Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:16

“Azərfon” araşdırması ilin reportajı oldu


Mükafatın təqdimetmə mərasimi, Praqa, 8 noyabr 2011
Mükafatın təqdimetmə mərasimi, Praqa, 8 noyabr 2011

Azadlıq Radiosunun Azərbaycan xidmətinin ""Azərfon"a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir" araşdırması Azad Avropa/Azadlıq Radiosunun “İlin reportajı 2011” müsabiqəsinin qalibidir.

İlin reportajı 21 ölkədə 28 dildə yayım həyata keçirən radionun bütün servislərinin təqdim etdiyi yüzə yaxın reportajın arasından seçilib.

Mükafatı qəbul edən müəllif Xədicə İsmayılova radionun öz araşdırmaları və yayım keyfiyyəti ilə Azərbaycan mediasına yeni keyfiyyət standartı gətirmə ənənəsinə sahib olduğunu bildirib, araşdırmaların problemlərin həllinə kömək etdiyini qeyd edib:

“Biz araşdırmamızda prezidentin qızlarının sahiblik etdiyi şirkətin ölkədə 3G rabitə xidmətinə monopoliya sahibi olduğunu yazmışdıq. Bu gün artıq həmin monopoliya aradan götürülüb”.

Radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev Azadlıq Radiosunun jurnalistika standartlarını hər zaman yüksək tutduğunu qeyd edib:

“Xədicə İsmayılovanı təbrik edirəm. Bu mükafat radionun araşdırma janrına nə qədər önəm verdiyinin göstəricisidir. Araşdırmalarımız davam edəcək”.

Müsabiqənin digər nominasiyalar üzrə qalibləri:

Canıl Çıtırbayeva (Qırğız xidməti) - “Oşun görünməz qadını” radioreportajı - Qırğızıstanın Oş bölgəsində etnik qarşıdurma zamanı zorlanan özbək qadınların taleyindən bəhs edən reportaj

Tina Jelin Dizdar (Balkan xidməti) – “Qətliamda ərlərini itirmiş qadınlar Radko Mladiçin həbsinə belə sevinə bilmir” videoreportajı

Maryana Toroçeşnikova (Rus xidməti) – Xodorkovskinin məhkəməsindən canlı Twitter reportajı

Tea Absaridze (Gürcü xidməti) və Daisy Sindelar (mərkəzi xəbər xidməti) – Liviyada girov qalmış “Vasilios N” gəmisinin taleyi haqqında reportaj.
XS
SM
MD
LG