Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:31

Şahlar Ruhi "Qara kağız" (Hekayə)


Onun gözlərindən qanlı döyüşdən qələbə ilə qayıdan əsgərin yorğun sevinci oxunurdu.

Döyüşdə həlak olanların xatirəsi onun duyğularına bir az kədər qatsada,onların uğrunda öldükləri məqsədə çatdıqlarını bilmək bu kədəri unutdururdu.

Əslində insan kimliyindən ,harada və hansı şəraitdə yaşamağından asılı olmayaraq, daima döyüşməyə məcburdur.

Bəzən özüylə, bəzən başqasıyla, bəzən isə zaman və həyat kimi mücərrəd varlıqlarla vuruşmaqla o, özü üçün ən dəyərli mükafat olan xoşbəxtliyi qazanmağa can atır.

Bu rakursdan baxanda əmin olmaq olar ki, insan-yaşamaq üçün döyüşməyə məhkum olan qladiatordur.

Bizim qladiatorun gözlərindəki sevincin səbəbi onun 1 il davam edən savaşda ayrılıq ruzigarları və bu ruzigarlarla uçuşan təqvim vərəqləri üzərindəki qələbəsi idi.

O, 364 gün təqvim vərəqləri ilə vuruşandan sonra onları keçmişə vasil etmiş, indi isə saat əqrəbləriylə nisbətən asan döyüşə girmişdi.

Qorxaq saat əqrəbləri onun qarşısından geri çəkildikcə, Ayxan xoşbəxtliyinin ünvanına yaxınlaşırdı.

Onun gözlərindəki sevinc baxdığı hər şeyi işıqlandırırdı,çünki o, dəqiqəbədəqiqə öz günəşlərinə daha da yaxınlaşırdı.

Ayxan 2 il idi ki, özünü bu qədər güclü hiss etmirdi.

O, bu duyğunu axırıncı dəfə həyata və onun səfeh qanunlarıyla girdiyi döyüşdə qalib gələrək

Məltəmlə ailə qurduğu gün dadmışdı.

Düzdür,o döyüş bizim qladiatorumuzdan çox şey almışdı,lakin onun döyüşçü ruhu bu itkilərdən daha da güclənmiş,bu yolla öz sahibini xoşbəxtliyə apara bilmişdi.

O, valideynlərinin təkid və israrına məhəl qoymayaraq, "Detdom" qızı Məltəmlə ailə qurduğu üçün özüylə fəxr edirdi.

Bəzən Ayxan keçmişə baxanda bu təkid və təzyiqləri başa düşürdü.Axı harada görülüb ki, millət vəkili, əməkdar müəllim, Nobel mükafatı laureatı əməkdar alimin yeganə oğlu ana-atasının kimliyi bilinməyən" Detdom" qızıyla ailə qursun?!

Nə olsun ki, həmin " Detdom" qızı Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini fərqlənmə diplomuyla bitirib?!

Bu nəyi dəyişir axı?!

Məhz belə düşündüklərinə görə valideynləri Ayxanı bağışlaya bilmirdilər.Amma...

O səhər Məltəm evin qapısı qarşısındakı səs-küyə oyanmışdı.

Qadınların isterik səsləri Məltəmi bu səs-küyün ah-nalə olduğunu düşünməyə vadar etdi.

O, əvvəl elə zənn etdi ki, bu ah-nalənin səbəbi onun qapı qonşusu Səlimə xalanın vəfatıdır.

Çünki Səlimə xalanın artıq 88 yaşı var idi və o, yarım il idi ki, ürək xəstəliyindən şikayətlənirdi.

Elə dilindən " Yazıq Səlimə xala...Allah ona rəhmət eləsin!" sözü çıxmışdı ki, qapının arxasından tanış bir səsin yanındakılara "

Birdən-birə deməyin,yazıq qızın birdən ürəyi partdıyar." Ayxan, oğlum, sənin qara kağızını aldığım yerdə kaş mən də öləydim!" pıçıldaması onu eşidən Məltəmi vahimələndirdi.

O,cəld əynini geyinib qapını açdı və dəhlizdə ağı deyən tanımadığı qadınlardan birinin üstünə qışqırdı:
-De görüm Ayxana nə olub?

Həmin 40 -45 yaşlarındakı qadının ona ağlamsınaraq baxıb susması Məltəmi elə hiddətləndirdi.o, qadının pencəyinin yaxasından yapışdı və daha bərkdən çığırdı:

-Niyə ağzını qıfıllamısan??? De görüm ona nə olub???

Bu anda Məltəm gücdən düşdüyünü hiss elədi.

Qolları boşaldığından qadının yaxasından əl çəkdi və üzünü bayaqdan arxasında durub "qızım,sakitləş!" deyərək onu həmin qadından ayırmağa çalışan qadına tərəf çevirdi.

Bu,Ayxanın anası Həbibə xanım idi. Qayınanasını görən Məltəm bayaqdan yaxasından yapışdığı qadını unudub ondan yazıq-yazıq soruşdu:

-Həbibə xanım, ona nə olub? Yalvarıram,heç olmasa,siz danışın.

-Səhər poçtalyon gəlmişdi. Dedi ki, bu məktub sizədir. Məktubu açdım,baxdım.
-Nə var idi orada??? Tez danışın,nə olar???Ürəyim partdıyacaq indi.

-De,bu...Al,oxu.-Həbibə xanımın orada yazılanları oxumağa halı qalmamışdı. Məltəm məkubu qamarlayıb oxumağa başladı:

“Əvvəla sizi salamlayıram.Ürək ağrısıyla sizə bildirirəm ki,dünən gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində oğlunuz Xəlilov Ayxan Cəfər oğlu aldığı güllə yarasından dünyasını dəyişərək, şəhidlik zirvəsinə qovuşmuşdur. Allahdan ona rəhmət, sizə səbr diləyirəm! İmza:Goranboy rayonu N saylı hərbi hissənin komandiri C.Sarıyev.”

Məktubu oxuyandan sonra Məltəmin gücü yalnız" Həbibə xala,Ayxan, Ayxanım,canım mənim!" deməyə çatdı.Bundan sonra o, huşunu itirdi və yerə yıxıldı.

-Məltəm,Məltəm, oyan... Mən buradayam...-Ona doğma olan bu səsi eşidən Məltəm gözünü açanda qarşısında Ayxanı və ağ xalatda onun çarpayısının ətrafında var-gəl edən həkimi gördü.

O,əvvəlcə Ayxanı görüb sevindi,amma birdən huşunu itirməmişdən əvvəl öyrəndiyi qara xəbəri xatırlayıb gözlərini yumdu və ağlayaraq yalvarmağa başladı:

-Qurban olum, get!Mənim Ayxanım ölüb,yoxdu artıq! Sən onun ruhusan! İndicə gözümü açanda görəcəm ki, sən yoxa çıxmısan!

-Nə ölü? Nə ruh? Ay qız, sən nə danışırsan?-Məltəmin bu sözlərini eşidən Ayxanın rəngi ağardı.

-O , hələ şokdadır.Ayxan bəy, qorxulası bir şey yoxdur,özünüzə gəlin.-Həkim Ayxanı belə görüb onu sakitləşdirməyə çalışdı. Ayxan isə əvvəl susub güc topladı və biraz özünə gələn kimi Məltəmin üstünə qışqırmağa başladı:

-Ay qız, mən ölməmişəm,özünə gəl! Bax,gözünün qabağında dayanmışam.Sən mənim canım, aç gözünü bax,gör, mən ruha oxşayıram?

-Yooox, sən ölmüsən...Səhər anan qara kağızınla gəlmişdi.Orada yazılmışdı ki...-Bunu deyən Məltəm hönkür-hönkür ağlamağa başladı.-Ayxanım!!!

-O qara kağızı göndərənin atasına lənət! Ay sənə qurban,Vallah mən sağam. Bax,əlindən tutmuşam.-Ayxan Məltəmin əsən əllərini əlinə alıb onları öpdü.

Yalnız bundan sonra Məltəm Ayxana inandı və gözlərini açdı.

Bayaqdan onunla danışanın ruh olmadığına bir daha əmin olduqdan sonra o, gözlərindəki yaşları silib sevgilisini qucaqlamaq üçün çarpayıdan ayağa qalxmaq istəsədə,başı fırlandı və uzanmağa məcbur oldu. İkinci cəhdə isə həkim imkan vermədi:

-Məltəm xanım,siz ağır stress keçirmisiniz deyə çoxlu enerji itirmisiniz.İndi sizə ayağa qalxmaq olmaz.Bir-iki saat yatıb dincəlməyiniz məsləhətdir.

-Canım, görürsən həkim nə deyir? Sənə dincəlmək lazımdır.Ona görə də uzan,1-2 saat dincəl, sonra evimizə gedək.

-Məni yatızdırıb özün harasa gedəcəksən?Öz də mənim başımı qatma,danış görüm,bu qara kağız bizə niyə göndərilib?

-Vallah, bilmirəm.Söz verirəm, bu həftə heç, gələn həftə bu məsələni araşdıracam.İndi icazə ver, gedim evə əynimi dəyişim.Məni bu geyimdə hansısa zabit,ya hərbi patrul görsə, elə biləcək ki, "samavolkadayam".

-Yaxşı get. Ananı görmüsən?Yazıq sənə görə yaman narahat idi.

-Hə,görmüşəm.Qapının ağzındadır...

-Barışdınız?-Büruzə verməməyə çalışsada, bunu eşitcək Məltəmin sevincdən gözləri parıldadı.

-Hə...-Ayxan bir qədər yorğun təbəssümlə cavab verdi.

-Bəs atan? Onnan nə vaxt barışacaqsan?Yaxşı yadıma düşdü, o da burdadır?-Məltəm bu xoş xəbərin ardını gözləyirdi.

-Yox, o gəlməyib...-Ayxan başını aşağı saldı.

-Yəqin ona görə gəlməyib ki, mənnən qarşılaşmaq istəmir.Qəm yemə,vaxt gələr, onnan da barışarsınız.-Məltəm onun kədərləndiyini görüb təsəlli vermək istədi.
-İnşaallah...-Ayxan cavab verdi
-Xəstəmizi yormayın, Ayxan bəy.İmkan verin,bir az dincəlsin.-Bayaqdan Məltəmin çarpayısının yanında durub aparatı sazlamaqla məşğul olan həkim işini bitirən kimi dilləndi.

-Baş üstə,həkim!.Canım, yat, yuxun şirin olsun!Sən duranda mən burada olacam,narahat olma.

-Yaxşı ,yatıram,amma birdən yuxudan gec ayılası olsam,gözləmə,evə get, yat. Danışdıq?

-Yox,danışmadıq. Sən duranda mən yanında olacam. Mən getdim, salamat qal.

-Yaxşı...Sağol,canım...-Məltəm səhərdən yaşadığı stressin və indicə təsirini göstərəyə başlayan dimidrolun təsirindən elə o dəqiqəcə yuxuya getdi...

Bu hadisənin baş verdiyi gündən artıq 5 ay ötmüşdü.

Bu aylar ərzində Ayxan atasıyla da barışmış, özünə iş də tapmış və Məltəmlə yaşadıqları 1 otaqlı evdən özünün böyüyüb boy-başa çatdığı evə də köçmüşdü.Bu vəsiləylə

Cəfər bəy və Həbibə xanım Məltəmlə də barışıb keçmişdə baş verənləri unudaraq xoşbəxt həyata qədəm qoymuşdular.Bu isə Ayxanı daha da xoşbəxt etmişdi. Qara kağızın hekayəti isə...

Bütün bu baş verənlərdən 1 həftə sonra Goranboy rayonunun Hərbi Komissarlığından onların evinə daha bir məktub gəldi.

Bu məktubda Ayxanın xidmət etdiyi hərbi hissənin komandiri baş vermiş texniki səhvə görə Məltəmdən, Həbibə xanım və Cəfər bəydən üzr istəyirdi.

Sən demə,katib Ayxanın adını təlxis olunanların siyahısına yazmaq əvəzinə keçən gecə ermənilərin qəfil hücumu nəticəsində baş verən atışmada şəhid olan əsgərlərin siyahısına yazıbmış.
XS
SM
MD
LG