Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:43

The Economist: «Hər kəs iki maaş alır: rəsmi və zərfdə»


Bakı, 2010
Bakı, 2010
«The Economist» jurnalı Azərbaycan haqda yazı dərc edib. Məqalənin xülasəsini təqdim edirik.

Azərbaycanın paytaxtı Bakıda Xəzər dənizinin sahillərində gəzəndə, burnuna neftin iyi dəyir. Sən burada ya nefti, ya da onun bəhrəsini görə bilərsən: genişzolaqlı sahil xəttində mərmər sürahilər, proyektorların işıqlandırdığı fəvvarələr, «Tiffany» və «Gucci» butikləri, hökumətin Londondan gətizdirdiyi, bənövşəyi rənglətdirilmiş qara taksilər, dünyada ən hündür dirək üzərindəki nəhəng dövlət bayrağı. Bu bayraq gələn il «Eurovision» mahnı müsabiqəsinin keçiriləcəyi arena üzərində yellənir.

2006-cı ildə əsas neft ixrac kəməri istismara veriləndən ölkəyə axmağa başlayan neft pulları sovetlərin elə də sevimli şəhəri olmayan Bakını gözqamaşdıran paytaxta çevirib. Ancaq yerli sakinlərin tez-tez evlərindən çıxarılması halları da baş verir. Neft pulları dəyişikliyə müqavimət göstərən avtokratik və korrupsiyaya uğramış siyasi sistemi qoruyub saxlayır.

ƏRƏB İNQİLABLARI DALĞASI NİYƏ DAYANDI?

Azərbaycanı İlham Əliyev idarə edir. O, prezidentliyi atasından miras alıb. Atası Heydər ağıllı KQB generalı olaraq Azərbaycanı sovet dövründə idarə edib. Oğlu 2003-cü ildə hakimiyyətə gələndə, çoxları onu Moskvada təhsil almış, atasının bacarıqları olmayan «qızıl kimi oğlan» sayırdı. Ancaq ötən illər ərzində o, hakimiyyətini möhkəmləndirib, müxalifəti sıxışdırıb, rəqiblərini məhv edib, prezidentliyə limiti götürüb. O, həmçinin ölkənin sürətlə artmaqda olan neftə bağlı inkişafına da nəzarət edib.
2 aprel aksiyası
2 aprel aksiyası
Bakının mərkəzində nümayiş olunan sərvət şəhər kənarlarına çıxmasa da, sadə azərbaycanlıların da gəlirləri artıb. Yoxsulluq azalıb.

Ərəb inqilabları dalğasının Bakı sahillərində dayanması da bununla izah oluna bilər. Martda bir neçə yüz nümayişçini polis dağıtdı; 14 nəfər hələ də həbsdədir. Hökumət narazılığın səbəbini qismən azaltmağa çalışdı, hətta müvəqqəti olaraq korrupsiya ilə kiçik miqyasda mübarizə də apardı - azından narazılıq səngiyənəcən.

Qərbin Azərbaycanı tənqid etməyə nə iradəsi, nə də gücü var. Amerika üçün Azərbaycan Əfqanıstana tranzit marşrutudur. Avropa üçün o, qeyri-rus qazının mühüm potensial mənbəyidir. Qaz və coğrafiyası Azərbaycana beynəlxalq yük qazandırsa da, əslində rejimi saxlayan neftə əsaslanan qorxu, təhdiddir.

RAMİZ MEHDİYEV VƏ OLİQARXLAR

Müxalifət dişsizdir, ancaq bu, o demək deyil ki, siyasət ölüb. Bunu bir rəsmi deyir. Siyasət sistemdə bir neçə oliqarx qrupların balanslaşdırılmasında özünü göstərir. Klan maraqlarına vasitəçilik edən əsas fiqur Prezident Administrasiyasının 73 yaşlı rəhbəri Ramiz Mehdiyevdir. O, Heydər Əliyevin vaxtında da həmin vəzifədə olub və məhz Heydər Əliyev ona oğlunu hakimiyyətdə saxlamağı etibar edib.

İlham Əliyev və Kəmaləddin Heydərov
İlham Əliyev və Kəmaləddin Heydərov
Cənab Mehdiyev Daxili İşlər Nazirliyi və dövlət məmurlarına nəzarət edir, oliqarxlar isə iqtisadiyyatı idarə edir. Ən güclülərdən biri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Onun bəstələrini pop-ulduzlar oxuyurlar. O, gömrüyə də nəzarət edir. London İqtisadiyyat Məktəbini bitirən, Britaniya kral ailəsi ilə əlaqələri olan oğlu ilə birlikdə əsl biznes imperiyası qurublar. Bu imperiyaya balıqçılıq və kürü, həmçinin mülkiyyət və tikinti sahəsindəki monopoliya daxildir.

GİZLİ İQTİSADİYYAT

İqtisadiyyatın böyük hissəsi gizlidir. Azərbaycana ixrac olunan və idxal kimi qeydə alınan mallar arasındakı boşluğa baxıb «qara iqtisadiyyat»ı görmək mümkündür. 2003-2009-cu illərin məlumatlarını təhlil edən iqtisadçı Qubad İbadoğlu deyir ki, bu rəqəm 10 milyard dollara bərabərdir.

Beynəlxalq Böhran Qrupunun keçən il yazdığına görə, korrupsiya təkcə elita üçün şəxsi varlanma vasitəsi deyil, həmçinin siyasi nəzarət üçün güclü vasitədir.
Foto: Arxiv
Foto: Arxiv
​Başdan ayağa hamı bir-birilə əlbirdir və ətraflarına yeni üzv qəbul etməyə meyl göstərmirlər.

Bir dövlət qulluqçusu izah edir ki, hər kəs iki maaş alır: rəsmi və zərfdə qeyri-rəsmi. Hökumət bütün qeyri-rəsmi ödənişlərin hesabını aparır. «Cinayət o demək deyil ki, oğurlayırsan, odur ki, oğurlayırsan və bu barədə məlumat vermirsən». Hökumət asanlıqla rüşvəti vergiyə çevirə bilərdi. Araşdırmaçı jurnalist Xədicə İsmayılın fikrincə, zərflər adamları minnətdar edir, razı salır, vergi isə onları tələbkar vətəndaşlara çevirir.

Ancaq bütün bu sistem daim artan pul qazanından asılıdır. 2005-2008-ci illərdə Azərbaycanın iqtisadiyyatı 25 faiz artıb. Bu il neft istehsalına investisiya qoyuluşu başa çatdığından artım 1 faizdən az olacaq. Neft pulları inkişaf illüziyası yaradır, iş yerləri yox. Baxmayaraq ki, neft istehsalı güclüdür və ölkə pulsuz qalmayacaq, inkişaf etmək üçün islahatlar lazımdır. İndiliksə hökumət neftin iyindən o qədər keflənib ki, gələcək barədə fikirləşmir.
XS
SM
MD
LG