Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:47

2 aprel məhbusu Elnur Məcidlinin evində


Elnur Məcidli
Elnur Məcidli

Elnur Məcidlinin atası: “Oğlum həbsinə belə hazırdı”

Arzuman bəylə Bakıda metronun Nərimanov stansiyasının yanında görüşməyi vədələşdik ki, bizə öz evinə getməyə bələdçilik eləsin. Elə söhbətimiz də yolda başladı, oğlu 2 aprel məhbuslarından biri olan, 22 yaşlı Elnur Məcidlidən söz alan söhbətimiz ona 1990-cı ilin 20 yanvarını xatırlatdı.

Arzuman Məcidli köhnə cəbhəçidir. “20 yanvarda, Sovet qoşunları Bakıya girəndə, yeni dünyaya gələn Elnurun anadan olmasının 40-cı günü tamam olurdu. Həmin gün şəhərdə o qaynar nöqtələrdəydim”, deyən atanın xatirələri çox uzaqlara, mitinqlərə, aksiyalara köklənir.

- Deməli, Elnurun bu gün AXCP-nin Gənclər təşkilatında olmağı təsadüfi deyilmiş?

- Elnur o mühitdə böyüyüb. Mən milli-azadlıq hərəkatının fəal üzvü olmuşam.

Arzuman Məcidli danışır ki, Elnur uşaqlıqdan keçmiş prezident Əbülfəz Elçibəy, Müsavat partiyasının lideri İsa Qəmbər, digər siyasətçilərlə təmasda olub, hətta onu mitinqlərə də aparırmış:

- 2005-ci ilin parlament seçkisindən sonrakı mitinqlərin sonuncusuna ailəvi getmişdik. Ara qarışanda mən yoldaşımı çıxardım, amma Elnur ortalıqda qalıb əzilmişdi. 10-cu sinifdə oxuyurdu onda. Əməlli-başlı zədə almışdı.

- Bəs özünüz necə, heç həbs olunmusuz?

Arzuman Məcidli xatırlayır ki, bir-iki dəfə sutkalıq həbs alıb, amma barəsində heç vaxt belə uzunmüddətli həbs qərarı verilməyib. Son 2 ilə qədər neft-qaz sahəsində çalışırmış, indi kiçik biznesi var, iri işlərə ona görə qol qoya bilmir ki, alnında “müxalifətçi” damğası var. Soruşuram:

- Özünüz bu yolun çətinliklərini görmüşdüz, görürsüz də, nədən Elnurun da siyasətə qatılmasını əngəlləmədiz?

- Azərbaycan gec-tez bu yoldan keçməlidir, ölkədə demokratik rejim qurulmalıdır, vətəndaş cəmiyyəti yaradılmalıdır, normal seçkilər keçirilməlidir. Düzdür, bir valideyn kimi oğlumun bu istidə dörd ay həbsdə olmasından narahatam, amma başqa tərəfdən də fikirləşirsən, axı bunu kimsə eləməlidir. Mən buraxmayım, o buraxmasın... Azərbaycanda siyasi aksiyalar keçirməliyik ki, cəmiyyət inkişaf eləsin.

- İttiham təsdiqlənsə, Elnuru 3 ilə qədər həbs cəzası gözləyir...

- Elnur buna hazırdır. O həmişə valideyn nəzarətində olub. Kürəkənim əsgərlikdəydi, dedi ki, əsgərlik həyatı ağırdı, Elnuru hərbi xidmətə buraxmayın, dözə bilməz, amma məhbus həyatına dözür. İlk dəfə görüşəndə başını dik tutub gəldi ki, narahat olmayın. Mən qorxurdum ki, sınar. Amma sevindim sınmamağına.

RƏHİMƏ XANIM OĞLU MƏCİD HAQDA

Ana ürəyi yuxa olar, deyiblər. Evin xanımı Rəhimə Məcidli də oğlundan razılıqla danışır, amma onu da etiraf edir ki, həyat yoldaşından fərqli Elnurun siyasətə baş qoşması bir o qədər də ürəyincə deyilmiş.
Elnur Məcidlinin atası Arzuman Məcidli və anası Rəhimə Məcidli

Elnur özəl universitetlərin birində siyasi elmləri öyrənir. 4-cü kursdadır, daha doğrusu, həbsi 4-cü kursu başa vurmağa imkan verməyib. İnstitutdan isə ailəni əmin ediblər ki, Elnur azadlığa çıxan kimi dərslərinə davam edə bilər. Rəhimə xanım deyir:

- Tələbə adını qazanan kimi Elnur işə girib, dərslərin başlamasına bir-iki ay var idi, o, benzindoldurma məntəqələrinin birinə operator-əməlliyatçı düzəldi, elə bədxərc də deyildi.

Daha sonra xatırlayır:

- Tutulmamışdan əvvəl beş günlük seminara getmişdi, gedəndə 10 manat vermişdim, qayıdandan bir-iki gün sonra həbs olunanda telefonu ilə portmanatını atasına verdi. Evə gətirəndə açıb portmanatı baxıram ki, beş manat var. Deyirəm ki, bu həmin 10 manatın qalığıdı, indi də eləcə durur.

Rəhimə xanım deyir ki, həbsindən sonra oğlu ilə bir neçə dəfə görüşüb. Hər dəfə də Elnur ona təsəlli verib, bir də tapşırıb ki, atasından muğayat olsun:

- Atası ilə çox yaxındır. Dedi ki, ana, atam mənim həm dostumdur, həm də qardaşımdır, ondan ehtiyatlı ol.

Ana oğlunun günahkar olmadığını söyləyir, deyir, ona təsir edən də Elnura şər atılmasıdır. Soruşuram:

- Məhkəmə materiallarında Elnur Məcidlinin şüşə sındırdığı deyilir?

- Eşidən-bilən də təəccüb edir ki, Elnur belə bir hərəkətmi edə bilər?


Oğlu ilə sonuncu dəfə bir-iki gün qabaq görüşən Rəhimə xanım ona Ramazan bayramının sovqatını aparıb, Elnurun üzünü də şüşə arxasından görüb:

- Görüş bitəndə imkan yaratdılar, onu bərk-bərk qucaqladım.

Rəhimə xanım bunu deyir, Elnuru qucaqlayırmış kimi əllərini qabağa uzadır. Mən bayaq maşında Arzuman bəyə verdiyim 3 ilə qədər həbs gözləntisi ilə bağlı sualı təkrarlayıram, bayaqdan toxtaq danışan qadının səsi titrəyir, göz yaşlarını boğmağa çalışır, bacarammır, yaranan sükutu Arzuman bəy pozur:

-Məhkəmədən ədalətsiz qərarlar olmasına adət etmişik. Amma yenə də ümidimizi itirmirik.

Bu il aprelin 2-də müxalifətin İctimai Palatasının keçirdiyi aksiyadan sonra 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar ictimai qaydanı pozulmaqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunurlar. Müxalifət fəallarından altısı artıq il yarımdan 3 iləcən azadlıqdan məhrum olunub. Elnur Məcidlinin və digərlərinin məhkəməsi isə davam edir.
XS
SM
MD
LG