Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:04

Zamirə Hacıyevanın Londonda müsadirə olunmuş mülkləri satışa çıxarılır


Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Keçmiş bankir Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda müsadirə olunmuş evi və qolf klubu 19.5 milyon funt sterlinqə satışa çıxarılıb. Bu barədə BBC yazır.

Z.Hacıyeva Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) altıillik təhqiqatından sonra Askotdakı qolf klubun və Naytsbricdəki evinin müsadirəsinə razılaşıb.

Ötən ilin payızında bu aktivlərin satışa çıxarılacağı bilinib.

C.Hacıyev 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri olub, hazırda vəzifə saxtakarlığı, vergidən yayınma və mənimsəmə ittihamları ilə 16 illik həbs cəzası çəkir.

NCA ötən il bildirmişdi ki, qolf klubu və evin irimiqyaslı dələduzluq, mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma nəticəsində əldə olunmasına inanır.

Qurumun məlumatına görə, bu aktivlərin alınmasında istifadə olunan vəsaitin mənbəyinə dair "ağlabatan" izah tapılmayıb.

Qolf klubu 4.25 milyon funt-sterlinqə, ev isə 14.75 milyon funt-sterlinqə satışdadır.

Vaxtilə Hacıyevanın "Harrods" ticarət mərkəzində 10 il ərzində 16 milyon funt-sterlinq (21.3 milyon dollar) xərclədiyi üzə çıxmışdı, onun 4.9 milyonu zinət əşyalarına sərf olunmuşdu.

Pulun 30 faizi Hacıyevaya qaytarılacaq

NCA sözçüsü ötən il deyirdi ki, qolf klubu və evin satışından əldə olunan pulun 70 faizi hökumətə keçəcək, 30 faizi Hacıyevaya qaytarılacaq.

Hacıyeva üçün işləyən hüquq firması ötən il bildirmişdi ki, o və ailəsi "indi öz həyatlarına davam edə bildikləri üçün xoşbəxtdirlər".

"Gherson LLP" onu da bildirib ki, Böyük Britaniyada istintaq aparıldığı müddətdə Azərbaycan hakimiyyəti Hacıyeva və vəkillərinin Bakıda həbsxanada C.Hacıyevlə əlaqə qurmasına qəsdən mane olub.

Azərbaycan hakimiyyətinin bu iddiaya münasibəti bəlli deyil.

C.Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib. Amma özünü təqsirli bilməyib. O, həmin vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir. Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayıblar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyiblər.

XS
SM
MD
LG