Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:45

Zərərçəkmiş: “Mən üzə dayanmağa xəcalət çəkirəm”


VFəkil Vidadi İsgəndərli (solda), 11 sentyabr 2009
VFəkil Vidadi İsgəndərli (solda), 11 sentyabr 2009

MƏHKƏMƏ ZALINDA “KOMXOZ” İŞÇİLƏRİ?

Göyçay rayonunda məhkəməsi keçirilən hüquq müdafiəçisi Vidadi İsgəndərli avqustun 2-də iclas başlanan kimi zalda oturmuş adamlara etirazını bildirdi:

- Möhtərəm hakim, zalda oturan bu adamları hər dəfə bura icra hakimiyyəti yığıb göndərir. Onların bu prosesə nə aidiyyətləri var? Niyə mənim qohumlarım, ailə üzvlərim qapı arxasında qalmalıdır, bu adamlarsa demək olar ki, zalın yarısını tuturlar. Hər dəfə əvvəlcə bu adamlar zala gətirilir, yerləşdirilir. Mən tələb edirəm ki, onları zaldan çıxarasınız.

Bu adamlar “komxoz” (Kommunal Təsərrüfat Birliyi – red.) işçiləridir. Onlar dövlət işində işləyirlər və bu saatlarda iş başında olmalıdılar. Ancaq hər dəfə gətirilirlər bura, iş günlərini burda keçirirlər. Başqası bircə saat işə geciksə, əmrini verib işdən qovarlar.

Hakim:
- Açıq məhkəmədir, mən heç kəsə deyə bilmərəm gəlmə.

Vidadi İsgəndərli:
- Axı siz özünüz də görürsünüz ki, onlar burda təxribat edirlər. Keçən dəfə vəkilimin üstünə cumublar. Sizsə reaksiya vermirsiniz. Mən tələb edirəm ki, vəkilimə hücum edənlər barədə ölçü götürülməsi ilə bağlı qərar qəbul edəsiniz.

HAKİMDƏN DÖZÜMLÜLÜK


Hakim zalda əyləşmiş zərərçəkmiş Şərafəddin Bayramovu ifadə vermək üçün tribunaya dəvət etmək istəyirdi ki, zalda əyləşənlərdən biri yerindən qışqırdı:

- Sən öləsən, Vidadi, səni biabır edəcəm Göyçayda, hamıya “afişa” buraxacam ki, səni üzdəniraqlarla bir kamerada saxlayırlar.

Bunu deyən Qarayazı kəndinin keçmiş bələdiyyə sədri, Göyçay şəhər Kommunal Təsərrüfat Birliyinin sədri Loğman Əliyev idi. O, məhkəmə iclasına ilk gündən gəlir və buna qədər də Vidadi İsgəndərliyə atmacalar söyləməklə məhkəmə iclaslarının gedişatını dəfələrlə pozub.

Bu dəfə də məhkəmə zalında ara qarışdı. Vidadi İsgəndərli masanın üstündəki su ilə dolu qabı götürərək Loğman Əliyevə tərəf atmaq istəyəndə polis işçiləri qarşısını kəsdilər. Hakimsə baş verənləri seyr etdikdən sonra məhkəmə zalından çıxdı. Loğman Əliyevin söyüşləri qarşısında polis işçiləri də acız qalmışdılar. Nəhayət, onların uzun-uzadı xahişlərindən sonra Loğman Əliyev zaldan çıxmağa razılaşdı.

Ancaq mübahisə bununla bitmədi. Bu dəfə zalda əyləşmiş “komxoz” işçilərindən biri Vidadi İsgəndərlinin qohumlarını söyməyə başladı. Nəticə də belə oldu ki, polis işçiləri həmin şəxsi yox, Vidadi İsgəndərlinin bir neçə qohumunu itələyərək məhkəmə zalından çıxartdılar. 5 dəqiqədən sonra hakim zala qayıtdı. Vidadi İsgəndərli:

- Möhtərəm hakim, mən birinci gündən sizə deyirəm ki, bu adamları zala buraxmayın. Sizsə onlardan qorxursunuz. Loğman Əliyev sizin gözünüzün qarşısında məni təhqir edir, siz tamaşa edirsiniz. Bu da bir daha sübut edir ki, İcra Hakimiyyətinin göndərdiyi adamlara söz deməyə, onları zaldan çıxarmağa hünəriniz çatmır. Çünki siz də o kürsüdə necə gəlib oturmusunuz, hamıya yaxşı bəllidir.

Hakim:
- Mən özüm yaxşı bilirəm burda necə oturmuşam. Bu, sizlik deyil.

“MÜSTƏNTİQ YAZIB, MƏNƏ QOL ÇƏKDİRİB”


Nisbətən sakitlik yarandıqdan sonra məhkəmə iclası davam etdirildi. İfadə vermək üçün kürsüyə zərərçəkmiş Şərafəddin Bayramov dəvət edildi. Anket məlumatları elan olunarkən dedi ki, uşaqlıqda adı orta məktəbdə getsə də demək olar ki, məktəb üzü görməyib. Yazıb oxumağı bacarmır.

Hakim:
- Vidadi İsgəndərlini tanıyırsınız?

Zərərçəkmiş:
- Xeyr. İndi məhkəmədə gördüm.

Hakim:
- Səsvermə günü məntəqədə nə görmüsünüz?

Zərərçəkmiş:
- Getdim məntəqəyə. 50-100 metr qalmış binadan səs-küy eşitdim, səs verməyə getmədim, qayıtdım evə.

Prokuror:
- Niyə qayıtdınız evə, səs-küy sizə mane olurdu ki səs verməyə?

Zərərçəkmiş:
- Mən müharibə veteranıyam, müharibədə ağır yaralanmışam və səs-küyə düşəndə mənə pis təsir edir. Ona görə də geri qayıtdım.

Prokuror:
- Məntəqədə adam çox idi?

Zərərçəkmiş:
- Məntəqəyə girmədiyimə görə adamları görmədim.

Prokuror:
- Sonra maraqlandınız ki, nə səs-küy imiş orda?

Vəkil:
- Mən etiraz edirəm. Bu adamın sonra ordan-burdan nə eşitdiyi əhəmiyyətli deyil. O, ancaq özü hadisə yerində gördüyünə əsaslanıb danışa bilər.

Prokuror:
- Səs-küy kimlərin arasında idi?

Zərərçəkmiş:
- Dedim axı, mən heç məntəqənin içini görməmişəm. Uzaqdan səs küy eşidib qayıtmışam. Nə bilim kimin arasında idi.

Hakim:
- İfadə müstəntiq tərəfindən sizə elan olunmuşdu?

Zərərçəkmiş:
- Yox.

Sonrakı sual cavablardan aydın oldu ki, zərərçəkənin ifadəsini müstəntiq yazıb, o isə imzalayıb.

Zərərçəkmiş:
- Mən burda dayanmağıma xəcalət çəkirəm. Mən bu kişinin üzünə necə dayanım? Məcbur etsələr də, üzə dura bilmərəm. Burda sizə nə demişəmsə, istintaq vaxtı müstəntiqə də onu demişəm. Mən məntəqənin içərisini görməmişəmsə, necə bilərdim ki, orda səs-küyü yaradan Vidadi İsgəndərli olub? Müstəntiq savadsızlığımdan istifadə edib.

Vidadi İsgəndərli:
- Siz özünüzü zərərçəkmiş hesab edirsiniz?

Zərərçəkmiş:
- Yox.

Vidadi İsgəndərli:
- Məni sizin ifadələriniz əsasında 3 il həbsdə saxlaya bilərlər.

Zərərçəkmiş:
- Vallah, dedim axı mən sizi tanımıram, görməmişəm. Özləri yazıblar, mənə qol çəkdiriblər. Üzə durmaq mənlik deyil, mən üzə dayanmağa xəcalət çəkirəm.

ZİDDİYƏTLİ İFADƏLƏR

Şərafəddin Bayramov bildirdi ki, müstəntiqin yanına getməzdən əvvəl kənd icra hakimiyyəti nümayəndəsinin müavini ona hansısa sənədə imza atdırıb:

Zərərçəkmiş:
- Mən hərf tanımıram. Səyyad müəllimdən soruşdum bu nə sənəddir, dedi ki, kim səsvermədə iştirak etməyibsə bura imza atmalıdır. Mən də imzaladım. Sonra prokurorluğa çağırdılar.

Vəkil:
- Möhtərəm hakim, göründüyü kimi, zərərçəkmişlərin və şahidlərin istintaqa cəlb olunması icra strukturlarının iştirakı ilə baş verib. Bu gün kənar adamların məhkəmə zalına yerləşdirilməsindən də görünür ki, həmin icra strukturları necə ki, istintaqa təzyiq etmişdilər, indi də məhkəməyə təzyiq edirlər. Vəsatət verirəm ki, həmin icra strukturu əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılsın.

Məhkəmə iclası avqustun 3-də davam edəcək.

Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçkidə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İttihama görə seçki zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədədə büllüteni komissiya sədrindən zorla alıb. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib.

Vidadi İsgəndərli bu il aprelin 17-də müxalifətin yeni birliyi olan İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Bi ittihamlarla o, üç ilə qədər azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG