Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:17

Azərbaycan dilinin problemi Artur Rəsizadədir? (Debatın mətni)


"Pen klub" proqramı. 15 sentyabr 2011
Gözlə

No media source currently available

0:00 0:49:47 0:00
Direct-ə keçid

"Pen klub" proqramı. 15 sentyabr 2011

“Dil bir canlı varlıqdır. Sözlər arxaikləşir, yeni sözlər əmələ gəlir, imkanlar açılır və s. Bəzən, “gəlin, dili qoruyaq” deyib haray çəkən adamlar var, mən onların bu şüarlarını heç cür başa düşə bilmirəm. Siz yox idiniz səhər açılmırdı?”

Bunu yazıçı Etimad Başkeçid “Pen klub” proqramındakı müzakirədə deyib.

“Dövlət idarələrində, mətbuatda Azərbaycan dilinin qaydalarına necə əməl edilir?” - mövzusunda keçirilmiş müzakirəyə "Azadlıq" qəzetinin yazarı, Azərbaycan Dil Qurumu ictimai birliyinin icraçı direktoru Anar Niftəliyev və yazıçı-dramaturq Əyyub Qiyas da qatılıblar.

Etimad B:

- Adamdan soruşarlar ki, bu dil min illərlə sizin müdafiəniz olmadan gəlib bu günə necə çıxıb? Alimlər dildə normalar tətbiq edirlər.

Bu, sırf qrammatik cəhətdən bəlkə də məqbuldur. Amma yaradıcı əmək tələb edən sahələrdə buna heç bir ehtiyac yoxdur.

Etimad Başkeçid

Çinki dilə normalar tətbiq ediləndən sonra o yaxşı inkişaf edə bilməz. Sovet dövründən qalma bu havanı çalanlar Azərbaycanda indi də çoxdur.

Qoy karguzarlıqda, dəftərxanalarda, yazışmalarda hansısa normalar olsun. Amma ədəbiyyatda, sənətdə bunu gözləmək düz deyil.

Anar N:

- Məncə, Azərbaycanda dilin problemi yox, dil qanunlarına hörmətsizlikdən, bu qanunların pozulmasından söhbət gedə bilər.

Etimad bəylə razı deyiləm ki, dilin normaları sovet zamanı qoyulub və bu normalara əməl etmək məcburi idi.

Yox, elə deyil. Bu, tənzimləmə deyil. Sadəcə, dildə baş verən proseslərin dil normasına salınmasıdır. Ona görə də biz dilə dil normasından yox, dildə baş verən proseslərin dil normasında əks olunmasından danışmalıyıq.

O ki, qaldı dil normasının pozulmasına bu, ədəbi dildə də, şifahi dildə də çox ciddi qüsurdur. Buna heç bir sahədə yol vermək olmaz.

Əyyub Q:

- Məncə, Azərbaycan dili rəsmi qurumların, eləcə də yaradıcı sahələrin onunla rahat işləməsinə kifayət qədər imkan verir. Çünki bu dil yaranandan bəri bu dildə ədəbiyyat da yaranıb, kifayət qədər poeziya, nəsr, şifahi xalq ədəbiyyatı nümunələri də yaranıb.

Əgər gözəl-gözəl nümunələr min illərdən keçib bu günə gəlibsə, demək bunun qarşısını almaq mümkün deyil. Bu dil inkişafını davam etdirəcək. Lazım olanda hansısa sözlər sıradan çıxacaq, hansılarsa əlavə olunacaq.

Amma tam olaraq, bütöv olaraq dil öz mənşəyini, formasını və böyüklüyünü qoruyub saxlayacaq. Məncə bizim dillə bağlı problemimiz yoxdur.

Bizim dilə nə dərəcədə hörmət edən və ya etməyən şəxslərlə bağlı problemimiz var.

İlqar R:

Anar bəy, sizcə, indi dil normalarının pozulması nə dərəcədə ciddi problemdir?

Anar N:

- Bizdə dil normalarının pozulmasına mətbuatda həddən artıq təsadüf edilir. 2002-ci ildə “Azərbaycan dili haqqında” qanun qəbul edilib. Həmin qanunda, dövlət dilinin normalarını pozanların necə cəzalandırılacağı da aydın göstərilib.

Anar Niftəliyev

Normanı pozan məhkəməyə verilməli, birinci dəfə nə qədər, növbəti dəfələr nə qədər cərimə olunmalıdır – bütün bunlar o qanunda əksini tapıb.

Aradan doqquz il keçib, Nazirlər Kabineti hələ də onun əsasnaməsini hazırlamayıb. Halbuki, bu məsələ qanunun qəbulundan sonra üç ay müddətində həllini tapmalı idi.

Doqquz il müddətində kiminsə cəzalandırılması ilə bağlı bircə dənə də fakt yoxdur. Bu, dövlətimizin məsələyə münasibətidir.

Digər tərəfdən, Dövlət Dil Komissiyası adlı bir qurum var. Ona rəhbərliyi bizim baş nazirimiz, hörmətli Artur Rəsizadə rəhbərlik edir.

Artur Rəsizadə Azərbaycan dilini bilirmi? Onun danışığında dil qanunları qorunurmu? Bu komissiya indiyədək dillə bağlı hansısa iclas keçirib bir qərar veribmi?

Halbuki qanunda nəzərdə tutulub ki, bu komissiya hər altı aydan bir iclas keçirib hesabat hazırlamalıdır.

Etimad B:

- Mən Anar bəylə razı deyiləm. Dövlətin qanunu var ki, dövlət müəssisələrində yalnız Azərbaycan dilindən istifadə olunmalıdır. Amma olunmur. Dilə sayğısızlıq haradan qaynaqlanır? Siz məsələ qoyun ki, ədəbiyyat inkişaf etsin, Azərbaycan dilinə tərcümə mərkəzləri yaradılsın. Necə ki Gürcüstanda, Türkiyədə, Rusiyada tərcümə mərkəzləri var. Azərbaycanda isə tərcümə məktəbi yoxdur. Beş-üç tərcüməçi var. Azərbaycanda terminalogiya sıfır səviyyəsindədir. Fəlsəfi və riyazi əsərləri tərcümə etmək üçün terminoloji baza yoxdur. Çünki bunun üzərində çalışan yoxdur.

Anar N:

- Yox, elə deyil. Dilçilik Institutunun nəzdində terminologiya komissiyası fəaliyyət göstərir. Dövlət Dil Komissiyası, Dilçilik İnstitutu və Terminologiya Komissiyası var Azərbaycanda. Bu üç qurum üzərlərinə düşən işlə məşğul olmalıdırlar. Amma olmurlar.

Əyyub Q:

- Anar bəy, mən belə başa düşürəm ki, təşkilatlar, komissiyalar və “bizdə bu da var”- deyə göbələk kimi məcburən ortaya çıxan digər qurumların heç biri bu dili qoruyub saxlaya bilməyəcək.

Bu dilin yiyəsi var. O da bu xalq, bu millətdir, bu xalqın, millətin dilində ədəbiyyatı
Əyyub Qiyas

yaradan insanlardır. Və bu dili də onlar qoruyub saxlayacaqlar. Bir faktı deyim.

Bakıda, yəni paytaxtda Azərbaycan dilinə hörmətsizlik çox böyükdür. Çünki, əksər böyük dövlət strukturları, idarə və təşkilatlar burada yerləşir.

Və bizim məmurların əksəriyyəti bu dili sevmədiklərindən, ona hörmət qoymadıqlarından sanki bu dildə danışmağı özlərinə sığışdırmırlar. Amma şükürlər olsun ki, Bakı istisna olmaqla respublikanın bütün əyalətlərində - şəhər, rayon və kəndlərində Azərbaycan dilinə böyük hörmət, ehtiram var. Şəxsən mən Sumqayıtda yaşayıram və bunun şahidi oluram.

Məncə, zaman-zaman gələn nəsillər bu dilin qayğısına daha çox qalacaqlar, təəssübünü çəkəcəklər, həmçinin Bakıda. Yəni bu belə getməyəcək.

Anar N:

- Mən Etimad bəyin və Əyyub bəyin nikbinliyini bölüşürəm. Amma məsələ belə deyil. Birincisi, dövlət dilinə dövlət məmurlarının və dövlətin özünün qayğısı lazımdır. İkincisi də ictimaiyyətin qayğısı lazımdır. Hər bir fərd öz dilini sevməyi və qorumağı bacarmalıdır.

Bir tərəfdən deyirik dili dövlət qurumları, məmurlar qorumalı deyil, digər tərəfdən də Bakıda dövlət dilinə sayğısızlıqdan danışırıq. Yaxşı, dövlətin və ictimaiyyətin dilə münasibəti ortadadır.

Onda bu dili kim qoruyacaq. Beş, on min ədəbiyyat adamının sözü keçmirsə. Onlar ancaq dili öz yazılarında qoruyurlarsa, sözün həqiqi mənasında Azərbaycan dili təhlükədədir.

Problemin digər səbəbi isə Azərbaycanda rus dilinə xüsusi önəm verilməsidir.

Niyə mənim müstəqil ölkəmdə Azərbaycan dili dövlət dili olduğu halda təkcə Bakıda 355 orta məktəbdə rus bölməsi olmalıdır, 21 dənə də rus məktəbi olmalıdır?

İlqar R:

- Əyyub bəy, səbəb budurmu sizcə?


Əyyub Q:

- Məncə, səbəb 70 il sovet dövrü burulğanının havasının hələ də bəzi məmurların, ailələrın başında qalması və bunun nəsildən nəslə ötürülməsidir. Amma Anar bəy, inan ki, nə qədər belə faktlar olsa da, qorxulu deyil. Bu dilin sahibi var. Bu dilə heç kim heç nə edə bilməz.

Etimad B:

- Bizdə ingilis dilli məktəblər də var. Azərbaycanda-doqquz milyonluq bir ölkədə iyirmi rus məktəbi varsa, məlum tarixi gedişatı, ənənələri nəzərə alanda bu, normal haldır. Ölkənin əhalisinin bir neçə milyonu Rusiyada yaşayır.

Bu faktdır. Uşağı rus məktəbinə qoyanlar da perspektivi bu istiqamətdə görənlərdir. Digər tərəfdən ölkəyə rus dilini bilən adamlar da lazımdır axı. Rus dili dünyanın aparıcı dillərindən biridir və bunu bilməyimizdə fayda var.

Bu başqa məsələdir. Dilin pozulması əsasən radio, televiziyalarda daha çox baş verir.

Yəni əsasən ictimai kommunikasiya vasitələrində. Məişət dili, ədəbi dil, publisistik dil, kargüzarlıq dili və sair var. Bunların hər birinə ayrı ayrılıqda baxılmalıdır. Ümumiyyətlə “dil əldən getdi” deyib hay-küy salmağa heç bir ehtiyac yoxdur...

Müzakirəni tam olaraq burda dinləyə bilərsiniz...
XS
SM
MD
LG