlər labirintində özünü itirir, həmən nəsəni tapmaq istəyir, tapa bilmədikcə də həyəcanlanır, hirslənirdi. Oğlu gedəndən sonra arvadını çağırdı, qarı gec gəldi, deyinirdi, son vaxtlar buna söz deməli deyildi.

- Qarı, - dedi, - ciddi söhbət eləməliyik.

- Ciddi? – qarı inamsızlıqla səsləndi.

- Hə.

- Haçan mənimlə ciddi söhbət eləyibsən?

- Eləməmişəm! – hövsələsiz halda səsləndi. – İndisə eləmək istəyirəm!

- Nəyə görə belə şərəfə layiq görüldüm?

Oxudu, təhsil aldı, həyatın hər üzünü gördü, vəzifələrdə işlədi, yüzlərlə adamın taleyini dəyişdi, öz istədiyi istiqamətə yönəltdi, minlərlə adamlarla görüşdü, di gəl öz sonunu görə bilmədi. Bir vaxtlar yanında cıqqırını çıxartmağa cürət eləməyən qızın nə vaxtsa belə dil-dil ötəcəyini təsəvvür elərdimi?

- Qarı, düzünü de, bu mənim oğlumdur?

- Yox, - qarı fikirləşmədən dedi.

- Necə yəni?! – başında tükləri vız durdu.

- Necəsiz! Sən onun-bunun arxasınca qaçanda sürücün də mənə dadanmışdı. Neynim, cavandım, gözəldim…

- Gözəldin? İtə oxşayırdın! – qoca qışqırdı, ancaq səsi ümidsiz çıxırdı.

- Sənin gözlərin tutulmuşdu. Sürücün deyirdi ki, həyatımda sənin kimi qadın görməmişəm. Gözəl günlər keçirdim onunla! Gecələr yatmırdıq, səhəri diri gözlü açırdıq. Səlimə ondan hamilə qaldım.

Qocanın matı-qutu qurumuşdu, eşitdiklərinə inana bilmirdi. Qarı onu qaynar qazanın içinə atdı, qoca sümükləri qazanda əriyir, od tutub yanırdı.

Odsuz-ocaqsız, tüstüsüz yanır, qovrulurdu. İlahi, nələr eşidirdi bu gün?! Təkcə o kef çəkmirmiş, arvadı da bekar dayanmayıbmış.

Gör özü də kimlə, sürücüylə! Bir anlığa qarabuğdayı, qayışbaldır sürücüsünü xatırladı, od-alov kimi oğlandı, qaynayırdı.

Yenidən başında tükləri qalxmağa başladı, yalnız indi, böyük oğlunun sürücüsünə oxşadığını hiss elədi. Neçə illəri bu oxşarlığı niyə duymamış, görməmişdi?

Niyə ayıq olmamış, azacıq da şübhələnməmişdi? İndiyə kimi gözləri kor, qulaqları kar necə yaşamışdı? Özündən aşağıdakıları adam hesab eləmir, onları ciddiyə almırdı.

Elə zənn eləyirdi, ancaq özü bu işlərlə məşğul ola bilər, daha başqaları yox. Gündə yüz yol başına qışqırdığı, döydüyü, söydüyü sürücüsü isə onun arvadı ilə kef çəkirmiş.

Sözünə bax, həyatımda sənin kimi qadın görməmişəm!

Ay oğraş, sən harda qadın görmüşdün ki, ondan yaxşısını ya da pisini görəsən?

Sən mənim xidmətimdə durmuşdun, mənimçün qızları, qadınları gətirir, aparırdın.

Arvadın itə oxşayırdı, amma desəydim onu da gətir, cıqqırını belə çıxarmadan gətirəcəkdin. İndiyə kimi qulluğunda duranları adamcığaz adlandırırdı, arvadı ikicə dəqiqənin içində onu da göydən yerə endirib adamcığazların arasına saldı, məlum oldu ki, əsl adamcığaz o özü imiş, sadəcə olaraq, xəbəri yoxmuş.

- Uşaqlardan hansı mənimdi? - özünü ələ alıb xırıltılı səslə soruşdu.

- Heç biri!

- Necə yəni?! – bu dəfə başının tükləri biz-biz elə durdu ki, qocanın başı eynən kirpini xatırlatdı.

- Necəsiz! Sən mənimlə yalnız evliliyimizin ilk ayında yaşadın, onda da uşağa qalmadım.
Sonralar üzünü gördüm ki, səndən uşaq da doğam.

- Qarı, deyirsən mənim oğlum, qızım yoxdu?

- Mən demirəm, belədi, sonsuzsan.

Yalan deyirsən, qarını söyürdü, intiqam, qisas almaq üçün deyirsən. Mən səni çox aldatdım, gözünün qabağındaca qadınlarla sevişirdim, sən də buna görə belə yalanlar uydurursan. Qarı başını yırğalayırdı, uydurmuram, olanı deyirəm, inanmırsan, get şəhərə, uşaqların da qanını ver analizə, öz qanını da, görək birinin qanı səninki ilə uyğun gələcək? Gördüm məni adam yerinə qoymursan, cavanlığımdan, gözəlliyimdən ürəyimcə istifadə eləməyi qərara aldım. Mən də bir məndim ha, kimin üzünə gülürdümsə, qəlbinə od düşürdü.

- Qısası, - arvadının sözünü kəsdi, - fahişəymişsən!

- Bəs sən nəydin?

- Qarı! – səsini qaldırdı, ancaq başa düşdü ki, səsini qaldırmağın mənası yoxdu. Qoca kişiydi, güclə oturub dururdu. Özgəsinin evindəydi, arvad onun deyil, uşaqlar onun deyil, əlindən də bir iş gəlmir. Qışqırmaqla nəyə nail olacaqdı? – Bir ayağımız o dünyadadı, düzünü de, Qafar kimdəndi?

- Niyə də yalan deməliyəm? Qafar bağbanın oğludu.

- Nə…ə?!

Yanır, tüstülənir, elə zənn eləyirdi ki, qarı necə tüstüləndiyini görür. Bu nəydi, yan-yörəsindəkilər hamısı onun arvadı ilə yatırmışlar, arvadı da onlardan uşağa qalırmış. Bağban yekəpərin birisi idi, əlləri belə oxşayırdı, danışanda elə bil göy guruldayırdı. Arvadı onların xidmətçisi idi, qabları, paltarları yuyur, yemək bişirirdi. Gəldiyi ilk gün yataq otağına apardı, qadın yalvarır, getmək istəmirdi, zorla apardı. Sonralar isə zora-filana ehtiyac qalmadı, özü gəlirdi.

- Onun arvadıyla da sevişirdin. Başa düşmürdüm, o cür eybəcər qadınla necə yatırdın?

- Sən elə şeyləri bilməzsən! – qürurla dedi, arvadını yandırmaq üçün əlinə fürsəi düşmüşdü, razılıqla danışırdı, qoy yanıb-tökülsün, yalan yerə özünü tərifləsin. Onun gəzdiyi qadınların əlinə su tökməyə belə layiq deyidi. Bir onu bilirmiş bağbanın, ya da sürücünün qucağına atılsın. O isə bütün respublikanın tanıdığı qadınlarla kef çəkirdi. – Heç bilirsən necə qadındı! Sifəti bir balaca yapışıqsız olsa da, onda olan bədən, ehtiras heç bir qadında yox idi! Unudulmaz günlər keçirdim onunla, od parçasıydı. Adamı yandırırdı.

- Eh, sən hardan biləsən? Elə bilirsən əri ondan geri qalırdı? İtirdim qucağında. Bir əli ilə qucaqlayıb qoltuğuna vurur, yatağa aparırdı. Əvvəlcə onunla yatmaq istəmirdim, çox yekəpər idi, qorxudum. Bu nəhənglikdə adamın məni əzəcəyindən ehtiyat eləyirdim. Yatdıq, gördüm qorxulu heç nə yox imiş.

- Bəs qorxmurduz ki, mən gəlib görərəm? – beləcə sakit danışmasına özü də məətəl qalırdı, sanki arvadı ilə adi, gündəlik məişət qayğılarından, işlərindən danışırdılar.
- Arvadı dayanıb gözləyirdi, gələn olan kimi bizə xəbər verirdi. Sən evdə olmayanda, şəhərə, ya da kurortlara gedəndə xidmətçi mənimlə qalırdı. Gecələr əri də gəlirdi, yatmırdıq səhərə qədər. Sən manyak idin, vəhşi, qəddar adamdın. Ferma müdirinin arvadından xoşun gəlmişdi, yoxlama göndərib tutdurdun onu. Arvadını da rayonda hansısa işə gətirdin. İki-üç ay gəzdin, sonra da unutdun, yazıq qız pis yola düşdü, şəhərə getdi, sonra da dedilər ki, hansısa mehmanxanada özünü öldürüb. Bir dostun var idi, qonşu rayonda, arvadı ilə birlikdə qonaq çağırmışdın, dostunu ova göndərdin, o gedən kimi də arvadını apardın yataq otağına. Mənim yatağımda yatırdın onunla, narahat olma, elə mən də həmən yataqda başqa kişiləri qəbul eləyirdim. Birinci dəfəsiydi, nəydi, it qızı başlayandan axıra kimi qışqırdı, elə bil donuz balasının başını kəsirdilər. Arada qapını döyür, deyirdim ki, yavaş, qonşular eşidər, sənsə əhəmiyyət vermir, başıma qışqırırdın. Kurorta gedəndə məni aparıb dostungildə qoydun, o da gecə gəldi yanıma, dedi ki, yadındamı ərin məni ova göndərmişdi. Mən onda şübhələndim, yoldaşlarımdan ayrılıb evə bir az tez qayıtdım. Hasarı aşıb bağdan gəldim həyətinizə, ərinin arvadımı necə qışqırtdığını eşitdim. Mən də əvəzini çıxacağam, xoşluqla da olsa, zorla da olsa. Razılıq verdim, amma nə bilim bu anası ölən qışqırtmaq deyəndə nəyi nəzərdə tuturmuş. Vəhşi kimi düşdü üstümə, bədənimdə salamat yer qoymadı. Dözə bilmir, ağrıdan qışqırırdım. Arvadı gəlib qapını döyür, deyirdi ki, bir az yavaş olun, qonşular eşidər. Əri də onun başına qışqırırdı, eynən sənin kimi. Sonradan arvadına deyirəm, görmürsən ərin mənimlə nə oyundan çıxır, niyə dözürsən? Deyir, bəs onda sən niyə dözürdün? Ərin məni qışqırdanda heç səsini çıxartmırdın. Mənimki də neçə vaxtı qisasını alacağı bu günü gözləyirdi. Üç gün mənə əzab verdi, sən oğraşın intiqamını artıqlamasi ilə aldı. O evdə olmayanda küçəyə çıxıb taksi tutdum və birbaşa rayona gəldim. Sən qayıdana kimi bədənim sağalmamışdı, heç kimi yaxın qoymurdum. Artıq kişilərdən zəhləm gedirdi, yadıma salanda belə ürəyim bulanırdı. Amma bu arada sən qonşu qadına vuruldun, cavan oğlu, institut tələbəsi də bizə tez-tez gedib gəlməyə başladı. Utancaq oğlandı, başını qaldırıb adamın üzünə baxmırdı. Dilə tutub soyundurmuşam. O qədər utancaq idi, beləsini ilk dəfə görürdüm. Fikrim onda qaldığından qorunmağı yaddan çıxartmışdım, daha uşaq istəməsəm də, uşağa qaldım. Əvvəl utanırdı, sonra isə əl çəkmirdi, bir dəfə bağbanla məni bir yerdə görüb hay-həşir qopartmışdı. Qovdum onu, deyirəm, ay küçük, arvadınam? Kiminlə istərəm, onunla da yataram. Sonra gəlib üzr istədi, yalvardı, yenə də ürəyim tab gətirmədi. Samirə onun qızıdır, elə özü kimi də utancaqdı.
Arvadına qulaq asır, qulaqlarına inana bilmir, yuxu gördüyünü zənn eləyirdi. Ola bilməzdi belə şey! Təkcə adı gələndə çoxunun ürək-göbəyi düşən bir adamın arvadı necə belə əməllərdən çıxa bilərdi? Amma baxanda dediklərində həqiqət var idi. Dostunun arvadına çoxdan bənd olmuşdu, amma fürsət tapa bilmirdi. Rayona qonaq çağırdı və nəhayət istəyinə nail oldu. Keçməli qadın deyildi, ancaq niyə qışqırırdı, başa düşə bilmirdi. Sonra da dəfələrlə dostunu rayonə dəvət elədi, amma gəlmədi, müəyyən bəhanələrlə boyun qaçırdı. Qonşu qadınla da yaxşı günlər keçirmişdi, birlikdə şəhərə gedir, mehmanxanada qalırdılar. Demək, oğlu da bekar qalmırmış. Uşaq istəmirmiş, Samirədən sonra da Cabbar olmuşdu axı.

- Bəs Cabbar? – soruşdu.

- Bir rəssam gətirmişdin ha…
-
Aha!

- Onun oğludu!

Rəssamla Bakıda tanış olmuşdu, bekara rəssam idi, ancaq qəşəng arvadı var idi. Rəssamı ailəvi rayona dəvət elədi.

Gəldilər, arvadının rayondan çox xoşu gəlmişdi, rəssam şahmat məktəbinin divarlarına rəsmlər çəkir, divarları boyayırdı.

O da rəssamın arvadı ilə kef çəkirdi, qəşəng, zərif qızı bulaqlar üstə, çayın sahilindəki restoranlara aparırdı.

Bu it oğlu haçan vaxt tapmışdı, arvadı ilə necə tanış olmuşdu? Arvadı sevinirdi, neçə illəri gizli saxladığı sirrini açdıqca onun necə yandığını, əzab çəkdiyini hiss eləyir, ləzzət alırdı.

Necə tanış olduqlarını da fəxrlə danışırdı. «Getdim məktəbə, dedim, ay qoyun, sən burda rəsm çəkirsən, ərim də arvadınla rəsm çəkir. Deyir, bəs neyləyim?

Əlimdən nə gəlir?

Neyləməli olduğunu başa saldım. Zalı rənglətdirməliyik deyən kimi həvəslə razılaşdın, rəssamın arvadının rayonda bir müddət də qalmasını istəyirdin, yaman xoşun gəlmişdi ondan.

Rəssam gəldi bizə, düz bir aya rənglədi o zalı.

Bir ay yaşadım onunla. Abırsız adam imiş! Kitablar, ədəbsiz şəkillər, parnoqrafik kasetlər gətirirdi. Orda necəydisə, mənimlə də elə olmaq istəyirdi.

Ondan sonra bir müddət başqasıyla yatağa girməyə utanırdım. Cabbar da onun oğludu.

Uşaq istəmirdim, qorunurdum, amma bədbəxt oğlu elə hoqqalar çıxarırdı ki, qorunmağın nə faydası, bir də onda ayıldım, hamiləyəm. Qan çəkir, Cabbar da rəssam oldu».

Arvadı danışdıqca qəribə hallar keçirirdi, damarlarında qanı donur, nəfəs alması çətinləşir, boğulurdu.

Sən beləymişsən, qarıya deyirdi, kim gəldi, dartıb aparırmışsan yatağa. Bir kimsəyə belə yox deməyibsən. «Guya sən yox deyirdin?- Qarı istehza ilə dedi.- Sən məni ələ saldın, alçaltdın, təhqir elədin, adam yerinə qoymadın, mən də səndən qisas almağa qərar verdim.

Sən hər növbəti qadına vurulanda, mən də mütləq yeni kişi tapırdım.

Kişiyə nə gəlib, kimsə mənə yox demirdi, özünə baxma, məndən ötrü ölənlər çox idi. Fərqimiz buydu ki, sən qadınların çoxunu zorla, hiyləylə yatağına salırdın, mən isə xoşla, öz razılıqları ilə».

- Qarı, - soruşdu, - uşaqların bilirmi?

- Uşaqlara deyiləsi işlərdi? – qarı nifrətlə dedi. – Qoca köpək, narahat olma, uşaqlar bilmir. Niyə də bilsinlər?

Neyləyə bilərdi, ona xəyanət eləmiş, onu diri gözlü qəbrə qoymuş qadını necə öldürə bilərdi?

Bəlkə yatmağını gözləsin, yatandan sonra düşüb həyətdən baltanı gətirsin, başını kəssin? Ya da bıçaqla, nəyə görə həyətə düşüb balta axtarmalıydı.

Belə də eləyəcəkdi, öldürəcəkdi bu ifritəni, yoxsa ömrünün sonuna kimi rahat ola bilməzdi.

Bu qadın onun həyatının üstündən qara xətt çəkmişdi, cəzasını da almalıydı! Gecə bu ifritəni öldürüb çıxıb gedəcəkdi evdən.

Qarı ayrıca otaqda tək yatırdı, evdəkilər yatandan sonra qarının otağına gedər, başını kəsərdi.

Qoyun başı kimi kəsəcəkdi, bıçağı boğazına sürtdükcə də qulağına pıçıldayacaqdı. «Gəbər, fahişə! Bu da xəyanətinin cəzası!»

Dünənə kimi özünü dünyanın ən xoşbəxt adamı sayır, hamıya yuxarıdan aşağı baxır, həyatda bütün arzularına çatdığını güman eləyirdi. İndisə belə məlum olurdu heç nəyi yox imiş, sonsuz imiş. Öz evladı bilib, onun-bunun uşağını saxlayırmış, bu özgə küçüyü də puldan ötrü onu öldürmək istəyirdi.

Başqalarının arvadları ilə kef çəkəndə, onun da arvadı ilə kef çəkirmişlər. Ömrünün sonunda heç kimi və heç nəyi olmadan gedəcəkdi dünyadan. Dilənçi kimi. Özünü hamıdan ağıllı, çox bilmiş, fərasətli hesab eləyirdi, imkanlıydı, pulu, vəzifəsi, nüfuzu! Harda yanlışlığa yol vermişdi, niyə öz sonunu görə bilməmişdi?

«Qoca köpək! – qarı otaqdan çıxanda qalibanə ədayla gülümsəyib dedi. – Sən neçə illərdi kişi deyilsən, qadınlara yaxın düşə bilmirsən. Amma mən imkan olan kimi öz kişilərimlə görüşürəm. Sonda şəhərdə rəssamla görüşmüşəm. Arvadından ayrılıb, məni buraxmaq istəmirdi, deyirdi, gəl evlənək. Uşaqlara görə razılaşmadım». Bu yaşda da qarı fahişəliyindən əl götürməyibmiş, haçan fürsət düşdü keçmiş oynaşlarını axtarır. Fil qulağında yatıbmış, maymaqlığını özünə bağışlaya bilmirdi. Atıq hər şey gec idi, nəyisə geri döndərməyə gücü çatmasa da, aldadılmasının qisasını alacaqdı.

Qarı, yana-yana deyirdi, gördün səni aldadıram, adam yerinə qoymuram, evə başqa qadınlar gətirirəm, niyə çıxıb getmədin? «Əvvəl fikrim eləydi, - qarı özündən razı halda dedi, - gecələrin biorində başını baltayla kəsib, evdən getmək istəyirdim. Amma sonra düşündüm ki, bu səninçün yüngül cəza olar.

Səni həm cismən, həm də mənən öldürməyi qərara aldım. Elə cəza verim ki, insan evladına bundan ağır cəza düşünüb tapmaq mümkün olmasın. Qisasımı alır, səni tədricən öldürür və bütün bunları sənə deyəcəyim günü səbirsizliklə gözləyir, az qala saniyələri sayırdım.

Soruşmasaydın da həqiqəti bu gün, sabah deyəcəkdim. Yan, yaxıl, qoca kaftar, mən qisasımı aldım. Həyatımın ən xoşbəxt anlarıdır!»

- İfritəymişsən! – boğula-boğula dedi.

- Sən də iblis!

- Öldürdün məni!

- Mən iblis öldürdüm! – qarı qürurla dedi.

- İblis öldüsə, ifritə də ölər!

«Sən başımı kəsib evdən gedə bilmədin, ürəyində deyirdi, ancaq mən kəsib gedəcəyəm. Sən bacarmadın, mən bacaracağam!» Qarı çıxandan sonra ağrılardan və əzabdan qovrula-qovrula əllərini göyə açıb: «Tanrım! – dedi. – İnsan evladına bunca ağır cəza verərlərmi?» Səsi lap yaxınlıqdan eşitdi, sanki kimsə yanında dayanıb qulağına pıçıldayırdı: «İnsan evladı bunca ağır günah işlərmi?

İşlərsə, cəzası bundan da ağır olur!» «Bundan da ağır cəza olurmu?» - qorxa-qorxa soruşdu. «Olur!» Bədəninə üşütmə salan səs dedi. Diksinib ətrafına boylandı, ancaq heç kimi görmədi.

***

Anası və bacısıyla birlikdə yaz yağışlarından sonra göyərən torpaq yolla qəsəbəyə doğru gedirdilər.

Kiçik bacısının əlindən tutmuşdu, yol uzun olsa da, bacısı yorulduğunu biruzə vermir, torpaq yolla inamla addımlayırdı.

Bacısıyla anası yalnız çaya kimi gedə bildilər, çay daşmışdı, üzərindəki asma taxta körpünün üstündən belə su aşıb keçir, qəzəbli hay-küylə sahilləri yuyaraq axırdı. Anasının və bacısının həyəcanlı, qorxu dolu baxışları altında körpüyə ayaq qoydu. Körpü yellənirdi, yaş və sürüşkən idi, hər an ayağı sürüşə, çaya yumalana bilərdi.

Çətinliklə də olsa çayı keçdi, o biri sahilə çıxcaq dönüb doğmalarına əl elədi. Anası qışqıraraq nəsə deyirdi, ancaq çayın gurultusu eşitməyə mane olurdu. Əliylə işarə elədi, yəni mən gedirəm, siz də çıxın gedin.

Tez getməliydilər, yoxsa kəndə qayıdana kimi axşama düşərdilər. Əslində tək gəlmək istəyirdi, ancaq neylədisə, anasını razı sala bilmədi.

Çay daşıb, deyirdi, öz gözlərimlə çayı sağ-salamat keçdiyini görməsəm, rahat olmaram.

Dönüb yoluna düzəldi, qəhərlənmişdi, iki il əskərilikdə olacaqdı, atası hələ o uşaqkən qəzaya düşüb öləndən sonra ailəni anası saxlayırdı, ancaq elə ki, o böyüdü, bütün işlərdə anasına yardımçı olmağa başladı.

Ot biçir, odun gətirir, mal-qoyunu otarır, bostanı şumlayır, bağda işləyirdi.

Onun zəhmətsevərliyi, işdən yorulmamağı sayəsində kənddə heç kimdən pis yaşamırdılar. İndisə yenə də anası təkbaşına əzab-əziyyətə qatlaşacaqdı, bacısı üçün də çətin olacaqdı.

Əskər getdi, qayıtmağına beş-on gün qalmış evdən teleqram gəldi, anası ölmüşdü. Komandiri xətrin çox istəyirdi, sənədlərini qaydaya salıb onu evə buraxdılar.

Gəlib özünü dəfnə çatdıra bildi. Anası vəsiyyət edibmiş ki, oğlum gəlməyincə məni qəbrə qoymayın. Əynindən əskər paltarlarını çıxarmadan anasını dəfn elədi. Həyatının ən çətin, ağır günü idi, Vətənə qayıdacağı, anasını görəcəyi günü nə qədər səbirsizliklə arzulamışdı, qismət olmadı. Adamlar dağılışandan sonra bacısından soruşdu: «Anam vəsiyyət elədimi?» «Hə, dedi ki, yaman gündə də, yaxşı gündə də bir-birinizin yanında olun, - bu iki ildə artıq böyümüş qız dedi. - Bir-birinizlə nə vaxt bərkdən danışsaz, qəbirdə sümüklərim od tutub yanar».

Bacısının çiyinlərini qucaqlamışdı, anam deyən kimi olacaq, deyirdi, həmişə bir yerdə olacağıq, heç vaxt səninlə bərkdən danışmaram.

Sonra hərbi hissədən aldığı xasiyyətnamə ilə partiyaya keçdi, rayonda işə düzəldi, bacısını da özü ilə apardı. İşdə yüksəlmək üçün qiyabi yolla ali təhsil aldı.

Əvvəlcə kosomolda yüksək vəzifəyə irəli çəkdilər, sonra polisə işə keçdi, polis rəisi oldu.
Bacısı öz kəndlərindən olan sevdiyi oğlanla nişanlandı, yaxşı toy elədi, cehiz verdi. Toydan sonra nə qədər vacib işi olsa belə, iki-üç gündən bir kəndə gedir, bacısına baş çəkirdi.

Hər gedəndə ərzaq, paltar, nə lazımsa, alıb aparırdı. Bacısının oğlu olanda sevindiyindən uçmağa qanadı yox idi. O vaxtlar çox uşaqlılıq dəbdə idi, bacısının da yeddi oğlu oldu. Anası necə demişdisə, eləydilər, yaxşı-yaman gündə bir-birlərinin yanındaydılar. Başı ağrıdımı, yastığının yanında bacısını görərdi.

Yuxusunda bacısını qarışıq gördümü, xəstələndyini eşitdimi, harda olsa özünü bacısına çatdıracaqdı. Arvadının aşkarca paxıllığı tuturdu, camaat doğmaca anasını bu qədər istəmir, sən ancaq onun sözüylə oturub durursan.

O da hər dəfə elə sərt cavab verirdi ki, arvadı hələm-hələm bu mövzuda söz sala bilmirdi. Gözünün qabağındaca qadınları yataq otağına aparırdı, səsini çıxartmırdı, amma bacısını çox istəyirdi, hər işində onunla məsləhətləşirdi, arvadının xətrinə dəyirdi.

Rayon mərkəzindəki parkın kənarından ev yeri almışdı, təmtəraqlı ev tikdirirdi. Hər işdən qayıdanda görürdü ki, bacısı ya ustalar üçün çay aparır, ya ətrafın otunu-alağını təmizləyir, bəzən bununla da kifayətlənmir, kərpicləri daşımaqda fəhlələrə kömək eləyir. O hirslənəndə, neynim qağa, deyirdi, bekar qala bilmirəm.

Bir dəfə yenə də bacısının ustalar üçün çay apardığını gördü, arvadı isə ağaclardan asılmış yellənəcəkdə yellənirdi. Dözə bilmədi. «Axı sən mənim bacımsan, dedi, bu evdə xidmətçi də var, işləyən də. Arvadım yellənəcəkdə yellənir, sənsə çay aparırsan, kərpic daşıyırsan.

Bir də belə eləmə, qardaşın evinə gəlibsənsə, otur, qoy sənə xidmət eləsinlər, qulluğunda dursunlar. Bu evdə göstərişi sən ver!» Bacısı üzdə özünü elə göstərirdi, guya onunla razıdı, arxada isə yenə öz bildiyini eləyirdi.

Bir dəfə bacısı kənddən gəlmişdi, xəstəxanada yatan qonşusuna baş çəkəcəkdi. Meyvə, konfet aldırdı, yemək bişirdi. Gedəndə arvadından soruşdu:

Evdə çörək olarsa, iki dənə də çörək götürərdim. Yanıb yaxıldı, sanki bacısı başına bir qazan qaynar su tökdü. «Bacı! – yana-yana dedi. – Bu evdə sənin kimdənsə icazə istəməyin axırıncı dəfə olsun! Çörək lazımdı götür, paltar lazımdı, kimdənsə soruşma, hansını xətrin istəyir, geyin! Kimdən xoşun gəlmir, yapış qolundan, at bayıra!

Pul lazımdı, yerini bilirsən, nə qədər lazımındı, götür! Mən sağsalamatam, yaşayıram, mənim yanımda tabaqdan çörək götürməyə icazə istəyirsən, məndən sonra necə olacaq?»

Axır zamanlar bacısında bir dəyişiklik baş verdiyini hiss eləyirdi, sözlü adama oxşayır, elə bil ondan nəyisə gizlədirdi.

Axır bir gün onu kənara çəkib: «Qağa,- dedi,- haqqında pis söz-söhbət gəzir. Sənə yaraşmaz. Evlisən, uşaqların var». «Boş şeydi! – əlini yellədi. – Yalan deyirlər. İstəməyənlərin dedi-qodusudu».

Bacısı sanki söhbətin açılmağını gözləyirmiş, az qala hər görüşəndə bu mövzuda söz salırdı. Qağa sənə yaraşmaz, ailən, uşaqların, vəzifən, az qaç onun-bunun arxasınca. Hörmətini itirərsən.

Başqasının namusuna sataşanın, öz namusuna da sataşarlar. O qədər dedi, axırda o dözə bilmədi, həyatında ilk dəfə bacısının başına qışqırdı: «Bəsdir, mənim işlərimə qarışma!»

Bacısı diksindi, daha bir söz demədən səssizcə ağlamağa başladı. O da peşiman olmuşdu, ancaq deyilən deyilmişdi. Dilə tutur, üzr istəyir, ancaq bacısı ovunmurdu. Anamın sümükləri od tutub yanacaq, deyirdi. Ay bacı, etiraz eləyirdi, sən qatı mövhumatçısan, anam sadəcə olaraq vəsiyyət eləyib, sənsə artıq qətiləşdiribsən.

Guya biz bir-birimizlə bərkdən danışdıq, anamın sümükləri od tutub yanacaq? Boş söhbətdi, inanma elə şeylərə.

Belə desə də, onda qəribə hallar baş verməyə başladı, durduğu yerdəcə xəyala dalır, kimsəsiz, balaca kənd qəbirstanlığı gözü önünə gəlir və anasının qəbrinin od tutub yandığını görürdü.

Od tutub yanan qəbir yuxusuna da girməyə başladı, rahatçılığı pozuldu, dincliyi ərşə çəkildi. Yuxusuzluq, yorğunluq onu əldən salır, zaman keçdikcə anasının yanan qəbri gözləri önündən çəkilmirdi. Hara baxırdısa, hara gedirdisə o balaca kənd qəbirstanlığını, yanan qəbri görürdü. Həkimə getdi, gizlindən sürücüsünü molla yanına göndərib dua yazdırdı, xeyri olmadı.

Bir gün maşına oturub kəndə getdi, başına gələnləri bacısına danışdı. Bacısı, gedək qəbirstanlığa, dedi, bir səhəng su aparaq, tökək anamın qəbri üstə. İnanmırdı, bacısı mövhumatçıydı. «Yəni deyirsən bizim su tökməyimizlə qəbir sönəcək? Qəbir yanmır axı, mənə yanan kimi görünür. Yoxsa bilsəm suyla sönəndir, gündə on maşın su səpdirərəm qəbrinin üstünə». «Sönəcək, - bacısı inamla deyirdi, - anamın qəbri yanırsa, onu ancaq biz tökən su söndürər».

Bir xeyri olacağına şübhəsi olsa da, razılaşdı. Bacı-qardaş bir səhəng su götürüb qəbirstanlığa getdilər. Səhəngin suyunu qəbrin üstünə səpdilər və nə qədər qəribə olsa da, o gündən də qarabasmaları keçib getdi. Qəbirstanlıq, yanan qəbir gözləri önündən çəkildi.

Bacısının dedikləri haqda düşünür, neyləyəcəyini bilmirdi. Özü də başa düşürdü ki, artıq uşaqları böyüyür, başqa qadınların arxasınca getməyə, gündə birisi ilə gəzməyə son verməlidi. Amma özü ilə bacarmırdı, bir manyak düşüncəsi, sadizm psixologiyası yaranmışdı onda, qadınlarla olmaqdan, onları incitməkdən, alçaltmaqdan, onlara əzab verməkdən həzz alırdı.

Hər yeni qadın onun üçün yeni əyləncə idi, dünənə qədər yeri-göyü yaratamaq iddiası ilə yaşayan, gəzən qadınlar onun əlinə düşür, belə qadınlara əzəb verir, onları alçaldır, ehtirasını söndürdükcə də, ölçüyə gəlməyəcək həzz alırdı.

Xoşuna gələn qadın gördümü, başını itirirdi, artıq bütün günü bu qadına nə vaxt sahib olacağı haqda düşünür, az qala saniyələri sayırdı. Elə ona görə də qulaq asmadı bacısına, qəlbindəki istək, hisslər daha güclü idi. Özü kimi dostları da var idi, ara-sıra onları da kef məclislərinə dəvət eləyirdi. O vaxtlar ən çox sevdiyi lətifəni deməkdən yorulmazdı, hər məclisdə danışardı. «Qadın təzə paltarını geyinib güzgünün qabağında fırlanırmış.

Oğlu soruşur: «Ana, paltarı atam alıb sənə?» «Eh, ay oğul, - qadın deyir, - atanın fərasətinə qalsaydı, heç indi sən də yoxdun». Məclis uğunub gedərdi, nə qədər qəribə olsa da, ən çox qadınlar gülərdi.

Həyatında cansıxıcı, hüznlü günlər başladı, əvvəlcə bacısı əri qəfil xəstələnib öldü.

Kişinin qırxı çıxmamış bacısı da xəstələndi. O günləri xatırlamaq istəmirdi, ağrılı günləriydi. Bakıdan xeyli xərc çəkib dəbdə olan müğənni qızı gətirmişdi rayona. Müğənni gələn gün bacısının xəstələndiyini eşitdi. Müğənninin pulunu verdi, qayıt, get, dedi, vacib işim oldu, getməliyəm. Elə zənn eləyirdi, müğənni buna sevinəcək, müğənni isə hirslənmişdi. Ələ salırsan, işin olacaqdısa, məni niyə çağırırdın? «Sən puldan ötrü gəlmişdin, pulunu da aldın, artıqlaması ilə.

Çıx get də. Hökməndi mənimlə yatasan? Kişi tapılmayacaq? İşim olacağını hardan bilirdin, sən gələndən sonra iş çıxdı. Belə vacibdi, müavinimə tapşıraram, məndən də yaraşıqlı, boylu-buxunludu, narazı qalmazsan!» Müavininə tapşırığını verdi, elə güman eləyirdi müğənni qız çıxıb gedəcək, qalmayacaq. Amma sonradan öyrəndi ki, üç günlüyə gələn qız düz bir həftə qalıb rayonda, təkcə müavini yox, birinci katib də onu bulaq üstə aparıb, restoranlarda qonaq eləyib.
Bacısını hara qaldı aparmasın, hansı həkim qaldı göstərməsin, xeyri olmadı, gözünün qabağındaca əriyirdi.

Bir gün ona dedi. «Qağa, məni Mahmudun yanında basdırarsız». Ona qəribə gəldi, niyə anasının yox, ərinin yanında basdırılmasını istəyirdi? Elə bil bacısı onun nə fikirləşdiyini başa düşdü. «Qağa, - dedi, - mən o evdən çıxmışam. Öz ailəmin yanında olmaq istəyirəm». O isə ürək-dirək verir, bacısına deyirdi, hələ çox yaşayacaqsan.

Sən məndən kiçiksən, ölüm növbəsi mənimdir. Bacısı isə gülümsəyirdi. «Allahımdan çox razıyam, - deyirdi, - qağamın, balalarımın çiynində gedəcəyəm». Sonra isə bir qədər ara verib: «Qağa, - dedi, - qırxım çıxandan sonra boşarsan o qadını». Heç nə başa düşə bilmədi, indiyə kimi bacısı bircə dəfə də olsun ona arvadından şkayətlənməmiş, narazılıq eləməmişdi. Niyə birdən-birə boşanmasını istəyirdi. «Uşaqların razı olmasa da, boşarsan!»

Bu bacısının ona dediyi son sözlər oldu.

Bacısını tanıyırdı, elə-belə söz demədiyini bilirdi. Qəti qərara aldı ki, arvadını boşasın, amma o arada başı qarışdı.

Bacısının ölümü onu sarsıtmışdı, özünə gələ bilmirdi. Adi, sadə kənd qadınıydı, yeddi oğlu olmuş, yeddisi də çıxıb Rusiyətə getmişdi, ayda-ildə bir dəfə gəlirdilər Vətənə. Amma bacısının ölümündən sonra özünü gücsüz, yazıq, arxasız-dayaqsız hesab edirdi.

Vəzifəsi, pulu, balaları artıq böyümüşdü, ona isə elə gəlirdi tək-tənha qalıb, heç kimi yoxdu. Nə sevinci, fərəhi, yaxşı günləri vardısa bacısı özüylə aparmışdı.
Bir ara bacısının dəfniylə başı qarışdı, yeddisi, qırxı, ili, sonra yenidən qadınlar varlığına hakim kəsilməyə başladılar. Əvvəlki günləri başladı, xoşladığı bir qadını gördümü, başını itirir, ona nə vaxt sahib olacağı arzusu ilə yaşayırdı.

Bacısının dediklərini də unutdu.

Səlimin toyunu elədi, Rusiyətdəki bacısı uşaqlarına da demişdi. Toya gələn qonaqların sayı-hesabı yox idi, ancaq onun gözü yolda idi.

Bacısı uşaqlarını gözləyirdi. Gəlmədilər, tamada onu təbrik üçün ilk sözü deməyə çağıranda mağara girdi, son dəfə geri dönüb baxdı, boylandı, bir qədər ayaq saxlayıb gözlədi, hələ də bacısı uşaqlarının gələcəyini gözəyirdi. Gəlmədiklərini görüb, ürək ağrısı ilə düşünürdü. «Ay namərdlər, heç olmaya biriniz gələydi! Biriniz bu gün mənim yanımda olaydı! Bacımın yadigarlarıydız, bacım yoxdu, sizlərdən biriniz olaydı heç olmaya!» İlk dəfəydi evlad toyu eləyirdi, ancaq varlığına sonsuz kədər hakim kəsilmişdi.

Mikrafonu götürüb mağarı nəzərdən keçirir, özünə doğma olan adamları görmədikcə qəhərlənir, qorxurdu ağlaya, sözünü deyə bilməyə. Qısa danışdı, danışmaq onun üçün çətin idi, ara verə-verə danışır, nə qədər çalışsa da, səsindəki kədəri gizləyə bilmirdi. Qısa danışdı, sonra arvadını çağırıb rəqs havası sifariş verdi, qollarını qaldırıb oynamaq istəyəndə bacısı oğlanlarının yeddisi də bir-birinin dalısınca mağara girib, onu əhatəyə aldılar.

Uçmağa qanadı yox idi, bayaqdan qəlbində qövr eləyən, boğazını göynədən qəhər sevincə dönsə də, göz yaşlarını saxlaya bilmədi. Harda qalıbsız, gəlin çıxın da, göz yaşları içində deyirdi. Yalnız özünü ələ alandan sonra soruşdu, nə əcəb hamınız gəlibsiz? «Anamız tapşırıb, - böyük qardaş dedi, - deyib, yaxşı gündə də, yaman gündə də dayınızın yanında olun. Bu gün yaxşı günündü, yanındayıq!» Toy yadından çıxmışdı, fərəhindən, sevincindən yerə-göyə sığmırdı. Bacısı oğlanlarının əhatəsində mağarda qol qaldırıb ürəkdən oynadığı anlar həyatının ən xoş anları idi.

İndi hardaydılar? Yaman günü olduğunu eşitsəydilər yetirərdilər özlərini. Amma onlara zəng eləməzdi. Zəng eləyib necə desin ki, bu uşaqlar mənim deyil, böyük oğlum, davamçım, evimin çırağı bildiyim yad törəməsi məni öldürəcək, gəlin, qoymayın. Yox, heç vaxt deməzdi, bundansa elə qoy öldürsünlər. Özü məhv olmuşdu, onu sındırmış, alçaltmış, mənən də, cismən də öldürmüşdülər, heç olmaya qürbətdəki doğmaları sınmasınlar. Bütün bunları eşitmək onların da qəlbində sağalmaz yara buraxardı, qoy bilməsinlər.

Yanlışlığa harda yol verdiyini yalnız indi anlamağa başlamışdı. Gərək onda bacısının vəsiyyətinə əməl edib boşayaydı bu qadını. Hələ cavandı, evlənər, öz uşaqları olardı.

***

Səlim ona rəhm eləməyəcəkdi. Lap elə durub desəydi də, ölmək istəmirəm, haçan əcəlim gələr, onda da gedərəm, sürücünün oğlü razılaşmayacaqdı.

Kim onu ala bilərdi qatilin əlindən? İllər uzunu evində saxladığı, böyüdüb boya-başa çatdırdığı yad törəməsinin onu asanlıqla öldürməsi ilə barışa bilməzdi.

Yox, öldürə bilməyəcəkdi! Gecə arvadının başını kəsib, gedəcəkdi evdən. Səlim rüsvay olmamaq üçün anasının öldürüldüyünü açıb ağartmaz, öz əcəliylə öldüyünü deyərdi. Hər halda atam anamın başını kəsib, evdən qaçıb, deyəcək qədər ağılsız deyildi.

Mütləq öldürəcəkdi, yoxsa harda olsa rahatlıq tapmaz, qəbrində belə sümükləri od tutub yanardı. Dünya yarandığı gündən xeyirlə şərin mübarizəsi üstündə qurulmuşdu, indisə iki şər üz-üzə idi. Biri ölmüşdüsə, o biri də ölməliydi.

Gözlədi, evdəkilər hamısı yatandan sonra ayağa qalxdı, əl fanarını, yaman gün üçün saxladığı pullarını, cib telefonunu, sənədlərini, stolun üstündəki meyvə bıçağını götürdü. Əliylə bıçağın tiyəsini yoxladı, kəsərliydi, qoca arvadın başını kəsməyə yarayardı. Ehtiyatla, səs salmamağa çalışaraq pəncələrinin ucunda otaqdan çıxdı.

Bütün diqqətini toplayıb arvadının otağına doğru gedir, bıçağın dəstəyini möhkəmcə sıxırdı.

Bu ifritəyə görə həyatının ən xoşbəxt anı onu necə alçaldıb, ələ salıb, təhqir eləyib, tədricən öldürdüyünü ona deyəcəyi an idi. Onun da həyatında ən xoşbəxt an bıçağı qarının boğazına sürtəcəyi an olacaqdı. Qorxurdu ki, qarı oyanıb qışqıra, yatanları oyada.

Lap oyanıb qışqırsaydı da, əhəmiyyət verən deyildi, bıçağı birbaşa ürəyinin üstündən saplayacaqdı! Qolları gücdən düşsə də, ifritəni öldürməyə gücü çatacaqdı.
Qapının dəstəyindən yapışıb yüngülcə özünə tərəf çəkdi. Qapı içəridən bağlıydı.

Qoca ayaq üstəcə donub qalmışdı, qapını aça bilmirdi, qarını cəzasız buraxıb getmək ona öz ölümü qədər ağır gəlirdi. Pəncərəni yoxladı, pəncərə də bağlıydı.

Yanaqları ilə göz yaşları süzülür, özünü dünyanın ən aciz adamı hesab eləyirdi. Sonda burda dayanmağın mənasızlığını başa düşüb, getməyə qərar verdi, qarını öldürə bilmədi, özünü xilas eləməliydi.

Geri döndü, pilləkənlərə doğru gedirdi, həyəcanlanmışdı, ürəyi əsirdi, ona elə gəlirdi, indicə Səlim arxadan onu səsləyib soruşacaq, a kişi, gecənin bu vaxtı hara gedirsən? Çağıran yox idi, evə matəm sükutu çökmüşdü.

Yalnız həyətə düşüb, çölə çıxandan, çöl qapısnı arxasınca bağlayandan sonra nisbətən arxayınlaşdı.

Küçə işıqlarının solğuncasına sayrışdığı kimsəsiz küçəylə gedir, düşünürdü. Canını qurtarmaq üçün hara gedə bilərdi? Yaxşısı Bakıya getmək, orda polis şöbələrinin birində vəziyyəti danışıb, qorunmasını tələb eləmək idi.

Bu şəhərin polis şöbəsinə getsəydi, rəis çox ola bilsin ki, onu gətirib yenə də Səlimə təhvil verərdi.

Di gəl küçələrdə maşın yox idi, Bakıya necə gedə bilərdi? Hansısa bir maşın sahibi Səlimdən icazə almasa, nə deyib onu xəbərsiz-ətərsiz Bakıya aparardı? Yox, heç kim razılaşmazdı!

Birdən çayın sahilində nərd oynadığı dostu yadına düşdü, yaxşısı onlara getməkdi, gecəni orda yatar, sübhdən Bakıya gedərdi. Evləri bir qədər aralıda olsa da, qoca inamla dostunun evinə doğru gedirdi.

Evə çatanda yorulmuşdu, qıçları əsirdi. Nəhəng qoşalay qapının qarşısındakı çinar ağacına söykənib dincini aldı. Sərin gecə küləyi əsir, çinarın yarpaqları xışıldayır, xəfif xışıltı nədənsə qocanı gövrəldirdi. Vaxt itirməyib qapını döyməyə başladı. Gecədən xeyli keçsə də, dostu dərhal cavab verdi, artırmaya çıxıb qapını döyənin kim olduğunu soruşdu və o səsini çıxardan kimi də, onu tanıdı. Düşüb gəldi, qapını açıb heyrətlə soruşdu:

- Gecənin bu vaxtı səndən nə əcəb?

- Gecəni sizdə qala bilərəmmi? – cavab verməyib dedi.

- O nə sözdü, əlbəttə! Ev qurbandı sənə! – dostu fikirəşmədən cavab verdi, ancaq maraq hissi üstün gəldi, bir qədər tərəddüdlə, çəkinə-çəkinə soruşdu: - Öz evində niyə gecələmirsən? Bir işmi olub?

- Heç nə olmayıb! – hirslə, dilxor halda dedi, durub buna olub keçənləri danışmaq, bu bekara adamın qarşısında alçalmaq istəmirdi. – Sadəcə bu gecə sənin evində yatmaq istədim.

- Buyur, buyur! Ev sənindi!

Yalan niyə danışırsan, ürəyində dostunu məzəmmətləyirdi, indi mənim heç nəyim yoxdu, o cümlədən evim də. Sənsə bunları bilmirsən, ona görə evini mənə qurban eləyirsən, başçının atası olduğum üçün. Amma bilsən başçı mənim oğlum deyil, öldürməsinlər deyə evdən qaçmışam, məni evinin kandarından belə buraxmazsan. Utanıb eləmədən ağac götürüb qovarsan.

Qapıdan içəri keçdi, ancaq birdən ağlına gələn fikirdən ayaq üstəcə donub qaldı. Bunun oğlu qaz idarəsinin müdiri idi, heç yerinə girməmiş qaz idarəsinin müdiri Səlimə zəng eləyəcək, işin nə yerdə olduğunu danışacaqdı. Səlim də onun harda olduğunu bilib arxasınca maşın göndərəcək, zorla da olsa evə aparacaqdı. Bura gəlməkdə ağılsızlıq eləmişdi. Geri döndü.

- Hara? – dostu arxasınca qaçırdı.

- Qalası olmadım, - geri dönmədən cavab verdi.

- Nə oldu, niyə fikrini dəyişdin?

Sözdü deyirdim. Keçirdim, əhval tutmaq istədim.

- Gecənin bu vaxtı?

Əl çək də, ay əbləh, nə istəyirsən? Evdən uzaqlaşandan sonra dostunu söyürdü, cəhənnəm ol da, nədi, zorla saxlayacaqsan? Mən canımı qurtarmaq, ölümdən qaçmaq üçün etibarlı yer axtarıram, sənin xaraban da etibarlı deyil.

Yenidən düşünməyə, vəziyyətdən çıxış yolu axtarmağa başladı. Onu kim qurtara, xilas eləyə bilərdi? Küçənin ortasında dayanıb qışqırsınmı? Desinmi, qardaşlar, müsəlmanlar, məni öldürürlər, qoymayın, xilas edin! Mənasız işdi, kim eşidəcəkdi onu? Dünyanın, ilin-günün hansı vaxtıydı, adamı öldürmək istəyirdilər, bir kimsə də mane olmur, onu qatilin əlindən almırdı. Birdən Bakıdakı dostu yadına düşdü, o vaxt Daxili İşlər Nazirliyində işləyirdi, bir dəfə ailəvi rayona gəlmişdilər. İndi də oğlu nazirlikdə məsul işdə işləyirdi, istəsəydi onu xilas eləyə bilərdi, polis şöbəsinin rəisi onun sözündən çıxmazdı.

Fanar işığında dostunun nömrəsini xeyli axtardı, nəhayət tapdı və gecədən bir qədər keçsə də, dostuna zəng elədi. Telefon zəng çalırdı, ancaq cavab verən yox idi.

Ürəyi əsirdi, cavab ver, həyəcanla pıçıldayırdı, məni öldürürlər, aç bu telefonu! Cavab ver, hə, nə oldu? Cavab verən yox idi, bir daha zəng elədi, bircə cavab versəydi!

Cavab verdilər, dostu idi, hələ yuxudan oyanmasa da, onu tanıdı. Bir işmi olub, gecənin bu vaxtı xeyir ola, həyəcanlanmış halda soruşurdu.

Vaxt itirmədən birbaşa mətləbə keçdi. «Mənə diqqətlə qulaq as! - dedi.- Oğlum, daha doğrusu mənim yox, sürücümün oğlu, yəni bu rayonun icra başçısı məni öldürmək istəyir.

Həkim çağıracaq, həkim də mənə iynə vurub öldürəcək. Oğluna zəng elə, qoy polis rəisinə göstəriş versin, qorusunlar məni!» «Başa düşmədim, necə yəni sənin oğlun deyil? Niyə səni öldürməlidi?» «Qardaş! – az qala yalvarırdı. – Bunları sənə telefonda başa salmağım uzun çəkər.

Arvadım ayağı sürüşkən imiş, heyf, vaxtında bilməmişəm. Sən zəng elə, xahiş eləyirəm! Başa düş, kömək eləməsən, öldürəcək məni! Qanım sənin də üstündə qalacaq!» «Yaxşı, - dostu bir qədər fasilə verib dilləndi, - zəng elərəm».

Dostu telefonu söndürdü. Görəsən zəng eləyəcəkdimi? Oğlu balaca adam deyildi, polis rəisinin cürəti nəydi onun göstərişinə əməl eləməyə. Vaxt itirmədən polis şöbəsinə getməliydi.

Polis şöbəsi bir qədər aralıda, yolun yuxarısındakı təpələrin üstündəydi, ora ağacların arasıyla kəsəsinə cığır qalxırdı.

Cığıra düşüb gedirdi, cığır qaranlıq olduğundan əl fanarını yandırmışdı. Birdən arxadan səslər eşitməyə başladı, onu çağırırdılar.

Dayan, deyirdilər, hara gedirsən? Səsləri lap aydınca eşidir, başında tükləri biz-biz durur, həyəcandan, qorxudan ürəyi şiddətlə çırpınır, az qala köksünü yarıb çıxmaq istəyirdi.

Vaxtı ilə zorladığı, zorla yatağa apardığı qadınların, qızların səsləriydi, onu söyür, lənətləyirdilər. Qocanı tər-su basmışdı, addımlarını zorla atır, təqiblərdən qurtarmaq üçün var qüvvəsi ilə qarşısındakı işıqlara doğru gedir, hər an ürəyinin dayanacağından ehtiyat edirdi.

Bircə yıxılmasaydı, özünü şöbəyə çatdırsaydı! Addımlarını yeyinlətsə də, təqib eləyənlər ona çatmaq üzrəydilər, səsləri lap yaxınlıqdan gəlir, nəfəsləri boyun-boğazını qarsayır, qapqara saçları üz-gözünə toxunurdu. «Allahım, qurtar məni! – ürəyində yalvarırdı. – Ömrümdə ilk dəfədi sənə üz tuturam. Kömək elə, dadıma çat, ya rəbbi!»

Polis şöbəsinə, növbətçi olan otağa girəndə ayaqlarının heyi qalmamışdı, özünü saxlaya bilməyib girəcəkdəki divana oturdu. Tər-su içində idi, bədəniylə sel-su axırdı, gözləri önündə kölgələr oynaşır, yanına qaçan pols kapitanının işıldayan paqonlarına baxdıqca, onu təqib eləyən səslər tədricən çəkilir, eşidilməz olurdu. Kapitan gözlərinə inana bilmirdi, onu tanımışdı.

- Kişi, sənə nə olub? Bura niyə gəlibsən?

- Rəisini çağır! – cavab verməyib qısaca dedi.

Kapitan telefona cumub harasa zəng elədi, bir azdan qayıdıb onun üçün su gətirdi, suyu canıhöyüllü içdi, dəsmal çıxardıb üz-gözünün tərini sildi.

Özünü ələ ala bilmirdi, bu gün eşitdikləri, öyrəndikləri onu büsbütün dəyişmiş, başqalaşdırmışdı.

İllər uzunu onun-bunun yalvarışlarını, xahişlərini eşitməyə alışmış bir adam indi yalvarmağa, xahiş eləməyə gəlmişdi. Eşidəcəkdilərmi, orasını bilmirdi.

Rəis tez gəldi, yəqin şöbədəymiş, ya da o zaman hissini itirmişdi. Rəisin gözləri yerindən çıxmışdı. Kişi bu nə haldır? Səlim müəllim bura gəldiyini bilirmi? Bu nə üst-başdır, harda belə-toz torpağa batıbsan, hardan gəlirsən? Rəisin sualları tükənmirdi, o isə nəfəsini dərir, rəisin nə vaxt sakitləşəcəyini gözləyirdi.

- Qulaq as, - rəis ara verən kimi də sözə başladı, - Səlim müəllim dediyin o adam mənim oğlum deyil, sürücümün oğludu. Məni öldürmək istəyir, pul qazanmaq üçün. Həkim çağıracaq, həkim mənə iynə vuracaq, öldürəcək. İcra başçısıdı, qonaqları tökülüşüb gələcək, hamısı imkanlı, pullu qonaqlar. Şəxsən sən min dollardan aşağı atmazsan. Azından iki yüz min dollar irəli düşəcək. Məni qoruma altına alın, səhər açılan kimi xüsusi mühafizəçilərlə Bakıya yola salın.

- Dayı, nə danışırsan? – rəis eşitdiklərinə inana bilmirdi. – Səlim müəllim hamımızın ağsaqqalıdı. Sən elə oğulla fəxr eləməlisən! Gəl səni aparaq öz evinə…

- Elə oğulla sürücü fəxr eləməlidi, mən yox! Mən vətəndaşam, şikayət eləyir, qorunmamı tələb eləyirəm! Məni qoruyun, bir daha o evə gedə bilmərəm. Nə gözünü bərəldirsən? Ağlımı itirib eləməmişəm, olan şeyi deyirəm! O oğraş, yəni sizin ağsaqqalınız öldürəcək məni! Məni qorumaq üçün tədbir görməsən, cinayətin bir iştirakçısı da sən olacaqsan. Məyər nazirlikdən sənə zəng eləməyiblər?

- Yaxşı, - rəis bir qədər düşünüb razılıq verdi. - Kiminsə zənginə ehtiyac yoxdu. Necə deyirsən, elə də elərəm. Amma səni burda saxlaya bilmərəm. Gərək elə yerə aparaq ki, orda olmağından kimsənin xəbəri olmasın. Səhərə kimi polislər keşiyini çəkəcək, səhər tezdən Bakıya yola salarıq. Qalanı öz işindir.

- Ay sağ ol! - qocanın çiyinlərindən sanki dağ götürüldü, arxayınçılıqla nəfəs aldı.
Fəxrlə düşünürdü, hə, yad küçüyü, özünü ağıllı hesab eləyirdin, amma öldürə bilmədin. Sənin atanın təpəsinə gündə beş dəfə qapaz vururdum, indi sən məni öldürüb pul qazanmaq istəyirsən. Qazana bilmədin! Sənin də təpənə qaraz vuracağam, özü də elə qapaz ki, yerin altına girəcəksən! Mənim itiriləsi bir şeyim yoxdu, nəyim vardısa, hamısını itirdim. Sənsə itirəcəksən, Bakıya çatan kimi qəzetlərin hamısını dəvət eləyib, sizləri bütün respublikada rüsvay eləyəcəyəm. Utandığınızdan başınızı çölə çıxara, adam içinə çıxa bilməyəcəksiz. Səni də vəzifəndən qovarlar, iti məsciddən qovan kimi!
Rəis iki nəfər polis çağırdı, onlara nəsə dedi və polislər onu həyətə çıxarıb polis maşınına mindirdilər. Qəribəydi, onu arxada oturdub, hərəsi bir tərəfində oturdu. Niyə belə eləyirdilər? Maşın yerindən tərpənib şəhərə doğru istiqamət götürdü. Bir az getmişdilər ki, maşının onların küçəsinə döndüyünü görən qoca heyrətlə soruşdu:

- Məni hara aparırsız?

- Evinə, - sağında oturan polis duyğusuz səslə dedi.

- Necə yəni?- inamsızlıqla səsləndi və maşının doğrudan da evlərinə tərəf getdiyini görüb polislərə yalvarmağa başladı. – Uşaqlar, məni ora aparmayın! Yalvarıram sizə, orda məni öldürəcəklər! Müsəlman deyilsiz? Atanız yaşda kişini nə haqla aparıb cəllada təhvil verirsiz? Qəlbinizdə insaf, rəhm yoxdumu? Niyə mənə inanmırsız, nəyə deyirsiz and içim, öldürəcəklər məni!

Polislərin sakitcə oturduqların, onun dediklərinə əhəmiyyət vermədiklərini görüb, onları şirnikləşdirməyə çalışdı.

-Baxın, on min dollar pulum var, - inandırıcı çıxsın deyə pulu çıxarıb göstərdi, yelləyir, göy pullar yüngülcə xışıldayırdı, - hamısı sizin. Halal-xoşunuz olsun. Buraxın məni, çıxım gedim.

- Biz rüşvət almırıq! – polislərin səsində aşkar istehza var idi.

- Oğlum, mən keçmiş polis işçisiyəm, rəis işləmişəm. İndiyə kimi rüşvət almayan polis görməmişəm.

- Görməyibsənsə, gör.

- Gördüm, - buyruq qullarına yalvarmağın mənasızlığını başa düşdü, - ömrümün qürubunda bu səadət mənə qismət oldu.

Demək, dostu da onu aldatdı, oğluna demədi. Təzədən dostuna zəng elədi, bu dəfə dostu dərhal cavab verdi. «Məni öldürəcəklər, - dedi, - ölüm ayağında sənə bir etiraf eləmək istədim». «Elə, - dostu həvəslə dilləndi, - yüngüllükdü. Arxayın gedərsən». «Yadındamı, səni rayona çağırmışdım?

Arvadınla gəldin. Arvadın gözəl qadındı, qarmon çalırdı, hər qarmonu götürüb çalanda adamın ruhu bədənindən uçurdu. Sənin başın yeyib içməyə qarışmışdı, mən də arvadını müxtəlif tədbirlərə aparırdım.

Tədbir-filan boş şeydi, kef çəkirdik. Unudulmaz günlər keçirdim onunla». «Elə şeydən ötrü ürəyini sıxma, - dostu sakit danışırdı, zərrəcə də hirslənməmişdi, - arxayın get. Borclu qalmamışam sənə. Yadındamı, arvadınla şəhərə gəlmişdin?

On gün qaldın, onun–bunun arxasınca qaçırdın, arvadın yadından çıxmışdı. Baxıb gördüm, gözəl qadındı, vaxtını şən, mənalı keçirmək, əylənmək istəyir. Yardımçı oldum ona. Sənə bir etiraf da eləyim, lap arxayın get». «Elə, oğraş, elə!» «Bizim münasibətlərimiz indiyə qədər də davam eləyir. Etibarlı qadınmış, şəhərə gələndə axtarıb məni tapır.

Narahat olma, yasına gələcəyəm, itin biri ölübs deyə arvadınla yas saxlayan deyilik, işimizi görəcəyik.

Hə, indi rahat ölə bilərsən. Gülə-gülə get!» Necə rahat ölə bilərəm, yana-yana düşünürdü, qəbrim od tutub yanar, torpağım yanar! Telefonu ayaqlarının altına atıb hirslə tapdalayır, əzir, elə zənn eləyirdi ki, arvadını və onun oynaşlarını əzişdirir.

Maşın çöl qapısına yaxınlaşırdı, Səlim idman kostyumunda qapının ağzında dayanıb gözləyirdi. Yəqin rəis zəng eləyib, işin nə yerdə olduğunu demişdi.

Polislər onu maşından düşürdüb, Səlimə baş əyərək, bir tapşırığı olub-olmadığını soruşdular və çıxıb getdilər.

Səlim qoluna girib evə gətirdi. «Ata, gördünmü, - deyirdi, - mən deyən oldu. Sən indidən ağlını itirdin». «Səlim, - qoca ağlamsınır, bacardığı qədər dil tökürdü, - səni mən böyütmüşəm, əzab-əziyyətini mən çəkmişəm. Öldürmə məni, puldan ötrü qıyma mənə. Həyat şirindi, uzağı bir il ömrüm qala, ya qalmaya, qoy yaşayım.

Öz əcəlimlə ölüm. Heç mənə ehsan verməzsən. Sağlığımda bircə dəfə olsun başımı möhürə qoymadım, Allahı tanımadım, əyilmədim onun qarşısında, öləndən sonra ehsan nə karıma gələcək?» «Ay ata, - Səlim başını yırğalayırdı, gecə lampasının solğun işığında qoca ona baxır, sürücüsünə necə oxşadığını sanki ilk dəfə görürdü, - mən səni həyatı başa düşən, duyan bir adam bilirdim.

Sənə hər ikimizə sərf eləyən variantı dedim. Bir halda istəmirsən, öz işindi. Olmaya elə zənn eləyirsən, səni zorla öldürəcəyəm? Yaşa, ay ata, xətrin istəyən qədər. Doxsan illiyini də qeyd elərik, sənə bir yubiley keçirəcəyəm, bütün ölkəyə səs-səda salacaq. Keçmiş dost-tanışlarının hamısını çağıracağam».

- Öldürməyəcəksən? – qoca ümidlə soruşurdu.

- O nə sözdü, əlbəttə öldürməyəcəyəm.

- Yaşayacağam?

- Ata, gecən xeyrə, yuxun şirin olsun. Mən yatıram, bu söhbətə bir də qayıtmayaq.
Qocanın qəlbində ümid duyğuları baş qaldırdı, sürücünün oğlü düşündüyü qədər də qəddar adam deyilmiş, öldürməyəcəkdi onu. Amma daha bu evdə yaşamağı tutmazdı, qala bilməzdi bu adamların içində, hər bunlara baxanda necə alçalmasını, təhqir olmasını xatırlayacaqdı. Çıxıb gedərdi Bakıya, qocalar evindən birində qalar, ömrünün son illərini orda başa vurardı. Getməmiş mütləq arvadını öldürəcəkdi, bununla sürücüsünün oğluna da xidmət göstərmiş olardı. İrəli düşmək istəyirdi, qoy anasını dəfn eləsin, lap yarım milyon qazansın. Bıçağı arvadının boğazına söykəyəcəyi an ömrünün ən xoşbəxt anı olacaqdı. Boğazının damarlarını kəsəcək, qarı xırıldadıqca qulağına pıçıldayacaqdı. «Gəbər, fahişə! Xəyanət eləyənin cəzası budu!»

Yatağına girdi, yenə də bayaqkı səsləri eşitməyə başladı, qışqırır, söyür, lənətləyirdilər. Həmən qadınlar, qızlar idi, otağına doluşur, üstünə cumurdular.

Saçları dağılmışdı, gözləri qəzəb və nifrətlə işıldayırdı, qoca qorxusundan titrəyərək divara sıxılır, özünü qorumaq istəyirdi.

Çalağan çaynaqlarını xatırladan uzun əllər, qan daman dırnaqlar onun üzərinə əyilir, gözlərini didib tökmək, çıxarmaq istəyirdi.

Qoruna bilməyib səsi gəldkcə qışqırdı, səsə Səlim gəldi, işığı yandırdı.

- Ata, nə olub?

- Qorxuram, - tir-tir əsir, dili söz tutmurdu.

- Nədən?

- Ölmək istəmirəm, - qoca yalvarır, körpə uşaq kimi ağlayırdı.

- Ata, uşaq deyilsən. Kimsə səni öldürə bilməz, rahat yat.

- Səlim, haçan ölərəmsə, məni kəndə aparıb anamın yanında basdırarsız.

- Ata, sən hələ uzun yaşayacaqsan! Axı özün dedin, həkim sənə deyib ki, yüzün də arxasını yerə vuracaqsan.

O əbləh hamıya o cür deyir, avara həkim olsa da, axmaq deyil, ürəyindən keçirdi. Otağından arvadının səsi eşidilirdi. Gecə yarısı nə hay-küy salıbsan? Niyə qoymursan uşağı yatmağa? Sənin kimi veyil, avaradı? İş adamıdı, sübhdən durub işə gedəcək. Öl də, dünyanı tutub gedəcəksən? Sənin taylarının torpaq altda sümükləri də çürüyüb, sənsə buğa kimisən!

Qoca istehza ilə gülümsəyərək, qarı, ürəyində dedi, Allaha dua elə, oğlunu tezliklə işdən çıxartsınlar və bir daha ona vəzifə verməsinlər. Yoxsa günlərin birində səninlə də ciddi söhbət eləyəcək. Mənim əlimdən də qurtarsan, oğlunun əlindən qurtara bilməyəcəksən. Sürücünün oğlu bu işdə iki yüz min dollar olduğunu yəqinləşdiribsə, sənə rəhm eləməyəcək.

Məcrasına sığmayan dağ çayını xatırlayırdı. Çayın üstündəki taxta körpüdən keçir, hayqırıb gələn bulanıq sular qəzəblə ona çırpılır, körpünün üstündən atmaq istəyirdi.

Selə çətinliklə sinə gərir, ayaqları yaş taxtaların üstündən sürüşür, əlini atıb bir yerdən yapışa bilmirdi. Körpünü keçdi, üz-gözüylə, saçlarıyla su axır, damcılayırdı, bulanıq, qəzəbli suya qalib gəlmişdi, sevinirdi.

Geri dönüb o tayda bir-birinə sığınaraq dayanmış anası ilə bacısına əl elədi. Anası qışqıraraq ona nəsə deyirdi, birdən-birə anasının nə dediyini eşitdi. «Oğlum! – anası deyirdi. – Kimsəni öldürmə, yoxsa səni də öldürərlər!»

Körpünü keçib gəldiyi gündən indiyə kimi həmişə yalnız bir şey haqda düşünmüşdü, o vaxt çayın sahilində dayanıb qışqıran anası nə deyirdi və indi də başa düşə bilmirdi ki, niyə məhz bu gecə, aradan uzun illər keçəndən sonra anasının nə dediyini eşidə bildi.

***

Telefona gec cavab verdilər, həkimin arvadı idi, ərinin yatdığını deyirdi. Dərhal oyat, dedi, qoy mənimlə danışsın. Arvad səsini tanıdı, nəydi, bir söz demədən getdi və bir azdan həkim özü telefona cavab verdi. Onun səsini tanıyan kimi əl-ayağa düşdü, nə lazımdı, xeyir ola gecənin bu vaxtı.

- Bizə gəl, - qısaca dedi.

- İndi?

- Hə, - dedi.
XS
SM
MD
LG