Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:49

İbrahim İlyaslı. Köhnə gözəlləmə, Əmi


KÖHNƏ GÖZƏLLƏMƏ


Tanrım, bu gözəli sən yaradıbsan,
Nurdan yoğurubsan mah camalını.
Tullayar tacını ayaqlarına
Görsə dərgahında şah, camalını.

Onu görənlərin gün deyil günü, -
Görürsən ərşdəki fəryadı, ünü...
Meh vurub oynadır siyah zülfünü, -
Gah köksünü örtür, gah camalını.

Məni bu heyrətdə bir az da əylə,
Ahımı xəncər et, bağrımı teylə –
Qanımı qaşına vəsməlik eylə,
Bəzəsin çəkdiyim ah camalını.


ƏMİ

Hamımızın «əmi» deyə müraciət etdiyimiz ustad Aşıq Əli Quliyevə

Dərdyarı olardı dərd ola bilsə,
Biz çəkən nədisə hədərdi, əmi.
Qələmdən axanda qəm yığnağıdı,
Saza qaldıranda kədərdi, əmi.

Dünya dolanması qatıb başları,
Yar-yoldaş unudub yar-yoldaşları.
Könlü kəsəklərin, qəlbidaşların
Nə dərdi olacaq, nə dərdi, əmi?!

Necədi köksündə köz dolanmağın?
Getdi zamanası yüz dolanmağın.
Halal yaşamağın, düz dolanmağın
Astarı üzündən betərdi, əmi.

Başa dırmaşdılar baş əzdirənlər,
Ürək sındıranlar, qəlb üzdürənlər.
Daha can ha deyil biz gəzdirənlər,
Eləcə düşmənə çəpərdi, əmi.

İbrahim İlyaslı – yollarda gözü,
Vurğunudu sənli söhbətin, sözün.
Oxu, bu qoşmaya qıymat qoy özün,
Adına bağladım – nətəridi, əmi?!

"Ulduz" jurnalı
XS
SM
MD
LG