Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:56

Astarada təndir kəsən kişilər


Usta Aydın deyir ki, təndirə ehtiyac var. Çünki təndirdə bişirilən çörək ekoloji cəhətdən təmizdir.
Usta Aydın deyir ki, təndirə ehtiyac var. Çünki təndirdə bişirilən çörək ekoloji cəhətdən təmizdir.
«Siz bu yolu düz gəlmisiniz. Bu yoldan bir az sola dönərsiz. Soruşarsız Mirzəxanın, Aydının evini. Çoxdur təndir düzəldən. Oraya təndir məhəlləsi də deyirlər».

«TƏNDİR KƏSƏNLƏR» MƏHƏLLƏSİ...

Astara rayonun Pensər kəndindəyik. Bu kəndin ara yolu ilə hərəkət edirik. Kələ-kötür kənd yolu ilə bir neçə döngəni keçirik. Havaya qalxan tüstüdən, həyətlərdə yığılıb qalan təndirlərdən dərhal anladıq ki, yolu düz gəlmişik. «Təndir kəsənlər» məhəlləsində olan yaşayış evlərinin əksəriyyəti köhnə ikiotaqlı mənzillərdən ibarətdir. Belə evlərdə adətən kasıblar yaşayır.

Bu evlərin birində həyətdə işləyən gənc oğlandan usta Aydını soruşduq.

«Bura Aydının evidir» dedi. O, həyətdə ayaqyalın duran balaca qıza da «Babanı çağır» tapşırığını verdi. Əlləri gilli, üst-başı palçığa bulaşmış usta Aydın Hüseynov da gəlib çıxdı. Jurnalist olduğumuzu, AzadlıqRadiosundan gəldiyimizi bildirəndə, «Bura yazarlar çox gəlir» dedi.

«BU BİZİM ATA-BABA PEŞƏMİZDİR»

Bizi həyətə dəvət edir. Yarımçıq qalmış işinə davam etmək üçün evin arxasına keçirik.

Gildən hörülmüş, hələ hazır olmayan təndirləri göstərərək yağışlı havadan gileylənir. Deyir ki, sifariş çoxdur, bunları yağışlı havada hazırlayıb. İşləyə-işləyə suallarımıza da cavab verir:

«Babam 105 yaşında gedib rəhmətə. O da bu işlə məşğul olub. Ondan sonra atam onu əvəz edib, sonra mən olmuşam, məndən sonra balalarım işləyir, oğlanlarım işləyir. Qızım, oğlum - bunlar hamısı sənətkardırlar. Bu bizim ata-babamızın sənətidir. 4 övladım, 10 nəvəm, 1 nəticəm var».

Usta Aydın deyir ki, təndirə ehtiyac var. Çünki təndirdə bişirilən çörək ekoloji cəhətdən təmizdir. Həm də yanacaq az aparır. Onun fikrincə, çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri heç nə əvəz edə bilməz. O qeyd edir ki, Azərbaycanın bütün bölgələrindən təndir aparmaq üçün bu məhəlləyə gəlirlər:

«RUSİYAYA AYDA 10-15 TƏNDİR GEDİR»

Günəşli hava olsa, ayda 40-50 ədəd təndir hazırlamaq olar
Günəşli hava olsa, ayda 40-50 ədəd təndir hazırlamaq olar
«Azərbaycanın hər bir yerinə, Rusiyaya, Rusiyanın Sverdlovsk şəhərinə təndir gedir. Kamçatkaya gedib bizim təndirlər. Bizim uşaqlar aparıblar. Təxminən Rusiyaya ayda 10-15 ədəd təndir aparırlar. Gündə 20 ədəd təndirim olsa satılar».

O deyir ki, «Təndir kəsənlər» məhəlləsində 50 ailə bu peşə ilə dolanır. Bu insanların çörəyi palçıqdan çıxır. Qışda isə deməsinə görə, vəziyyətləri pisləşir:

TƏNDİR KƏSƏNLƏR QIŞI SEVMİRLƏR

«Bizə qışda çətinlik olur. Çox iş görmək olmur. Əllərim, ayaqlarım palçığın içində olur. Günəşli hava olsa, ayda 40-50 ədəd təndir hazırlamaq olar. Bir ədədi 20, 25, 30 manata satılır. Zəhmətinə dəymir. Bunun odununa ver, palçığına ver, qumuna ver. 10 ədəd təndir hazırlasam 5 ədədi mənim üçün qalır».

Usta deyir ki, təndir gili yalnız bir yerdə var. O yer uzaqdadır. Gili gətirmək, odun almaq da bir problemdir:

TƏNDİR NECƏ DÜZƏLİR?

«Gili götürmək üçün 1-1.5 metr qazmalı olurlar. Hər gildən olmur. Qum qatırıq, ayaqlayırıq, yalın ayaqla qum gilə qarışana qədər. Ondan sonra başlayırıq iş görməyə. Qum, gil hazır olandan sonra bir təndir 2-3 saata hazırlanır. Gərək qurusun bir həftəyə».

Usta Aydın havanın soyuq olmasına baxmayaraq, öz işinə davam edir. Gili dairəvi şəkildə yeni təndirin başına gəzdirir. Arabir belini dikəldərək dərindən nəfəs alır. Yenidən işinə davam edir. Onun işini kərpic kəsənlərlə müqayisə edirik. O, bizim müqayisəmizlə razılaşmır. Deyir ki, təndir işi daha çox peşəkarlıq istəyir. Ancaq deməsinə görə, onun ailəsində artıq nəticəsi belə bu sənətin incəliklərinə yiyələnib:

«TƏNDİRİ BELİMİZƏ QOYUB KƏNDBƏKƏND GƏZİB SATARDIQ»

Təndirin içinə girmiş 3 yaşlı Aysel
Təndirin içinə girmiş 3 yaşlı Aysel
«O balaca qız var, o da yeri gələndə deyir ki, palçığı möhkəm ayaqla. Uşaq da bilir, hələ 3 yaşı var. Mən də 8-9 yaşında bu palçığa girmişəm. Öz sənətimdən narazı deyiləm. Sifariş edənlər də var. Odundan çətinlik çəkirik. Odun olmur, kəsməyə qoymurlar. 60-cı illərdə təndiri belimizə qoyub kəndbəkənd gəzib satardıq».

Usta Aydının qonşusunda da qızğın iş gedir. Ora adlayırıq. Evin arxasında odda qızdırılmaya hazır olan təndirlər var. Təndiri hazırlayanla tanış oluruq. Onlardan biri də Elşən Hüseynovdur. O, Aydın kişinin qardaşı oğludur. Təndiri qalanmış ocağın üstünə qoyurlar. Təndir yanan odun içində ağarır, sonra isə qızarır. Qızaranda bilirlər ki, təndir hazırdır. O deyir:

«BAŞQA İŞ OLSUN, BİZ DƏ GEDƏK İŞLƏYƏK»

«Böyük əmimdən öyrənmişəm bunu. Qonşular da bizim nəslimizdir. Ağır zəhmət istəyir, öz tələbatımızı güclə ödəyirik. Əlavə pul qalmır. Ancaq xeyir-şərə bəs edir. Olar ki, başqa iş olsun, biz də gedək işləyək. Bu bizə sərf eləmir. Yaşayışı tam təmin eləmir».

His olunur ki, Elşən Hüseynov əmisindən fərqli olaraq bu peşəni sevmir. Bu zaman usta Aydın təndirin içinə girmiş 3 yaşlı nəvəsini - Ayseli qaldırıb yerə qoyur. Soyuq hava ayaqyalın uşağı üşüdürdü. Usta Aydın ona baxıb «O da mənim kimi təndir kəsəcək» dedi.
XS
SM
MD
LG