Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:52

Almaniyada oxuyan azərbaycanlıların təqaüdü kəsilə bilər


Arxiv foto
Arxiv foto
Dekabrdan Almaniyada təhsil alan azərbaycanlılar təqaüddən məhrum ola bilərlər. Nəticədə onlar dərslərinə daha az vaxt sərf edib, günün müəyyən saatlarında işləmək məcburiyyiəti ilə üzləşə bilərlər. Təqaüdlərinin kəsilmə ehtimalı haqda xəbər tələbələrə e-maillə noyabrın 16-da daxil olub. Təşvişə düşən azərbaycanlı tələbələrdən kimi iş axtarır, kimi evə - valideynlərinə yazır.

«DEKABRDAN TƏQAÜDÜNÜZ DAYANDIRILACAQ»

«Alman mübadilə xidməti tərəfindən bizə e-mail göndərildi ki, dekabr ayından sizin təqaüdünüz dayandırılacaq. Səbəb də onu göstərirlər ki, Bakı tərəfi tələb olunan məbləği köçürməyib. Bu hardasa 39 nəfərə göndərilib və səs-küyə səbəb oldu».

Tağı Əliyev Almaniyanın Zigen Universitetinin Maşınqayırma fakültəsinin 3-cü semestrində təhsil alır. O, deyir ki, təqaüdsüz qalmaq qeyri-mümkündür. Çünki Almaniyada ev kirəsi, tibbi sığorta, əlavə xərclər baha başa gəlir:

«Dekabrdan imtahanlar başlayır marta qədər. Əgər bu müddətdə pulsuz qaldınsa, imtahana girməyə bilərsən. Çünki məcbursan işləməyə və işlə düzgün gəlmir. Sənaye şəhəridir, zavodlarda kifayət qədər iş var. Tələbə gündə 4 saat işləsə, bir aya hardasa 600-700 avro qazanar ki, 1 aya bu məbləğlə dolana bilər. Əgər verilməsə, dərslərdən qalmaq, əziyyət çəkmək lazım gələcək».

TƏHSİL NAZİRLİYİ PULU ÖDƏMƏDİYİNDƏN...

Almaniya Akademik Mübadilə Xidmətindən tələbələrə göndərilən məktubda deyilir ki, «Uzun müddətdir Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2011- 2012-ci təhsil ili üçün Almaniyadakı hökumət təqaüdçülərinə ödənilməsi nəzərdə tutulan maliyyə vəsaitini Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) hesabına köçürməməsi səbəbindən hazırda biz təəssüf ki, təqaüdçülərə təqaüd ödəmək iqtidarında deyilik. Bu o deməkdir ki, Siz dekabr ayından etibarən təqaüd ala bilməyəcəksiniz».

Almaniya Akademik Mübadilə Xidmətindən bu məsələ ilə bağlı münasibət bildirmək istəmədiklərini bildirdilər.

Almaniyada Tələbələrin və Elmi İşçilərin Birliyinin rəhbəri Samir Qulusoy da deyir ki, 70-ə yaxın tələbə bu məzmunlu məktubu alıb. Samir Qulusoy rəhbəri olduğu birlik adından DAAD-a müraciət edib, təqaüdü dayandırmanın əsl səbəbini öyrənmək istədiklərini də bildirdi:

«PROBLEM BİR HƏFTƏYƏ HƏLL OLUNACAQ»

«Burada mənə dedilər ki, DAAD belə deyək, öz cibindən verib pulları. Və artıq iki aydır dövlətdən səs çıxmadığına görə, artıq tələbələri narahat etməyə başlayıb».

Təhsil Nazirliyində problemin olmasını təsdiq edirlər və yubanmanın pul köçürülməsindəki mərhələli proseslə bağlı olduğunu bildirirlər. Nazirlikdə sektor müdiri Əlipaşa Zeynalov:

«Almanlar özləri siyahıda tələbələrin sayını düzgün göstərməmişdilər. Biz onlarla əlaqə saxladıq, dedik əvvəl siyahını düzəldin, göndərin ki, sonra da biz ödəyəcəyik».


Nazirlikdən problemin bir həftəyə həll ediləcəyini və təqaüdlərin davamlı olaraq veriləcəyini bildirdilər.
XS
SM
MD
LG