Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:17

Ermənistanda çapına imkan verilməyən erməni yazıçısı


Ara Baliozyan
Ara Baliozyan
-

75 yaşlı erməni yazıçısı, tənqidçisi, tərcüməçisi Ara Baliozyan Yunanıstanın paytaxtı Afinada doğulub.

Venesiyadakı Mxitarist Mürat-Rafael Kollecində oxuyub. Orada həmçinin “Ca Foscari” Universitetində iqtisadiyyat və siyasi elmlər üzrə də təhsil alıb.

Xaricdə yetərincə tanınsa da, bir sıra mükafatlara layiq görülsə də, Ermənistanda oxucular onun hansısa kitabını tapıb oxuya bilməzlər. Müəllifin özü bu boşluğu aradan qaldırmağa cəhdlər etsə də.

Onun indyəcən 30-dan çox nəsr, publisitika və elmi kitabları xaricdə həm ermənicə, həm də ingiliscə çap edilib.

Baliozyan indi Kanadada – Ontarioda yaşayır. O bütün vaxtını yazmağa sərf edir. İndi əsasən öz yazılarını İnternetdəki bəzi müzakirə saytlarında yerləşdirir.

Yerevandakı Araşdırmaçı Jurnalistlər Assosiasiyasının saytı olan netq.am yazıçıdan İnternetlə müsahibə almağa müvəffəq olub.


- Siz illər uzunu erməni mədəniyyəti haqqında düşünmüş, yazmış, analizlər və kitablar çap etdirmisiniz. Ümimilikdə, bizim mədəniyyət haqqında fikriniz nədir?

- Mənim şübhələnməyə tam əsasım var ki, mədəniyyətimiz dalana dirənib.

- Mənim üçün təəccüblüdür: Necə ola bilər ki, xaricdə hörmət bəslənən bir erməni yazıçısı haqda Ermənistanda heç kim heç nə bilməsin...

- Mənim cavabım belədir: Erməni təbliğatına qulluq etmədiyim üçün “heç kim” olmuşam: nifrət edilən “heç kim”, vətən xaini...

- Sizin əsərləriniz çoxlu sayda erməni jurnallarında çap edilib. Necə oldu ki, onlar sizin əleyhinizə çevrildilər?

- Çünki mən başqa cür düşünərək onların sevimli təbliğat yönü üzrə getməkdən imtina etdim.

- Onlar Ermənistanda sizə nifrət edirlər. Bu, nəylə bağlıdır? Siz ifrat dərəcədə anti-erməni və türkyönümlüsünüz, yoxsa biz burada Ermənistanda tolerant deyilik?

- Mən ədalətin tərəfdarıyam. Osmanlılaşdırılmış və sovetləşdirilmiş ermənilər olaraq bizlər tolerant olmamağa meylliyik.

- Sizcə, bu qədər düşmən qazanmağınızın səbəbi nədir?

- Bizim liderlərin vicdansızlığını və qabiliyyətsizliyini ifşa etdiyim üçün.

- Bir yazıçının öz ata yurdunda qəbul edilməməsi necə hissdir?

- Keçilmiş bir yoldur. Müxtəlif dövrlərdə bütün erməni yazıçılarını işləmədikləri cinayətlərdə yanlış olaraq suçlayıblar.

- Siz iddia edirsiniz ki, təbliğatın hər şeyə hakim olduğu durumdayıq. Sizcə, bu təbliğatın konkret nəticələri nədir?

- Bizim Allahın və Paytaxtın əleyhinə nəsə deməyə həvəssiz olmağımız. Və bir də bizim türk-mərkəzçiliyimiz. O ideya ki, guya bizim taleyimiz türklərin əlində qalmaqda davam edir.

Ermənistanda qadağan olunmuş müəyyən temalar var. Bu, Türkiyədə Orxan Pamuk fenomeninə bənzəyir.

Türklər bizdən yalnız ona görə irəlidədirlər ki, oradan beynəlxalq səviyyədə qəbul edilmiş Nobel mükafatçısı çıxıb.

- Kanadada ədəbiyyat vasitəçiləri (rusca: literaturnıy agent – red.) ilə necə işləyirsiniz?

- Kanada və Amerikadakı ədəbiyyat vasitəçilərini yalnız gəlir gətirən kitablar maraqlandırır. Mənim kitablarım və yazılarım isə nəğd pul gətirmir.

- Erməni əsilli yazıçı olmaq nə deməkdir?

- Bu o deməkdir ki, yadelli və ölkədaxili müstəbidlərin əbədi qurbanları olan qrupa mənsubsan.

- Erməni ədəbiyyatı haqda nə düşünürsünüz?

- Biz cırtdanlar kimi davranılan nəhənglər yetişdirmişik.

- Erməni diaporu da sizin tənqidləri nəzərə almır?

- Ermənilər yalnız təbliğata xidmət edən fikirlərlə razılaşırlar, o cümlədən düşmən təbliğatına.

- Sizcə, adam vətənpərvər olub da faşist olmaya bilər?

- Bütün növ erməni millətçiliyi və vətənpərvərliyində faşizm elementi var.

- Sizcə üfüqdə xilas yolu görünür, yoxsa biz indiki duruma məhkumuq?

- Yazmaq ümid etməkdir.

- Demək ki ümid edirsiniz ki, Ermənistan nə vaxtsa sizə münasibətini necəsə dəyişəcək...

- Ümid edirəm, amma bunu tezliklə gözləmirəm.

Meri Mikaelyan
2011
http://hetq.am/eng/interviews/3237/
XS
SM
MD
LG