Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:37

Elxan Zal Qaraxanlı. Dan üzünün qəzəli, Qızsız qalanda


Dan üzünün qəzəli

Zanbaq gülüşünə bənzəyir almaların qış yuxusu,
quşların səhər nəğməsinin niyyəti
zəncinin dişlərindən bəyazdı.

Pişiksiz bir təbəssümdür mənasız adamın ömrü
kefli şairlər tox dəvənin gülüşü kimidir.
Dalğalar kökləyir səhərin udunu
Külək üfüqə çəkir yovşan dadını.

Göylüyə həsrət səhranın səhər zümzüməsidir
çılpaq qadın bədəni,
qanqalsız sığalların xiffəti dözülməz olur.
Səhər yeli dağıtmasa qara-qara deşiklərdən yerə
hopmuş ağırlığı,
ən yüyürək öpüşlər də
yanğılara məlhəm deyil.

Günəş, tavada qızaran yumurta sarısıdır,
Günəş, ağıların yağına bürünüb qovrulur,
Böyük bir yolçuluğa başlayır dan üzü.
Və ən böyük yolçuluq həsrətin gözləyişidir.

Günəş gedir aramağa itirdiyi qadını,
Külək üfüqə çəkir yovşan dadını.
Fəvvarə sükutunda səsini axtaran
lal bir uşaq
bir yaz günü, dönmək istəyir ayıdöşəyi çiçəyinə...
göy üzünə qarmaq atan dəlilərin
tutduqları balıqlar,
pul paylayır
sevda
meşələrində
səhəri yuxusuz açanlara.
Araqlı-qımızlı hava
ilahə bənizli hava,
gəlir sındıra-sındıra,
adamı tamsındıra-tamsındıra
qan sıxır səmanın mələfəsinə
Mələklər çevirir qum saatını,
külək üfüqə çəkir yovşan dadını.

1999


Qızsız qalanda

Qucağa da yerləşməyir,
bu əsrin son payızı.
Ya bir araq boşaldasan,
ya yanğılı bir qızı.

Hava sümsük it kimidir,
yerə axır heliyi.
Yuxuda pul gəzənlərə,
yaxın gəlmir pul iyi.

Mələksiz qalıb bu şəhər,
adamlarda təpər yox.
Göylə yerin arasını
pərdələyən çəpər yox.

Havalar da soyuq keçir,
qızsız qalanda qucaq.
O dünyaya turist yığır,
xərçəng, infarkt,.. və bıçaq.

1999


Alatoran

XS
SM
MD
LG