Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:12

Salyanda abadlığa pul yığılır?


Dövlət büdcəsindən rayonlardakı abadlıq işlərinə kifayət qədər pul ayrıldığı halda yenidən kimlərdənsə pul yığılması qanunsuzdur
Dövlət büdcəsindən rayonlardakı abadlıq işlərinə kifayət qədər pul ayrıldığı halda yenidən kimlərdənsə pul yığılması qanunsuzdur
Salyan rayonunda sahibkarlardan və büdcə təşkilatlarında çalışanlardan pul yığıldığı bildirilir.

Salyan bazarında çalışan kiçik sahibkar Vahid Zamanov (ad şərtidir) AzadlıqRadiosuna bildirib ki, rayonda aparılan abadlıq işlərinə sahibkarları da cəlb etmək istəyirlər. Onlardan 50 manat istənilir:

«Mən veteran adamam, 30 manat pensiya alıram. Bazarda gündəlik çörək və siqaret pulunu güclə qazanırıq».

«DEYİRLƏR 148 MİN MANAT PUL YIĞILMALIDIR»

Salyanda abadlıq işlərinə pul yığılmasından büdcə təşkilatlarında çalışanlar da narazılıq edirlər. Adının çəkilməsini istəməyən həkimin AzadlıqRadiosuna dediyinə görə, bütün həkimlərdən 100, tibb işçilərindən 50 manat istənilir:

««Sanitarka», tibb bacısı - hamı pul verməlidir. Deyirlər 148 min manat pul yığılmalıdır. Kənd xəstəxanasına 5 min, vərəm dispanserinə 15 min, psixi xəstəxanaya 20 min, kardiologiya şöbəsinə 2500, lor şöbəsinə 1400 manat haqq qoyulub. Mən 131 manat maaş alıram, haradan verim o qədər pulu?».

BAŞ HƏKİM «ÖZ İMKANI DAXİLİNDƏ YARDIM ETDİYİNİ» DEYİR

Amma Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov həkimlərdən pul yığılması ilə bağlı məlumatları təkzib edir. O deyir ki, nə korrupsiyaya qarşı mübarizə başlayandan əvvəl, nə də sonra heç bir həkimə abadlıq işlərinə pul yığmağı tapşırmayıb:

«O həkim kimdirsə, ona deyin, kim ondan pul istəyirsə, verməsin. Qaldı ki, abadlığa, bəli, mən öz imkanım daxilində abadlığa kömək edirəm. İndiyə qədərki bir neçə icra başçısının vaxtında da bu yardımı eləmişəm. Ancaq kimdənsə pul yığılması barədə deyilənlər boş-boş söhbətlərdir».

«Hər sahibkar özü öz mağazasının fasadını düzəltməlidir»

«HƏR SAHİBKAR ÖZÜ ÖZ MAĞAZASININ FASADINI DÜZƏLTMƏYƏ BORCLUDUR»

Salyan rayon İcra Hakimiyyətində də abadlıq işlərinə görə sahibkarlardan pul yığıldığını təkzib edirlər. Amma icra başçısının müavini Etibar Hüseynov sahibkarlara obyektlərinin yenidən qurulması, öz vəsaitləri hesabına abadlıq işləri aparılması ilə bağlı göstəriş verildiyini təsdiqləyir. E. Hüseynovun deməsinə görə, hər bir sahibkar öz mağazasının, obyektinin fasadını rayon memarlığına uyğun özü təmir etməyə borcludur:

«Onu mən düzəltməliyəm onlar üçün? Hər sahibkar özü öz mağazasının fasadını düzəltməlidir. Buna görə onlardan pul toplanmır. Sadəcə, tapşırıq bundan ibarətdir ki, mağazanızı düzəldin!».

SALYANA AYRILAN 2 MİLYON HƏLƏ ÜNVANINA ÇATMAYIB

E. Hüseynov deyir ki, prezidentin Salyan rayonuna ayırdığı 2 milyon manat hələ rayona çatmayıb. Sahibkarlar öz mağazalarını, icra hakimiyyəti isə daxili imkanlar və bəzi könüllülərin iştirakı ilə digər əraziləri abadlaşdırırlar.

«KORRUPSİYA-BÜTÜN QANUNSUZLUQLARIN ZƏNCİRVARI BİRLƏŞMƏSİDİR»

Salyanda fəaliyyət göstərən «Demokratiyaya Yardım» İctimai Birliyinin sədri Emil Məmmədov da rayonda abadlıq üçün qanunsuz pul yığılması ilə bağlı məlumatları təsdiqləyir. Birlik rəhbəri deyir ki, əslində baş verənlər bütün qanunsuzluqların zəncirvarı birləşməsindən yaranan bir haldır. Prezidentin də dəfələrlə müraciət etməsinə baxmayaraq, iş adamları, büdcə təşkilatlarında çalışanlar açıq şəkildə korrupsiyaya qarşı mübarizə apara bilmirlər:

Vasif Mövsümov

«Müəllimlərin bir qismi repetitorluqla məşğul olub vergi vermir, sahibkarların bəzilərinin obyektlərinin sənədləri qaydasında deyil, bəziləri vergidən, sosial ödəmələrdən yayınırlar. Yəni, qanunsuzluqlar hamısı bir-birinə zəncirvarı birləşib. 150 manat maaş alan müəllimin, həkimin harasa rüşvət verməsi sadəcə acı gülüş doğurur».

İNDİ MƏMURLAR MÜQAVİMƏT GÖSTƏRİRLƏR

Korrupsiyaya Qarşı Mübarizə Fondu artıq abadlıq işləri üçün qanunsuz pul tələbləri ilə bağlı şikayətləri aidiyyəti qurumlara çatdırıb. Fondun icraçı direktoru Vasif Mövsümov deyir ki, dövlət büdcəsindən rayonlardakı abadlıq işlərinə kifayət qədər pul ayrıldığı halda yenidən kimlərdənsə pul yığılması qanunsuzdur:

«Əslində nə baş verdiyi bizə aydındır. İndiyə qədər apardığımız araşdırmalardan məlum olub ki, büdcədən abadlıq işlərinə ayrılan pullar mənimsənilir, abadlıq işləri isə heç yerdə qeydiyyatı alınmayan sahibkarlardan və büdcə təşkilatlarından yığılan vəsaitlər hesabına aparılır».

V. Mövsümov deyir ki, adamların anonim də olsa, korrupsiyaya etiraz etməsi əslində vətəndaşlarda müqavimətin yaranmasından xəbər verir. O, hesab edir ki, korrupsiyaya qarşı mübarizə aparmalı olan məmurlar özləri qanunları pozmaqda davam edirlər. Korrupsiyaya qarşı mübarizənin müvəqqəti olacağını düşünən məmurlar bu mübarizənin davam etməsini istəmirlər.
XS
SM
MD
LG