Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:50

Videogörüntülər ittihamnamədən fərqlənir


Tural Abbaslı məhkəmə zalına gətirilərkən
Tural Abbaslı məhkəmə zalına gətirilərkən
Sentyabrın 19-da 2 aprel məhbuslarından Arif Hacılı, Məhəmməd Məcidli, Tural AbbaslıFuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

KÜRƏK YOXSA AYAQ?

Məhkəmədə şahid kimi dindirilən Yasamal rayon Polis İdarəsinin əməkdaşı Tərlan Əhmədov aprelin 2-i aksiyada ayağından xəsarət aldığını, amma ittiham olunanların heç birini həmin gün görmədiyini bildirdi. İttiham olunanlar polisin ziddiyyətli ifadə verdiyini bildirdilər. Qeyd elədilər ki, həmin polis ilkin istintaqa verdiyi ifadəsində kürəyindən xəsarət aldığını yazıb, amma indi ayağından xəsarət aldığını deyir.

«ARAŞDIRMAQ MƏNİM İŞİM DEYİL»

Həmin polis Mərkəzi Univermağın qarşısında 30 nəfərin «Azadlıq», «istefa» şüarları səsləndirərək hərəkət etdiyini 50-dən artıq polisin bunun qarşısını aldığını bildirdi. Bu zaman Müsavat başqanının müavini Arif Hacılı polisdən həmin adamlar arasında onu görüb-görmədiyini soruşdu:

- Siz məni harda gördünüz?
- Mən sizi görmədim.
- Səni vuranı gördün?
- 6 ay keçib, gördüm də ..
- Sən aksiyada xəsarət aldığını deyirsən, buna görə də şikayət etmisən, bəs videogörüntülərə baxmısanmı?
- Yox.
- Niyə?
- Bilmirəm.
- Axı sizə xəsarət yetirən adamın kimliyini araşdırmaq istəmirsiniz?
- Onu araşdırmaq mənim işim deyil.

Polis əməkdaşının təqsirləndirilənlərin suallarına aqressiv cavab verməsi səbəbindən hakim onun bir neçə dəfə sakit olmağa, verilən bütün suallara cavab verməyə dəvət etdi.

HAKİM: «GÖZYAŞARDICI QAZ BALONU İLƏ MƏHKƏMƏYƏ GƏLMƏK OLMAZ AXI»

Bu zaman təqsirləndirilən şəxslərdən biri məhkəməyə şahid qismində gələn polis əməkdaşının üstündə göz yaşardıcı qaz balonunun olmasından hakimə şikayət etdi. Hakim polisin məhkəməyə gözyaşardıcı qaz balonu ilə gəlməsinin düzgün olmadığını bildirdi. Bundan sonra qaz balonu polisdən alınıb məhkəmə nəzarətçilərinə təhvil verildi.

Arif Hacılı məhkəmə salonunda
AXCP üzvü Məhəmməd Məcidli polisin təhrik ilə məhkəməyə şikayət etdiyini bildirdi. Polis isə bunu təkzib etdi.

«BİZİM OBYEKT ELƏ YERDƏDİR Kİ, ORDA MİTİNQ KEÇİRMƏK MÜMKÜN DEYİL»

Polis əməkdaşından sonra məhkəmədə ifadə verən iki mülki şəxs aprelin 2-də onlara məxsus mağazaların şüşələrinin sındırıldığını bildirdilər.

«DNS-kompüter» mağazasının nümayəndəsi Rauf Hümbətov bildirdi ki, təqsirləndirlən 4 nəfərdən heç birini tanımır və onlara qarşı da heç bir iddiası yoxdur. O qeyd etdi ki, istədiyi onlara dəyən 250 manat ziyanın ödənilməsidir. Sadəcə mağazanın pəncərəsinin sındırılması zamanı çölə çıxsa da heç kimi görə bilməyib. Bu səbəbdən də o dörd nəfərə qarşı iddiasını geri götürdüyünü bildirdi. Digər şahid Elvin Əhmədov da çalışdığı obyektin pəncərəsinin sındırıldığını, amma bu hərəkətin kim tərəfindən edildiyini görmədiyini dedi. Arif Hacılı Elvin Əhmədovdan onların obyektinin pəncərəsi sındırılan zaman həmin ərazidə mitinq keçirilib-keçirilmədiyini soruşdu. Elvin Əhmədov isə bildirdi ki, onlara məxsus obyekt elə bir yerdədir ki, ümumiyyətlə orda aksiya keçirmək mümkün deyil. Təqsirləndirilən dörd nəfərdən heç birini tanımadığını deyən Elvin Əhmədov da onlara qarşı iddiasından imtina etdiyini bildirdi.

ARİF HACILI: İTTİHAMLAR HAMISI SİFARİŞDİR

Arif Hacılı onlara qarşı ittihamların sifarişli olduğunu bildirdi. O qeyd elədi ki, onların işində şahid kimi çıxış edən 26 polisdən 21-i yalan ifadə verib. O bu yalanın xəsarət aldıqlarını iddia edən 21 polisə verilən ekspertiza rəyində açıq-aydın göründüyünü bildirdi. Arif Hacılı bildirdi ki, polislər bir yerdə ekspertizadan keçsələr də onların xəsarəti ilə bağlı başqa yerdə rəy verilməsi ziddiyyətli məsələdir.

GÖZ YOX QULAQ ŞAHİDİ...

Digər şahid Bakı Baş Polis İdarəsinin əməkdaşı Rauf Tağıyev ifadəsində bildirdi ki, o adamların qanunsuz hərəkət etməsi barədə polis yoldaşlarından eşidib. Amma özü heç bir şey görməyib. Polislərə məxsus avtobusun yanında dayandığını və polis yoldaşlarının Fuad adlı bir aksiyaçını avtobusa gətirdiyini desə də onun üz cizgilərini unudub.

Təqsirlən şəxslərin vəkilləri isə başqasının danışdıqlarına əsasən şahidlik etmənin qanuna zidd olduğunu bildirdilər.

Daha sonra 2 aprel aksiyası ilə bağlı özəl televiziyalardan əldə olunmuş video görüntülər nümayiş olundu.

Məhəmməd Məcidli
Videoların nümayişindən sonra AXCP sədrinin müşaviri Məhəmməd Məcidli bildirdi ki, onları mağazaların şüşələrini sındırmaqda, nəqliyyatın hərəkətinə mane olmaqda, aksiyaçıları qanunsuz hərəkətlərə səsləmədə ittiham etsələr də bu heç bir yerdə sübut olunmur.

Dövlət ittihamçısı isə bildirdi ki, Rəşid Behbudov küçəsində aksiyaçıların bir avtobusu təpiklədiyi aydın görünür. Dövlət ittihamçısının dediklərinə cavab olaraq Arif Hacılı bildirdi ki, bir-iki nəfərin avtobusu təpikləməsinin cəzası bir-neçə günlük inzibatı həbsdən çox olmamalıdır.

Arif Hacılı bildirdi ki, video materiallardan bir daha görünür ki, aprelin 2-də keçirilən aksiya dinc xarakterli olub. Sadəcə aksiyada «Azadlıq», «İstefa» və «Diktaturaya yox» şüarları səslənib.

«ƏGƏR BİZİM GÜNAHKAR OLDUĞUMUZ VİDEO GÖRÜNTÜLƏRLƏ DƏ SÜBUT OLUNMURSA...»

Vəkil Osman Kazımov isə bildirdi ki, əksinə videolardan görünür ki, polis mitinqə aidiyyatı olmayan adamların istirahət hüququnu pozub. Məhəmməd Məcidli onlara qarşı qaldırılan cinayət işinin qondarma və hakimiyyətin sifarişi ilə başlanan olduğunu qeyd elədi:

Məhkəmə önündə etiraz aksiyası
«Əgər bizim günahkar olduğumuz video görüntülərlə də sübut olunmursa onda niyə 6 aydır biz həbsdəyik?» deyə Məhəmməd Məcidli sual etdi.

Bu sualdan sonra hakim prosesin sentyabrın 21-də davam edəcəyini bildirdi.

Təqsirləndirlən şəxslərin penitensiar xidmətinin mikroavtobusuna mindirlməsi zamanı məhkəmə qarşısına yığılanlar «Azadlıq», «İstefa» şüarları səsləndiriblər. Adamlar məhkəmənin qarşısından keçən küçə ilə bir-neçə yüz metr hərəkət edərək şüarları davam etdiriblər.
XS
SM
MD
LG