Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:00

Qız qalasının rəngi ağarır...


QIZ QALASININ YENİ DİVARLARI

Qaralmış divarlar, küləyin-yağışın ovub-aşındırdığı daşlar...
Təsəvvür edin ki, bir neçə il sonra Qiz Qalsının bu mənzərəsi yoxa çıxır... Yerində başqa bir qala boylanır... Təssəvvür etdinizmi?..

Yəqin eşitmisiz Qız Qalasında bərpa və muzey konservasiya işlərinə başlanıb. Bu məqsədlə dövlət büdcəsindən 2,5 milyon manat vəsait də ayrılıb. Bərpa və konservasiya işlərini Avstriyanın bərpaçı mütəxəssisi Erix Pummerin başçılığı altında “Atelier Erich Pummer” şirkəti aparır. Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin xüsusi materiallarından istifadə olunacağı bildirilir.

Artıq qalanın Karvansaraya baxan hissəsində ustalar bir neçə metri bərpa və konservasiya ediblər. Yəni qala divarlarında daşlar arasındakı yaranmış boşluğu xüsusi məhlulla doldurmağa başlayıblar. Amma, daşlar arasında məsafə doldurulduqca divar ağarmağa başlayır ki, bu da yaşı mindən artıq olan Qız Qalasının görkəmini bir qədər müasirləşdirir. Qalaya ekskursiyaya gələn uşaqlar deyirlər:


- Bu, bizim abidəmizdir, onu qorumalıyıq.
- Bizə onu ötürüblər, biz də qorumalıyıq, gələcəyə olduğu kimi ötürməliyik...

“DAŞLARIN ÇALARI DƏYİŞƏCƏK”

Elə İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğundan AzadlıqRadiosuna deyirlər ki, Qız Qalasının görünüşündə dəyişiklik yalnız daşın təbii rəng çalarlarının bərpasında özünü göstərəcək.

Bəs bu dəyişən rəngi sonradan bərpa etmək olarmı? Suala cavab ala bilmirik. Çünki İdarə sualları yazılı cavablandırıb.

Cavabda deyilir ki, bərpa və konservasiya işləri zamanı qaladakı boşluqlar daşəvəzedici məhlulla doldurulacaq. “Abidədən bir daş belə çıxarılmayacaq, zədələnmiş daşlar isə bərpa edilərək öz yerinə qaytarılacaq. Artıq bu cür muzey konservasiyası işi ötən il dünya əhəmiyyətli abidə olan Məhəmməd Məscidində (Sınıqqala) aparılıb”.

BAKILILAR NƏ DEYİR

Bakı sakinlərisə Qız Qalasında bərpa və konservasiya işlərinə birmənalı yanaşmırlar.
- Qız Qalasında bərpa-konservasiya lazımdımı?
18 yaşlı Aytən Məmmədova:
- Lazımdır. Şəhərimiz gözəlləşər...
Anar Axundov:
- Lazımdır! Amma baxır necə. Düzəltməklərindən asılıdır.

Başqa oxşar və fərqli fikirlər də eşidirik:

- Amma konstruksiyanın özünə xələl gətirməsinlər də. Tarixilik qalmaq şərti ilə.
-Hökumət yaxşı bilər. Onlar hər dəfə bunu bərpa edirlər. Onlara belə lazımdır. Burda yeraltı köhnə şəhər var. Onu bərpa etsinlər də...
- Yox, elə belə qalsa yaxşıdır. Tarixi abidədəir. Onu bərpa etməyə ehtiyac yoxdur.

ŞİRVANŞAHLARA BƏNZƏMƏSİNDƏN QORXANLAR VAR

Sonuncu fikrin müəllifi Namiq Rəhimli narahatdır ki, Qız Qalasını da bərpa və konservasiya işlərindən sonra Şirvanşahlar Sarayının aqibəti gözləyə bilər. Yəni 15-ci əsrin yadigarı Saray təmirdən sonra narazılıqla qarşılandı. Çünki bir çoxlarının fikrincə saray tarixi abidədən çox, müasir binaya bənzəyir:

“Mən tez-tez ora gedirəm. Köhnə abidə yenilənib, bu düz deyil. Mən tez-tez Türkiyədə oluram. Orda heç bir abidə bizdəki kimi bərpa olunmur. Ona yeni görkəm vermək lazım deyil. Nə qədər qədimi olsa daha gözəldir”.

“İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsindən isə bərpa və konservasiya işlərinin zəruri olduğu deyilir. İdarədən bildirilir ki, Qız Qalasına uzun müddət lazımi diqqət göstərilməyib deyə fasadın böyük hissəsi zədələnib.

“Aralıq məhlul və hörgü məhlulu tamamilə yuyulub. Bunun nəticəsində bir çox yerdə hörgünün bütövlüyü pozulub və abidənin səthində iri ölçülü (5 l3) boşluqlar yaranıb, daşların düşmə ehtimalı artıb. Yağıntı sularının kənara axıdılması üçün qurğu olmadığından su birbaşa divarın daxilinə nüfuz edib ki, bu da aşınma və zədələnmə prosesini sürətləndirir”.

“BU GÖZƏL İŞDİR, BİR AZ DA GECİKİB”

Mirteymur Məmmədov

Təsadüfən Qız Qalasının yaxınlığından keçən tarixçi Eldar İsmayılovu görürük. Onu konservasiya işləri aparılan əraziyə çəkirik, münasibətini öyrənirik.

“Vallah mənim aləmimdə çox böyük iş görülür. Bir az da gecikib. Buna sevinmək lazımdır, keyfiyyətli aparılsa, min qat uğurlu olar. Ümid edirəm ki, keyfiyyətli aparılacaq. Görün, aşağı qat nə gündədir. Böyük bir briqada çalışır burda, nə deyəsən. Təki səviyyəli və keyfiyyətli olsun. Bu böyük tarixi abidədir. Bakıya gələnlər bura gəlir. Bərpaçılıq olanda müasirlik elementləri büruzə verəcək. Başqa çıxış yolu yoxdur. Qala divarlarına baxın. Davamlı heç nə yoxdur. Gec-tez divarlar çat verə bilər, dağıla bilər”.

Arxeoloq Qoşqar Qoşqarlı isə deyir ki, bu işlər xüsusi texnologiya ilə aparılmalıdır.
“Mənim ağlım kəsmir ki, bizdə belə texnologiya və onu bacaran adamlar var...”

Amma Içərişəhər Dövlət Tarixi Memmarlıq Qoruğundan deyirlər ki, bu işi peşəkar mütəxəssis aparır. Erix Pummerin dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni bərpa etdiyi deyilir. Eyni zamanda o, Bakıda “Məhəmməd” məscidində bərpa və muzey konservasiya işləri aparılıb.

Biz “Məhəmməd” məscidinə də baş çəkdik, uzaqdan belə abidənin təzəcə əldən çıxdığını görmək olur.

“NƏTİCƏ GÖZ QABAĞINDADIR”

Tədqiqatçı Mirteymur Məmmədov deyir ki, Şirvanşahlar Sarayı da Italiyadan olan mütəxəssislərə həvalə edilmişdi. Amma nəticə göz qabağındadır.

Mirteymur Məmmədova görə, bu cür bərpa və konservasiya işlərindən sonra xüsusi maddə ilə divarların görünüşünü əvvəlki hala qaytarmaq olar.

İdarədən deyirlər ki, bərpa prosesi 2, maksimum 3 il olacaq.
XS
SM
MD
LG