Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:23

Rafiq Əliyev: "Ziyalı gərək daşdan qorxmasın"


İşdən çıxarılan tanınmış alim "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinə müsahibə verib.


Mən ADNA-da kafedra müdiri işləyəndə bir tələbəyə bizim fakültədə pulla qiymət yazdırmamışam...

Elçibəyin üstün keyfiyyətlərindən biri də ziyalılarla görüşmək idi. Bunlarda belə şey yoxdur...


Hələ 1989-cu ildə Qarabağla bağlı qeyri-səlis məntiq əsasında konfliktoloji model hazırlamışdıq...

Azərbaycanda elmə büdcədən 0,6 faiz vəsait ayrılır. Ümumi anlayışda əgər elmə 2 faizdən az vəsait ayrılırsa, orda elm yoxdur...



"Əzizim Aidə, səni hər gün, hər an düşünürəm, düşünəcəm də. Lakin mənim bütün rahatlığımı alan sənin məzar daşındakı şəklindən baxan, yol çəkən, ürəyimdə dilim-dilim alovlanan, közərən, yandıran nisgilli gözlərindi.

Hansı səmtdən şəklinə baxıramsa gözlərin mənimlədi”.

Bu cümlələr bloqunda yerləşdirdiyi yazıdandır. İndi Aidə xanımsız bu evdə onun üçün çox çətindir.

Barəsində çəkilən filmi xatırlayaraq deyir ki, Aidə xanımsız günlərin kədəri həmin filmdə daha dəqiq təsvir olunub.


Həmkarım Ramin Dekonun 3 gün davam edən cəhdlərindən sonra nəhayət, bir qəfil zəngə elə qəfil cavab ala bildik.

Telefonda “Rafiq müəllim, sizə qonaq gəlmək istəyirik” arzusuna “buyurun gəlin” cavabını alanda yadıma professorun öz aforizmi düşdü: “Onun sadəliyi böyüklüyü qədərdir”.

Gözlədiyimdən də sadə, müdrik və kübar bir şəxsiyyət bizi evində qarşıladı. Gülərüz, mehriban və prinsipial Rafiq Əliyev.

Professorun xarakteristikasını beynimdə belə çizdim. “Bu yüksəklikdə dəyərli insanı da işdən çıxararlar? Bu ki cılızlıqdır?!”- replikasını verirəm və gülümsəyir.

“Parlament” və tələbə azadlığı...

Beləliklə, yazıçı Pərviz Cəbrayıl, Ramin Deko və bəndəniz son günlərin ən çox danışılan, Dövlət Neft Akademiyasında “Avtomatlaşdırılmış idarəetmə sistemləri” kafedrası müdirliyi vəzifəsindən kənarlaşdırılması əks-səda doğuran alim Rafiq Əliyevin evində qonaq olduq.

Görüşdə Rafiq müəllimin kürəkəni Şamil bəy də (Famil Mehdinin oğlu-E.S.) iştirak edirdi. Əvvəlcə çay süfrəsi ətrafında söhbətimiz başladı.

Ancaq şablon müəllim stereotiplərini dağıdan Rafiq Əliyevin “Nə içək, araq, viski?” təklifindən imtina edə bilməzdik.

Az sonra stola “Parlament” gəlir. Rafiq müəllim deyir ki, istər Azərbaycanda, istərsə də Amerikada dərs vaxtı tələbələrə həmişə sərbəstliyi aşılayıb:


ADNA
ADNA
“İçki içmək olar, amma ölçüsü var. Mənim imanım dinimdən yüksəkdir. Auditoriyaya girəndə tələbələrimə deyirəm ki, ayağa qalxmayın. Bir az qul təfəkküründən azad olun. Çörək yeyin, ”Coca-Cola" için. Amerikada, Avropada tələbələrdə bu var. Ancaq bizdə bunu görmək olmur.

Bakıda tələbələrimə deyirəm ki, icazə almadan sinifdən çıxa bilərsiz. Mənim azadlığım orda qurtarır ki, sizin azadlığınız həmin yerdə başlayır. Mən ADNA-da kafedra müdiri işləyəndə bir tələbəyə bizim fakültədə pulla qiymət yazdırmamışam. Heç onlar da mənə belə təklifi etməyə cürətləri çatmazdı, yaxın dura bilməzdilər. Bizim fakültədə yalnız tələbə özü oxuyub qiymət alardı.

Tələbə mənə necə pul təklif edə bilərdi? O gün internetdə bir tələbəmin şərhini oxudum. Yazmışdı ki, diplom işini yaza bilmirdim, Rafiq müəllimə də pul təklif etməyə cürətim çatmırdı. Nəhayət, əziyyət çəkib, oxuyub diplomumu aldım".

“Siyasi dəyişikliklər dünyanı əhatə edəcək”

Söhbətimiz qızışdıqca dünyada gedən proseslərdən, inqilablardan söz açılır.

Təsadüfdürmü, yoxsa zərurətdirmi, bilmirəm, otağın küncündəki televizorda “Qulp” verilişi yayımlanır. Rafiq müəllim inqilablardan danışır, “Qulp”da da ərəb ölkələrindəki tiranların devrilməsi barədə süjet yayımlanır.

Professor hesab edir ki, siyasi dəyişikliklər artıq bütün dünyanı əhatə edəcək: “Bu təkcə diktatura rejimlərində deyil, artıq Avropada da müşahidə olunur. Berluskoni getdi, Sarkozi də var. Bu gün dünyada inqilablar modelləşdirilir, proqnozlaşdırılır.

Bu mənim nəzəriyyəm deyil. Sosial inqilablar haqda internetdən oxuya bilərsiz. Əvvəlcə araşdırılır ki, hansı ölkədə narazılığın dərəcəsi nə qədərdir, hansı xalqın səbri partlayış həddinə çatıb. Sonra modelləşdirilir və həyata keçir”.

Rafiq müəllim bu baxımdan Pareto-optimal nəzəriyyəsini yada salır və deyir ki, balans vacibdir: “Pulun çoxdursa, sən adam deyilsən. Yəni Qəzzafi, sənin milyardların var idi, ancaq adam deyildin. Mütləq balans olmalıdır. Pulu çox olanın canı sağ olmaz, canı sağ olanın pulu olmaz. Odur ki, balans vacibdir.

Deyim ki, hörmətli Lütfi Zadənin bu aforizmi facebook səhifəsində yerləşdirib. Paretoptimal nəzəriyyəsi belədir: Kimə, nəyi, nə qədər. Nüsrət Kəsəmənlinin şeirində dediyi kimi: “Atalıydı, analıydı uşaqlar. Bizim evdə biri vardı, biri yox”".

Elçibəy, “R1" siqareti və qeyri-səlis nəzəriyyə...

Söhbətimizi mətbəxdə davam etdiririk. Rafiq müəllimin sadəliyi çəkdiyi ucuz siqaretdə də özünü göstərir. “R1" siqaretindən çəkərək mərhum prezident Elçibəylə görüşü yada salır. Deyir ki, Elçibəyin başqa prezidentlərdən fərqi həm də ziyalılarla görüşməsi idi:

”Onunla prezident olmağına 1 ay qalmış görüşdük. Görüşdə Eldar Salayev, Azad Mirzəcanzadə, Həsən Turabov və mən iştirak edirdik. Hər şeydən danışdıq. Ədəbiyyatdan, sənətdən, elmdən söhbət elədik. Elçibəyi yüksək qiymətləndirirəm. Sonuncu dəfə isə 1997 ya 98-ci ildə görüşdük. Onun üstün keyfiyyətlərindən biri də ziyalılarla görüşmək idi. Bunlarda belə şey yoxdur. Elçibəy Azərbaycanda demokratik qalanın tikilməsində rolu olub". Söhbətin ən maraqlı yeri Pərviz bəylə Rafiq müəllim arasında qeyri-səlis nəzəriyyə ilə bağlı müzakirə oldu. Çoxlarının adını eşitdiyi, amma hələ bilmədiyi bu nəzəriyyəyə hörmətli alim çox sadə izah verdi.


Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy
Onun sözlərinə görə, qeyri-səlis məntiqdə dəqiqlik yoxdur: “Bu nəzəriyyənin yaradıcısı Lütfi Zadədən bir dəfə mən də bu suala sadə cavab istədim. O da izah elədi. Belə demək olar ki, ötən əsrin 60-cı illərinə kimi bütün dünya Aristotel məntiqi ilə çalışırdı. Klassik riyaziyyat məktəbinin söykəndiyi bu məntiqə görə, hər hansı müddəa ya doğrudur, ya da yalan. Bu məktəbin dünya elmində bir çox kəşfi, nailiyyəti olub. Ancaq bu məsələləri Aristotel məntiqi və klassik riyaziyyat məktəbi ilə həll etmək mümkün deyil. İkili məntiqə görə, dünya ya ağ, ya da qaradır. Amma Lütfi Zadə yeni bir məntiq irəli sürdü və ağla qaranın arasında yüzlərlə, minlərlə rəngin olduğunu bildirdi. Qeyri-səlis məntiqə görə, dünyada olan istənilən müddəanın saysız-hesabsız dərəcəsi var. Bir olan Allahdan başqa: O, mütləqdir”.

Rafiq müəllimin fikrincə, bu nəzəriyyə ilə Qarabağla bağlı böyük işlər görmək olar: “Hələ 1989-cu ildə Qarabağla bağlı qeyri-səlis məntiq əsasında konfliktoloji model hazırlamışdıq. Düşünürəm ki, Qarabağın azad olunması üçün ilk növbədə institutlar yaradılmalıdır. Burada Amerika, Rusiya, İran və digər ölkələrin maraqları öyrənilməlidir. Qarabağı, ilk növbədə, beyin laboratoriyasında, masa arxasında qaytarmaq lazımdır”.

Növbəti qədəhi qaldırıb professorun sağlığına içirik. Qeyri-səlis nəzəriyyə müzakirəsi isə davam edir. Rafiq müəllim danışır, bizsə diqqətlə dinləyirik: “Məsələn, dürüstlüyü necə ölçmək olar. Bunun üçün xüsusi cihaz yoxdur. Bu nəzəriyyədə isə onu müəyyənləşdirmək olur. Tutaq ki, hər iki tərəf obyektivdir. Bəs seçim kim olmalıdır?

Bu zaman dürüstlüyün dərəcəsi ilə kimin daha obyektiv olduğu anlaşılır. Yaxud da deyirik ki, bu qadın gözəldir. Onun gözəlliyin deyirlər ölçmək olmaz. Ancaq qadın gözəlliyini 27 parametrlə ölçmək mümkündür. Yaponların ölçüsünə görə Sofi Loren parametrlərə uyğun idi”.

“Elmə 2 faizdən az vəsait ayrılırsa, orda elm yoxdur”

Söhbətimizin məcrası ziyalılardan düşür. R.Dekonun “Rafiq müəllim, əsl ziyalı necə olmalıdır” sualına cavabını öyrənirik. Ziyalının fikrincə, əsl ziyalı milli mənafeyi fərdi mənafedən üstün tutmalıdır:

“Ziyalının ideoloji öhdəçiliyi gərək olmasın. Muzdlu əməklə məşğul olmasın. Milli mənafeyi bir damcı da heç olmasa fərdi mənafedən üstün tutsun. Əgər ziyalı xalqın sözünü deyirsə sonunu düşünməməlidir. Əgər ziyalıdırsa, bilməlidir ki, işıq gələn tərəfə daş atacaqlar. O daşdan qorxmasın. Ziyalılıq ailəyə münasibətdə ən dominant göstəricidir. Həyat yoldaşım haqda yazımda da qeyd etmişdim ki, ailəyə münasibət vətənə münasibətdir. İnsan gərək yalan danışmasın. Yalnız müqəddəs yalanlar var. Məsələn, vətəni satmamaq üçün yalan danışmaq olar”.

Azərbaycanda elmə dəyər verilməməsindən danışan alim maraqlı rəqəmlər açıqladı: “Bill Qeyts Davosda bir dəfə çıxış etdi və bir daha bu tədbirdə iştirak etməyəcəyini söylədi. Dedi ki, biz milyardlar yatırırıq. Belə kapitalizm olmaz. Bu, vəhşi kapitalizmdir. Amerikada hamı rahat yaşayır, Afrikada insanlar dərman pulu tapmır. Başqa kapitalizm yaratmaq lazımdır. Azərbaycanda elmə büdcədən 0,6 faiz vəsait ayrılır. Ümumi anlayışda əgər elmə 2 faizdən az vəsait ayrılırsa, orda elm yoxdur. 0, 6 faiz ancaq elm işçilərinin maaşına çatır”.

Bundan sonra Rafiq müəllimin iş otağı və kitabxanası ilə tanış olduq. Kitab rəfinin iki hissəsində onun ingilis dilində kitabları var idi. Rafiq müəllimin ayrılanda son sözü qulaqlarımda çilikləndi: “Mənim bu dünyada tək kapitalım dostlarımdır. Bu gün daha iki dost qazandım”. Elə biz də dəyərli, dahi və ləyaqətli bir dost qazandıq. Onun adı Rafiq Əliyevdir...

Emil Salamoğlu
XS
SM
MD
LG