Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:30

Eyvaz Zeynalov "O gün hamı xocalılıydı" (Hekayə)


- Elnur, ay Elnur!

Elnur çağırışı qulaqardına vurdu. Məktəbdən yenicə gəlmişdi. Acdı, qarnının hayındaydı. Stol arxasında anasının yeməyi haçan qızdırıb gətirəcəyini gözləyirdi.

Çağıran əl çəkməyəndə durub küçəyə baxan pəncərəyə yaxınlaşdı. Sinif yoldaşı Məzahirdi.

- Nədi, ə?

- Aşağı düş, sözüm var.

Bayırda quşbaşı qar yağırdı. Soyuqdu.

- Elnur, yeməyin hazırdı ha. - Anası mətbəxdən xəbərdarlıq etdi.

- Gəlirəm.

Həvəssiz aşağı düşdü. Məzahir pilləkənin ayağında gözləyirdi. Həyəcanlıydı.

- Noolub? - Elnur soruşdu.

- Ermənilər bu gecə Xocalını yernən yeksan eləyib, bizimkiləri qırıblar. Canını qurtarıb qaçan xocalılar Naxçivanik, Qaraqaya tərəfdən Şelliyə axışır.

Şelli qonşu kənddi.

- Hardan bildin?

- Atam, əmimgil yığışıb köməyə getdilər. Mən də onlara qoşulmaq istədim, atam qoymadı.

Neçə gündü Xocalıdan cürbəcür pis xəbərlər gəlirdi. Ermənilər türklərin yaşadığı qonşu Malıbəyli, Quşçular kəndlərini işğal edəndən, sakinlərini güllədən keçirəndən sonra qana batmış dişlərini Xocalı şəhərinə qıcamışdılar.

Mühasirəni günbəgün daraldırdılar. Qədimdən türk məskəni olan Xocalı şəhəri erməni kəndlərinin əhatəsində adanı xatırladırdı.

Düşmən nə qədər amansız, qaniçən olsa da xocalılar mərd dayanmışdılar.

Təslim olmaq, torpağı ermənilərə vermək fikrində deyildilər...

Elnur nə fikirləşdi, nə fikirləşmədisə çönüb həyətdəki “Niva”ya baxdı. Atası hara getmişdisə gözə dəymirdi.

Ayaqlarının ucunda geri qayıdıb anasından xəlvət gödəkçəsini geyindi, təzədən aşağı düşdü. Məzahirə arxasınca gəlməyi işarə etdi.

Zənnində yanılmamışdı. “Niva”nın açarı üstündəydi. Sürücülük vəsiqəsi olmasa da maşın sürməyi pis bacarmırdı.

Gözünü açandan həyətdə maşın görmüşdü.

Nə qədər ehtiyatlı tərpənsələr də mühərrikin tırıltısına anası duyuq düşüb ikinci mərtəbədə, eyvanda göründü. Maşının arxasınca harayladı:

- Elnur, hara gedirsən?..

Özünü eşitməməzliyə vurdu.

Onlar artıq qanmaz uşaq deyildilər. Bu gün-sabah orta məktəbi bitirəcəkdilər. Onuncu sinifdə oxuyurdular.

Bir tərəfdən də onları iştirakçısı olduqları Qarabağ hadisələri vaxtından əvvəl yetkinləşdirmişdi.

Ermənilərin xəyanətindən, məkirli əməllərindən, təkcə indi yox, tarix boyu türklərə qarşı törətdikləri cinayətlərdən az-çox xəbərdardılar.

Məktəbi tez qurtarmaq, ermənilərə qarşı vuruşan könüllü dəstələrə qoşulmaq, Vətən torpağının keşiyində dayanmaq arzusu ilə alışıb yanırdılar...

Qonşu kənddən şəhərə doğru uzanan asfalt yolda maşınlar, piyadalar əriş-arğacdı.

Daş dövründəki kimi bel, yaba, dəhrə-balta ilə silahlanmış kənd sakinləri (Qarabağ hadisələri başlayanda ermənilərin başbilənləri erməniləri müasir silahlarla təpədən dırnağacan silahlandırdıqları halda bizimkilər yerli əhalinin quş tüfənglərini belə qapı-qapı düşüb zorla yığmış, onları düşmən qarşısında əliyalın qoymuşdular) kəndin yuxarı hissəsindəki dağlara doğru axışırdılar.

O tərəfdən yaralılarla dolu qayıdan şəxsi minik, təcili yardım maşınları yolu boşaltmaq üçün əsəbi halda siqnallaya-siqnallaya şəhər xəstəxanalarına tələsirdilər...

Kəndin kənarındakı dağların ətəyi, qəbristanlığın böyür-başı camaatla doluydu.

Elnur “Niva”nı lap irəlidəki nəhəng bir qayanın arxasında daldalanmış adamların yanına sürdü. Burda bir neçə minik, təcili yardım maşını da vardı.

Çiyni avtomatlı könüllü əsgərlərdən biri “Niva”nın qabağına yeridi.

- Dayan! - dedi. - Özünü hara soxursan? Geri qayıt!

- Niyə qayıdım? - Elnur cır xoruzlar kimi şeşələndi.

- Görmürsən atırlar? Burda sizlik bir iş yoxdu.

- Olmasa, gəlməzdik. - Elnur höthötlüyünü yerə qoymadı.

- Baş qoşma, - başqa bir könüllü Elnurla öcəşənin qolundan dartıb apardı.

Elnur mühərriki söndürdü.

Uzaqda, iki dağın arasındakı yamacda pərakəndə halda ağzıbəri qaçışan insan qaraltıları gözə dəyir, aramsız atılan güllə səsləri eşidilirdi.

Qayalıqda gizlənmiş erməni yaraqlılarının gülləsinə tuş gələn xocalılar yıxılır, ağır yaralananlar bir daha ayağa qalxmır, yüngül yaralananlar güc-bəla dikəlir, havadan yapışırmış kimi əl-qol ata-ata, kimlərisə köməyə çağıra-çağıra təzədən qaçırdılar.

Köməyə gedənlər yaralıları güllə yağışı altından birtəhər sürüyüb çıxartmağa çalışırdılar.

Kənd sakinləri igidlikdə, fədakarlıqda könüllü dəstələrin əsgərlərindən heç də geri qalmırdılar...

Xocalı qaçqınları Elnurgilin böyür-başında, qayanın arxasında daldalananların arasında da az deyildi.

Ac-susuz, yaralı, əyin-başı tökülüb-itən bu adamlar qarın altında, soyuqda güclə ayaq üstə dayansalar da heç yana getmək istəmirdilər.

Təzə gələn qaçqınları sorğu-suala tutur, ayrı düşdükləri doğmalarından, qohum-əqrəbalarından nəsə bir xəbər öyrənməyə çalışırdılar.

Qışın qar-boranı ağır yaralıları, xəstələri, qocaları, körpələri keçdikləri meşliklərdə, dağda-daşda dondurmuşdu...

Növbəti qaçqın dəstəsi bir ailədən, qoca kişidən, qarıdan, gəlindən və bir oğlan uşağından ibarətdi.

Əyin-başları şiltim-şiltim, üz-gözləri qan içindəydi.

Meşədə, dağda-daşda kol-kosun, daş-kəsəyin dağıtdığı yalın ayaqları şişib kötüyə dönmüşdü.

Ağ saqqalı sırsıra bağlamış qoca itirəcəyindən qorxurmuş kimi balaca nəvəsinin əlindən bərk yapışmışdı.

Bayaqdan gözünü qarşıdakı yamacdan çəkməyən cavan bir gəlin adamları aralayaraq onlara yaxınlaşdı. Həyəcanla soruşdu:

- Ay xocalılar, bəlkə Əlifdən xəbəriniz ola?..

Nəvəsini təcili yardım maşınına mindirən qoca gəlinə sarı döndü. Zəif, xırıltılı səslə dedi:

- Əlif sağdı.

- Gözünüzlə gördünüz?.. - Gəlinin səsi titrədi.

Kişi saqqalını tərpətməklə təsdiqləsə də gəlinin üzünə baxmamağa çalışdı.

Gəlin Xocalı cəngavəri Əlif Hacıyevin xanımı idi.

Fevralın 25-də rusların Xankəndindəki 366-cı moto-atıcı alayı ilə birləşərək Xocalını bütün gecə iri çaplı silahlardan, qrad qurğularından, toplardan atəşə tutan, viran qoyan ermənilər, səhərisi zirehli texnikanın müşayəti ilə şəhərə soxulmuş, dinc əhalini qırmağa başlamışdılar.

Əlif Xocalı aeroportunun komendantı idi.

Düşmənə qalmasın deyə son anda aeroportun dispetçer məntəqəsini partlatmış, kiçik dəstəsi ilə sağ qalan Xocalı sakinlərinin Ağdam istiqamətindəki təhlükəsiz əraziyə çıxmasına yardım etmişdi.

Düşmənlə qeyri-bərabər döyüşdə Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev qəhrəmancasına şəhidliyə qovuşmuşdular...

- Getdik irəli!..

Elnur birdən maşını işə saldı. Sürətlə qəbristanlığın alt tərəfindən dolanıb dağın döşü ilə ağzıyuxarı, qaçqınların gəldiyi yamaca dırmaşdı.

Ermənilər onları güllə yağışı ilə qarşıladılar.

- Saxla, neynirsən?.. - Məzahir həyəcanla Elnurun qoluna toxundu.

Elnur maşını geri döndərib saxlasa da mühərriki söndürmədi. Xocalılar “Niva”nı görüb ona tərəf qaçdılar. Düşmən gülləsi onlardan neçəsini yerə sərdi.

- Tez, tez gəlin!.. - Elnur maşının qapısını açıb onları tələsdirdi.

Son anda düşmən gülləsi daha bir nəfəri haqladı. Köməkləşib onu maşına qaldırdılar. O biri yaralıları da götürüb ağzıaşağı şığıdılar.

Güllələr maşının gövdəsini deşik-deşik eləsə də yaralıları təcili yardıma təhvil verib təzədən geri qayıtdılar.

Əvvəlki qorxu-hürküdən əsər-əlamət qalmamışdı.

Yalnız yaralıları düşmən gülləsindən qurtarmaq haqqında düşünürdülər...

Üçüncü dəfə yaralıların dalınca gedəndə onlara mane olmağa çalışdılar.

- Uşaqlar, daha bəsdi, - dedilər. - Baxın, maşın güllələrdən deşik-deşikdi.

Elnur fikir vermədi. Sükan arxasına keçməyi ilə gözdən itməyi bir oldu. Dağın döşündə düşmən gülləsi maşının qabaq şüşəsini ciliklədi.

Elə qızışmışdılar ki, bu da onları qorxutmadı.

İki yaralını götürüb geri dönəndə uzaqdan daha iki nəfərin əl-qol ata-ata onlara tərəf qaçdığını gördülər.

Elnurun gözləməyə səbri çatmadı. Maşını irəli sürüb onları da götürdü.

Güllələrdən yayınmaq üçün sükanı o tərəf-bu tərəfə döndərdiyinə görə maşın dərə-təpəlikdə atılıb-düşür, hərdən az qalırda sürüşüb böyrüstə çevrilsin.
İri bir daşın yanından ötəndə bağırtı eşitdilər.

Ağır yaralıydı. Tərpənə bilmirdi.

Elnur maşını saxlayıb arxaya verdi. Məzahir tez düşüb hıqqına-hıqqına onu yuxarı qaldırdı. Maşındakıların köməkliyi ilə yaralını qabaq oturacağa uzatdılar.

Məzahir qapını bayırdan örtüb Elnura dedi:

- Sən bunları apar, mən bu daşın dalında gözləyirəm.

Aşağıda hamı həyəcanla onları izləyirdi.

Birdən Elnurun qulağının dibində sanki bomba partladı, aləm gözündə qaraldı.

Düşmən bayaqdan ona meydan oxuyan “Niva”nı qranataminamyotla vurmuşdu. Sağdan dəyən zərbə maşını dağıtmış, Elnuru huşsuz halda kənara atmışdı.

Elnur bir də xəstəxanada ayıldı. Həkim onu gətirənlərdən soruşdu:

- Xocalıdandı?

- Əşi, fərqi nədi, görmürsən nə gündədi? - Onlar əsəbləşdilər.

O gün təkcə xocalılar deyil, bütün ağdamlılar, hamı xocalılıydı...
XS
SM
MD
LG