Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:59

BALAXAN "Gəmidə batan" (Hekayə)


Mən indi ölüyəm. Yox, qəbrim yoxdur. Mən dənizdə batmışam. Faciəli şəkildə.

Cəsədim uzun müddət dənizin dibində yatdı. Hərdən ona baş çəkirdim.

Nə vaxtsa mənimçün xarici görünüşü, saç düzümü, arıqlığı-köklüyü önəmli olan bu lazımsız ət parçası suyun dibində yırğalanır, günü-gündən şişirdi.

Meyitin yan-yörəsindən ötən balıq karvanları, xərçənglər hərdən yollarından qalır, mənə baş çəkirmiş kimi, ya ehtiram əlaməti orlaraq ətrafımda fırlanır, təsəlli verirmiş kimi yaxınlaşıb qulağıma nəsə pıçıldayır və iynəyib yollarına davam edirdilər.

Bir gün onu yerində tapmadm. Vaxtı çatmışdı – dəniz çürüyüb sola-sağa dağılan belə murdarlığı çox saxlamır.

Cəsəd gəldiyi yerə qayıtmalıydı. Bu yazılmamış qanun hələ ki, pozulmayıb. Bir gün şişib dam boyda olmuş çəlimsiz bədənimi dalğaların kimsəsiz bir adaya atdığını gördüm.

Buranın həmişəac sakinləri – quşlar mənim keçmiş evimlə lap vəhşi kimi davranırdılar.

Su və çürümədən ələ gəlməyən ətim deyəsən dadlıydı – üstümdə qırğın gedirdi.

Daha güclülərin marçıltıyla didişdirdikləri bədənimə həsrətlə baxan zəiflərin gözlərindəki parıltı, ağızlarından şorhaşor axan su da bunu deyirdi. Quşların səliqəylə gördükləri işdən vəcdə gəlib, lap sevindim.

Hər bir-iki saatdan bir qayıdırdım və sümüklərimin get-gedə daha çox bərq vuran ağartısından ləzzət alırdım. Ətim didilib qurtaranda cəsədim sakit buraxılmışdı.

Bir gün də sahilə yan alan kiçik balıqçı qayığı sür-sümüyü tapdı və harasa xəbər verdi. Gəlib apardılar. Amma deyəsən kimliyimi bilməyiblər. Bunu hərdən baş çəkdiyim evdə gedən söz-söhbətdən, bir də ailə qəbiristanlığında ata-anamın yanında boş qalmış yerdən bilirəm.

… Kiçik əyalət şəhərində müəllimliyimi edirdim. Üç uşağım, deyingən olsa da, pis-yaxşı arvadım vardı. Dolanırdım. Bir gün hər şey dağıldı. İşsiz qalıb, axtara-axtara ömrümdə görmədiyim bir işdən yapışdım – bu yaşımda dənizçi oldum.

Daha doğrusu, dənizçi işlədim – dənizçi olmaq mənim taleyimə yazılmamışdı və bu kobud, yarımvəhşi tayfayla müəllimlik həyatımdan sonrakı görüşüm məndə onların ümumiyyətlə, insan cəmiyyətinə aidiyyatı olduğuna şübhə oyatdı.

Mən ölənə qədər nə onlar kimi danışa, söyüş söyə, nə də yatıb-dura bildim.

Gəmidə ən kiçiyinin məndən, mənim də ondan zəhləm gedirdi. Yuxarı sinif şagirdlərimlə həmyaş olan bu dənizçiciyəzlə tərbiyədən, qanacaqdan, elmdən danışmaq istəyim bu balaca vicdansızda istehza doğurur, məni bambılı yerinə qoyub gülməkdən ləzzət alırdı.

Bir dəfəysə əlimə vedrə verib, guya qonşu gəmidə saxlanılan, səhər tezdən sağılacaq inəkdən süd almaqçün göndərdi.

Dolandığımı, xahişimi eşidən qonşularımızın ani sükutdan sonra bir-birinin nanəcib sifətlərinə baxıb uğunaraq, gözləri yaşarıncaya qədər güldüklərini görəndə başa düşdüm.

Vedrəni yelləyə-yelləyə geri qayıdanda eyni mənzərəni öz gəmimizdə də gördüm – qarınlarını tutub yerə uzanmışdılar və bu, yeganə hadisə deyildi.

Nəhayət, yola düşdük. Ağzına qədər almayla doldurulmuş gəmi dənizi tən keçib qonşu dövlətə qısa müddətə çatmalıydı, yoxsa yük xarab olardı. Sahildən uzaqlaşandan balaca vəhşini tanımadım. Yaşına uyğun olmayan bir ciddilik, səliqəylə işini görürdü.

Elə bil heç məni görmürdü. Təəccüblə ona baxdığımı görəndə:

- Gəmi həddindən artıq yüklənib, qorxuram küləyə düşüb bataq.

«Qorxuram bataq, bataq, bataq, taq, taq, taq…» Necə yəni bataq? Sözləri çəkiclə beynimə vururdular elə bil. Sağ-salamat mənzilə çatsaydıq belə, qorxudan bir xəstəlik tapıb öləcəyimə əminiydim.

Səfərin üçüncü günü hava bürosunun yayımladığı məlumat yaxın günlərdə dəhşətli fırtına olacağı xəbərini verdi. Kapitan iki yol ayrıcındaydı – ya yükü xarab edib cərimə ödəmək, ya da risk edib bata-çıxa düşmək. Yarımvəhşinin instinkti ikinci yolu seçdi və biz yola düşdük.

Dəniz sakitiydi, deyərdim ki, həddən artıq sakit idi. Üzü o qədər hamar və dalğasız idi ki, suda yox, pardaxlanmış nəhəng taxta döşəmə üzərində getdiyimizi zənn edirdim.

Qürub vaxtı göy al qana boyananda ürəyim qırıldı, hər şey bədbəxtçiliyin bir addımlığında olduğumuzdan xəbər verirdi. Bunlarsa sakitcə hərə öz işindəydi. Elə bil faciə yalnız mənimçün hazırlanmışdı. Üzlərində kimisə torpağa tapşırmağa hazırlaşan ölü yiyəsinin ifadəsi donmuşdu.

Gün yox olanda buralarda at oynadan dəhşətli cənub-qərb küləyi əsməyə başladı. Bir anda dənizin mülayim üzü döndü, onun hamar səthi qaynam-qaynam qaynaşan qazan kimi oynamağa başladı.

Dənizin ən dərin yerlərindən qovulub gətirilən dalğaların hər dəhşətli zərbəsindən sonra yarımçürük gəmimizin bütün gövdəsi rinqdə dalbadal zərbə yeyən boksçunun beyni kimi çalxalanırdı.

Qab-qacaq, soyuducu, ağır-yüngül nə vardısa zərblə yerə dəyib çilik-çilik olurdu, bizsə canımızın hayında idik.

Aşağıda, maşın bölməsində yerə dəyməməkçün borulardan az qala dördəlli yapışan mexaniklərdən başqa hamı üst göyərtədə kapitanın ətrafında yığışmış, dalbadal verilən əmrləri heyrətediləcək dəqiqliklə yerinə yetirirdilər.

Mənsə qorxudanmı, dəniz xəstəliyindənmi tormozlanmış beynim və soyuqdan donub keyləşmiş bədənimlə ancaq əl-ayağa dolaşırdım.

Hər dəfə gəminin burun hissəsi üç-dörd metr şahə qalxırmış kimi yüksəlib ləpələrin üzərindən zərblə suya çırpılanda gəmi yarıya qədər suya girib yenə çıxırdı – hələ ki, tab gətirirdik.

Mənzilə isə hələ çox vardı və öndən əsən güclü küləyin sayəsində yolumuz yəqin ki, bir-iki gün də uzanacaqdı. Getmək çətinləşirdi, deyərdim ki, yerimizdə sayırdıq. Gecə saat üçdə fırtına daha da şiddətləndi.

Onun qovduğu hündür, vahiməli dalğalar gəmiyə dəyib parça-parça etmək uğrunda yarışırmış kimi bir-birindən daha güclü həmlələr edir, külək isə bir neçə tonluq su kütləsini başımızın üstündən dağ seli kimi axıdıb qarşısına çıxanı yuyub aparırdı – göyərtədə yığılmış alma yeşikləri artıq dənizin pıqqır-pıqqır qaynayan oynaq səthinin malına çevrilmişdi.

Kəllə-mayallaq aşan yeşiklərdən səpələnən almalar ayaq altında qalıb, onsuz da ağır olan hərəkətimizi birə-beş çətinləşdirirdi.

Səhərə yaxın kapitan gəminin burun hissəsinin əvvəlkindən daha çox suya batdığını görəndə şübhələndi. Göndərilən adam tez də qayıtdı:

- Gəmi ön tərəfdən deşilib!

Xəbəri hamı, hətta maşın bölməsində səs-küydən qulaqları çoxdan yarımkar olmuş mexaniklər də eşitdi. Suqovan nasoslar o dəqiqə işə düşdü. İndi hamımızın taleyi bu yeknəsəq səsli, köhnə, bütün üstü qaxsamış mazutlu, əvvəllər işinə çox da ehtiyac duyulmayan suqovanlardan asılı idi.

Onlarsa əllərindən gələni etsələr də, böyük kütləylə daxil olan suyun qarşısında aciz idilər. Qovulan suyun həcmi, ağlasığmaz görməmişliklə gəmiyə cummaq istəyən sudan qat-qat az idi.

Artıq SOS siqnalı verilmişdi və yaxın bir neçə yüz millik məsafədəki gəmilər həyəcan siqnalını almışdılar. Lakin kimlərinsə ürəklənib gəmini diri-diri udmağa hazırlaşan bu coşmuş əcdahayla üzbəüz gəlib bizləri xilas edəcəyinə inam az idi. Bizsə dənizlə qeyri-bərabər mübarizəmizi davam edirdik.

Budur, qurşağacan qalxan su, bütün texnikanın ağzını birdən yumur. Gəmidə bayaqdan taqqataraqla işləyən hər şey – baş və köməkçi mühərriklər də, su nasosları da bir-biriylə sözləşiblərmiş kimi səslərini xırp kəsirlər və biz təbiətin bu çətin sınağıyla üz-üzə, göz-gözə qalırıq.

Bircə yolumuz var – köməyə gələ biləcək gəminin gəlişinə qədər üzdə qalmaq. Bununçunsa vedrələrə və soyuqdan keyləşmiş qollarımızın köməyinə arxalanmalıyıq.

İlahi, bu üzüpis insan nələrə qadirmiş. Suyla dolu bütün dəlmədeşiklərdən vedrələrlə su atımı prosesini kənardan seyr edən olsaydı, iki gün, iki gecə yatmayıb, yeməyib, içməyib, gücləri isə saatbasaat artan bu beş-on adamın səhvsiz, fədakar əməyindən gecə-gündüz yeməyib, içməyib elə iki-üç ay da danışardı.

Rabitəçiysə efiri ardı-arası kəsilmədən «Kömək edin! Batırıq!» kəlmələri ilə dolduraraq, orda boş yer qoymamaqçün dəridən-qabıqdan çıxırdı. Mənimsə ümidim get-gedə üzülür, hətta ölüm qorxusu qarşısında geri çəkilməyən daxili, çəkici bir istək məndən hər şeyi atıb, yalnız onun, təkcə onun ağuşuna atılmağı tələb edirdi.

Bu, yuxusuzluq idi. İradəsizlikdənmi, nədənmi bilmirəm, yorğan-döşəyimə baş vurub rahatca öz ölüm anımı gözləmək istəyirdim. Onsuz da həyatçün bir neçə saatlıq vaxtları qalan bu yarımvəhşiləri mən başıdaşlı başa düşə bilmirdim və bilməzdim də.

Yer ayağımın altındlan qaçırdı. İşi yarımçıq qoyub dər-divardan yapışa-yapışa aşağı, öz kayutuma düşüb, hermetik bağlanan dəmir qapını arxadan bərk-bərk bağladım.

İndi gəmi batsaydı belə, bu kiçik hücrədə hava tükənincəyə qədər yaşamaq mümkünüydü – qapı, bərk-bərk bağlanmış dəyirmi gəmi pəncərəsi kifayət qədər etibarlıydı.

Yerimə uzanmağımla yuxuya getməyim bir oldu. Və mən heç vaxt bilmədcim; bilmədim ki, mən külbaş yuxuya gedəndən azca sonra köməyimizə yetiblər. Bilmədim ki, xilaskar gəmiyə adlamaq işi bu tufanda lap müşkülə düşüb.

Bir neçə sutka ölümlə çarpışan keçmiş həmkarlarım özünü köməyə yetirən gəmiyə keçmək, bir-birinə çarpılıb beş-on metr aralı düşən gəmidən suya yıxılmamaqçün nələr çəkiblər və bütün bu əzablardan sonra güclə qurtulan heyətin mən heç yadına da düşməmişəm.

Təkcə bir nəfərdən başqa. Təsəvvür edin ki, canını təhlükə altına qoyub yenidən yarıbatıq gəmiyə min bir əzabla adlayıb, məni axtarıb, öz yerimdə tapıb. Mən eşidirdim. Mən aydın eşidirdim. Amma ayılmırdım, ayıla bilmirdim.

Dərk edir, eşidir, uzun sürən çarpışmadan yorulmuş, bezmiş bədənimin ağrısı zoqqultuyla canımdan çıxdıqca xoşhallanır və bu cənnət uçuşundan ayıla bilmirdim. O isə qapımı təpikləyib qışqırır, söyür, məni oyadıb, özüylə aparmaq istəyirdi.

Mən bədbəxtsə ondan qisas alırmış kimi heç yerimdən də qımıldanmayaraq sakitcə gözləyirdim. Mən əclaf yetimlərimi gözüyaşlı qoydum, arvadımın, özümün bütün arzularımı puç etdim. Axı mən eşidirdim.

Bir azdan səs kəsildi, görünür balaca avara bezmişdi. Bir qədər də keçdi. Hər şey sakitləşməyə başladı. Neçə günün səs-küyü, bağırtı və taqqataraqı bir azdan görünməz qüvvə tərəfindən elə bil bir anda uduldu.

İndi tək idim. Xoş, bihuşedici xəyallarsa beynimi tam ələ alıb öz malı etmişdi. Barışdım ki, bu gen dünyada yaşaya bilmədim. Həmişə geri qaldım, uduzdum, dığırlanıb-dığırlanıb bu dağılmış gəmiyə düşdüm, araya qoyub güldülər də. İndi onlar sevinc dolu günlər yaşayır, mənsə… Mən…Mən… Bəs mən?

Sual beynimə qaynar su kimi töküldü. Ayıldım. Ayaqqabılarımı tapa bilmirdim. Yarıyuxulu-yarıoyaq, çaşqın, yarıqaranlıq kayutda mən gicbəsər ayaqqabı axtarırdım.

Soruşan gərək, axı bu sənin nəyinə lazım? Nə fərqi var axı, ayaqqabılı, ya ayaqyalın, ölmək elə ölməkdi.

O dünyaya uçurlar, daş-kəsəklə yerimirlər ki… Qapıya tərəf cumdum. Ağır dəmir qapının əl boyda ikiqat qalın şüşəli gözlüyündən o tayda suyun boğaza çatdığı görünürdü.

Qapını adi qaydada açmaq olmazdı. Kandardakı ağır su kütləsi yüksək təzyiqlə kayuta dolub məni və içəridə nə vardısa hamısını ön divara çırpıb əzik-üzük edərdi. Heç olmazsa bunu bilirdim.

Bircə yol qalırdı. Qapının dörd kilidinin dördünü də birdən açıb cəld onun arxasında gizlənmək, suyun gurultu və təntənəylə daxilolmasından sonra ciyərlərə olan-qalan havadan bir loxma udub suya qərq olmuş gəminin labirintiylə üzüyuxarı üzmək.

Çox da mürəkkəb olmayan yola yarım dəqiqəyə qədər sərf etdim. Bir o qədər də suyun üzünə qalxmaqçün lazımıydı.

Gəmidən qurtulanda onun suyun səthindən təxminən beş-altı metr aşağıda olduğunu və get-gedə aşağıya, özünün əbədi yuvasına doğru ağır-ağır endiyini gördüm.

Aşağı endikcə içərisində suda batmayacaq bütün şeylər, eləcə də milyonlarla eyni ölçüdə və şəkildə, rəngdə alma dənələri suyun üzünə doğru böyük sürətlə uçuşur, gəmidən kənarlaşan hava qovuqcuqları kimi, can verən bu iyirmi beş metrlik indi heç kəsə lazım olmayan dəmir parçasıyla vidalaşırdılar.

Bir xeyli onun ardınca baxıb, əl-qol atmağa başladım. Üzüyuxarı baxa-baxa üzgüçülük elmindən nə bacarırdımsa edirdim və başımın üstündə günəş axtarırdım. O isə görünmürdü.

Son gücümü yığıb zəncirdən qurtulan kimi suyun üzünə şığıdım, acgözlüklə yarısu- yarıhava uda-uda, əl-qol ata-ata dövrəmə boylandım. Xilasgar gəminin uzaqdan qaralan tüstüsü və göz oxşadıqca düzənlənən alma dənizindən başqa heç nə görmədim.

Hər şey aydın idi. Tutacaq bir şey də yox. Ölümü qarşılamalıydım. Ölümsə çox üzücü bir şeymiş. Acizlikdən hıçqırıb necə ağladığımı görəydiz.

Qanadları qırılmış milçək kimi sürətlə təpik atan, körpə uşaq kimi için-için ağlayan bu yekəlikdə kişi. Get-gedə daha çox acı su udurdum və artıq ağlamaqdan çox yarpıxırıltı, yarıösküryə bənzər səs çıxarırdım. Huşumu da itiriridim. Qollarım yorulub yanıma düşmüşdü. Süstləşməyimlə daş kimi batmağım bir oldu.

Ciyərlərə dolmuş su, daxili orqanlarımı iflic etdi. Beynim olan-qalan gücünü işə salıb, çox sürətlə həyatımın bütün hadisələrini calaq-culaq eləyib gözümün qabağında canlandırdı.

Bu montacda tanıdıqlarım, mənlə bir kəlmə kəsmədən, şəkildən baxırmış kimi lal-dinməz, matı-qutu qurumuş, dinməzcə dənizin dibinə doğru necə endiyimi seyr edirdilər.

Mənsə bu insan cərgəsi önündə hərbi parad qarşısında məğrur-məğrur ötən ali baş komandan kimi özümü yığışdırsam da, bərələ qalmış gözlərim çox şeydən xəbər verirdi. Hələ qorxudan… Nə isə, mən gedirdim. Əbədiyyətə qovuşurdum.

Amma mən belə ucuz ölümü heç vaxt istəməmişdim. Əl-ayağım keyidikcə bədənim yüngülləşir, lazımsız, mənasız bir kütləyə çevrilirdim. Adətən insan hənirtisini uzaqdan-uzağa hiss edib pərən-pərən düşən balaca balıq və molyusklar ölü olduğumdan xəbərdarmış kimi, quyruqlarını yelləyə-yelləyə, saymazyana yanımdan üzüb keçir, mənə məhəl qoymurdular.

Əl atıb xoşuma gələnindən birini tutmaq istədim, lap balaca uşaq kimi onunla siçan-pişik oynamaq istədim, amma əbəs yerə.

Bu əl mənim deyildi, cəsədim dənizin dibində şellənib, qayğısız-qayğısız yırğalanırdı…

avqust 2000

Alatoran
XS
SM
MD
LG