Təhsil Nazirliyi iki aydan çoxdur saxta diplomlu müəllimlərin axtarışını davam etdirir.
İndiyə qədər 24 rayondan 92 saxta diplomlu müəllim aşkarlayıb. Ən çox belə müəllim Bərdə rayonunda üzə çıxıb.
Nazirliyin sözçüsü Bayram Hüseynzadənin AzadlıqRadiosuna dediyinə görə, 92 saxta diplomdan 24-ü bu rayonun payına düşür.
“ƏGƏR QANUNSUZLUQ OLUBSA ELƏ BUNUN BIRINCISINI TƏHSIL NAZIRLIYI EDIB”
Saxta diplomluların axtarılmasına ilk reaksiya Cəlilabaddan gəlib. Nazirlik bu rayondan 7 saxta diplomlu müəllim aşkarladığını bildirsə də həmin rayondan olan müəllimlər deyirlər ki, bu adla işdən çıxarılan müəllimlər 180-dən çoxdur.
Həmin müəllimlərdən biri, Neftçala Qızlar Kollecinin Cəlilabad filialını 1993-95-ci illərdə bitirdiyini вунэт ibtidai sinif müəllimi Zərnigar Cəfərova 16-17 il sonra nazirliyin saxta diplom axtarışına çıxmasını məntiqsiz sayır. Deyir ki, əgər onların oxuduğu məktəb, filial qanunsuz, qeydiyyatsız olubsa bunun birinci günahkarı elə Təhsil Nazirliyidir. Saxta yolla qəbul olunub oxumadıqlarının deyən müəllimlər nazirliyin özünü saxtakarlıqda ittiham edirlər:
“Əgər olubsa elə, bu qanunsuzluğun birincisini Təhsil Nazirliyi edib. Əgər qanunsuz təhsil almışdıqsa onda Nazirlik bizi niyə işə götürürdü. Bu 16-17 ildə nazirlik harda idi. Nazirliyin Cəlilabad rayonu üzrə kuratoru bizə deyir ki, o vaxt yoxlanmayıb, indi yoxlanır. Bir də deyir sizin diplomlar saxta deyil, bina qeydiyyatda olmayıb, ona görə gedib problemlərinizi məhkəmə yolu ilə həll edib. İndi burda bizim nə günahımız var ki? Mən bütün təhsil müəssisəsinə köçürdüyüm təhsil haqqı qəbzlərini, bağlanan müqaviləni saxlayıram. İndi bizi saxta diplom almaqda ittiham etmək böyük ədalətsizlikdir”
DAHA 25 RAYONDA YOXLAMA
Bayram Hüseynzadə isə yaxın vaxtlarda daha 25 rayon üzrə saxta diplomlu müəllimlərin siyahısının açıqlanacağını deyir. Nazirlik rəsmisi müəllimlərin saxta diplomlara sahib olmasında təhsil müəssisələrini deyil, ayrı-ayrı qrup və şəxsləri günahkar sayır. O deyir ki, həmin diplomları ayrı-ayrı şəbəkələr, şəxslər hazırlayaraq vətəndaşlara veriblər:
“Hansısa saxtakar bir qurum, bir şəbəkə nüfuzlu bir məktəbin diplomunu hazırlayıb kiməsə verir. Həmin məktəbin bu işdə nə günahı var. Bu səbəbdən də cənab nazir bütün müəssisə rəhbərlərinə tapşırıb ki, diplomların tanınmasına xüsusi önəm versinlər. Müəssisə işçi qəbul edərkən diplomlar xüsusi araşdırılsın və lazım gələndə dəqiqləşdirmə üçün nazirliyin müvafiq şöbələri ilə əlaqə saxlansın”.
“SAXTA DIPLOMLARIN ARAŞDIRILMASI KORRUPSIYAYA QARŞI MÜBARIZƏ DEYIL...”
Nazirlik rəsmisi deyir ki, diplomlarla bağlı araşdırmalar korrupsiyaya qarşı mübarizə deyil, bu sadəcə nazirliyin öz öhdəsinə düşən işidir.
Bayram Hüseynzadə son 10 ildə ali məktəbkləri bitirmiş məzunların elektron bazasının hazırlandığını və saxta diplomlarla bağlı araşdırmalar zamanı həmin bazaya istinad edildiyini deyir. O bildirir ki, Neftçala Qızlar Kollecinin Cəlilabaddakı filialı qeydiyyatda olmayıb, ona görə də həmin filialı bitirənlərin diplomları da saxta hesab olunur.
Bu ittihamları qəbul etməyən müəllimlər isə həm filialın, həm təhsil sənədlərinin, həm də ödədikləri illik təhsil haqqı sənədlərini Təhsil Nazirliyinə təqdim etməyə hazır olduqlarını deyirlər. Müəllimlər hesab edirlər ki, əslində işin baş prokurorluğa göndərilməsi onlarda bu işin ədalətli həllinə ümid yaradır. Çünki onların təhsil aldığı kollecin Cəlilabad filialı tam qanuni fəaliyyət göstərib.
İbtidai sinif müəllimi Zərnigar Cəfərova deyir ki, onların dərs keçdiyi binanın dövlət qeydiyyatının olub-olmamasının onların diplomuna nə dəxli var, bunu heç cür başa düşə bilmirlər.