Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:57

Bəxtiyar Hacıyev Güzdək həbsxanasına köçürülüb


Güzdək həbsxanası
Gənc fəal Bəxtiyar Hacıyev Güzdəkdə yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə onun ailə üzvlərinə 3 saylı Şüvəlan Təcridxanasından bildiriblər. Gəncədə yaşayan ailə üzvləri bildirir ki, bundan sonra Bakıdan kənarda və nəqliyyat imkanları məhdud olan Güzdəyə necə gedəcəklərindən narahatdırlar.

B. Hacıyev onun müdafiə qrupunun üzvlərinə bunları bildirib:

«HAKİMLƏRƏ 10 MİN MANAT RÜŞVƏT VERİB 2 İL HƏBS CƏZASI ALDIĞIMI DEDİM»

«Həbsxana kamerasına yeni gətirilən dustağa iki nəfəri qətlə yetirdiyimi, hakimlərə 10 min manat rüşvət verib 2 il həbs cəzası aldığımı dedim. Heyrətlənmədi, dəhşətə gəlmədi. Sonra «təhsil almaq, əslində isə hərbi xidmətdən yayınmaq məqsədilə ABŞ-a gedib Harvard Universitetində magistraturada təhsil aldığımı» (ittiham aktından sitat - B.H) və buna görə də nəzərdə tutulan maksimum cəza - 2 il həbs cəzası aldığımı dedim. Təəccübləndi, heyrətləndi. Hakimiyyət isə ölkədə hüquq dövləti qurulduğunu iddia edir».

Güzdəkdə yerləşən 14 saylı həbsxanada 17 ay saxlanılan bloqqer Adnan Hacızadə dünya praktikasından misal çəkərək deyir ki, insanlar cəzasını öz evinə, ailəsinə yaxın yerdə çəkməlidir:

«Çünki ailələri ilə mütəmadi olaraq yaxın təmasda olmaq insana müsbət təsir edir. Faktiki olaraq, Bəxtiyarın ailəsi Gəncədədir, onu Qaradağ rayonunda ucqar bir yerə gətiriblər. Valideynlərinin onun yanına gəlib-getməsi çox çətin
Adnan Hacızadə
olacaq».

Bloqqer düşünür ki, həmin həbsxanada insanlar islah olunmur və ordan çıxan insanın yenidən cinayət törətməsi şansı daha çoxdur. O, Bəxtiyarın məhz Güzdəkdəki cəzaçəkmə müəssisəsinə keçirilməsini çox mənfi qarşıladığını deyir. Adnan Hacızadə həmin cəzaçəkmə müəssisəsinin ümumiyyətlə, bağlanmasının tərəfdarıdır:

«ORANIN ŞƏRAİTİ HƏDDİNDƏN ARTIQ ÇOX PİS İDİ»

«Oranın şəraiti çox, həddindən artıq çox pis idi. Su ilə bağlı problemlər var idi. İkincisi, şəhərdən çox-çox uzaqdır o yer və ora aparan yol demək olar ki, yoxdur. Gərək böyük maşının olsun ki, ora çatasan. Üçüncü çətinliyi odur ki, ətrafında daş karxanaları var. Onlar gecə-gündüz işləyirlər. Azca külək qalxanda, toz dolur sənin yeməyinin içinə, ağ ciyərinə, sifətinə, elə tufanlar qalxır ki, göz-gözü görmür. Nəticə etibarı ilə, bu, insanların səhhətinə təsir edir, immun sistemi zəifləyir, müxtəlif xəstəliklərlə nəticələnə bilər. Məncə, cəza sırf əziyyətdən ibarət olmamalıdır, cəza həm də tərbiyəvi işlərdən ibarət olmalıdır. Halbuki mən Bəxtiyarı cinayətkar hesab etmirəm. Ümumiyyətlə, onun həbsini pisləyirəm».

Güzdəkdəki cəzaçəkmə müəssisəsində 4 il yarımını keçirən jurnalist Eynulla Fətullayev isə başqa problemdən danışır. O deyir ki, bu müəssisədə görüşmək müşkül bir işə
Eynulla Fətullayev
çevrilir:

«ORDA AĞAC BELƏ YOXDUR, YAYDA ASFALT BELƏ ƏRİYİR»

«14 saylıda mindən artıq məhkum saxlanılırdı. Onlardan hər biri istənilən dostu, tanışı, valideynləri ilə hətta həftədə bir neçə dəfə belə görüşmək imkanına malik idi. Yalnız mən ancaq ailə üzvlərimlə görüşə bilərdim. Hətta xalaoğlum bir dəfə yanıma gəlmişdi, onu belə buraxmamışdılar. Düşünürəm ki, eyni sistem, eyni münasibət Bəxtiyar Hacıyevə də şamil olunacaq. Hesab edirəm həmin həbsxanada onun həyatına ciddi təhlükə var. Söhbət ondan getmir ki, onun həyatına sui-qəsd edəcəklər. Amma altı ay sonra onun böyrəkləri ilə bağlı ciddi problem yaranacaq, çünki bu adam daim tozla nəfəs alacaq. Onun o cəzaçəkmə müəssisəsinə göndərilməsi təsadüfi deyil. Orda ağac belə yoxdur, yayda asfalt belə əriyir».

E. Fətullayevin fikrincə, B. Hacıyevin məhz 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsi bir daha onu göstərir ki, məqsəd onu əzmək, sındırmaqdır.

Gənc fəalın hüquqlarını müdafiə qrupunun rəhbəri İntiqam Əliyev isə deyir ki, hələlik B. Hacıyevin cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı hər hansı vəsatət və ya şikayət qaldırmaq niyyətləri yoxdur.

Gənc fəal B. Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə bu ilin mayında 2 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG