Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:22

Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazar Əjdər Oldur.


"Professional, ciddi ədəbiyyatı xalq heç vaxt başa düşə bilməyib".

"Mən qərara gəlmişəm ki, şeirlərimin tərcüməsi ilə qətiyyən məşğul olmayım".

"Dedim ki, hə, Səməd, bu gündən oldun bizim rəqibimiz. Nə qədər ki, burda deyildin, hamının can-ciyəri idin. Amma özünü hazırla, bundan sonra sənə olan hörməti görməyəcəksən, sənə söz verməyə çalışmayacaqlar, sıxışdırılacaqsan".

"Mən inanmıram ki, Mirzə Cəlil, Sabir, Hüseyn Cavid pis adam olublar".



- Bir çox janrlarda yazılarınız var. Bunların arasında xüsusi rahatlıqla işlədiyiniz biri varmı?

- Mən ümumiyyətlə ədəbiyyatda özümü rahat hiss edirəm. Mənim üçün yalnız ədəbiyyat janrı var.

Bütün janrlar şərtidir. Hansı formada istəsən, özünü ifadə edə bilərsən. Özümü çətinliyə salan adam deyiləm, yəni oturum özümü nəyisə yazmağa məcbur edim, desinlər ki, Əjdər Ol bunu da yazdı - bu mənə yad olan bir şeydi.

Ümumiyyətlə, özümü aldatmağı sevmirəm. Alınmırsa, alınmır.

Mən xüsusi fərq qoymuram: yaxşı şeiri oxuyanda aldığım zövqü yaxşı nəsrdən də alıram. Amma reallıq budur ki, nəsrin meydanı daha böyükdür.

Şeir böyük rəmzlər deməkdir, böyük sistem deməkdir. Şeiri bir çox insanlar başa düşə bilmirlər.

Keçmişdə də şeiri müəyyən zümrə oxuyurdu. Çünki kütlə şeiri başa düşə bilməyib.

Mahnıların içində bayatıları, laylaları anlayıb, amma professional, ciddi ədəbiyyatı xalq heç vaxt başa düşə bilməyib.

Məsələn, insanlar bu gün tribunadan oxunan, daha asan çatdırılan, nəğməyə bənzəyən şeirləri daha yaxşı başa düşürlər. Şeirlər həm də tərcüməyə yararlı deyil.



Mən qərara gəlmişəm ki, şeirlərimin tərcüməsi ilə qətiyyən məşğul olmayım.

Bu, çox mənasız bir işdir. Şeir öz dilin üçündür. Məsələn, Puşkin, Lermontov, Dante və digərləri Azərbaycan dilində ən zəif şairlərdəndir. Bəzən deyirlər ki, "filan şeir yaxşı tərcümə olunub".

Amma əslində müəllif həmin mövzuda öz dilində gözəl bir şeir yazmış olur. Amma o şeir orijinalın iyirmi, otuz faizi də deyil.

Bununla belə mən sətri tərcümənin leyihinəyəm - qoy məzmun aydın olsun. Nizamini oxuyanda adamın gülməyi gəlir, tərcümədə o ən zəif şairdir.

O nə ifadələr, o nə məzmunsuz misralardır? Amma o, dastançıdır deyə, sujeti izləmək olur. Şeirlər isə çox zəifdir.

- Rəsmi iş və yaradıcılıq ovqatı... bunlar bir-birinə zidd görünür. Sizə çətin olmur ki?

- Həyatda heç də həmişə istədiyimiz aurada olmuruq. Həyat zəngindir, rəngarəngdir, dəyişkəndir - hava kimi, fəsillər kimi, ictimai hadisələr kimi.

Məsələ ondadır ki, hər bir duyğunun öz yeri var - hər adamın, hər gülün öz yeri olduğu kimi. Vacib deyil ki, insan həmişə lirik duyğuların təsiri altında olsun.

Bu, heç mümkün də deyil. Sadəcə, insan təbiət etibarilə həssasdır.

Düzdür, elə insanlar var ki, ətrafda baş verənlərə diqqətli deyillər. Amma, ümumilikdə, biz elə yaranmışıq ki, gördüyümüz hər hadisədən təsirlənirik. Mən bunu yaxşı hal kimi qiymətləndirmirəm, fakt kimi deyirəm.

Mənim ətrafımda baş verən hər hadisə kino lentinə yazılantək yaddaşıma həkk olunur.

Aylar, illər keçəndən sonra o hadisələri xatırlayanda görürəm ki, orda olan adamlar həmin hadisənin yalnız fakt hissəsini bilirlər.

Bu ona bənzəyir ki, kimsə 2001-ci ili yada salır, amma həmin ildə nələr olduğunun fərqinə varmır. Heç olanlardan da hər kəs bəhrələnə bilmir. Tarix yaradıcı insanlara borcludur.

Əgər yaradıcı insanlar olmasaydı, insanlıq öz tarixindən, öz gözəllik duyğularının əksəriyyətindən xəbərsiz qalardı.

- Bayaq ayaqüstü söhbət əsnasında dediniz ki, bizim yazarların çoxu oxucularla ünsiyyət qura bilmir. Problemi nədə görürsüz?



- Yaradıcı adam özünü ifadə etdiyi dili çox yaxşı bilməlidir - bütün incəliklərinə qədər.

Təkcə bilməli yox, həm də duymalıdır. Sözlər də axı canlıdır, onlar da tərpəşirlər. Sözlər statistik deyil, yaradıcı təfəkkür tələb edir.

Burda həm də seçim qabiliyyətinin olmasından söhbət gedir - "hansı sözün yerinə hansı sözü qoymaq lazımdır" seçimi. Mən dəfələrlə öz dilimə vurulmuşam, ona qardaş kimi, bacı kimi, sevgili kimi baxmışam hərdən.

Hansısa sözü axtaranda nəsə suyun üzünə çıxan kimi üzə çıxıb. Insan dili yaxşı biləndə ona vurulur.

Necə ki insan yaxşı tanıdığı adamlara vurulur, onlara daha çox bağlanır.

Çünki sən onu yaxşı tanıyırsan, bilirsən ki, acı söz desə də, ürəyindən gəlmir, dilindən gəlir.

- Söz ehtiyatınız necə zənginləşir? Mütaliənin burda rolu nə qədərdir?

- Mən Azərbaycanın bölgələrinə gedəndə, orda yeni bir söz eşidəndə elə bilirəm ki, mənə nəsə hədiyyə verdilər.

Deməli bu cür də söz varmış, belə də danışmaq olarmış. Insanın özünü ifadə formasının min bir forması var.

Bir adama hər gün salamı eyni formada verəndə maraqsız olur, amma yeni bir söz deyəndə, dönüb baxır.

Insanların bir-birinə maraqlı olması üçün yeni ifadə formaları tapılmalıdır. Şair nəyi ilə maraqlı ola bilər? Yeni dili, yeni ifadə formaları ilə, hisslərin yeni ifadəsi ilə. Oxucu çox qəddardır, güzəştsizdir.

Oxucu bir sözü də keçmir yazara. Yazar oxucunun insafına bel bağlamamalıdır ki, onu bağışlayacaq.

Bilmək lazımdır ki, səni dinləyən adam sənin hər bir sözünə fikir verdiyinə görə, sən özün hər bir sözünə ciddi fikir verməlisən.

- Adətən deyirlər ki, ədəbi mühitdə dost yoxdur. Bir məclisdə yeyib-içən dostların sonradan bir-birinin arxasınca danışması halı adət halını alıb. Belə hallarla rastlaşmısız yəqin ki?..

- Yazarlar kövrək məqamlarında dost olurlar. Ziddiyyətli məqamlar həmişə maraq üstündə, vəzifə üstündə olub.



Filan mükafat filankəsə verilməsin, mənə verilsin, filan vəzifə mənim olsun. Söhbət ədəbiyyat sahəsindəki vəzifələrdən gedir. Mən ədəbi sferanın heç bir sahəsində, Yazıçılar Birliyində, qəzetdə, jurnalda heç vaxt işləməmişəm.

Bəlkə də buna görə çox da rəqibim yoxdur. Çünki mənə işçi kimi, rəqib kimi baxmırdılar. Səməd Qaraçöp Gürcüstanda yaşayanda hamı ondan bəh-bəhlə danışır, yazırdı.

Bir gün mənə şad xəbər verdi ki, "köçdüm Bakıya". Dedim: "Hə, bu gündən oldun bizim rəqibimiz.

Nə qədər ki, burda deyildin, hamının can-ciyəri idin. Amma özünü hazırla, bundan sonra sənə olan hörməti görməyəcəksən, sənə söz verməyə çalışmayacaqlar, sıxışdırılacaqsan".

O inanmırdı, amma zaman göstərdi ki, bu bir həqiqətdir.

Müəyyən adamlar var ki, onların vəzifələri eyiblərini üstünə pərdə çəkir. Amma yazıçıların eyibinin üstünə pərdə çəkməyə əsas yoxdur, çünki onlar hamısı eyni zümrənin adamlarıdır. Insanlar həmişə çəkinmədikləri, maddi baxımdan asılı olmadıqları şəxslərin arxasınca danışırlar.

Müəyyən mövqeyi olmayan adamın dalınca “o kimdir, filan”- desələr də, həmin adamın başına bir iş gələndə həyəcanlanırlar, bir yerə yığışırlar.

Yazarlar bir-birilərini çox istəyrlər. Nə olsun, biz qardaşımızın da dalınca danışırıq ki, "filan şeyi düz eləmədi". Atamızdan da inciyirik, küsürük, üz çeviririk. Mən yazar dostlarmı çox istəyrəm.

- Bəzən deyirlər ki, filankəsin yazısı yaxşıdır, amma, heyf ki, özü belədir... Yaxşı yazar yaxşı insan olmaya bilərmi?

- Mən inanmıram ki, istedadlı yazarın özü pis adam olsun. Bir də görürsən ki, yazı vaxtı kimsə qapını açır, acıqlanırsan. Kimsə zəng edir, tez danışıb sağollaşmaq istəyirsən.

Yoldan keçirsən, bir tanışı görməyə bilərsən. Axı fikrin başqa yerlərdədi. Bu o demək deyil ki, sən pis adamsan. Yəni heç vaxt yaxşı yazarın pis adam olması mümkün deyil.

Ya o adamı yaxşı tanımırıq, ya da onun yazıları düzgün qiymətləndirilməyib. Mən inanmıram ki, Mirzə Cəlil, Sabir, Hüseyn Cavid pis adam olublar.

- Ötən həftə rubrikamızın qonağı olan Vaqif Bayatılı Odərin sizə sualı belə oldy: "Mən dünyanı çox sevirəm, bəs siz?"

- Əlbəttə, dünyanı sevirik. Bu dünyanı şux saxlayan bizim sevgimizdir, yoxsa dünya çoxdan köhnəlib gedər.

- Bəs sizin rubrikamızın növbəti qonağı olacaq yazıçı Əli Əkbərə sualınız nədir?

- Əli Əkbər yazıçının oxucuya hörmətini nədə görür?

FEYZİYYƏ


Həmçinin oxu
Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"

Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"
XS
SM
MD
LG