Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:53

Gəncə-Şəmkir yolunun Azərbaycan sayağı təmiri


Təmirə dayanmış yolun 1-2 kilometri asfaltlanıb
Təmirə dayanmış yolun 1-2 kilometri asfaltlanıb
«İpək yolu»nun Gəncədən Şəmkirə gedən hissəsində təxminən 6 kilometrə qədər yol 6 aydır ki, təmirə dayanmışdı. Bu yol yenicə istifadəyə verilsə də, təmir işləri heç də başa çatmayıb. Ancaq yolun istifadəyə verilməsi haqda bir qədər sonra.

Sürücü Tural Məmmədli deyir ki, keçən bu müddət ərzində ehtiyat yolla gedib gəliblər:

«TƏKƏRLƏR XARAB OLUR, MÜHƏRRİK İSİDİR»

«Yol bərbad gündədir. Sürmək çətindir. 1 saatlıq yolu 2 saata gedirik. Xahiş edirik düzəltsinlər. Haradasa 6 aydır bu gündədir. 3 aydır gedib gəlirəm, görməmişəm təmir olsun. Təkərlər xarab olur, mühərrik isidir. Gedib gəlmək çox çətindir».

T. Məmmədli kimi digər söhbətləşdiyim sürücülər də danışırlar ki, ehtiyat yol sadəcə torpaqdan təmizlənmiş sahədir. Ehtiyat yola 1 qat belə asfalt örtüyü çəkilməyib.

«ELƏ OLUR HƏR GÜN MAŞIN DÜZƏLTDİRİRİK»

«Yollar xarabdır. Departamentə pul veririk. Amma yol bu gündədir. Torpağı sıyırıblar traktorla ki, ehtiyat yol budur. Əslində, gedib gəlmək üçün yol rahat olmalıdır. Elə olur hər gün maşın düzəltdiririk».

6 ay əvvəl təmirə dayanmış yol yenicə istifadəyə verilsə də, tam təmir edilməyib. Sürücü Ayxan Qurbanov deyir ki, təmirə dayanmış yolun 1-2 kilometri asfaltlanıb:

Şəmkir rayon 23 saylı Yol-İstismar İdarəsi
«4 KİLOMETRDƏN ÇOX YOL ƏVVƏLKİ KİMİ DAĞINIQDIR»

«Haradasa 4 kilometrdən çox yol əvvəlki kimi dağınıqdır. Yazacaqlar ki, təmir elədik. Bəs düzəltməyəcəkdilərsə, 6 aydır bunu niyə bağlamışdılar? Daşlıq yollarda maşınım azı 5 dəfə xarab olub. Yeyinti edirlər».

Şəmkir rayon 23 saylı Yol-İstismar İdarəsinin rəisi Tofiq Qurbanov deyir ki, Gəncədən Şəmkir istiqamətində 5.6 kilometr yolda təmir işləri gedir. Yolun bəzi hissəsi təmir edilib, bəzi hissəsi isə havalar isinəndə, təmir ediləcək.

O ki, qaldı yolun təmirinin tam başa çatmamış istifadəyə verilməsinə, T. Quliyev bildirdi ki, bunu sürücülərin rahatlığı üçün ediblər.

«SÜRÜCÜLƏRİN RAHATLIĞI ÜÇÜN»

«Yol təmir olunub, qalıb axırıncı qat. Yağışlar yağdı, yəqin ki, başlayar.

- Layihə nə vaxt başa çatacaq?

-3-4 aya başa çatar. Gəncədən gələndə sol hissə təmir olunub, sağ hissə qalıb. Yaxın günlərdə başa çatacaq. Havalar yaxşıdır. İndi başlanılmalıdır».

Yolun təmir işlərini hansı şirkətin apardığını öyrənmək məqsədilə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Həsənovla əlaqə saxladıq. O bildirdi ki, podratçı şirkətin adını bilmir. Amma bu il Gəncə-Şəmkir yolu layihəsi icraçılardan təhvil alınmalıdır.

Namiq Həsənov
«Hər halda orada iş gedir. Yaxın vaxtlarda yekunlaşmalıdır. Göstəriş verilib ki, işlər yekunlaşdırılsın. Ola bilər ki, malların hansınınsa gətirilməsində gecikmə var deyə, yubadırlar. Amma iş gedir. Bu il iş başa çatmalıdır. 1 həftə bundan əvvəl mən özüm gəlib getmişəm. Gördüm ki, iş gedir».

N. Həsənovdan fərqli olaraq, əksər sürücülər son aylarda yolda heç bir təmir işlərinin aparılmadığını deyirlər. Əslində, sürücülərdən müsahibə götürərkən biz də yolda fəhlələri görmədik. Yola nəzarət edən 23 saylı Yol-İstismar İdarəsinin rəisi T. Quliyev də təsdiqlədi ki, havaların isinməsini gözləyən fəhlələr 3 aydır ki, işləmirlər.

Layihənin icraçıları Gəncə-Şəmkir yolunun əsaslı təmirinə nə qədər vəsait ayrılması barədə məlumat vermirlər. İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, hazırda dövlət büdcəsindən yolların təmirinə böyük pullar ayrılır.

AZƏRBAYCAN SAYAĞI...

«Yol təmir üçün plana salınıb, onu təmirə dayandırıblar. Zaman keçdikcə, həmin vəsaitin xərclənməsi baş vermir. Vəsait mənimsənilir. Təmir baş tutmayandan sonra bunu hər hansı formada rəsmiləşdirirlər, təmir olunmuş kimi. Ən azından cari təmir olunmuş kimi yolu əhalinin istifadəsinə buraxırlar. Bu hallar Azərbaycanda geniş yayılıb».
XS
SM
MD
LG